Piter Semnebi: Qazaxıstanın ATƏT-ə
sədrliyi Cənubi Qafqazda vəziyyətin sabitləşməsində əhəmiyyətli
rol oynaya bilər
Qazaxıstanın Qafqaz respublikaları, Avropa İttifaqı və Rusiya ilə yaxşı münasibətləri nəzərə alınmaqla bu ölkənin ATƏT-ə sədrliyi Cənubi Qafqazda vəziyyətin sabitləşməsində əhəmiyyətli rol oynaya bilər.
Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Qazaxıstanın Belçika və Lüksemburqdakı səfiri, Aİ və NATO yanında missiyasının başçısı Yerik Utembayevlə görüşündə bildirmişdir.
Xüsusi nümayəndə Qazaxıstanın ATƏT-ə sədrliyini və Astananın qurum məkanında uzunçəkən münaqişələrin həlli yollarının axtarışı prosesinə verdiyi töhfəni yüksək qiymətləndirmişdir.
Bundan əlavə, Qazaxıstanın iqtisadi, siyasi və energetika sahələrində Azərbaycan, Gürcüstan və Ermənistanla ikitərəfli əməkdaşlığının əhəmiyyəti vurğulanmışdır.
Avropa diplomatı qeyd etmişdir ki, regionda sabitliyin bərpa olunması bütün qonşu dövlətlərin, o cümlədən Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının maraqlarına cavab verir.
Y.Utembayev diqqəti münaqişə zonalarında iqtisadi vəziyyətin möhkəmlənməsinin zəruriliyinə cəlb edərək bildirmişdir ki, bu, sabitliyin bərpası üçün əsas amildir. Qazaxıstan bu istiqamətdə həm ikitərəfli səviyyədə, həm də ATƏT çərçivəsində səylər göstərir. Qazaxıstan səfiri ATƏT-in bu il Astanada keçiriləcək zirvə görüşünə hazırlıq işləri, habelə Avropa İttifaqı nümayəndələrinin dəvət olunduqları digər mühüm tədbirlər barədə avropalı həmkarına məlumat vermişdir. Diplomatın fikrincə, uzunçəkən bütün münaqişə zonalarında sabitlik və əməkdaşlıq platformalarının yaradılması, Avropa İttifaqının həmin proseslərə daha ali və yüksək səviyyədə cəlb olunması problemli məsələlərin həllinin səmərəliliyini artırmağa kömək edə bilər.
AzərTAc
Azərbaycan.- 2010.- 18 aprel.- S. 4.