Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir

 

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etmişdir.

Qonaqları salamlayan Prezident İlham Əliyev Avropa Parlamentinin üzvlərinin bu səfəri çərçivəsində aparılan danışıqların, keçirilən görüşlərin Azərbaycan ilə Avropa təsisatları arasında əlaqələrin daha da yaxınlaşmasına töhfə verəcəyinə əminliyini vurğuladı. Azərbaycanın Avropa institutları ilə müxtəlif sahələrdə uzun müddətdir ki, yaxından əməkdaşlıq etdiyini söyləyən dövlətimizin başçısı ölkəmizin Avropa Şurası ilə əlaqələrindən də danışdı.

Ölkəmizdə gedən inkişaf proseslərinə toxunan Prezident İlham Əliyev iqtisadiyyatın bütün sahələrində sürətli artıma nail olunduğunu, respublikada qlobal layihələrin həyata keçirildiyini, dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycanda inkişafın davamlılığını vurğuladı.

Prezident İlham Əliyev dedi ki, Azərbaycandakı müasirləşmə, infrastrukturun inkişaf etdirilməsi və sərmayə imkanları bizə artıq güclü və şaxələndirilmiş iqtisadiyyatı qurmaq imkanını yaratmışdır. Biz beynəlxalq maliyyə böhranının ən az təsir göstərdiyi ölkə olduq. Ötən il iqtisadiyyatımız 9 faizdən çox artmışdır. İnflyasiya yalnız 1,5 faiz olmuşdur. Biz özümüzü təmin edən ölkəyik və əlbəttə ki, iqtisadiyyatımızı gücləndirən bir çox layihələri həyata keçiririk.

Ölkənin iqtisadi potensialının dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirən dövlətimizin başçısı Dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətədavamlılıq reytinqinə görə MDB məkanında birinci, dünyada isə 51-ci yerə layiq gördüyünü söylədi.

Daha sonra Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" siyasətinə töhfə verəcəyinə əminliyini bildirdi. Azərbaycanın dünyəvi ölkə olduğunu deyən dövlətimizin başçısı burada bir çox millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını söylədi. Prezident İlham Əliyev güclü siyasi sistemə malik olan Azərbaycanın sabit və sərmayələrin yatırılması üçün əlverişli ölkə olduğunu diqqətə çatdırdı.

Azərbaycanın uğurlu enerji siyasəti haqqında danışan Prezident İlham Əliyev bildirdi ki, BMT-nin Azərbaycanın Neft Fondunu fəaliyyətindəki şəffaflığa görə mükafatla təltif etməsi bu sahədə nailiyyətlərin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunaraq, qonaqlara münaqişə nəticəsində yaranan vəziyyət barədə ətraflı məlumat verərək dedi: "Ərazilərimizin demək olar ki, 20 faizi işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon erməni işğalı altındadır. Həmin yerlərdə yaşamış bütün azərbaycanlılar oradan qovulmuşlar. Bu, etnik təmizləmə siyasəti idi. Ermənilər azərbaycanlılara qarşı müharibə cinayətləri törətmişlər. Ermənilər 1992-ci ildə Xocalıda 600-dən artıq mülki şəxsi qətlə yetirərək orada soyqırımı törətmişlər. Azərbaycanlılara, o cümlədən uşaq və qadınlara işgəncə vermişlər. Bütün bunlar sənədləşdirilib və bu, XX əsrin sonunda törədilmiş ən böyük cinayətlərdən biridir. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsi faktına baxmayaraq, işğal hələ bu gün də davam edir".

Azərbaycan Prezidenti münaqişənin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nizamlanması istiqamətində son zamanlar aparılan danışıqlar barədə də görüş iştirakçılarına məlumat verdi. Bildirdi ki, bu münaqişəyə son qoyulmayana qədər regionda hərtərəfli əməkdaşlıq mümkün deyildir.

ATƏT Parlament Assambleyasının nümayəndə heyəti adından çıxış edən qurumun vitse-prezidenti Volfqanq Qrosruk Azərbaycanda bir neçə dəfə olduğunu bildirdi və hər səfərində ölkəmizdə böyük tərəqqinin və inkişafın şahidi olduğunu qeyd etdi. O, Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini vurğulayaraq bu toplantının qurum ilə Azərbaycan arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə olacağına əminliyini ifadə etdi.

Avropa Parlamentinin üzvü, regional inkişaf komitəsinin vitse-sədri, xarici əlaqələr komitəsinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi, Avronest nümayəndə heyətinin üzvü Yevgeni Kirilov bildirdi ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır. Qonaq Azərbaycanda toplanmış seçki təcrübəsi barədə də fikirlərini söylədi.

Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, iqtisadi məsələlər və inkişaf üzrə komitənin prezidenti, AŞ PA-da Belçika nümayəndə heyətinin rəhbəri Pol Ville əminliklə vurğuladı ki, Azərbaycan seçiciləri növbəti parlament seçkilərində də öz fəallığı ilə seçiləcəklər.

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini bir daha qeyd edərək bildirdi ki, bu görüş Azərbaycanın Avropa institutları ilə əlaqələrini daha da genişləndirəcəkdir.

Dövlətimizin başçısı Azərbaycanda növbəti seçkilərin də tam azad, şəffaf, demokratik şəraitdə keçirilməsinə hökumətin hər cür şərait yaradacağını vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa qurumları arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyini diqqətə çatdırdı. Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına toxunan dövlətimizin başçısı bu tərəfdaşlığın Azərbaycanın Avropa ailəsinə daha da yaxınlaşması baxımından önəmini qeyd etdi.

Prezident İlham Əliyev ölkəmizin Avropa qurumları ilə qarşılıqlı və məqbul olan uzunmüddətli əməkdaşlığa hazır olduğunu bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  17 aprel.- S.  1.