İtaliya Dağlıq Qarabağ
münaqişəsində Azərbaycanın konstruktiv
mövqeyini dəstəkləyir
Aprelin 16-da Milli Məclis Sədrinin
müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri Bahar Muradova
ölkəmizdə səfərdə olan İtaliyanın ATƏT
PA-dakı nümayəndə heyətinin rəhbəri Rikkardo
Milyori ilə görüşmüşdür.
Bahar Muradova xalqlarımız
arasındakı dostluq əlaqələrinin tarixindən,
oxşar mədəniyyətlərimizdən söhbət
açmış, dövlətlərimizin
başçılarının səyləri nəticəsində
münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə
yüksəldiyini bildirmişdir. O, əlaqələrimizin
inkişafında parlamentlərin xüsusi rolu olduğunu diqqətə
çatdırmışdır. Milli Məclis Sədrinin
müavini Azərbaycanın dinamik inkişafı, regionda və
dünyada oynadığı aktiv rolu, regionun inkişafına
ciddi mane olan Dağlıq Qarabağ münaqişəsi barədə
ətraflı məlumat vermiş, bu problemin həlli ilə
bağlı nümayiş etdirdiyi mövqeyinə görə
İtaliya dövlətinə və parlamentinə minnətdarlığını
bildirmişdir.
B.Muradova Azərbaycan parlamentinin fəaliyyəti, qanunvericilik bazası, beynəlxalq təşkilatlar, eləcə də ATƏT PA çərçivəsində əməkdaşlıqdan söz açmışdır.
Ətraflı məlumat və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Rikkardo Milyori səfər proqramının zəngin və maraqlı olduğunu diqqətə çatdırmışdır. O demişdir ki, Azərbaycana ilk gəlişidir və Bakının dinamik inkişafı onların çox xoşuna gəlmişdir. Qonaq "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda Bakıda beynəlxalq konfransın təşkilini yüksək qiymətləndirmiş, bunu Azərbaycan dövlətinin və hökumətinin ölkədə şəffaf, demokratik və azad seçkilər keçirmək əzmində olmasının bariz nümunəsi kimi dəyərləndirmişdir.
Dünyada, eləcə də Cənubi Qafqazda mövcud olan münaqişələrin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayan İtaliya parlamentinin deputatı demişdir ki, o və onun ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın konstruktiv mövqeyini dəstəkləyir. Rikkardo Milyori münaqişənin ədalətli həllinə nail olmaq üçün parlament diplomatiyasının inkişafının vacibliyini vurğulamışdır.
Görüşdə
İtaliyanın Azərbaycandakı səfiri Mario Corcostefano
Baldi iştirak etmişdir.
Azərbaycan.- 2010.- 17 aprel.- S. 3.