Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının Azərbaycandakı
nümayəndəsi ilə
görüşmüşdür
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Təranə Bəşirova ilə görüşmüşdür.
Görüşdə BAMF ilə FAO-nun Azərbaycandakı nümayəndəliyi arasında mümkün əməkdaşlıq məsələsi müzakirə edilmişdir. U.Rəhimoğlu məlumat vermişdir ki, BAMF uzun illərdir regionlarda müxtəlif istiqamətlərdə iş aparır. Qurumun Tərtər, Füzuli və Ağstafada regional ofisləri vardır. 1992-ci ildən başlayaraq icma və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində xeyli iş görülmüşdür. Azərbaycanın işğal olunmuş və işğaldan azad edilmiş bölgələri ilə həmsərhəd rayonlarda məskunlaşmış aztəminatlı əhali qrupları, mina və partlamamış hərbi sursatlardan zərərçəkmiş, eləcə də qaçqın və məcburi köçkünlərə istiqamətlənmiş xeyli layihə, o cümlədən BMT-nin müxtəlif strukturları ilə birgə layihələr həyata keçirilmişdir. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisi ilə birgə bu il üçün bır sıra tədbirlər planlaşdırılmışdır.
Müzakirə zamanı Azərbaycanın ucqar yerlərində icmalar üçün vacib olan müxtəlif proqramlarda BAMF ilə FAO nümayəndəliyinin tərəfdaşlıq edə bilməsi üçün perspektivlər olduğu xüsusi vurğulanmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 17 aprel.- S. 3.