Görkəmli yazıçı
və alim Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilmişdir
Bakının Nizami rayonundakı 62 nömrəli orta məktəbdə görkəmli alim, pedaqoq, yazıçı, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə rayon ictimaiyyəti ilə yanaşı, elm və ədəbiyyat xadimləri, Mir Cəlalın qızı, professor Ədibə Paşayeva iştirak etmişlər.
Tədbirdə ədibin həyat və yaradıcılığından söhbət açılmış, onun əsərləri əsasında səhnələşdirilmiş parçalar nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov, professor Qara Namazov, məktəbin direktoru Mətanət Cabbarlı və digər çıxış edənlər ədibin elmi yaradıcılığı, ədəbi-tənqidi görüşlərindən danışaraq bildirmişlər ki, Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafında və məzmunca zənginləşməsində mühüm rol oynamışdır.
Xalq yaradıcılığı ilə klassik ənənələri yeni formada yaşadan və bununla da ədəbiyyatımıza yeni nəfəs gətirən Mir Cəlal Paşayev, eyni zamanda, görkəmli tədqiqatçı alim olmuşdur.
Yazıçının qızı professor Ədibə Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 21 aprel.- S. 6.