AŞ PA-nın
sədri Azərbaycanda
gedən demokratikləşmə
proseslərini yüksək
qiymətləndirmişdir
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, aprelin 14-də nazir Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüşmüşdür.
Ölkəmizin AŞ PA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən nazir E.Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini demişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən E.Məmmədyarov məsələnin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulamış, bu halda regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına imkan yaranacağını bildirmişdir. Dünya ictimaiyyətinin məsələyə diqqətinin artırılmasının vacibliyini vurğulayan nazir, bu xüsusda AŞ PA-nın səylərinin də səmərəliyini qeyd etmişdir.
M.Çavuşoğlu AŞ PA-nın ölkəmizdə gedən demokratikləşmə proseslərini yüksək qiymətləndirdiyini bildirərək təmsil etdiyi qurumun bu porseslərə öz dəstəyini verməkdə davam edəcəyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar AŞ PA tərəfindən 2005-ci il yanvarın 25-də qəbul olunmuş 1416 saylı qətnaməni diqqətə çatdıran M.Çavuşoğlu qurumun siyasi komitəsində Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyəti məsələsinin aktual olaraq qaldığını bildirmişdir. O, yaxın vaxtlarda alt komitənin işinin bərpa olunmasının planlaşdırıldığını və bunun da münaqişənin həllinə müsbət təsiri olacağına ümidvar olduğunu qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 15
aprel.- S. 5.