Ətraf mühitin mühafizəsi
üçün kompleks tədbirlər həyata keçirilir
Dünyada durmadan artan neft-qaz hasilatı və bununla əlaqədar sənaye sahələrinin dinamik inkişafı planetimizdə ətraf mühitə mənfi təsirlər göstərməklə yanaşı ekoloji tarazlığın pozulmasına səbəb olan başlıca amilə çevrilmişdir. Neft ölkəsi olan Azərbaycanda da uzun illər böyük torpaq sahələri neft tullantıları ilə çirklənərək yararsız hala düşmüşdür. Neft sənayesinin inkişaf etdiyi Abşeron yarımadasında ekoloji tarazlığın pozulması özünü daha qabarıq büruzə verir. Odur ki, yarımadanın neft-qaz hasilatı ərazilərində, istehsalat sahələrində ekoloji durumun tənzimlənməsi günün vacib məsələsinə çevrilib.
ARDNŞ-in Ekologiya İdarəsi Azərbaycan Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı"na əsasən ətraf mühitin qorunması, ekoloji təhlükəsizlik və təbii ehtiyatlardan səmərəli istifadə olunması sahəsində praktiki fəaliyyətinin ümumi istiqamətlərini müəyyən etmişdir. Bundan başqa ARDNŞ-in prezidenti tərəfindən "Ekoloji siyasət" sənədi təsdiq olunmuşdur. Sənəddə yeni fəaliyyət sahələrində ətraf mühitin ilkin vəziyyətinin qiymətləndirilməsini və ona neqativ təsirlərin minimuma endirilməsini təmin etməklə "sıfır tullantı" prinsipinə əməl edilməsi öz əksini tapıb.
ARDNŞ-in müəssisə və təşkilatlarının, eləcə də Pay Bölgüsü Sazişi üzrə birgə müəssisə və əməliyyat şirkətlərinin ərazilərində ətraf mühitə təsirin qiymətləndirilməsi, həmçinin yeni neft-qaz yataqlarının kəşf edilməsi ilə bağlı quyuların qazılmasından əvvəl yatağın ərazisində ilkin vəziyyətin öyrənilməsi məqsədilə Ekologiya İdarəsi tərəfindən mütəmadi olaraq ekoloji monitorinqlər aparılır. Monitorinq zamanı götürülən nümunələrin müxtəlif parametrlər üzrə ayrı-ayrı tədqiqat işləri müasir cihaz və avadanlıqlarla təchiz edilmiş kompleks tədqiqatlar laboratoriyasında həyata keçirilir. İdarənin xarici əlaqələr şöbəsinin rəisi Anar Hüseynov deyir ki, 2007-2009-cu illər ətraf mühitin sağlamlaşdırılması məqsədilə "Bibiheybətneft" NQÇİ-nin 221,56 hektar mədən ərazisi mexaniki rekultivasiya olunmuş və həmin ərazinin 35 hektar sahəsində bioloji rekultivasiya işləri aparılmışdır. Eyni zamanda "Bibiheybətneft"in ərazisində lay suları və məişət-çirkab suları axıdılan 1642 metrlik açıq torpaq kanalı qapalı dəmir-beton kollektorla əvəz olunmuşdur. Bundan əlavə neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində "Balaxanıneft" NQÇİ-nin ərazisində 3,8, "Azgerneft" MMC-nin ərazisində 3 hektar sahədə mexaniki və bioloji rekultivasiya işləri aparılmışdır. Torpaqların münbitləşdirilməsi məqsədilə bu ərazilərə arpa səpilmiş, ağac-kol tingləri və gül əkilmiş, 3500 kvadratmetr yaşıl ot örtüyü salınmışdır.
Bunlarla birlikdə dənizdə və quruda neft yataqlarının kəşfiyyatı və işlənməsi sahəsində ilkin mərhələ olaraq ekoloji monitorinqlər keçirilir. Monitorinqlərdə Xəzər dənizi ekosisteminə təsir parametrləri müəyyənləşdirilir. Quruda neft-qaz yataqlarında aparılan monitorinq tədqiqatlarında isə əsasən neft və neft məhsulları, eləcə də istehsal prosesi zamanı yaranan tullantılarla çirklənmiş torpaqlar öyrənilir, çirklənmə mənbələri müəyyənləşdirilir. Onu da qeyd edək ki, Abşeron yarımadasında neft-qazçıxarma idarələrinin fəaliyyət zonalarında aparılan monitorinq işləri çərçivəsində əldə edilən məlumatların yeni elektron operativ informasiya bazası yaradılmışdır. Bu zaman geniş həcmdə ekoloji monitorinq işləri aparılmış, müxtəlif informasiya mənbələrindən, müasir metodlardan, texniki avadanlıqlardan və laborator tədqiqatlardan istifadə olunmuşdur. Bazada Abşeron yarımadasında neft və digər tullantılarla çirklənmiş, lay suları altında qalmış torpaq əraziləri və onların çirklənmə dərinliyi dəqiq koordinatları ilə öz əksini tapmışdır.
ARDNŞ-in ekoloji problemlərə həssaslıqla yanaşmasını sübut edən digər fakt: şirkətin idarə və müəssisələrindəki avtonəqliyyat vasitələrindən atmosferə atılan zəhərli qazların ölçülməsi, atmosferin çirklənməsinin qarşısının alınması, nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətin gücləndirilməsi, atmosferə atılmaların texniki normativlərinin mövcud standartlara uyğunlaşdırılması məqsədilə Səbail, Sabunçu və Suraxanı rayonlarında ARDNŞ-in ekoloji yoxlama-ölçmə məntəqələri yaradılmışdır. Məntəqələrdə ətraf mühitə təsir göstərən amillərə ciddi nəzarətin həyata keçirilməsi üçün İtaliya istehsalı olan "STARGAZ mod 898" qazanalizatorları quraşdırılmışdır. İndiyəcən "Bibiheybətneft", "Balaxanıneft" və "Qum adası" NQÇİ-lərinin ərazilərindəki məntəqələrdə 2085 avtonəqliyyat vasitəsi müayinədən keçirilmişdir.
Ekologiya İdarəsinin Ekoloji ölçmə və tullantıların idarə olunması departamentində fəaliyyət göstərən Tullantı Mərkəzi qazma şlamının qəbulu və basdırılmasını həyata keçirir. Mərkəzdə istifadə olunan texnologiyalar fiziki və mənəvi cəhətdən köhnəldiyindən ARDNŞ ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında qrant sazişi imzalanmışdır. ARDNŞ-in keçirdiyi tenderdə Amerikanın "Mİ SWACO" şirkəti qalib seçilmişdir. Bu şirkətlə hazırda layihənin texniki-iqtisadi əsaslandırmasının həyata keçirilməsi istiqamətində işlər görülür. Sözügedən layihə çərçivəsində ARDNŞ-in 120 təşkilat və törəmə müəssisəsinin istehsal prosesi nəticəsində əmələ gələn 30-dan çox müxtəlif adda tullantının utilizasiyası, müxtəlif texnologiyalar tətbiq olunmaqla təkrar emalı, həmçinin təkrar emalı mümkün olmayan tullantıların müvəqqəti və daimi saxlanması, idarə edilməsi üçün kompleks tədbirlər həyata keçirmək nəzərdə tutulur.
Məlumdur ki, ekoloji mühitin sağlamlaşdırılmasında yaşıllıqların salınması mühüm rol oynayır. Bunu nəzərə alan Ekologiya İdarəsi H.Z.Tağıyev adına NQÇİ-nin ərazisindəki 9,3 hektar sahədə "Ekoloji park" yaradır. Parkın yaradılmasında əsas məqsəd cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını yaratmaq, ekoloji təbliğat, ekoloji tərbiyə və ətraf mühitin qorunması problemlərinin vətəndaşlara birinci dərəcəli sosial vəzifə olmasını göstərməkdir. Gələcəkdə habelə ekoloji maarifləndirmə tədbirləri çərçivəsində şagird və tələbələrin parka ekskursiyalarını, ekoloji olimpiadalar, müxtəlif viktorina və müsabiqələr təşkil etmək, eləcə də ekoloji mövzularla bağlı müzakirələrin aparılması planlaşdırılır. Parkın suvarılması, istixanaların qızdırılması və işıqlandırılmasında günəş batereyaları və külək generatorlarından istifadə olunacaq. Beləliklə, alternativ enerji mənbələrindən istifadə edilməsi böyük miqdarda yanacağa qənaətlə yanaşı ətraf mühitə atılan zərərli tullantıların miqdarının xeyli azaldılmasına səbəb olacaq. Ümumiyyətlə, ARDNŞ maarifləndirməyə və təbliğata xüsusi önəm verir. Bu sahədə şirkətin xüsusi tədbirlər planı da var. Həmin plana uyğun olaraq mədən əraziləri yaxınlığında yaşayan əhali üçün müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, keçən il iyunun 5-də şirkət beynəlxalq Ekologiya Gününü geniş qeyd etdi, sentyabrın 16-sı "Bibiheybətneft" NQÇİ-nin ərazisində "Ozon təbəqəsi mühafizə günü"nə həsr olunmuş tədbirlə yadda qaldı. Sentyabrın 25-də "Planetimizi zibillikdən təmizləyək" beynəlxalq aksiya çərçivəsində Ramana qalası ətrafında keçirilən tədbirdə isə şagird və tələbələr iştirak etdilər. Dövlət Neft Şirkəti həmçinin neft və qaz sahələrində yerləşən tarixi abidələrin monitorinqini apararaq onun təqdimatını keçirib. "ARDNŞ-in ən maraqlı ekoloji personajı" embleminin hazırlanması üzrə müsabiqənin elan olunması şirkətin "Ekoloji emblemi"nin təsdiq edilməsi də bu qəbildən olan tədbirlərdəndir. Bunlardan savayı, keçən ilin noyabr ayından Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ilə birlikdə "Ekoerudit" breyn-rinq oyununa başlanmışdır. Bu ay final görüşünün keçirilməsi nəzərdə tutulur.
Artıq üç ildir ki, Bakıda ekologiya və qlobal fəlakətlərdən çıxış yollarından bəhs edən "İnepo-Euroasia" ətraf mühitin mühafizəsi beynəlxalq layihə olimpiadası keçirilir. Ənənəvi hal almış bu tədbir ARDNŞ-in maliyyə dəstəyi, Təhsil, eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, İctimai Televiziyanın və "Çağ" Öyrətim İşlətmələri Şirkətinin birgə təşkilatçılığı ilə keçirilir. Sonuncu Olimpiadada dünyanın 30-dan çox ölkəsindən gəlmiş şagirdlər təbiəti qorumaq haqqında öz biliklərini nümayiş etdiriblər. Olimpiadaya təqdim edilən layihələri müxtəlif ölkələrdən gələn təcrübəli elm adamlarından ibarət münsiflər heyəti qiymətləndirib.
"Ekologiya
ili"nin əhatə etdiyi tədbirlər daha genişdir. Onlardan bir çoxu artıq
reallaşıb. Bunlar bioloji təmizləyici qurğuların
və dəniz suyunu şirinləşdirən
qurğuların quraşdırılması sahəsində
görülən işlərdir. Həmçinin "Neft
Daşları"nda çirkli məişət tullantı
sularını sutəmizləyən BTQ (biomas) qurğusu
işə salınıb, "28 May" NQÇİ-nin fəaliyyət
zonasına daxil olan Çilov adasında 2 "RU-200" sutəmizləyici
qurğu istifadəyə verilib, "Neft Daşları" və
"28 May" neft və qazçıxarma idarələrinin ərazilərində
dəniz suyunu şirinləşdirən bir sıra
avadanlıqlar quraşdırılıb.
Görüləcək
işlərin də sayı çoxdur. Belə ki, "Bibiheybətneft"də
lay suyunun yığılması, nəqli və
utilizasiyası sisteminin yaradılması, "Neft
Daşları" və "28 May" NQÇİ-lərində
lay sularının yığılması, təmizlənməsi
və laylara vurulması üçün təmizləyici
qurğuların tikilməsi və digər mühüm tədbirlər
nəzərdə tutulub. Hazırda isə BMT-nin "İqlim
dəyişmələri haqqında Çərçivə
Konvensiyası" və "Davamlı Üzvi Çirkləndiricilər
haqqında" Stokholm Konvensiyasının icrası ilə
bağlı müxtəlif tədbirlər həyata
keçirilir. Artıq "Davamlı üzvi çirkləndiricilər
haqqında" Stokholm Konvensiyasından irəli gələn
öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar
zərərli maddə kimi konvensiyaya daxil edilmiş
polixolorbifenilin aşkar edilməsi üçün şirkətin
struktur bölmələrində, əməliyyat şirkətlərində
və birgə müəssisələrdə
inventarlaşdırma aparılmışdır.
Bunlarla yanaşı
ARDNŞ-in struktur bölmələrində, BM və ƏŞ-də,
HPBS üzrə sahələrdə səmt qazının
azaldılması planı hazırlanıb həyata
keçiriləcək, iqlim dəyişikliyinin
azaldılmasına dair strategiya hazırlanacaq, avtonəqliyyat
vasitələrindən atılan istilik effekti yaradan qazların
ölçülməsi və azaldılması imkanları tədqiq
ediləcək, "Neft Daşları" NQÇİ-nin
"Palçıq Pilpiləsi" yatağında alçaq
təzyiqli səmt qazının yığılması məqsədilə
kompressorlar quraşdırılacaq. Yaxın gələcəkdə
həyata keçiriləcək ekoloji tədbirlər
sırasına neftlə çirklənmiş ərazilərdə
rekultivasiya və reabilitasiya işlərinin davam etdirilməsi,
özüllərdə və estakadayanı meydançalarda
çirkli məişət sularının utilizasiyası
üçün bioloji təmizləmə
qurğularının quraşdırılması da aiddir.
Rüstəm KAMAL
Azərbaycan.- 2010.- 17 aprel.- S. 5.