2010-cu ildə Azərbaycan iqtisadiyyatı uğurlu
inkişafını davam etdirir
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclası
keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi
- Qeyd olunduğu kimi, 2010-cu
il ölkə iqtisadiyyatı üçün uğurla
başlamışdır. Mən ümid edirəm ki, biz bu
uğurlu inkişaf dinamikasını ilin sonuna qədər
saxlayacağıq. Bunu etmək üçün bütün
imkanlar vardır. Sadəcə, elə etməliyik ki, nəzərdə
tutulmuş bütün layihələr vaxtında və keyfiyyətlə
icra edilsin.
Əminəm ki, 2010-cu ilin
yekunları da Azərbaycanın imkanlarını daha da
genişləndirəcəkdir. Elə etməliyik ki,
makroiqtisadi sabitlik qorunub saxlanılsın. Keçən il bu
baxımdan çox müsbət il olmuşdur. Hamımız
yaxşı xatırlayırıq ki, ondan əvvəlki illərdə
inflyasiya ikirəqəmli idi. Bu ilin birinci rübündə 3,8
faizlik inflyasiya müsbət səviyyədədir. Elə etməliyik
ki, makroiqtisadi sabitlik təmin olunsun. İstehlak qiymətlərinə
nəzarət həmişə güclü olmalıdır. Bu
istiqamətdə də çox müsbət addımlar
atılmışdır. Həm iqtisadi tədbirlər
görülməklə, eyni zamanda istehlak qiymətlərinə
ciddi nəzarət etməklə süni qiymət
artımının qarşısının alınması məsələləri
daim diqqət mərkəzində olmalıdır ki, Azərbaycan
vətəndaşları 2010-cu ildə öz
yaşayış səviyyəsini artıra bilsinlər.
Ölkəmizdə
bütövlükdə sosial rifah məsələləri
uğurla icra edilir. Birinci rübdə orta əməkhaqqı
qalxmışdır. Bu gün orta əməkhaqqı 304 manat,
yaxud da ki, 380 dollar təşkil edir. Hesab edirəm ki, bu,
yaxşı nəticədir, yaxşı göstəricidir.
Ancaq əlbəttə, ölkə iqtisadiyyatı elə
inkişaf etməlidir ki, orta əməkhaqqı da artsın.
Ümid edirəm ki, biz həm dövlət tərəfindən
görüləcək tədbirlər nəticəsində və
özəl sektorun inkişafı sayəsində buna nail
olacağıq. Bununla bərabər, hələ ki qeydiyyata
düşməyən işçi qüvvəsini qeydiyyata
almaq və onlara da lazımi qanuni tədbirlər tətbiq etmək
çox vacibdir. Hələ ki iqtisadiyyatımızın
müxtəlif sektorlarında işləyənlərin bir hissəsi
qeyri-qanuni işləyir. Yəni maaşları qanuni şəkildə
almır və beləliklə, həm vergilərdən
yayınırlar, həm də bu proseslər istər-istəməz
bugünkü real sosial vəziyyəti əks etdirmir.
Çünki bu gün xüsusilə inşaat sektorunda,
baxmayaraq ki, ciddi tədbirlər görülüb, hələ
bu sahədə böyük nöqsanlar vardır. Elə etməliyik
ki, həm bu sektorda və başqa sektorlarda - ticarət,
ictimai-iaşə obyektlərində işləyən hər
bir vətəndaş maaşı zərfdə deyil, qanuni
şəkildə alsın, onun vergisini ödəsin. Beləliklə,
əminəm ki, əgər biz buna maksimum dərəcədə
nail ola bilsək, - deyə bilərəm ki, heç bir ölkədə,
ən inkişaf etmiş ölkədə buna nail olmaq
mümkün deyil, - bu, büdcəmizə həm əlavə
vəsait gətirəcək, eyni zamanda statistik göstəricilərimiz
daha da dolğun olacaqdır.
Əslində bu gün, hətta
indiki tənzimləmə üsulları ilə statistik
göstəricilərimiz, demək olar ki, real vəziyyəti əks
etdirir. Azərbaycanda yoxsulluq səviyyəsi 11 faiz səviyyəsindədir.
Ancaq mən əminəm ki, əgər biz bu sahədə tam
şəkildə şəffaflığa nail olsaq görərik
ki, yoxsulluğun səviyyəsi ondan da aşağıdır.
Çünki bu gün qeydiyyata düşməyənlər,
qeyri-rəsmi qaydada maaş alanlar o statistikaya daxil edilmir, sanki
yoxsul təbəqə kimi göstərilir. Əgər biz bu
sahədə ciddi irəliləyişə nail olsaq, bu, hər
cəhətdən daha yaxşı olacaqdır.
Bu sahədə müəyyən
işlər görülüb. Ancaq bu işlər kampaniya
xarakteri daşımamalıdır. Xatırlayıram, mənim
bir çıxışımdan sonra bu sahədə çox
ciddi tədbirlər görülməyə, ciddi nəzarət
tətbiq edilməyə başlamışdı. Ondan
altı-yeddi ay keçəndən sonra elə bil ki, nəzarət
sanki bir az zəiflədi və biz bir növ yenə də elə
köhnə vəziyyətə qayıtdıq. Yəni, bu məsələ
daim ciddi araşdırılmalıdır.
İlin sonuna qədər nəzərdə
tutulmuş əsas investisiya, infrastruktur layihələrimiz
başa çatmalıdır. Bu layihələr çox
geniş sahələri əhatə edir. Bütün istiqamətlərdə
yollar salınır. Bu il İpək yolu, yəni
Bakı-Gürcüstan sərhədi yolu istismara verilməlidir.
Bakı-Rusiya sərhədi yolu tamamlanmalıdır. Onun
böyük hissəsi artıq tikilibdir, qalan hissələr
başa çatmalıdır. Bakı-Şamaxı yolunun
genişləndirilməsi nəzərdə tutulur. Bu
yaxınlarda nəqliyyat naziri mənə məlumat
vermişdir. Bu da çox vacibdir. Biz yolu yaxşı çəkdik,
amma gərək genişləndirək, dördzolaqlı edək.
Bu yolun davamı olan Şamaxı-Qəbələ yolunun
böyük hissəsinin tikintisi bu il başa
çatmalıdır və ondan sonra bu yol Balakənə qədər
davam etməlidir.
Düzdür, verilən məlumata
görə, son zamanlar sürüşmələr çox fəal
xarakter alıb. Bu, təbii prosesdir. Sürüşmələr
bu yolları - yeni çəkilmiş yolları
dağıdır. Həmçinin imkan vermir ki, biz bu
yolları vaxtında istismara verək. Ancaq yəqin ki, bu məsələyə
gərək daha da ciddi diqqət yetirək. Əvvəllər
bu, çox nadir hallarda baş verirdi, epizodik xarakter
daşıyırdı. Bu gün isə görürəm ki,
bütün istiqamətlərdə sürüşmələr
artıq kütləvi xarakter alır. Biz buna daha da ciddi
hazır olmalıyıq. Yeni yol marşrutlarını müəyyən
etməliyik ki, sürüşmə zolağından yan
keçsin.
Magistral yollara gəldikdə,
bu, demək olar ki, layihələr, proqramlar əsasında həll
olunur. Bu, həm uzunmüddətli inkişaf strategiyamızda
vardır, həm də ki hər ilin investisiya proqramında. Elə
etməliyik ki, rayondaxili yollar, kənd yolları da təmir
olunsun, salınsın. Bu sahə yerli icra orqanlarının sərəncamındadır.
Onlara da lazımi səviyyədə vəsait verilməlidir
ki, o işləri görsünlər. Eyni zamanda, bu işlər
bələdiyyələrin xətti ilə görülməlidir.
Əslində kənd yollarını bələdiyyələr
inşa etməlidir. Azərbaycan dövləti bu funksiyanı
öz üzərinə götürüb ki, məsələni
tezliklə həll edək. Ancaq bu, əslində bələdiyyənin
işidir. Onlar yığılan vəsait hesabına kənd
yollarını abad vəziyyətə salmalıdırlar və
bu sahəyə dövlət nəzarəti daha da ciddi
olmalıdır.
Digər infrastruktur layihələrinin
icrası ilə bağlı konkret tapşırıqlar
verilib, onları təkrar etmək istəmirəm, içməli
su, kanalizasiya, qazlaşdırma. Oğuz-Qəbələ-Bakı
su kəməri bu il istismara verilməlidir. Yəni,
bütün bu işlər plan üzrə gedir. Sosial
infrastrukturun yeniləşməsi, olimpiya kompleksləri, məktəblər,
xəstəxanalar, mədəniyyət ocaqları - bunlar da
vaxtında, proqram üzrə yüksək keyfiyyətlə
icra edilməlidir.
Bakıda nadir bayraq
meydanı yaradılır. Bu, doğrudan da dünyada nadir bir
memarlıq abidəsi olacaqdır. Bayraq meydanının
ümumi torpaq sahəsi ilə birlikdə ərazisi, haradasa 60
hektara yaxındır. 60 hektar ərazidə böyük
abadlıq, quruculuq işləri aparılır. Parklar salınır,
yollar çəkilir, dənizkənarı bulvarlar
salınır. Çox nəhəng layihədir. Meydanın
özünün alt hissəsinin ölçüləri təxminən
6 hektardır. Bayraq yerləşən meydanın
ölçüləri isə təxminən 3 hektara bərabərdir.
Nadir, dünyada analoqu olmayan layihədir. Dirəyin hündürlüyü
dünyada ən hündür səviyyədə olacaqdır.
Bayrağın ölçüləri, müqayisə
üçün deyə bilərəm ki, bir futbol
meydançasının ölçülərinə bərabərdir.
Yəni, sözün əsl mənasında, nadir memarlıq
abidəsi olacaqdır. Çox sevindirici haldır ki, baxmayaraq,
bu layihəni xarici şirkətlər təqdim etmişlər,
bütün işləri yerli şirkətlər icra edirlər.
Bu, onu göstərir ki, bizdə həm texnika, həm də
peşəkarlıq vardır. Bütün lazımi tədbirlər
görülür. Ümid edirəm ki, bayraq meydanı bu il
hazır olacaq, müstəqilliyimizi, müstəqil həyatımızı
əks etdirən ən önəmli rəmzlərdən birinə
çevriləcəkdir.
Burada qeyd olunduğu kimi,
regional inkişaf proqramını biz keçən ay geniş
müzakirə etdik. Sahibkarlığın inkişafına
dair müxtəlif tapşırıqlar verilmişdir.
Bütün dövlət qurumları bu istiqamətdə
öz vəzifələrini bilirlər. Bu il də nəzərdə
tutulan kreditlər vaxtında verilməlidir. Aqrolizinqlər,
aqroservislər kənd təsərrüfatı texnikası ilə
təmin edilməlidir, damazlıq heyvanlar
alınmalıdır, gübrələr, subsidiyalar verilməlidir.
Kənd təsərrüfatı, sahibkarlıq, regional
inkişaf bir-biri ilə bağlı olan məsələlərdir.
Əgər nəzərdə tutulmuş bütün tədbirlər
görülərsə, - nəzərə alsaq ki, maliyyə
resursları da vardır, - bu sahədə daha da müsbət
irəliləyiş əldə olunacaqdır.
Keyfiyyətsiz malların
satılmasına ciddi qadağa qoyulmalıdır, nəzarət
gücləndirilməlidir. Son zamanlar bu nəzarət daha da
güclüdür. Bunu biz də görürük, ictimaiyyət
də görür. Bu, mətbuatda da
işıqlandırılır. Keyfiyyətsiz idxal mallarına
qarşı biz çox ciddi tədbirlər görməliyik,
bir sədd qoymalıyıq ki, onlar Azərbaycana daxil
olmasın. Azərbaycanda istehsal olunan keyfiyyətsiz mallara, o
malları istehsal edənlərə qarşı ciddi tədbirlər
görülməlidir. Bunu araşdırın. Bəlkə biz
cəza tədbirlərini daha da sərtləşdirək.
Çünki bu, insanların birbaşa sağlamlığına
mənfi təsir göstərir. Zəhərlənmə
halları baş verir və insanlar o işləri görənlərin
ucbatından əziyyət çəkirlər. Ona görə
idxala, keyfiyyət baxımından vaxtı keçmiş məhsulların
Azərbaycana buraxılmamasına, yerlərdə saxta, yəni
primitiv üsullarla hazırlanan qida məhsullarına çox
ciddi nəzarət olmalıdır. Əlbəttə, bunu həm
İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma Komitəsi
icra etməlidir və yerli icra orqanları da bu işlərə
çox ciddi dəstək verməlidirlər. Bu mallar rayon icra
başçılarının, bələdiyyələrin
gözü qabağında satılır. Onlar dövlət
qurumlarına, bilavasitə bu məsələ ilə məşğul
olan qurumlara həm dəstək, həm də vaxtında
siqnallar verməlidirlər. Çünki dövlət
qurumları tərəfindən bütün istehsal sahələrini
əhatə etmək çox çətindir. Bu gün Azərbaycanda
özəl sahibkarlıq geniş vüsət alıb, minlərlə,
on minlərlə müəssisələr, yeni istehsal sahələri
yaradılır. Əvvəlki illərdə buna nəzarət
etmək bəlkə daha asan idi, çünki o qədər də
müəssisə fəaliyyət göstərmirdi. Bu gün
isə bu, bizim ümumi işlərimiz olmalıdır. Biz
insanların sağlamlığına ziyan verən istənilən
amili aradan qaldırmalıyıq.
Biz ciddi ekoloji tədbirləri
görürük. İlk növbədə ona görə ki,
ekoloji vəziyyətin yaxşı olmaması insanlara mənfi
təsir göstərməsin. Təmiz hava, təmiz su, təmiz
ətraf mühit - biz bütün bunları ona görə
edirik ki, insanların sağlamlığını qoruyaq. Yəni,
bu sahəyə ciddi diqqət göstərilməlidir. Bu ildən
biz Avro-2 standartına keçirik. Hesab edirəm ki, bu da
çox vacib addımdır. Mən şəxsən hesab edirəm
ki, biz bu sahədə bir az gecikmişik. Bunu daha əvvəl
etməli idik. Ancaq burada obyektiv səbəblər vardır.
Neftayırma zavodlarımız uzun illərdir ki, fəaliyyət
göstərir. Orada istehsal olunan yanacaq imkan vermirdi ki, biz Avro
standartlarına daha da sürətlə keçək. Ancaq həm
zavodların modernləşdirilməsi prosesi gedir, eyni zamanda,
yeni neftayırma kompleksinin tikintisi nəzərdə tutulur. Biz
elə etməliyik ki, dünyada, Avropada mövcud standartlara
maksimum dərəcədə yaxın olaq. Avro-2-yə
keçmək, sadəcə olaraq birinci mərhələdir.
Biz elə etməliyik, Avropa İttifaqında bu sahədə
olan standartlara maksimum dərəcədə yaxın olaq.
Mütəmadi qaydada ekoloji
monitorinq aparılmalıdır. Bu il geniş şəkildə
ekoloji tədbirlər nəzərdə tutulur. Elə etməliyik
ki, büdcədə bu məqsədlər üçün nəzərdə
tutulan vəsait vaxtında verilsin. Çünki artıq ilin təxminən
dörd ayı keçibdir. Çox işlər
görülübdür. Xüsusilə, ağacəkmə ilə
əlaqədar digər işlər görülübdür.
Keçən dəfə dediyim kimi, biz artıq çirklənmiş
göllərin təmizlənməsinə dərhal
başlamalıyıq. Büdcədə vəsait nəzərdə
tutulub. Elə etməliyik ki, bütün tender prosedurları
tezliklə başa çatsın ki, bu işlər ləngiməsin.
Bakı buxtasının təmizlənməsi
işləri də bu il ciddi aparılmalıdır. Bakı
buxtasına çirkab axıdan kanalizasiya xətlərində
ciddi tədbirlər görülməlidir, təmizləyici
qurğular tikilməlidir. İndi aidiyyəti orqanlar təkliflər
hazırlasınlar. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi bu yaxınlarda mənə Bakı buxtasına
çirkab axıdan xətlərin xəritəsini
vermişdir. Bu, dözülməz bir haldır. Bakı
buxtası Bakının, ölkəmizin sərvətidir. Biz
Bakı bulvarında geniş quruculuq işləri
aparırıq. Dörd kilometr uzunluğu olan bulvarda çox
müasir səviyyədə abadlıq-quruculuq işləri
aparılır. Bakı bulvarı, mən şəxsən elə
hesab edirəm ki, dünyanın ən gözəl
bulvarıdır. Ən gözəl bulvarlarından biri deyil, ən
gözəl bulvarıdır. Həm təbii vəziyyətinə,
həm abadlıq işlərinə, müasirliyinə, insanlar
üçün yaradılmış rahatlığına
görə. Bakının gözəlliyi bənzərsizdir, təkrarolunmazdır.
Bakı buxtası Bakının əsas gözəlliklərindən
biridir. Biz bulvar hissəsini genişləndirdik. Orada
görülən tikinti işləri artıq imkan verir ki,
insanlar düz dənizin qırağı ilə gəzə
bilsinlər, dənizə yaxın olsunlar. Əvvəlki illərdə
bu, belə deyildi. Yadınızdadır, orada daşlar
qoyulmuşdu, dənizlə ünsiyyət mümkün deyildi.
Ancaq bu gün elə şərait yaratmışıq ki,
insanlar düz dənizin qırağı ilə gəzə
bilirlər. Elə etməliyik ki, su təmiz, şəffaf
olsun və heç bir qoxusu olmasın. Buna nail olmaq
üçün orada bütün təmizləyici tədbirlər
görülməlidir, özü də çox böyük
sürətlə.
Bu ilin birinci rübündə
neft-qaz sektorunda - mən giriş sözümdə bunu qeyd
etdim, - vacib hadisələr baş vermişdir. O hadisələr
bir daha göstərir ki, neft-qaz strategiyamız həm
uğurludur, həm uzunmüddətlidir. On beş ildən
çoxdur ki, bu siyasət aparılır. Azərbaycanın
neft-qaz yataqlarına maraq azalmır. Bu yaxınlarda xarici tərəfdaşlarla
yeni layihələr, yeni yataqlar üzrə müqavilələr
bağlanmışdır. Kəşfiyyat işləri
aparılacaq, yeni investisiyalar qoyulacaqdır.
"Çıraq" layihəsi özlüyündə
böyük, ayrıca bir layihə kimi göstərilə bilər.
Bu sahədə vəziyyət müsbətdir.
Qaz sektorunda görülən
işlər həm ölkə daxilində, həm beynəlxalq
əməkdaşlıq baxımından
maraqlarımızı tam şəkildə təmin edir.
Ölkə daxilində qazlaşdırma prosesi sürətlə
gedir. Köhnə xətlər dəyişdirilir. Bəzi yerlərdə
xətlər yerin üstündən salınmışdır.
Bəzi hallarda əsas yollarda görürsən ki, xətlər
yerin altından deyil, üstündən salınıb, tağ
kimi yolu bağlayıb. Çox bərbad mənzərədir.
Ona görə göstəriş vermişəm ki, ehtiyac olan
yerlərdə bütün o xətlər təzələnsin,
yerin üstündən çəkilmiş xətlər yerin
altına salınsın.
Biz inkişaf etmiş ölkələrdə
görə bilərikmi, borular yerin üstündən
salınsın, bütün mənzərəni pozsun,
küçəni bağlasın. Gedirsən bəzi rayonlara,
orada xətt, burada xətt, bu dözülməzdir. Ona görə
burada ən qabaqcıl təcrübə tətbiq edilməlidir.
Dövlət Neft Şirkətinə bütün göstərişlər
verilib. Onlar bu işi başlayıblar. Həm smartkart əsasında
müasir sayğaclaşma sisteminin
quraşdırılması, qaz xətlərinin yeniləşməsi,
təzyiqin tənzimlənməsi və s. Bu proqram bir neçə
il ərzində başa çatmalıdır. Biz proqramın
icrası nəticəsində qazlaşdırmanı daha da
artıracağıq və qaz təsərrüfatında həm
uçot, həm də ki, bütün başqa məsələlər
müasir səviyyədə təşkil ediləcəkdir.
Bununla bərabər, bu ilin
sonunadək yeraltı qaz anbarlarımızın tutumu 3 milyard
kubmetrə qədər genişləndirilməlidir. Bu,
çox böyük nailiyyətdir. Bir neçə il bundan əvvəl
ehtiyatımız ancaq yarım milyard kubmetr həcmində idi.
Yeraltı qaz anbarlarında aparılan işlər imkan verəcək
ki, biz bu ehtiyatı 3 milyard kubmetrə çatdıraq. Gələcəkdə
bəlkə ondan da böyük həcmdə olmalıdır.
Amma hər halda 3 milyarda çatdırsaq, bu, bizim bütün
ixrac məsələlərimizi daha da asanlıqla həll etməyə
imkan verəcəkdir.
Artıq qarşımızda
məsələ durmur ki, qış aylarında
özümüzü necə təmin edəcəyik. Bu problem
yoxdur. İndi əsas vəzifəmiz bölgələrdə
məntəqələri qazlaşdırmaq və ixrac
imkanlarımızı genişləndirməkdir.
Dövlət Neft Şirkəti
bu istiqamətdə tədbirlər görür və bu il
bizim ixrac imkanlarımız daha da genişlənibdir. Biz öz
qazımızla yeni bazarlara çıxırıq, bizim
qazımıza böyük tələbat vardır. Həm
qonşuluqda, həm Avropada və başqa ölkələrdə.
Ona görə nəzərə alsaq ki, bizim çox
böyük qaz yataqlarımız, kəmərlərimiz,
şaxələndirilmiş ixrac yollarımız vardır. Biz
bu imkanlardan istifadə etməliyik. Nə qədər çox
ixrac imkanlarımız olsa, bizim üçün o qədər
yaxşıdır.
Mən ümid edirəm ki,
"Cənub dəhlizi" layihəsi üzrə aparılan
danışıqlar öz səmərəsini verəcəkdir.
Bilirsiniz ki, Azərbaycan bu layihəni əvvəldən dəstəkləmişdir.
"Cənub dəhlizi" deyəndə, bütün Qərb
istiqamətində gedəcək layihələr nəzərdə
tutulub. O layihələr çoxdur, ona görə onları
bir-birindən ayırmaq, məncə, düzgün olmaz.
Baxmayaraq ki, Avropada bəzi ölkələr hansısa bir layihəni
dəstəkləyir. Bizim üçün, əslində
bunun böyük fərqi yoxdur. "Cənub dəhlizi"
deyəndə, biz həm Nabukkonu, həm Türkiyə-Yunanıstan-İtaliya,
həm də Transadriatik layihələrini nəzərdə
tuturuq. Artıq dünən Azərbaycan, Gürcüstan,
Rumıniya arasında qaz nəqliyyatı üzrə memorandum
imzalanmışdır. Ümid edirəm ki, bu layihə də
uğurlu olacaqdır. Əslində bu layihə də "Cənub
dəhlizi"nin bir parçasıdır. Biz
bütövlükdə, bu istiqamətə "Cənub dəhlizi"
kimi baxırıq və öz siyasətimizi buna uyğun şəkildə
aparırıq.
"Cənub dəhlizi"nin
tərkibində olan bəzi layihələri icra etmək
üçün əlbəttə ki, Azərbaycan ilə
Türkiyə arasında qaz satışı və nəqli
üzrə danışıqlar başa çatmalıdır.
Danışıqlar uzun illərdir ki, gedir. Hesab edirəm ki,
biz indiki mərhələdə danışıqları daha
da sürətləndirməliyik. Elə etməliyik ki,
dünyada, Avropada mövcud olan təcrübə tətbiq
edilsin, istər qiymətlərin formalaşmasında, istərsə
də nəqliyyat haqlarının
razılaşdırılmasında. Bölgədəki tariflər
bizim üçün bir nümunə ola bilər. Biz bu tarifləri
bilirik. Qazın dünyada və bölgədə, Avropada,
yaxın qonşuluqda bugünkü qiymətlərini bilirik.
Qazın qiymətləri neftin qiymətinə
bağlıdır və qazın qiyməti bu düstur əsasında
hesablanır. Yəni ki, biz burada heç bir yeni şey icad etməməliyik.
Bölgədə mövcud olan qiymətlər, uzun illər ərzində
formalaşan qiymətlər, mövcud tranzit tarifləri bizim
üçün danışıqlarda əsas
olmalıdır. Biz bilirik ki, Avropada, Şərqi Avropada
hansı ölkələrdən hara nə qədər qaz
gedir, hansı tariflərlə gedir. Yəni, biz sadəcə
olaraq, özümüzü mövcud vəziyyətə
uyğunlaşdırmalıyıq. Bölgədə, artıq
bizdən daha əvvəl yaranmış qaz münasibətlərinə
də öz töhfəmizi verə bilərik. Əlbəttə
ki, bu danışıqlar zamanı qarşılıqlı
maraqlar da nəzərə alınmalıdır. Azərbaycan tərəfi
bu sahədə də konstruktivlik göstərir, müəyyən
güzəştlər də edilə bilər. Yəni, bu, qaz
biznesində mümkün olan məsələlərdir. Ancaq
bu güzəştlər gərək əsaslandırılmış
olsun. Bu güzəştlər mövcud olan başqa qiymətlərdən
çox da fərqlənməməlidir.
Hesab edirəm ki, əgər
biz bu prinsipləri rəhbər tutsaq və "Cənub dəhlizi"nin
həyata keçirilməsində maraqlı olan tərəflər
əgər fəallıq göstərsələr, mən
hesab edirəm ki, biz tezliklə bu layihənin həyata
keçirilməsinə nail ola bilərik. Əgər müəyyən
səbəblər üzündən buna nail ola bilməsək,
yenə də bu, Azərbaycan üçün faciə
olmayacaqdır. Bizim bugünkü qaz hasilatımız daxili tələbatı
ödəmək və mövcud olan kontraktları icra etmək
üçün kifayətdir. Əlavə qaz
ehtiyatlarımız hasil edilərkən biz, əlbəttə
ki, müxtəlif istiqamətlərə baxmalıyıq,
öz siyasətimizi müxtəlif istiqamətlər üzrə
müəyyən etməliyik.
Biz çox istəyirik ki,
"Cənub dəhlizi" layihəsi baş tutsun. Nəyə
görə? Çünki, ilk növbədə bu, bizim
qazımızdır. Bizim qazımız üçün
etibarlı, uzunmüddətli və qanunlarla tənzimlənən
bazarlar lazımdır. İkincisi, əgər "Cənub dəhlizi"
layihəsi baş tutarsa, o zaman biz, daha doğrusu, xarici tərəfdaşlarımız
"Şahdəniz" yatağının ikinci fazasına
investisiyaların qoyuluşuna başlayacaqlar. Çünki
investisiyaların mütləq əksəriyyəti xarici tərəfdaşlar
tərəfindən qoyulacaqdır. Onlar da hesablayırlar ki,
bu, təxminən 20 milyard dollara yaxın olan
investisiyalardır. Əlbəttə ki, Azərbaycan bundan fayda
götürəcəkdir.
Əgər bu layihələr
baş tutarsa, Azərbaycanda qazın hasilatı indikindən ən
azı 16 milyard kubmetr çox olacaq və ümumi
hasilatımız 40 milyardı keçəcəkdir. Ondan da
çox ola bilər. "Cənub dəhlizi"nin həyata
keçirilməsində ən maraqlı tərəf Azərbaycandır.
Ona görə bəzi xarici kütləvi informasiya vasitələrində
guya, Azərbaycanın burada, lazımi dərəcədə
iştirak etməməsi barədə sifarişli
yazıları görəndə bu, sadəcə olaraq bizi, necə
deyərlər, çox peşman edir. Bunları ya bilməyərəkdən,
ya kiminsə təhriki ilə, ya da ki, bilərəkdən
yazırlar. Bu, birinci dəfə deyil ki, kiminsə səhv
mövqeyi guya Azərbaycanın qeyri-konstruktiv yanaşması
kimi təqdim edilir. Kiminsə günahı ucbatından layihənin
baş tutmamasının, yəni reallaşmamasının səbəbini
sonradan Azərbaycan üzərinə yıxmaq istəyirlər
ki, bizi günahlandırsınlar. Tamamilə əsassızdır.
"Cənub dəhlizi"nin həyata keçirilməsində
ən birinci maraqlı tərəf, ölkə Azərbaycandır.
Ona görə Avropada bu məsələlərlə məşğul
olanlar məsələni ciddi təhlil etməlidirlər və
görməlidirlər, kim burada səmimi davranır, kim isə
sadəcə olaraq əsaslandırılmamış mənfəət
əldə etmək üçün məsələni
yubadır.
Mən hesab edirəm və dəfələrlə
təklif etmişik ki, bütün maraqlı tərəflər
- istər energetika nazirləri, istər neft-qaz, enerji şirkətləri,
istər ekspertlər səviyyəsində
yığışsınlar bir masa arxasına. Qoy onların
hamısı yığışsın və öz mövqelərini
bildirsinlər. Onda hamı üçün aydın olacaq ki,
bu məsələyə əngəl törədənlər
kimdir, layihəni icra etmək istəyənlər kim. Biz təklif
etmişik və mən bu gün bir daha televiziya vasitəsilə
bu təklifi səsləndirirəm. İstehsalçılar,
tranzit ölkələr, istehlakçılar - biz
yığışaq və bütün təkliflərimizi
ifadə edək. Bir daha demək istəyirəm ki, biz azad rəqabət,
bazar iqtisadiyyatı prinsiplərinin tərəfdarıyıq.
Biz nəinki qaz sahəsində, bütün sahələrdə
istəyirik ki, azad rəqabət və bazar iqtisadiyyatı
prinsipləri üstünlük təşkil etsin. Bizim təklifimiz
məhz bunun əsasında qurulubdur. Biz də bəzi başqa
ölkələr kimi, reallığı əks etdirməyən
təkliflər verə bilərdik. Biz onları vermirik. Yenə
də demək istəyirəm, Azərbaycanın coğrafi vəziyyəti
və infrastruktur imkanları elədir ki, biz öz qaz
potensialımızı istənilən həcmdə, istənilən
istiqamətdə reallaşdıra bilərik.
"Cənub dəhlizi"
ilə bərabər, digər istiqamətlərlə
bağlı tədbirlər görülür. Bilirsiniz ki, bu
ildən başlayaraq Azərbaycan öz təbii qazını
tarixdə ilk dəfə olaraq Rusiyaya ixrac etməyə
başlamışdır. Hesab edirəm ki, bu da çox əlamətdar
bir hadisədir. Çünki Rusiya dünyanın ən
böyük qaz təchizatçısıdır. Ancaq
uğurlu ikitərəfli əməkdaşlıq nəticəsində
bu gün Azərbaycan Rusiyadan qaz almır, ancaq qazı ixrac
edir və razılaşdırılmış həcm artıq
böyüyür. Biz yarım milyard kubmetr qaz haqqında ilk
razılaşmanı əldə etmişik. Bu gün biz onu iki
dəfə artırmışıq. Gələn il əgər
qarşılıqlı surətdə razılığa gələriksə,
indiki həcmi yenə də iki dəfə artırmaq olar. Yəni,
bizim imkanlarımız vardır. Bu istiqamət bizim
üçün vacibdir.
Qonşu İranla qaz
alqı-satqısı ilə bağlı danışıqlar
aparılır. İranda da bizim qazımıza ehtiyac
vardır. İran rəsmiləri də bu barədə
açıqlamalar vermişlər. Bizim də istədiyimiz
ondan ibarətdir ki, İranla - dost, qonşu ölkə ilə
qaz sahəsində də ciddi əməkdaşlığa
başlayaq. Bu əməkdaşlıq iki dost, qonşu ölkəni
bir-birinə daha da yaxınlaşdıracaqdır. Eyni zamanda,
bizim ixrac imkanlarımız daha da genişlənəcəkdir.
Dövlət Neft Şirkətinə göstəriş
vermişəm ki, həm Rusiya, həm İran istiqamətinə
qazın ixracatını daha da böyük həcmdə təşkil
etmək üçün investisiyalar qoyulsun və texniki tədbirlər
görülsün. Ona görə ki, texniki imkanlarımız
bir az məhduddur. Çünki İranla qaz əməkdaşlığı
başlananda sadəcə olaraq, mübadilə layihəsi icra
edilirdi. İrandan Naxçıvana qaz verilirdi, biz isə
Astaradan İran Astarasına qaz ötürürdük. Orada
kompressor stansiyalarının həcmi o qədər də
böyük deyildir. Yeni kompressorlar qoyulmalıdır, yeni xətlər
çəkilməlidir. Bu, böyük investisiya tələb
edən layihələrdir və Azərbaycan bunu öz üzərinə
götürüb.
Eyni zamanda, Rusiya istiqamətinə
qazın həcmini artırmaq üçün investisiyalar
qoyulmalıdır. Bu, böyük investisiyalardır. Amma biz
bunu etməliyik ki, öz qaz potensialımızı istənilən
istiqamətdə maksimum dərəcədə realizə edə
bilək. Dünən Rumıniyada Azərbaycan,
Gürcüstan və Rumıniya arasında qaz əməkdaşlığı
sahəsində anlaşma memorandumu imzalanmışdır.
Hesab edirəm ki, tezliklə texniki-iqtisadi əsaslandırma
aparılmalıdır. Bu da çox perspektivli bir yoldur. Bu
memorandumun tərkibində Azərbaycan qazını Avropa məkanına
nəql etmək üçün Qara dəniz üzərindən
mayeləşdirilmiş qazın ixracı nəzərdə
tutulur. Burada da üçtərəfli əməkdaşlıq
uğurlu ola bilər. Yəni, biz müxtəlif yolları
arayırıq ki, Azərbaycan öz enerji potensialını
maksimum dərəcədə işə sala bilsin. Yenə də
deyirəm, bugünkü neft və qaz hasilatı, neft və
qaz ixracı bizi qane edir. Əgər bundan artıq tədbirlər
görülərsə, imkanlarımız daha da genişlənəcəkdir.
Nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyi
hər halda bu gün və ən azı növbəti 10 il ərzində
daha çox qaz amilindən asılı olacaq, əlbəttə,
burada hər tərəfin, iki ya üç tərəfin
maraqları üst-üstə gəlməlidir, çox ciddi əməkdaşlıq
formatı təşkil edilməlidir.
Bir daha demək istəyirəm ki, Dövlət İnvestisiya Proqramında və Azərbaycanın dövlət büdcəsində bütün əsas məsələlər öz əskini tapıb. Sadəcə olaraq, bu gün Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm enerji baxımından vacib olan məsələlər ətrafında bir daha müəyyən müzakirələri apardıq, mən öz fikirlərimi bildirdim. Mən əminəm ki, biz növbəti üç ay ərzində həm dövlət büdcəsində, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan bütün sosial məsələlərin həlli işində plan üzrə, proqram üzrə addımlayacağıq və həmişə olduğu kimi, ölkəmizi inamla irəli aparacağıq, Azərbaycanın uğurlu dinamik inkişafını təmin edəcəyik. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 15 aprel.- S. 3, 4.