Moskvada Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası böyük uğurla keçmişdir

 

Aprelin 16-da Moskvada, Dövlət Kreml Sarayının səhnəsində böyük Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun "Min bir gecə" baletinin premyerası tanınmış "Kreml baleti" Teatrının quruluşunda böyük müvəffəqiyyətlə oynanılmışdır. Rusiya tamaşaçısı baletin yeni quruluşunu heyranlıq və məmnuniyyətlə qarşılamışdır. Fikrət Əmirov 1979-cu ildə yazdığı bu baletə görə 1980-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

 

Quruluşçu baletmeyster, Rusiyanın xalq artisti Andrey Petrov, quruluşçu rəssam, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq rəssamı, Azərbaycanın və Rusiyanın Dövlət mükafatları laureatı Tahir Salahov, kostyumlar üzrə rəssam Olqa Polyanskaya səhnədə əsl nağıl ruhunu yarada bilmiş, Fikrət Əmirov musiqisinin bütün əzəmətini məharətlə təqdim etmişlər. Böyük bəstəkarın partiturasının parlaq musiqi dramaturgiyası, qəhrəmanların musiqi xarakteristikalarının təsir gücü, rəngarəngliyi və melodikliyi Moskva tamaşaçısını valeh etmişdir. "Min bir gecə" uzun illər Rusiyanın və digər xarici ölkələrin səhnələrində uğurla oynanılsa da, Moskva səhnəsində ilk dəfə təqdim olunur. Xalq yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının qələmə aldıqları librettonun əsasında orta əsr ərəb ədəbiyyatının misilsiz abidəsi sayılan "Min bir gecə" nağılları durur. Nağıl və ibrətamiz rəvayətlərdən ibarət bu toplunu Şərq hökmdarı Şəhriyarın və ona bu nağılları danışan füsunkar Şəhrizadın əhvalatı birləşdirir.

Quruluşçu xoreoqraf Andrey Popov səhnədə ərəb nağıllarının sehrinə bürünmüş parlaq xoreoqrafik aləm yaratmışdır. Tamaşanın səhnə tərtibatçısı, habelə Fikrət Əmirovun portretinin müəllifi (1967-ci il) Tahir Salahovun özünəməxsus tərzdə yaratdığı möhtəşəm dekorasiyalarda cizgilərin vəhdəti, kontrast rənglər tamaşaçını xəyalən Şərq dünyasına aparır. Bu dekorasiyalar emosional cəhətdən dolğun olmaqla bərabər, çox ciddi üslubda yerinə yetirilmişdir.

Olqa Polyanskaya yaratdığı libasları "Min bir gecə" nağıllarının tarixi və çoğrafi məkanına məharətlə uyğunlaşdırmış, onların dekorasiya ilə mükəmməl vəhdətinə nail olmuşdur.

"Kreml baleti" Teatrının yeni səhnə əsəri Moskva tamaşaçılarına truppanın bütün aparıcı aktyorlarını - Rusiyanın əməkdar artisti, Moskva mükafatı laureatı Natalya Balaxniçevanı, Beynəlxalq və Ümumrusiya müsabiqələri laureatları Kristina Kretovanı, Aleksandra Timofeyevanı, Mixail Martınyuku, Mixail Yevgenovu bir tamaşada görmək imkanı vermişdir.

"Min bir gecə" baleti Rusiyanın əməkdar incəsənət xadimi Aleksandr Petuxovun rəhbərliyi altında S.V.Raxmaninov adına simfonik orkestrin müşayiəti ilə təqdim olunmuşdur.

Şərq nağılının Moskva səhnəsində premyerası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi sayəsində mümkün olmuşdur. Tamaşaya Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin başçısı Leyla Əliyeva, Fikrət Əmirovun qızı Sevil Əfəndiyeva, habelə Rusiya və Azərbaycan ictimaiyyətinin nümayəndələri baxmışlar.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.- 18  aprel.- S.  4.