1. Nəticəsiz danışıqlar prosesi

 

Müharibələrlə bağlı Klauzents formulu ortaya belə bir qənaət qoyur ki, hər bir müharibə aparılan siyasətin məntiqi davamıdır. Humanizm hisslərindən çox-çox uzaq olan Maltus nəzəriyyəsi isə belə bir mürtəce iddia ilə çıxış edir ki, müharibələr olmalıdır ki, insanlar qırılsınlar.

Ancaq bütün siyasət, formul və nəzəriyyələrin fövqündə qərar tutan bir həqiqət də mövcuddur ki, Tanrı insanları xəlq edərkən onların təbii hüquqlarını da tanıyıb; irqindən, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq hər bir insan yaşamalıdır, balalarını tərbiyə edib böyütməlidir, mədfən və məskənimiz olan bu torpağı əkib becərməlidir. Nəfs və məkrdən doğan iddialar isə çox-çox sonralar yaransa da, günü bu gün də narahat-narahat yırğalanan dünya beşiyinin başağrısına çevrilib.

Bəşəriyyət saysız-hesabsız savaşların, qanlı müharibələrin şahidi olsa da, tarix boyu bütün hərbi qarşıdurmalar nəticə etibarilə danışıqlar masası arxasında - sülhlə yekunlaşıb: bu proses heç də həmişə diplomatik danışıqlarla müşayiət olunmayıb, bəzi hallarda beynəlxalq hüququn ümumi tanınmış norma və prinsiplərinə əsaslanan haqlı tərəf ədalətin bərpası naminə sözdən gücə keçmək məcburiyyətində qalıb. Danışıqlar prosesində qeyri-müəyyənliyə xidmət edən "Nə hərb, nə sülh" situasiyası isə qlobal miqyasda sülh və təhlükəsizliyi təhdid edən, daha böyük münaqişə ocaqlarının alovlanmasına zəmin yaradan destruktiv proses kimi nəzərdən keçirilib. Nə qədər təəssüfləndirici olsa da, etiraf etməliyik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real vəziyyət də məhz sonuncu arzuolunmaz "ssenari"ni xatırladır.

Ermənistan və Azərbaycan arasında 1994-cü ilin 12 mayında atəşkəs rejiminin tətbiqini nəzərdə tutan Bişkek müqaviləsinin imzalanmasından 16 il ötsə də, İrəvanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələ ki, fayda vermir. Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) fəal vasitəçiliyi ilə aparılan üzücü və gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həll müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və ştreykbrexerliyi, belə də demək olar, üzündən sülhə gəlmək mümkün olmayıb. Danışıqlar prosesinin daha aktiv və həlledici mərhələyə qədəm qoyduğu son iki ilin yekununda analoji proses, demək olar, yenidən təkrarlanır: müzakirə masasındakı yenilənmiş Madrid prinsipləri ilə bağlı həlledici qərarların qəbul edilməsi ərəfəsində rəsmi İrəvan müxtəlif bəhanə və əsassız iddialarla əvvəlki müəyyən razılaşmalardan da geri çəkilməyə çalışır. Söhbət təcavüzkar ölkənin rəhbərliyinin danışıqlar prosesində əldə olunmuş real irəliləyişlərə şübhə toxumu səpmək, prosesi geriyə döndərərək praktik olaraq razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirmək, "dialoqa maraqlı tərəf" imitasiyası yaratmaqla prosesi süni şəkildə uzatmaq cəhdlərindən gedir.

 

Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

 

ATƏT-in Minsk qrupu çərçivəsində intensivləşən danışıqlar prosesi hələlik nəticə verməsə də, rəsmi Bakı ötən müddətdə fürsəti fövtə verməyərək münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə isbatlaya bilib. Bunun nəticəsidir ki, Ermənistan rəhbərliyinin tez-tez istinad etdiyi "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsi" cəfəngiyyatı hazırda beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul olunmur. Separatçı rejim bu və ya digər vasitələrlə, habelə xarici dəstək faktoruna dayanaraq qeyri-qanuni şəkildə nəzarət altında saxladığı ərazilərdəki fəaliyyətini "pərdələmək" üçün beynəlxalq hüququn "milli özünütəyinetmə" kimi müstəsna prinsipinə istinad etməyə çalışır. Ermənistan tərəfi də belə bəhanələrlə çıxış edir ki, guya millətlərin müqəddəratını təyin etmək hüququ dövlətin ərazi bütövlüyü prinsipindən daha öndə dayanır. Halbuki, beynəlxalq hüquq nöqteyi-nəzərindən, millətlərin öz müqəddəratını təyin etmək hüququnun bu cür bəsit şərhi qanunun özü tərəfindən yaradılmış kifayət qədər ciddi maneələrə dirənir. "Hər bir millət dövlətdir" düsturunun hər hansı ixtiyari bir dövlətin polietniklik təcrübəsinə üstün gələ biləcəyi barədə postulatlar hətta hipotetik şəkildə belə, nə hüquq nəzəriyyəsində, nə hansısa ölkənin milli qanunvericiliyində, nə də beynəlxalq hüquqi sənədlərdə satisfaksiya olunur. Başqa sözlə, öz müqəddəratını təyin etmək prinsipi etnik qruplar üçün, ilk növbədə, daha geniş ictimai-siyasi proseslərdə iştirak etmək hüququ deməkdir. Separatçılar üçün müqəddəratını təyin etmək prinsipi isə hər zaman ümumi dövlətdən qopma kimi destruktiv mahiyyət kəsb etmişdir.

Dövlət başçısı İlham Əliyev bildirir ki, milli özünütəyin - öz müqəddəratını təyinetmə prinsipi hər bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna hüququdur və Azərbaycan dövləti də bu hüquqa hörmətlə yanaşır. Lakin beynəlxalq normalar müstəqil dövləti olmayan xalqların müəyyən obyektiv hüquqi şərtlər çərçivəsində öz müqəddəratını təyin etmək iddiası ilə çıxış edə bilmə imkanlarını da reqlamentləşdirir. Erməni xalqının isə müstəqil dövləti var və bu baxımdan, Dağlıq Qarabağdakı separatçı rejimin belə bir iddia ilə çıxış etməsinin hüquqi-siyasi əsasları yoxdur. Dağlıq Qarabağ tarixən Azərbaycan Respublikasının inzibati tərkib hissəsi olaraq əsasən Azərbaycan və erməni millətindən olan əhaliyə (xalq və millət yox - X.N.) malikdir. Millətin və ya xalqın ayrılmaz bir hissəsini təmsil edən əhali isə heç vəchlə "öz müqəddəratını təyinetmə"nin hüquqi subyekti kimi çıxış edə bilməz.

Azərbaycan Prezidenti haqlı olaraq bildirir ki, ayrı-ayrı dövlətlərin ərazisində yaşayan ermənilər öz müqəddəratlarını təyin etmək niyyətinə düşsələr, bu halda dünyanın hazırkı siyasi xəritəsindən əsər-əlamət qalmaz. "Dağlıq Qarabağ erməniləri muxtariyyət çərçivəsində milli azlıq kimi yaşamağı davam etdirə bilərlər. Yaxşı məlumdur ki, Avropada və dünyanın digər hissələrində muxtar qurumlar mövcuddur. Dünyanın bir çox ölkələrində milli azlıqlar vardır. İndi təsəvvür edin ki, dünyada hər bir milli azlıq özü üçün müstəqillik tələb etsə, nələr baş verər! Bu, cəfəngiyyatdır. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi ədalətə, həqiqətə və beynəlxalq hüquq normalarına söykənir. Ermənilər vaxtaşırı beynəlxalq hüququn vacib elementi olan "millətlərin öz müqəddəratını təyin etmək" hüququ ilə manipulyasiya etməyə çalışırlar. Lakin bildirmək istəyirəm ki, ermənilər artıq bir millət kimi öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti vardır. Ermənilərin yaşadıqları bütün ölkələrdə "öz müqəddəratlarını təyin etməyə" başlayacaqları halda nələrin baş verəcəyini təsəvvür etmək çətin deyildir" - deyən İlham Əliyev hesab edir ki, hər bir millət öz müqəddəratını təyin etmək hüququndan yalnız bir dəfə, həm də konkret ərazi hüdudlarında istifadə edə bilər. Ermənilər artıq bir dəfə müqəddəratlarını əzəli Azərbaycan torpaqlarında "təyin etməklə" Ermənistan Respublikasını yaratmışlar. Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına heç zaman yol verilməyəcəkdir.

 

Kimlər öz müqəddəratını təyin edə bilər

 

Beynəlxalq normalara görə, öz müqəddəratını təyinetmənin subyekti milli azlıq deyil, xalq və millətdir. Yalnız dövlət ərazisində yaşayan xalq bütövlükdə müqəddəratını təyin etmək hüququna malikdir. Dağlıq Qarabağda yaşayan ermənilər milli azlıq təşkil etdikləri üçün onların öz müqəddəratlarını təyin etmək hüququ yoxdur. Yalnız xalqın iradəsi ilə dövlət ərazisinin mənsubiyyətinin dəyişdirilməsi prosesi həyata keçirilə bilər. Azərbaycan dövlət müstəqilliyini əldə etməklə xalqın yaşadığı ərazi məsələsini də birmənalı şəkildə həll edib. Həmin ərazi müstəqil Azərbaycan dövlətinin ərazi statusunu alıb.

SSRİ-nin dövlət kimi tənəzzülə uğraması isə heç bir halda Azərbaycan dövlətinin ərazisinin dəyişdirilməsinə səbəb ola bilməzdi. Çünki "Dövlətlərin müqavilələrə münasibətdə hüquq varisliyi haqqında" 23 avqust 1978-ci il tarixli Vyana Konvensiyasına əsasən, dövlətlərin hüquq varisliyi müqavilələrlə müəyyən edilmiş sərhədlərə toxunmur. Yəni, dövlətlərin müqavilələrlə müəyyən edilmiş sərhədləri hüquq varisliyinin həyata keçirilməsinə əsasən dəyişdirilmir. Sərhədlərin dəyişdirilməsi yalnız dövlətlər arasında yeni müqavilələrin bağlanması yolu ilə həyata keçirilə bilər. Azərbaycan ərazisində yaşayan milli azlıqlar müqəddəratı təyin etmək hüququnun subyekti olmadığına görə onların iradəsi Azərbaycan dövləti ərazisinin dəyişdirilməsi üçün əsas ola bilməz. Vəssalam!

ATƏT-in 1995-ci il iyulun 4-8-də Vyanada keçirilmiş sessiyasında qəbul edilmiş sənədlərdə göstərilir ki, öz müqəddəratını təyin etmək məqsəd deyil, vasitədir; kollektiv şəkildə dinc və demokratik inkişaf deməkdir; ayrılmaq hüququ mütləq hüquq demək deyildir; hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ başqa xalqların hüquqları ilə tarazlaşdırılmalıdır; bu prosesdə zorakılıq yolverilməzdir və s. Ayrılmaq hüquqdur, vəzifə və mütləq niyyət demək deyildir. Öz müqəddəratını təyin etmək istəyi qətiyyən suveren dövlətin ərazi bütövlüyünün separatçılıqla parçalanması üçün əsas ola bilməz.

Dövlətin ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı millətlərin öz müqəddəratını təyin etməsində başlıca şərtdir. Heç bir dövlətin hazırkı siyasi birliyi və ərazi bütövlüyü separatçılıqla bölüşdürülə bilməz. Eyni zamanda unutmaq olmaz ki, Dağlıq Qarabağda separatçı erməni rejimi formalaşanadək burada əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil ediblər. Həmin muxtar vilayətdə rusların və digər millətlərin nümayəndələri də yaşayıblar. Belə olan halda həmin ərazidə yalnız ermənilərin öz müqəddəratını təyin etmək absurdu ilə çıxış etməsi və bu inzibati vahiddəki ermənilərin "Dağlıq Qarabağ xalqı" kimi qələmə verilməsi tamamilə yolverilməzdir. Azərbaycan Prezidenti belə bir reallıqdan çıxış edərək gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi zamanı erməni icması ilə yanaşı, azərbaycanlı icmasının da maraqlarının və təhlükəsizliyinin əsas götürülməsini vacib sayır.

Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ üçün təklif etdiyi ən yüksək muxtariyyət statusu münaqişənin həllinin ən optimal yoludur və gec-tez separatçı rejimin havadarı olan Ermənistan bu reallıqla barışmalı olacaqdır. Cənab İlham Əliyev Dağlıq Qarabağa dünya miqyasında mövcud olan ən yüksək muxtariyyət statusunun verilməsi təklifini beynəlxalq hüquq normalarına tamamilə adekvat hesab edir. Bununla belə, dövlət başçısı Ermənistanın yaxın zamanlar üçün bu təklifi düzgün dəyərləndirməyəcəyi təqdirdə Azərbaycanın öz mövqeyinə yenidən baxmalı olacağı mesajını da verib.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2010.- 17 aprel.- S.  6.