ABŞ Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəni yüksək qiymətləndirir

 

Xarici İşlər Nazirliyindən bildirmişlər ki, aprelin 17-də nazir E.Məmmədyarov ABŞ-ın müdafiə nazirinin siyasət üzrə müavini Mişel Flournoy ilə görüşmüşdür.

Görüşdə ikitərəfli əməkdaşlıq, habelə regional və qlobal təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

M.Flournoy Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarına verdiyi töhfəsinin, həmçinin Əfqanıstanda sülhün və sabitliyin təmin olunması istiqamətində dəstəyinin ABŞ tərəfindən yüksək qiymətləndirildiyini vurğulamışdır.

Nazir E.Məmmədyarov Azərbaycanın ABŞ ilə müxtəlif sahələrdə əməkdaşlıq etdiyini, o cümlədən terror ilə mübarizədə ölkəmizin rolunu xüsusi qeyd etmişdir.

E.Məmmədyarov ölkəmizin Əfqanıstanda yalnız təhlükəsizlik məsələlərində deyil, həmçinin humanitar, təhsil və əhalinin normal şəraitdə yaşamasına zəmin yaradan digər sahələrdə də töhfə verdiyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra ikitərəfli, regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc 

 

Azərbaycan.- 2010.- 18 aprel.- S.  4.