Azərbaycan Prezidenti İlham Əliyev
Bakıda "Azərbaycanda 2010-cu il parlament seçkiləri:
daha demokratik, daha şəffaf" mövzusunda keçirilən
beynəlxalq konfransın iştirakçılarını qəbul
etmişdir
Prezident İlham ƏLİYEV konfrans iştirakçılarını salamlayaraq dedi:
- Mən sizi bir daha salamlamaq
istəyirəm. Bilirəm ki, Bakıda mühüm
görüşlər keçirmisiniz. Sizin hamınızı
görməkdən çox şadam. Bu, dostlarımızdan
ibarət böyük bir qrupdur. Əminəm ki, ölkəmizə
səfəriniz, apardığınız müzakirələr
və keçirdiyiniz görüşlər Azərbaycan
haqqında sizdə yeni təəssüratlar yaradacaqdır.
Burada əyləşən
insanların bir çoxu ilə tanışam. Onlar əvvəllər
də ölkəmizdə olublar. Eyni zamanda, bir çox
nümayəndələr də var ki, Azərbaycana ilk dəfə
səfər edirlər. Beləliklə, ölkəmizlə,
paytaxtımızla
Ümumiyyətlə, Azərbaycan
ilə Avropa təsisatları arasında münasibətlər
çox uğurla inkişaf edir. Konfrans
iştirakçıları arasında Avropa Parlamenti, Avropa
Şurası və ATƏT-in Parlament assambleyalarının
üzvləri vardır. Azərbaycan uzun illər ərzində
bütün bu təsisatlarla uğurla əməkdaşlıq
edir. Hazırda, biz Avropa İttifaqının "Şərq
tərəfdaşlığı" Proqramında iştirak
edirik. Bu, çox perspektivli bir proqramdır. Bizim həmin
proqramın həyata keçirilməsi ilə bağlı
ideyalarımız və gözləntilərimiz çoxdur. Ümidvaram
ki, həmin proqramın həyata keçirilməsinin ən
böyük nəticələrindən biri Azərbaycan ilə
Avropa ailəsi arasında daha sıx əməkdaşlıq olacaqdır.
Bu yaxınlarda Avropa İttifaqının iki komissarı ölkəmizdə səfərdə olmuşdur. Bu, əməkdaşlığımızın müsbət göstəricisidir. Avropa İttifaqı ilə əməkdaşlığımızın gündəliyi çox əhatəlidir. Nəzərdən keçirdiyimiz məsələlər demək olar ki, həyatımızın bir çox sahələrini əhatə edir. Burada beynəlxalq məsələləri, təhlükəsizliyi, enerji təhlükəsizliyini, siyasi islahatları, demokratik prosesləri, iqtisadi əməkdaşlığı qeyd etmək istərdim. Bir sözlə, əməkdaşlığımızın formatı genişdir.
Azərbaycan Avropa Şurası ilə təxminən son on il ərzində fəal şəkildə əməkdaşlıq edir. Biz bu təşkilatın üzvüyük. Həmin dövrdə bir çox mühüm qərarlar qəbul edilmişdir və hesab edirəm ki, bu üzvlük bizə Avropa ailəsinə daha yaxın olmaq imkanını yaratdı. Həmçinin Azərbaycan ATƏT çərçivəsində müxtəlif formatlarda fəaliyyət göstərir.
Mən sizi burada görməkdən
şadam. Ümidvaram ki, bu görüş, səfəriniz,
konfrans və apardığınız müzakirələr
planlarımıza uyğun uzunmüddətli səmərəli
tərəfdaşlığımızı inkişaf etdirmək
imkanını yaradacaqdır.
Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir. Biz müxtəlif siyasi və iqtisadi islahatları həyata keçiririk. Ölkənin müasirləşmə prosesi çox uğurla gedir. Biz beynəlxalq əhəmiyyətli, olduqca mühüm beynəlxalq layihələri həyata keçiririk. Eyni zamanda, Azərbaycandakı müasirləşmə, infrastrukturun inkişaf etdirilməsi və sərmayə imkanları bizə artıq güclü və şaxələndirilmiş iqtisadiyyatı qurmaq imkanını yaratmışdır. Biz beynəlxalq maliyyə böhranının ən az təsir göstərdiyi ölkə olduq. Ötən il iqtisadiyyatımız 9 faizdən çox artmışdır. İnflyasiya yalnız 1,5 faiz olmuşdur. Biz özümüzü təmin edən ölkəyik və əlbəttə ki, iqtisadiyyatımızı gücləndirən bir çox layihələri həyata keçiririk.
Eyni zamanda, iqtisadi inkişaf, siyasi islahatlar siyasətimizi davam etdirməsək kifayət olmayacaqdır. Bu baxımdan, qeyd etdiyim kimi, biz beynəlxalq qurumlar və təşkilatlarla əməkdaşlıq edirik. Azərbaycanın bu formatda üzərinə götürdüyü öhdəliklər yerinə yetirilir. Fikrimcə, siyasi sistemin gücləndirilməsi prosesi çox uğurla gedir. İyirmi ildən bir qədər az müddət öncə, ölkəmiz müstəqilliyini bərpa etdi. O zaman bizim nə siyasi sistemimiz, nə də bazar iqtisadiyyatımız var idi. Hesab edirəm ki, başa çatdırdığımız, eləcə də həyata keçirilməsini davam etdirdiyimiz islahatlar bizə inkişafımızda əsas çətinlikləri aradan qaldırmaq imkanı yaratdı. Bu gün, ümumi daxili məhsulumuzun 85 faizini özəl sektor təmin edir. Bazar iqtisadiyyatı prinsipləri Azərbaycanda çox güclüdür. Dünya İqtisadi Forumunun verdiyi qiymətə görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB ölkələri arasında birinci yerdədir. Qlobal rəqabət qabiliyyəti reytinqi üzrə Azərbaycan iqtisadiyyatı 51-ci yerdədir. Bu isə, bazar iqtisadiyyatı sahəsində qısamüddətli təcrübəyə malik olan ölkə üçün mühüm göstəricidir.
Eyni zamanda,
siyasi islahatlara və beynəlxalq təşkilatlarda
iştirakımıza sadiq olmağımız bizim
üçün əhəmiyyətlidir. Fikrimcə, siyasi və
iqtisadi islahatlar bir-biri ilə yanaşı həyata
keçirilməlidir. Bir islahat digərini dəstəkləməlidir.
Bu, bizə uzun müddət üçün, müasir,
güclü və çiçəklənən ölkəni
qurmaq imkanı yaradacaqdır. Hesab edirəm ki, bunun
üçün yaxşı imkanlarımız vardır. Əsas
sosial və iqtisadi problemlərimiz artıq arxada qalıb.
Atdığımız addımlar,
yürütdüyümüz siyasət də regional vəziyyət
və inkişafa müəyyən dərəcədə təsir
göstərir. Azərbaycan regional məsələlərə
yaxşı səviyyədə inteqrasiya edib. Xarici siyasətimiz
hər zaman açıq və səmimi olmuşdur. Biz bir
çox ölkələrlə yaxşı münasibətlər
qurmuşuq və onların bir çoxu tərəfdaşlarımız
sırasındadır.
Qeyd etməliyəm ki, sosial problemlərin həlli hər bir ölkə üçün olduqca vacibdir. Biz bu sahədə də yaxşı nailiyyətlər əldə etmişik. Bir neçə rəqəmi qeyd etmək istərdim. Altı il əvvəl Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz olmuşdur. Bu, əhalinin yarısı deməkdir. Hazırda isə, bu, on bir faiz təşkil edir.
Ölkəmiz üçün mühüm sosial problem olan işsizlik artıq mövcud deyildir. Hazırda əks proses gedir. Azərbaycana işçi qüvvəsinin miqrasiyası prosesi müşahidə olunur və biz bu prosesi beynəlxalq standartlara uyğun şəkildə tənzimləməyə çalışırıq. Biz çalışırıq ki, Avropa təsisatları ilə münasibətlərimizdə ən yaxşı nümunələrdən istifadə edək və buradakı meyarları Avropa İttifaqının inkişaf etmiş ölkələrindəki meyarlara yaxınlaşdıraq. Hesab edirəm ki, bu tərəfdaşlıq qarşılıqlı surətdə faydalıdır. Bizim bununla bağlı gözləntilərimiz çoxdur.
Eyni zamanda, Azərbaycan Avropa İttifaqının regionumuzda Şərq siyasətinin inkişaf etdirilməsinə ciddi töhfə verə bilər. Biz Avropa qitəsinin sərhədində yerləşirik. Xəzərin digər sahilində Mərkəzi Asiyadakı tərəfdaşlarımız yerləşir. Fikrimcə, Azərbaycan ilə Avropa təsisatları arasında əlaqələrin uğurlu inkişafı, həmçinin bu regional tərəfdaşlıq formatını genişləndirməyə imkan yaradacaqdır. Artıq qeyd etdiyim kimi, biz ölkəmizi müasirləşdirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Burada söhbət nəinki müasir infrastuktur və layihələrdən, həmçinin müasir həyat üslubundan gedir.
Ölkəmizin böyük tarixi, ənənələri və mədəniyyəti vardır. Azərbaycan Şərq ilə Qərbin qovuşduğu yerdə yerləşir və əlbəttə ki, bu yerləşmənin təsiri həyatımızda, keçmişimizdə öz rolunu oynamışdır. Eyni zamanda, Azərbaycan çox dünyəvi ölkədir. Burada yüksək səviyyədə dini dözümlülük vardır. Biz çoxmillətli ölkəyik. Azərbaycanda müxtəlif millətlər bir ailə kimi yaşayırlar. Bu sahədə heç vaxt problemimiz olmayıb. Azərbaycan, həmçinin çox təhlükəsiz məkandır. Vəziyyət çox sabitdir. İnsanlar burada bütün azadlıqlardan bəhrələnirlər.
Qeyd etmək istəyirəm ki, bütün siyasi qüvvələrin güclü siyasi sistemin qurulmasına töhfə verməsinə yardım etmək üçün biz demokratik təsisatların inkişafının davam etdirilməsini vacib sayırıq. Bu sahədə Avropa təsisatları ilə əməkdaşlığımız əhəmiyyətlidir. Biz sürətli iqtisadi inkişafımızı bundan sonra da davam etdirəcəyik. Bu inkişafda təkcə enerji amili öz rolunu oynamır. Bununla belə, enerji amilinin inkişafımız üçün əhəmiyyətini azaltmaq düzgün olmazdı. Biz enerji resurslarının daşınmasında şaxələndirilmiş sistemin yaradılmasına nail olmuşuq. Neft və qaza gəldikdə, əsas sərmayələr xarici şirkətlər tərəfindən yatırılmışdır. Azərbaycan xarici sərmayələr üçün təhlükəsiz yerdir. Əlbəttə ki, enerji imkanları, ehtiyatları, artıq yatırılmış sərmayələr və boru kəmərləri sistemi bizə gələcəkdə bundan faydalanmaq və təbii sərvətlərimiz hesabına əldə edilmiş gəlirləri ədalətli qaydada bölüşdürmək imkanını yaradacaqdır. Bu resursların lazımi şəkildə idarə edilməsi nümunələrindən biri, artıq qeyd etdiyim kimi, yoxsulluq şəraitində yaşayanların sayının sürətlə azalmasıdır.
Bəzən neft və qaz hasil edən ölkələrdə varlı və yoxsul təbəqələr arasındakı fərq artır. Lakin burada görürük ki, enerji layihələrimiz və əldə etdiyimiz gəlirlər, eləcə də bu layihələrin həyata keçirilməsi sosial rifaha aparır. Suveren Dövlət Neft Fondumuz dünyada ən şəffaf suveren neft fondlarından biridir. Bu sırf bizim qiymətləndirməmiz deyil, beynəlxalq təşkilatların verdiyi qiymətdir. Bu baxımdan, BMT Neft Fondumuzu xüsusi olaraq şəffaflığa görə mükafatla təltif etmişdir. Bu, həmçinin beynəlxalq aləmdə mühüm rol oynayan çox səmərəli və şəffaf strukturdur.
Üzləşdiyimiz əsas problem və çağırışlardan biri, bildiyiniz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın davam edən işğalıdır. Bu işğal artıq iyirmi ildir ki, davam edir. Hətta Sovet İttifaqının süqutundan əvvəl Azərbaycan Ermənistanın təcavüzünə məruz qalırdı. SSRİ-nin dağılmasından sonra bu təcavüzün artıq ciddi nəticələri üzə çıxdı. Ərazilərimizin demək olar ki, 20 faizi işğal altındadır. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni işğalı altındadır. Tarixən həmin yerlərdə yaşamış azərbaycanlılar oradan qovulmuşdur. Bu, etnik təmizləmə siyasəti idi. Ermənilər azərbaycanlılara qarşı müharibə cinayətləri törətmişlər. Ermənilər 1992-ci ildə Xocalıda 600-dən çox mülki şəxsi qətlə yetirərək orada soyqırımı törətmişlər. Azərbaycanlılara, o cümlədən uşaq və qadınlara işgəncə vermişlər. Bütün bunlar sənədləşdirilib və bu, iyirminci əsrin sonunda törədilmiş ən böyük cinayətlərdən biridir. BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edilməsi faktına baxmayaraq, işğal hələ bu gün də davam edir. Ermənistan ATƏT-in qərarlarına, vəziyyəti və nəyin baş verdiyini, təcavüz qurbanının kim olduğunu aydın şəkildə əks etdirən Avropa Şurasının qətnamələrinə də məhəl qoymur.
Gördüyümüz kimi, Ermənistan nəinki beynəlxalq hüququn təməl prinsiplərinə və adi insani davranışa məhəl qoymur, o cümlədən əsas beynəlxalq təşkilatların qərarlarına da riayət etmir.
Danışıqlar prosesi
artıq iyirmi ildir ki, davam edir. 1992-ci ildə ATƏT-in
Hazırda biz
danışıqların mühüm mərhələsindəyik.
Hər iki tərəf vasitəçilərin
hazırladıqları təkliflərə öz mövqeyini
bildirməlidir. Artıq dəfələrlə qeyd
edilmişdir ki, Azərbaycan Rusiya, Fransa və Birləşmiş
Ştatların bu yaxınlarda verdikləri təklifə
prinsip etibarilə müsbət yanaşır. Əfsuslar olsun
ki, Ermənistan tərəfi eyni yanaşmanı nümayiş
etdirmir və o, sadəcə prosesi yubandırmaq, onu daimi etmək
istəyir və status-kvonu mümkün olduqca uzun müddət
ərzində davam etdirmək niyyətindədir. Buna görə
beynəlxalq təsisatlar və qurumlar tərəfindən Ermənistana
güclü mesajlar olmadan, belə görünür ki, məsələni
dinc yolla həll etmək çətin olacaqdır.
Azərbaycan məsələni
sülh yolu ilə həll etmək istəyir. Belə
olmasaydı, biz on səkkiz il danışıqlar
aparmazdıq. Halbuki Azərbaycan öz torpaqlarını BMT-nin
xartiyasına görə istənilən vasitə ilə azad
etməkdə tam hüquqa malikdir. Lakin məsələnin
sülh yolu ilə həllinə sadiqliyimiz Qafqazda sülh və
sabitliyin mühüm amillərindən biridir. Əminəm ki,
Dağlıq Qarabağ münaqişəsini həll etmədən
Qafqazda sabitliyə nail olmaq mümkün olmayacaqdır. Problemi
həll etmək üçün Ermənistan uzun müddət
ərzində beynəlxalq ictimaiyyətin fəal səyləri
ilə hazırlanmış rəylə razılaşmalı
və işğalçı qüvvələrini ərazilərimizdən
çıxarmağa başlamalıdır.
Sonra isə, regionda sülh bərqərar
oluna bilər. Onda, bütün kommunikasiyalar açılacaq və
regiondakı vəziyyət dəyişəcəkdir. Əgər
bu, baş verməsə və danışıqlar raundu nəticəsiz
olarsa, sonrakı addımların nə olacağını əvvəlcədən
demək çox çətin olacaqdır. Çünki
münaqişənin bütün mümkün həll
yolları artıq əvvəlki illərdə müzakirə
edilmişdir. Bugünkü təkliflər isə
Bir daha deyirəm ki, əgər
tərəflərdən biri konstruktiv yanaşmanı
nümayiş etdirirsə və vasitəçilərin təklif
etdiklərini qəbul edirsə, qarşı tərəf isə,
bunları qəbul etmirsə, onda bu təklifləri verənlər
müdaxilə etməli və prosesi necə irəliyə
aparmaq üzərində ciddi düşünməlidirlər.
Bir daha qeyd etmək istəyirəm ki, bu, bizim ölkə
üçün bir nömrəli məsələ və
problemdir. Xalqımız bundan əziyyət çəkir.
Yeddi yüz min azərbaycanlı öz torpaqlarında etnik təmizləməyə
məruz qalmışdır.
Həmin ərazilərdə
hər şey dağıdılmışdır. Bütün
tarixi, dini abidələrimiz, hər şey yerlə yeksan
olunmuşdur. Beş il öncə ATƏT Qərb
diplomatlarından ibarət faktaraşdırıcı
missiyanın Dağlıq Qarabağ və işğal
olunmuş digər rayonlara səfərini təşkil etdi.
Onlar hesabat hazırladılar və orada aydın şəkildə
bildirildi ki, hər şey dağıdılmışdır.
Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz
məskunlaşma siyasəti aparmışdır. Halbuki
onların insan resursları məhduddur. Lakin onlar yenə də
de-fakto yaşayışın olması vəziyyətini
yaratmaq istəyirlər.
Buna görə, hesab edirəm
ki, ATƏT üçün mühüm vaxt yetişib və
biz belə bir ideya ilə çıxış edəcəyik
ki, artıq beş il ötüb, digər
faktaraşdırıcı missiya təşkil olunsun. Belə
olsa, müxtəlif təsisatların nümayəndələri
həmin yerlərə gedib nəyin baş verdiyini görə
bilər.
Bizdə belə bir məlumat
var ki, qanunsuz məskunlaşma davam edir. Bu, tamamilə qəbuledilməzdir.
Bir ölkənin ərazilərinin digər ölkə tərəfindən
işğalı qəbuledilməzdir. Biz artıq gələcək
inkişafın müxtəlif variantlarını müzakirə
etmişik. Lakin gözləyirik ki, Ermənistan son təkliflərə
öz mövqeyini bildirsin. Bu haqda niyə çox
danışdım? Çünki bu, nəinki bizim ölkə,
o cümlədən regional əməkdaşlıq və
sabitlik üçün əsas maneədir. Bu münaqişə
həll olunmadan regional əməkdaşlıq tammiqyaslı
ola bilməz. Regional sabitlik qurula bilməz. Regional problemlərin
həllinə yönəlmiş hər hansı təşəbbüs
çox güman ki, baş tutmayacaqdır. Çünki məhz
bu, əsas problemdir.
Ümid edirik ki, biz beynəlxalq
təşkilatlardan dəstəyə və daha çox
anlaşmaya nail olacağıq. Əfsuslar olsun ki, bu vaxta qədər
biz hələ də öz mövqeyimizi müdafiə etməli,
sübuta yetirməliyik ki, təcavüzün qurbanı məhz
Azərbaycandır. Biz hələ də öz
hüquqlarımızı qorumalıyıq. Yeddi yüz min
insanın elementar insan hüquqları on beş ildən
artıqdır ki, pozulmuşdur.
Fikrimcə,
konfransınızın həsr olunduğu mövzularla, o
cümlədən Azərbaycan ilə Avropa təsisatları
arasında münasibətlərin ümumi inkişafı
mövzusu ilə yanaşı, işğal olunmuş ərazilərlə
bağlı vəziyyət və bu problemin həlli yolu da hər
zaman gündəliyimizdə olmalıdır. Bu məsələ
diqqət mərkəzində olmalıdır.
Biz beynəlxalq hüquq
normaları və həmçinin vasitəçilərin təklifləri
əsasında münaqişənin həllində
dostlarımızın dəstəyinə arxalanmalıyıq.
Beləliklə, mən
bununla nitqimi bitirirəm və vaxtınızı çox
almaq istəmirəm. Bilirəm ki, çox məşğul
gün keçirmisiniz. Sizin bir çox görüş və
müzakirələriniz olmuşdur. Ümidvaram ki, Bakıda
asudə vaxtınız da olacaqdır. Hazırda hava da
yaxşılaşır. Biz baharın ilk anlarını
artıq hiss edə bilirik. Ümid edirəm ki, siz ölkəmizə
səfərinizdən razı qalacaqsınız. Bura artıq səfər
etmiş şəxslərin öz dostları ilə
görüşmək imkanı olacaqdır. Ölkəmizə
birinci dəfə səfər edənlər, ümidvaram ki,
şəhərimizlə daha yaxından tanış olmaq
fürsətini əldə edəcəklər. Sizi bir daha
salamlayır, sizə böyük uğurlar arzulayıram.
Ölkəmizə gəldiyinizə və belə bir
mühüm tədbirdə iştirak etdiyinizə görə
minnətdaram.
***
ATƏT Parlament
Assambleyasının nümayəndə heyəti adından
çıxış edən qurumun vitse-prezidenti Volfqanq QROSRUK
görüşdə çıxış edərək dedi:
- Zati-aliləri, hörmətli
qonaqlar, ilk növbədə iqamətgahınızda
keçirilən bu görüşə dəvət etdiyiniz üçün
ATƏT Parlament Assambleyası adından Sızə təşəkkür
etmək mənim üçün böyük şərəfdir.
Eyni zamanda, mən Azərbaycan xalqına göstərdiyi
böyük və qeyri-adi qonaqpərvərliyə, ölkənizdə
olduğumuz müddətdə bizə göstərilən diqqət
və qayğıya görə təşəkkür etmək
istəyirəm.
Yəqin bilirsiniz ki, burada
iştirak edən bəzi qonaqların Azərbaycan haqqında
o qədər də böyük təsəvvürü yoxdur.
Ona görə də bizim sizin gözəl ölkənizdə
daha çox qalmaq imkanımız vardır. Bundan öncə mən
bir neçə dəfə ölkənizə səfər etmək
imkanı əldə etmişəm. Hər dəfə ölkənizə
səfər edərkən buradakı böyük
inkişafın, böyük nailiyyətlərin şahidi
oluram. Bu münasibətlə həmkarlarım adından Sizi təbrik
etmək istəyirəm. Həqiqətən də bu cür
inkişafı görmək məmnunluq hissi oyadır.
Sizin də qeyd etdiyiniz kimi və mən Sizinlə tam razıyam ki, seçkilərlə bağlı, xüsusilə də Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində keçirdiyimiz konfrans böyük əhəmiyyət kəsb edir. Bununla bərabər, biz bir sıra Avropa ölkələrinin seçki qanunvericiliyi ilə bağlı məsələlər barədə məlumat da verəcəyik. Ümid edirik ki, biz noyabr ayında Azərbaycanda keçiriləcək seçkiləri izləmək üçün dəvət alacağıq. Əminəm ki, seçkilər ATƏT və Avropa standartlarına uyğun, azad, ədalətli və demokratik şəkildə keçiriləcəkdir. Sizə uğurlar arzulayırıq və Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət daşıyan bu işdə Sizə hər cür kömək edəcəyik. Sizə təşəkkür edirəm.
Avropa Parlamentinin üzvü, regional inkişaf komitəsinin vitse-sədri, xarici əlaqələr komitəsinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi, Avronest nümayəndə heyətinin üzvü Yevgeni KİRİLOV görüşdə çıxış edərək dedi:
- Cənab Prezident, icazə verin, ilk növbədə, mən də həmkarlarım - Avropa Parlamentinin üzvləri adından bizə ayırdığınız bu dəyərli vaxtınıza və bizə verdiyiniz bu maraqlı məlumata görə Sizə minnətdarlığımı bildirim. Qeyd etməliyəm ki, bu, bizim üçün çox faydalı məlumat idi. Çünki biz bir-birimizi daha yaxından tanımaq üçün buradayıq.
Əminəm ki, Azərbaycan deputatları da Avropa Parlamentində hansı işlərin görüldüyünə böyük maraq göstərirlər. Digər tərəfdən, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi kimi mən demişdim ki, bu regionla bağlı Avropa İttifaqı uzun müddət ərzində yatmış gözələ bənzəyir. Lakin artıq bu gözəl oyanıbdır. Gördüyünüz kimi, bu yaxınlarda parlament tərəfindən seçilən iki komissar ölkənizə səfər edib. Əminəm ki, Cənubi Qafqaz ilə bağlı qəbul ediləcək hesabat irəliyə doğru atılacaq ciddi bir addım olacaqdır. Çünki bu hesabatda nəinki regiondakı yeni strategiya elementləri, həmçinin diqqətimizə çatdırdığınız, həlli vacib olan Dağlıq Qarabağ münaqişəsi baxımından bölgədəki problemlər də öz əksini tapır. Hesabatda bildirilir ki, bu status-kvo artıq uzun müddət davam edə bilməz. Hesab edirəm ki, biz hamımız bunu dərk edirik. Bu, nəinki iki ölkənin iqtisadiyyatına, həmçinin bölgədəki inkişafa ciddi maneədir. Deməliyəm ki, Avropa İttifaqı bu prosesə cəlb edilməyə və yardımçı olmağa hazırdır. Bu, artıq yeni bir vəziyyət deməkdir. Artıq məlumatlar da vardır ki, Aİ münaqişənin həllindən sonrakı iqtisadi inkişafda iştirak edəcəkdir. Bütün ölkələr bu regionun daha da yaxşı olmasına cəlb ediləcək və təbii ki, bütün digər sahələrdə də nailiyyətlərin əldə olunmasına çalışacaqdır.
Deməliyəm ki, mən vətəndaş cəmiyyətinin inkişafı üzrə Aİ-nin Assosiasiyası tərəfindən dəvət almışam. Bu, bizim üçün böyük şərəfdir və hesab edirik ki, bu, bir daha əlavə siqnaldır. Azərbaycan bizim dəyərlərimizə, demokratik standartlarımıza daha yaxın olmaq istəyir. Bəzən bu o qədər də asan olmur. Ötən seçkilərdə mən müşahidəçi qismində iştirak etmişəm və bəzi irəliləyişin şahidi olmuşam. Biz adətən məktəblərdə oluruq. Sevindirici haldır ki, müəllimlərlə və təhsil sahəsində çalışan insanlarla söhbət edərkən orada böyük irəliləyişin olduğunu görürük. Bu, gələcək üçün böyük bir sərmayədir. Avropa İttifaqında artıq təhsil almış və Brüsseldə mənə yaxınlaşan gənclər də vardır. Bu isə gələcək deməkdir. Əminəm ki, yeni nəsil bu işi davam etdirəcəkdir.
Növbəti seçkilərə gəldikdə isə onu deməliyəm ki, heç kim ideal ola bilməz. Bizim istədiyimiz bu istiqamətdə irəliləyiş görməkdir. Əminəm ki, bu məsələləri müzakirə etmək üçün bizi dəvət etməyiniz, həmçinin tənqidləri dinləməyiniz müsbət bir haldır. Ötən gecə məşhur rəssam Salvador Dali ilə bağlı Fransa və İspaniya arasındakı mübahisəni televiziya vasitəsilə izləyərkən onun bir ifadəsi yadıma düşdü. Ağıllı insan idi. O demişdir: "Özünün tam mükəmməl olduğunu düşünmə, ona heç vaxt nail ola bilməzsən". İstərdim ki, hamımız bu istiqamətdə irəliləyək. Sağ olun.
Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, - iqtisadi məsələlər və inkişaf üzrə komitənin prezidenti, AŞ PA-da Belçika nümayəndə heyətinin rəhbəri Pol VİLLE çıxış edərək dedi:
- Cənab Prezident, icazə verin Avropa Şurası Parlament Assambleyasındakı bir çox həmkarlarım adından çıxış edim. Həqiqətən də, biz bu cür peşəkarcasına təşkil olunmuş görüşdə iştirak etmək üçün böyük nümayəndə heyəti ilə gəlmişik. Sizi əla əhval-ruhiyyədə və ölkənizi gözəl vəziyyətdə bir daha görməkdən məmnunuq.
Biz tam əminik ki, Siz prezident seçkiləri zamanı söylədiyiniz fikirlərdən sonra əhalidən tammiqyaslı mandatı qazandınız. Beləliklə, Azərbaycan xalqı Milli Məclisə növbəti seçkilərə hazırlaşır. Bu da Sizə və əhalinizə ölkənizin daha da yaxşı gələcəyi üçün daha çox çalışmağa imkan yaradacaqdır.
Təbii ki,
biz buraya sizinlə birgə seçkilərə
hazırlaşmaq məqsədilə gəlmişik və hər
bir Avropa qurumu və digər təsisatlar dövlətinizin necə
qurulmasına dair Sizin müstəqil fikrinizin olmasını qəbul
etməlidir. Eyni zamanda, Sizin Avropa Şurası kimi təsisatlarla
çalışmaq qərarınız bir çox dəyərləri
bölüşmək istəyinizi göstərən ən
doğru seçimdir. Lakin keçmişin bütün mənfi
məqamları və vaxtilə beynəlxalq arenada üzləşdiyiniz
ikili standartlar tədricən geridə qalmaqdadır. Bu
günün faktları və rəqəmləri bu münasibəti
dəyişdirir. Məhz bu səbəbdən biz burada
böyük bir nümayəndə heyəti iləyik.
İnanan dostlarınız kimi Sizə növbəti ildə və
qarşıdan gələn seçkilərdə uğurlar və
xalqınızın maraqları naminə yaxşı nəticələr
arzu edirəm. Sağ olun!
***
Prezident İlham ƏLİYEV
görüşə yekun vuraraq dedi:
- Xoş sözlərinizə
görə çox sağ olun. Əminəm ki, bu gün
keçirdiyimiz bu görüş və
apardığımız müzakirələr aramızda daha
yaxşı anlaşmanın yaranmasına xidmət edəcəkdir.
Aydındır ki, konfransın mövzusu seçkilər oldu.
Lakin biz, daha əhatəli məsələləri nəzərdən
keçirməliyik. Seçkilər bir prosesdir. Əminəm
ki, onlar şəffaf və açıq proses formasında
keçəcək və Azərbaycan xalqı bütün
namizədlər üçün bərabər imkanları təmin
edəcək azad mühitdə öz iradəsini ifadə edəcəkdir.
Ən azı Azərbaycan hökuməti bunu təmin etmək
üçün əlindən gələni edəcəkdir. Lakin
bu, prosesdir. Mühüm prosesdir. Bu, ümumi demokratik prosesin
bir hissəsidir. Əminəm ki, biz digər məsələlərə
də, yəni ümumi vəziyyətə, inkişafa və
Avropa strukturları ilə Azərbaycan arasında güclü
tərəfdaşlıq əlaqələrinə də
baxmalıyıq.
Bu konfransın təşkili
niyyətlərimizi aydın şəkildə nümayiş
etdirir ki, biz bu məsələləri dost və səmimi
mühitdə müzakirə etmək, tənqidi fikirləri
dinləmək istəyirik. Biz tənqidə
açığıq. Təkmilləşdirilməli sahələri
hər zaman yaxşılaşdırmağa
çalışırıq. Buna görə, hesab edirəm
ki, bu münasibətlərin yeni inkişafı çox vədedicidir.
Siz qeyd etdiyiniz kimi, bəzən biz ikili standart yanaşması
ilə üzləşirik və bu, bizim üçün bəzən
ağrılı məsələ olur. Lakin bu, həmçinin
bizim üçün dərsdir. Çünki biz Avropa
Şurasına üzv qəbul olunanda bizim üçün
aydın idi ki, həmin vaxt Avropa Şurasının heç də
bütün üzvləri Azərbaycanı həmin ailədə
görmək istəmirdi. Lakin biz çox əzmkar idik. Bu,
bizim düşünülmüş seçimimiz idi. On il əvvəl
bu nailiyyət bir müstəqil ölkə kimi Azərbaycan
üçün mühüm nailiyyət idi. Mən tamamilə
əminəm ki, Avropa Şurası Parlament
Assambleyasının keçmiş üzvü kimi bu təcrübə
çox müsbət və mühüm oldu. Biz bir çox
şeyləri öyrəndik və eyni zamanda, ölkəmizi
tanıda bildik.
Bundan əvvəl Avropada bir
çox insanlar Azərbaycan və buradakı reallıqlar
haqqında heç nə bilmirdi. Bir çox müxtəlif məlumat
və fikirlər var idi. Bəzən bunlar həqiqətə,
bəzən isə qərəzli məlumatlara əsaslanırdı.
Hər halda bu, çox faydalı təcrübə oldu və
bizə əməkdaşlığın yeni mərhələsinə
daxil olmaq imkanını yaratdı.
Giriş nitqimdə qeyd
etdiyim kimi, biz "Şərq tərəfdaşlığı"
Proqramından böyük nəticələri gözləyirik.
Ümid edirik ki, bu proqram nəinki Azərbaycan və Avropa ailəsini
yaxınlaşdıracaq, o cümlədən onun
xalqımız və avropalılar üçün çox
praktiki görünən nəticələri olacaqdır. Biz
uğurla əməkdaşlıq edə bilərik. Azərbaycan,
əgər belə deyə bilərəmsə, Avropaya əliboş
getmir. Biz regionda təhlükəsizliyə və
proqnozlaşdırılmaya, eləcə də regional əməkdaşlığa
töhfə verə bilərik. Avropanın sərhədlərindən
kənarda yerləşən regionda biz mövqelərimizlə
töhfə verə bilərik.
Enerji təhlükəsizliyi
bu əməkdaşlığın, həmçinin çox
vacib elementidir. Azərbaycan və Avropa İttifaqı bu sahədə
çox sıx işləyir. Biz bizdən asılı olan
bütün səyləri göstərməliyik ki, "Cənub
dəhlizi"nin həyata keçirilməsinə töhfə
verək. Ümid edirik ki, birgə səylərimiz əməkdaşlığın
yeni mərhələsi ilə nəticələnəcəkdir.
Bu gün əldə etdiyimiz nailiyyətlər
yaxşıdır və artıq onlar böyükdür. Nəzərə
alsaq ki, "Cənub dəhlizi" layihəsi, daha doğrusu,
bir neçə layihəni əhatə edən bu dəhliz son
on beş il ərzində burada - Azərbaycanda enerji
inkişafı sahəsində görülmüş işlərə
əsaslanır.
Bir sözlə, bu, çox geniş gündəlikdir və biz bu məsələlərə tərəfdaşlar, bərabər dostlar və bir-birinə yaxın olmaq istəyən tərəflər kimi yanaşmalıyıq. Fikrimcə, biz Azərbaycan olaraq hesab edirik ki, məqsədlərimiz üst-üstə düşür. Azərbaycan güclü siyasi sistem, güclü iqtisadiyyat yaratmaq və meyarları Avropa ölkələrində olan meyarlara uyğunlaşdırmaq məqsədilə müasirləşir. Eyni zamanda, biz Avropa ailəsinin Azərbaycandan gözlədiyi nəticələri bilirik. Aydındır ki, Avropa ailəsi öz sərhədlərində sülh, proqnozlaşdırma, əməkdaşlıq və dost mühitini görmək istəyir. Bütün bunlar burada mövcuddur. Eyni zamanda, biz anlayırıq ki, enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti artır. Biz bu işi çox yaxşı bilirik və hesab edirik tələbat da artacaqdır. Azərbaycan burada nəhəng ehtiyatlar, mövcud infrastruktur, güclü siyasi iradə və sadiqliklə artıq mühüm rol oynayır. Bir sözlə, bu, ikitərəfli yoldur. Fikrimcə, hər iki istiqamət bizim üçün eyni dərəcədə vacibdir.
Əminəm ki, "Şərq tərəfdaşlığı" Proqramının yenicə elan edildiyi bu mühüm mərhələdə bizə bir çox illər ərzində bu çərçivədə olmaq imkanını yaradacaq formatın olması çox vacibdir. Mənim səfərim zamanı Brüsseldəki rəsmilərlə və bu yaxınlarda iki komissarla müzakirələrimin bir hissəsi nəinki görülmüş işlərə, nəyin ediləcəyinə, növbəti addımlara, o cümlədən ümumiyyətlə, qarşılıqlı surətdə qəbul olunacaq uzunmüddətli aydın əməkdaşlıq və tərəfdaşlığın formalaşmasına həsr edilmişdir. Bizə gəldikdə, biz mümkün qədər irəliyə doğru getməyə hazırıq.
Hesab edirəm
ki, bugünkü görüş və sizin Azərbaycana səfəriniz
bu əməkdaşlığın mühüm elementləridir.
Ümidvaram ki, sizin və həmkarlarınızın
iştirakı ilə müxtəlif formatda keçirilən
belə görüşlər davam edəcək və bu, daimi
proses olmalıdır. Mən ən azı istəyirəm ki,
bu, mümkün qədər daimi proses olsun, çox müsbət
məsələləri, eləcə də problem yaradan amilləri
və onların həllini açıq şəkildə
müzakirə etmək üçün aramızda çox fəal
dialoq aparılsın. Biz bunu etməyə hazırıq. Bilirəm
ki, həmçinin bizim Avropadakı dostlarımız bu əməkdaşlığı
gücləndirmək istəyirlər. Əminəm ki, biz irəliyə
doğru sürətlə gedişimizi davam etdirəcəyik.
Ölkəmizə səfər etdiyinizə görə
çox sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 18
aprel.- S. 1, 2.