Fransa televiziya kanalında yayımlanmış
verilişdə Azərbaycandan da bəhs edilmişdir
Avropanın bir çox
ölkələrində yayımlanan ARTE televiziya
kanalının fransız versiyasında aprelin 14-də
"Kaşqar ekspediyası: mavi qızılın izi ilə"
adlı verilişdə Azərbaycandan geniş bəhs
edilmişdir.
Bir sıra ölkələrə
səfərə çıxmış üç fransız
jurnalistin Cənubi Qafqaz bölgəsi ilə
tanışlıq üçün ilk olaraq Azərbaycanı
seçməsinin heç də təsadüfü
olmadığı, ölkəmizin bir tərəfdən qədim
İpək Yolunun üzərində yerləşməsinin, digər
tərəfdən Qərblə Şərq arasında
körpü rolu oynamasının, təbii sərvətlərlə
zənginliyinin, öz mühüm
enerjidaşıyıcıları ilə Avropanın enerji təhlükəsizliyinin
təminatında mühüm rolunun və nəhayət bu
bölgədə lider dövlətə çevrilməsinin
onlarda böyük maraq oyatdığı bildirilir.
Azərbaycan xalqının
qonaqpərvərliyi, səmimiliyi və ürəkaçıqlığı
haqqında fransız tamaşaçılarını məlumatlandıran
veriliş müəllifləri Bakının Avropanın
inkişaf etmiş paytaxtlarından heç də geri
qalmadığı, Şərq və Qərb mədəniyyətlərini
özündə əks etdirən bu şəhərin hətta
bəzi məsələlərdə onları
qabaqladığı, şəhərdə gedən tikinti,
abadlıq və bərpa işlərinin, möhtəşəm
yeni layihələrin həyata keçirilməsinin Azərbaycan
iqtisadiyyatının sürətli inkişafından xəbər
verdiyi xüsusi vurğulanmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə də
toxunulmuş, Ermənistanın apardığı
işğalçılıq siyasəti nəticəsində
ölkəmizin ərazisinin 20 faizinin zəbt edilməsi, bir
milyondan artıq qaçqın və məcburi
köçkünün öz doğma yurdlarından didərgin
düşməsi verilişdə öz əksini
tapmışdır.
Fransız jurnalistləri Azərbaycanın
qədim və zəngin mədəni irsə malik olduğunu
xatırlatmış, Atəşgah, Qız qalası,
Şirvanşahlar sarayı və digər abidələr barədə
söhbət açmış, Bakının qədimliyindən
xəbər verən İçərişəhərə
heyran qaldıqlarını etiraf etmiş, bu tarixi kompleksin
dövlət tərəfindən qorunduğunu qeyd etmişlər.
Verilişin müəllifləri
Azərbaycanın iqtisadiyyatı, xüsusilə neft və
qazla zəngin olması barədə fransız
tamaşaçılarına ətraflı məlumat
vermiş, ölkənin iqtisadi yüksəlişində bu sərvətlərin
mühüm rol oynadığını bildirmişlər.
Xəzər dənizinin
sahilində yerləşən Bakının füsunkar gözəlliyinə,
onun xüsusilə dənizdən möhtəşəm
görünüşünə heyranlıqlarını gizlətməyən
müəlliflər azərbaycanlıların mədəniyyətinə,
intellektual səviyyələrinə və
dünyagörüşlərinə görə
avropalılardan heç də fərqlənmədiklərini
qeyd etmişlər.
Səfərlərini
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi yerlərlə
davam etdirmiş jurnalistlər Gurcüstanda olmuş, bu ölkənin
geosiyasi vəziyyəti haqqında məlumat vermişlər.
Bir gürcü ailəsinin
qonağı olmuş fransızlar BTC-dən söhbət
salarkən ev sahibəsi bu neft kəmərinin Gürcüstan
üçün xüsusi əhəmiyyəti olduğunu, əhalinin
sosial vəziyyətinin yaxşılaşmasında
mühüm rolunu qeyd etmiş, azərbaycanlılarla
gürcülər arasında qədim dostluqdan söhbət
açmışdır.
Müəlliflər
Gürcüstandan sonra öz səfərlərini Türkiyədə
davam etdirmiş, qardaş ölkə, onun
iqtisadiyyatının müxtəlif sahələri barədə
fransız tamaşaçılarına məlumat vermişlər.
Veriliş Azərbaycan
haqqında fransızlarda müəyyən təsəvvür
yaratmaq və ölkəmiz barədə məlumatlarını
zənginləşdirmək baxımından mühüm əhəmiyyət
kəsb edir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2010.- 17
aprel.- S. 6.