Sənətkarlıq paytaxtı
Şəki
Tarixçi alimlərin hesablamalarına görə, 2700 ilə yaxın yaşı olan dağlar diyarı Şəki Baş Qafqaz sıra dağlarının cənub ətəklərinin Qanıq-Əyriçay dərəsi ilə birləşdiyi yerdə, təlatümlü selləri ilə məşhur olan Kiş çayının sol sahilində yerləşir. 1772-ci ildə Kiş çayından gələn güclü sel Şəkinin bir hissəsini dağıtmış, o vaxtdan etibarən şəhər bir qədər şərqə çəkilmiş, Nuxa deyilən ərazidə inkişaf etməyə başlamışdır. 1968-ci ildən isə şəhərin qədim adı bərpa olunaraq Şəki adlandırılmışdır. Tarix boyu bu dağlar diyarını məşhurlaşdıran, tanıtdıran onun füsunkar təbii gözəllikləri ilə yanaşı, həm də adı dillər əzbərinə çevrilmiş sənətkarları olub. Memarlıq, daşoyma, taxtaoyma, dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, ipəkçilik, papaqçılıq, nalbəndlik, həmçinin şəbəkəçilik sənəti ilə Şəkinin şan-şöhrəti çox ellərə, çox ölkələrə yayılıb. Hələ Şəkinin ləziz yeməkləri, pitisi, halvası, növbənöv şirniyyatıE.
İllər ötdükcə sənətkarlar öz sənət sirlərini, qazandıqları təcrübəni nəsildən-nəsilə ötürərək bu günümüzə qədər yaşatmışlar. Şəki sənətkarlarının istehsal etdikləri məhsullar yerli əhalinin tələbatını ödəməklə yanaşı, xarici ölkə bazarlarına da yol tapıb.
Şəkinin tərəqqisi həm də sənətkarlığın inkişafı ilə şərtlənirdi. Sənət, sənətkarlıq inkişaf etdikcə əhalinin gün-güzəranı yaxşılaşır, yeni-yeni karvansaralar tikilir, xalqlar və ölkələlər arasında ticarət əlaqələri formalaşırdı. Bu isə əhalinin say artımına da müsbət təsir edirdi. Tarixi araşdırmalara görə, Şəkidə hər sənət növü bir məhəllədə yerləşib və məhəllə də həmin sənət növünün, sənət sahəsinin adi ilə tanınıb. Şəhər inkişaf etdikcə yeni həyata uyğun bir çox yeni sənət sahələri də yaranıb və onların bir çoxu indi də uğurla inkişaf etdirilir.
Dövlət
qayğısının işığında
Sevindirici haldır ki, ölkəmizdə mədəni irsin qorunub saxlanılmasına, xalqımızın zəngin mədəniyyətinin təbliğinə dövlət səviyyəsində yetərincə diqqət yetirilir. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları da mədəni irsin qorunub saxlanılması baxımından böyük əhəmiyyətə malikdir. Məhz Prezident İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, muğamımız, aşıq sənətimiz və Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
2007-ci ildə ildə Şəkidə ilk dəfə olaraq " Sənətkarlar günü" bayramı keçirildi. Tarixən mövcud olan sənət sahələrinin qorunub saxlanılması, yaddan çıxmaqda olan bir çox sənət növlərinin bərpa edilməsi, həmçinin turizmin inkişafı baxımından belə tədbirlərin böyük əhəmiyyəti vardır. Təsadufi deyildir ki, "Sənətkarlar günü" bayramında bir çox qonaqlar, o cümlədən xarici dövlətlərin ölkəmizdəki səfirləri də iştirak edirdi. Onlar da bənzərsiz Şəki sənətkarlıq nümunələrinə heyranlıqlarını gizlətmirdilər. Belə bayram tədbirləri mədəni irsimizin təbliği ilə yanaşı, ölkələr arasında sülh, dostluq və qardaşlıq münasibətlərinin inkişafına da müsbət təsir edir.
Cari ilin fevral ayında respublika Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən "Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı -2010" elan olunması şəkililəri daha da qürurlandırıb. Proqrama uyğun olaraq, Şəkidə xalq tətbiqi sənəti, dekorativ sənət və milli təsviri sənət ənənələri ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Elə bu məqsədlə aprelin 3-də Şəki şəhərinin mərkəzində yerləşən parkda "Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı - 2010" ilinin təntənəli açılış mərasimi olub. Mərasimdə şəhər rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirin keçirildiyi park "paytaxt ili"nin rəmzləri ilə, o cümlədən loqotip, bayraq, lövhə və digər əyani vəsaitlərlə bəzədilmiş, iştirakçılara bayram hədiyyələri paylanmışdır. Açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov Şəki sənətkarlarının fədakar əməyi sayəsində bugünkü zəngin tarixi-mədəni irsin necə yarandığından ətraflı söz açmış, digər çıxışlarda vurğulanmışdır ki, Mədəniyyət və Turizm Nazirliyinin bəhs olunan proqramının həyata keçirilməsində məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və təbliğ olunması, xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, həmçinin şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılması və davamlı sosial-iqtisadi inkişafa nail olmaqdır. Bu baxımdan Şəkinin xalq sənətkarlığının inkişafında bu tədbiri yeni mərhələnin başlanğıcı saymaq olar.
Karvan yollarının
qonşuluğunda
Qədimlərdə Şəki sənətkarlığının sahələri daha çox olub: dəmirçi, silahsaz, misgər, zərgər, dulusçu, dülgər, xarrat, şəbəkəçi, şərbaf, təkəlduz, boyaqçı, dabbaq, kürkçü, papaqçı, başmaqçı, sərrac, halvaçı və sair sənətlərin yaranıb inkişaf etməsi həm də Şəkinin nəqliyyat yollarından uzaq olması ilə şərtlənib. Tarixi mənbələrdən aydın olur ki, 1848-ci ildə Şəki əhalisinin təkcə geyim və bəzək ehtiyaclarını ödəmək üçün şəhərdə 235 papaqçı, 178 dabbaq, 147 başmaqçı, 154 dərzi, 82 şəridçi, 41 gümüşbənd çalışırmış. Bu sənətkarlar Şəki əhalisi ilə yanaşı, qonşu əyalətlərdən gələn müştərilərin də sifarişlərini yerinə yetirərmiş.
Şəkinin əlverişli təbii şəraiti insanların həyatının firavanlaşmasına müsbət təsir edib. Digər tərəfdən də mövcud təbii sərvətlər sənət istehsalının yaranmasına və inkişafına təkan verib. Yabanı lifli bitkilər, yun, qəzil, ipək, gön, dəri, ağac, gil, mineral və nəbati boyaqlar sənətkarlar üçün başlıca xammal hesab olunub. Ancaq sənətkarlığın inkişafında əsas şərt insanların peşələrini kamil öyrənmələri və fədakarlıqları olub. Dulusçu da, papaqçı da, silahsaz da, halvaçı, şirniyyatçı və digər sənət sahiblərinin hər biri də çalışıb ki, əlindən zay məhsul çıxmasın, qapısını döyən bir də döysün. Ustalar bu keyfiyyətləri zaman-zaman şagirdlərinə də aşılayıblar. Həmin zamanlarda rəqabət də çox güclü olub. Hansısa məhəllədən müştərinin narazı getməsi, bütün məhəllədə söz- söhbətə səbəb olur, müştərini incidən papaqçı, dərzi və ya nalbənd əməlli-başlı qınaq mənbəyinə çevrilərdi. Həmin ustaya bu münasibəti salam-kəlamda da hiss etdirərdilər, ta o vaxta qədər ki, incidilən müştəri geri çağrılıb könlü alınsın. Məhz bu xüsusiyyətlər, peşəkar tələblərə, həmçinin usta - müştəri münasibətlərinin dürüstlüyünə görə, bütün sənət sahələri daha yüksək səviyyədə inkişaf edirdi. Elə buna görə də əhalinin təsərrüfat və məişət ehtiyaclarını ödəmək üçün sənətkar dükanlarının sayı durmadan artırdı. Maraqlı məqamlardan biri də budur ki, qədimlərdə silahsazlar kənardan gətirilmə poladla yanaşı, elə Şəkinin özündə də xüsusi üsulla polad əldə etməyi bacarıblar. Ancaq soyuq silah istehsalının aradan çıxması, ucuz Rusiya və Avropa poladı idxalının artması ilə əlaqədar yerli dəmirçilərə xas polad hazırlama texnologiyasının sirləri də tədricən unudulmuşdur.
Şəkinin gümüşbəndlik sahəsində şöhrət qazanmış sənətkarlarından Müftəli bəy və Şəkər bəy Vəlicanbəyovların, usta Əbdülrəhim Hacı Mahmud oğlunun düzəltdiyi zinət əşyaları Şəkinin hüdudlarından çox-çox uzaqlara yayılarmış. Qadınlar üçün saysız-hesabsız zinət əşyaları, o cümlədən qızıl bilərzik, belbağı, üzük, tənə, yaxa düymələri, həmayil, silsilə və qeyri-imarət növləri şəhərin zərgər dükanlarının başlıca məhsulları imiş. Maraqlıdır ki, 1886-cı ildə Şəkidə 31 zərgərxana fəaliyyət göstərib. Tədqiqatçı alim A. Mustafayevin yazdığına görə, şəkili zərgər Eyyub Mehdi oğlunun düzəltdiyi zərif zərgərlik məmulatı 1896-cı ildə Nijni-Novqorodda keçirilən Ümumrusiya sərgisinin yüksək mükafatına layiq görülüb.
Tədqiqatçı A.Mustafayev qeyd edir ki, Şəki dağlarında çağlayan buz bulaqların suyu vaxtilə çox uzaq məsafədən dulus ustalarının düzəltdikləri saxsı borular vasitəsilə gətirilib, içməli bulaq suyu şəhərin məhəllələrinə paylanmışdır. Yağ-pendir küpəsini, doşab bərnisini, tutma və qovurma küpələrini şəhər və kənd məişətindən çıxarmaq üçün əsrlər, qərinələr də kifayət etməmişdir. Boyaqxanalarda düzülüşü göz oxşayan boyaq küpələrinə layiqli əvəz hazırlamaq müasir sənaye istehsalında da asan deyil.
Professor Məhərrəm Qasımlı yazır ki, Şəki Azərbaycanın milli - tarixi varlığının elə bir möcüzəli gerçəkliyidir ki, onun hər zərrəsində həm özümüzü, həm də özgələri heyrətləndirən çeşid-çeşid sirr-hikmət bərqərardır. Burada təbiət möcüzəsi ilə sənət möcüzəsi baş-başadır. Şəkinin suyu, havası, axar-baxarı, bağ-bağatı Tanrının bir lütfüdürsə, könlü mehr-məhəbbətlə dolu, şirin-şəkər ləhcəli, fədakar adamları da bu lütfə layiq görülənlərdir.
Bu gün də qədim Şəkidən söz düşəndə, onun tarixini vərəqləyəndə gözlərimiz önündə insan ağlının və əlinin yaratdığı möcüzələr canlanır. Ən önəmli məsələ də odur ki, bu möcüzələri yaradanlar milliliyi, milli-mədəni irsimizin tələb və özəlliklərini heç vaxt yaddan çıxarmamışlar. Bu prinsip bütün sənət sahələrində, o cümlədən ipəkçilikdə də qorunub.
Şəki ipəyinin yaxın -
uzaq şöhrəti
Görkəmli pedaqoq, folklorşünas, etnoqraf Rəşid bəy Əfəndizadənin tədqiqatlarından bəlli olur ki, Şəki dünyada ipəkçiliyin yarandığı məkanlardan biri sayılıb. Bu fikri şərtləndirən amillərdən biri də Şəkinin təbii-coğrafi şəraitinin ipəkçiliyin inkişafındakı əhəmiyyətidir. Məhz bu amil Şəkidə ipəkçilik təsərrüfatının, ipəkçilik sənayesinin inkişafında bənzərsiz rol oynayıb.
Şəkinin iqlimi, yerləşdiyi ərazi, torpaq örtüyü, bitki aləmi, insanların bu sənətə olan marağı və bacarığı ipəkçilik sənətinin formalaşmasına səbəb olmuşdur. Şəkidə ötən əsrin əvvəllərində ayrı - ayrı yerlərdə fəaliyyət göstərən kiçik ipəkçilik sexlərindən əlavə dövlət tabeliyində olan fabriklər də var idi. Həmin dövrlərdə hətta İtaliyadan dəzgahlar gətirilmişdi ki, bu da müəyyən mənada işin keyfiyyətinə öz təsirini göstərirdi.
Tarixi mənbələrə görə, 1927-ci il Nuxanın (Şəkinin) ipək sənayesi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin ilin iyun ayında vaxtilə Nuxanın ilk ipəkçilik müəssisəsinin - Alekseyev və Voronin qardaşlarının fabrikinin yerləşdiyi ərazidə Zaqafqaziyada ən böyük ipəkçilik kombinatının təməli qoyuldu. O dövrdən bir az əvvəl isə "Pravda" qəzeti sovet hökumətinin dünyada ən böyük ipək kombinatının Nuxada tikilməsi barədə qərar qəbul etdiyini yazmışdı.
1931-ci ildə ipək kombinatının tikintisi başa çatdırıldı və bu hadisə yüksək qiymətləndirilərək respublikanın yüngül sənaye tarixində yeni səhifənin açılması, həmçinin Şəkinin üçüncü sənaye mərkəzinə çevriləcəyi amili kimi dəyərləndirildi.
Bir fakt da maraqlıdır ki, şəkili ipəkçilər 1941-1945-ci illərdə hərbi hava qüvvələri üçün paraşüt ipəyi, ipək saplaq və cəbhənin ehtiyaclarını ödəmək üçün digər məhsullar da istehsal etmişlər. Alman faşizminə qarşı vuruşlarda yaralanan əsgərlərin cərrahiyyə əməliyyatları zamanı tikiş qoymaq üçün Şəkidə istehsal olunan ipək saplardan istifadə olunmuşdur. Zəkəriyyə Əlizadə və Nazim İbrahimov "Şəki ipəyi uzaq karvan yollarında" kitabında yazırlar ki, 1942-ci ilin mart ayında Şəkidən cəbhəyə 200 kq, müharibənin sonuna qədər isə tonlarla ipək sap göndərilmişdir. Müharibədən sonra da Şəkidə istehsal olunan ipək məmulatlarının həcmi və çeşidi artdı. 202 rəngdə ipək parçanın istehsalı, SSRİ-nin 59 müəssisəsi ilə ticarət əlaqələri çox şeydən soraq verirdi.
İllər ötdü, zaman dəyişdi, yeni əsr gəldi. 1931-ci ildə açılışı böyük rezonansa səbəb olmuş Şəki İpək Kombinatının indi adı da dəyişib, fəaliyyət imkanları da. 1999-cu ildən kombinat "Şəki İpək" ASC kimi fəaliyyət göstərir. 1998-ci ildə Böyük İpək Yolunun bərpası Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafına əsaslı şəkildə təsir etdi. Təsadüfi deyildir ki, 2006-cı il avqustun 26-da beynəlxalq səviyyəli ipək bayramı da məhz qədim ipəkçilik diyaı Şəkidə keçirilmişdir. Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yenidən fəaliyyətə başlayan "Şəki İpək" ASC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Şəki ipəyinin əvvəlki şöhrətini qaytarması üçün hər cür şərait yaradılıb. Kombinata 2005-ci ildə 2,5 milyon manat həcmində daxili investisiya qoyulub. Bir faktı qətiyyətlə demək olar ki, Şəki ipəyi, o cümlədən burada istehsal olunan xalçalar, kəlağayılar, şərflər, xammal məmulatları yenə keyfiyyəti, rahatlığı, insana faydalılığı ilə seçilir. Gənc xalça ustalarının toxuduğu "Qımı", "Gülüstan", "Şirvan" xalçaları milli koloritinə, rənglərin diriliyinə, estetik görünüşünə görə ilk baxışdan diqqəti çəkir.
İpəkçiliklə bağlı olan qədim sənət sahələrindən biri də təkəlduzluqdur. Əsrlər boyu ev peşəsi sayılıb və əsasən də qadın təxəyyülünün məhsulu olub. Tədqiqatçı A.Mustafayevin yazdığına görə, XIX əsrin əvvəllərində Şəkidə yəhər üzü bəzəyən 22, başmaq üzü bəzəyən 16, püştü üzü bəzəyən 50 təkəlduz dükanı olub.
Deyilənə görə, keçən əsrin ortalarında Azərbaycana səyahət etmiş Aleksandr Düma Şəkinin təkəlduz ustalarının bədii tikmə sahəsindəki məharətinə heyranlığını gizlədə bilməmişdir: "Mən 24 manata Şəkidə bədii tikməli 2 ədəd yəhər aldım. Belə yəhəri Fransada 200 franka da ala bilməzdim. Düzünü desəm, onu bizdə, heç bir qiymətə tapmaq mümkün deyil".
Şəkidə onları hamı yaxşı tanıyır. Elə Şəkidən uzaqlara da soraqları yayılıb. Şəbəkəçilik sənəti daha çox onların - məşhur şəbəkə ustası Əşrəf Rəsulovun və onun oğlu, mahir şəbəkəçi Tofiq Rəsulovun adları ilə bağldır.
Əşrəf Rəsulov bu zərif sənəti bütün incəliklərinə qədər öyrənmiş, bir çox maraqlı şəbəkə işləri ilə şöhrət qazanmışdır. Tədqiqatçı A. Mustafayevin qeyd etdiyi kimi, bu sehrli sənətə, sehrli naxışlara tükənməz məhəbbəti Əşrəf Yaqub oğlu Rəsulovun milli sənət ənənələrini davam etdirən görkəmli şəbəkə ustası kimi yetişməyində mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, Şəki Xan sarayının XVIII əsrdən qalma şəbəkələrinin bərpası məhz ona etibar edilmişdir. Bu sarayın şəbəkələrinin bərpası üzərində 10 ildən çox davam edən zəhməti Əşrəf Rəsulovu bir çox Ümumittifaq sərgilərinin fəxri diplomçusu və SSRİ Rəssamlar İttifaqının üzvü etmişdir.
Əşrəf Rəsulovun oğlu Tofiq Rəsulov bu gün ən mahir şəbəkə ustasıdır.
AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq elmləri doktoru, professor Ertəkin Salamzadənin " Tofiq Rəsulov. Şəbəkə" kitabı bu ecazkar sənətin, o cümlədən Tofiq Rəsulovun yaradıcılıq sirlərinin sənətsevərlərə, oxuculara çatdırılmasında mühüm əhəmiyyətə malikdir.
Atası usta Əşrəfin "Şəbəkə" dərnəyindəki fəaliyyətini bu gün Tofiq müəllim uğurla davam etdirir. Dərnəkdə 15 gənc şəbəkəçilik sənətinin sirlərini öyrənir. Tofiq müəllim deyir ki, bizə öyrədiblər, biz də öyrədirik ki, bu sənət yaşasın.
Görülməli işlər
çoxdur
"Şəki - Azərbaycanın Sənətkarlıq Paytaxtı -2010" tədbirlərinin keçirilməsi ilə bağlı yaradılmış təşkilat komitəsinin sədri, Şəki Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini, tarix elmləri namizədi Zərinə Cavadova görüləcək işlərdən söz açdı. Bildirdi ki, bir çox tədbirlərin həyata keçirilməsi ilə yanaşı, investisiya və texniki proqram layihələri çərçivəsində Aşağı Karvansarayın, Şəkixanovların evinin, "Gələrsən - görərsən" qalasının bərpası, Nakam adına şəhər kibatxanasında təmir - bərpa işləri, M.F. Axundovun və R. Əfəndiyevin ev muzeyinin əsaslı təmiri, Şəki şəhər M.F. Axundov adına Mərkəzi Mədəniyyət Evinin təmiri, həmçinin R. Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi və dövlət rəsm qalereyası üçün binaların tikintisi nəzərdə tutulub.
Son söz əvəzi. Şəkidə zarafatla deyirlər ki, Şəkiyə ya gəl, ya da gəlmə! Yəni, gələndə elə gəl ki, Şəkini Şəki kimi görə biləsən. Şəkini görmək, tanımaq isə keçmişə ən maraqlı səyahətə bərabərdir...
Telman NƏZƏRLİ
Azərbaycan.- 2010.- 18
aprel.- S. 6.