Xalqımızın milli sərvəti

 

Dövlət arxivi - 80

 

Azərbaycanda arxiv quruculuğu çox çətin, ağır, lakin 80 illik şərəfli bir yol keçmişdir. Buna səbəb qədim dövlətçilik tarixinə və mədəniyyətə malik Azərbaycanın strateji bir region kimi daim yadelli işğalçıların diqqətini cəlb etməsi olmuşdur. Başqa sözlə desək, uzun illər Azərbaycan əraziləri müxtəlif işğalçı dövlətlərin mübarizə meydanına çevrilmiş, nəticədə bu ərazidə yaranan qiymətli arxiv sənədləri ya məhv edilmiş, yaxud da xarici işğalçılar tərəfindən talanıb aparılmışdır. Bu gün Avropanın, Asiyanın, Amerikanın müxtəlif ölkələrindəki muzey və arxivlərdə xalqımızın tarixinə aid saxlanılan çoxlu qiymətli sənədlər və nadir əlyazmaları dediyimizə əyani sübutdur.

XX əsrin əvvəllərinə qədər Azərbaycanda dövlət idarəçiliyinin əsas atributlarından birini - xalqın mənəvi sərvətini təşkil edən arxiv olmamışdır. Ölkəmizdə arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış "Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında" dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq, Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. Beləliklə, 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu.

Sovetlərin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər.

1922-ci ilin avqustunda mərkəzi dövlət arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Rəyasət Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuz və rolunun artmasına kömək edir. Həmin dövrdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında mərkəzi arxiv, 1928-ci ildə isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanıldı.

1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və işlərin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiqləyir. Həmin Əsasnaməyə görə, Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır. Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə 1930-cu il aprelin 19-da Mərkəzi arxivin bazasında respublikamızda iki mərkəzi dövlət arxivi yaradılır: Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi (kino-foto şöbəsi ilə) və Mərkəzi Dövlət Tarix Arxivi.

1938-ci ildə oktyabr inqilabı Arxivinin adı dəyişdirilərək Oktyabr inqilabı və Sosializm quruculuğu Mərkəzi Dövlət Arxivi adlandırıldı. Həmin ildən 1960-cı ilə qədər arxivlər daxili işlər komissarlığının tabeliyində olmuş və qapalı təşkilatlara çevrilmişdi. 1960-cı ildə keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi Azərbaycanda da arxivlər Nazirlər Sovetinin tabeliyinə verildi və bundan sonra arxiv işinə və oradakı sənədlərdən istifadəyə diqqət artdı.

Lakin xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan xalqı öz mənəvi sərvəti olan arxivlərinə yalnız 1991-ci ildə keçmiş SSRİ dağıldıqdan sonra sahib oldu. Özunun tam müstəqilliyini əldə etmiş respublikamızın ərazisində olan bütün arxivlər Azərbaycan xalqının həqiqi mənəvi sərvətinə çevrildi. Bu sənədlər üzərində sahiblik hüququ Azərbaycan xalqına məxsus oldu. İllərlə yeddi qıfıl arxasında gizlədilmiş sənədlərdən tariximizin tədqiqində geniş istifadə olunmağa başlandı.

1992-ci ildən Azərbaycan Respublikası Mərkəzi Dövlət Ən Yeni Tarix Arxivi, 1994-cü ildən isə Azərbaycan Respublikası Dövlət Arxivi adlanan arxivimizdə mühafizə olunan sənədlər 1917-2000-ci illəri əhatə edir. Arxivin sənədlərində xalqımızın - tarixin yaradıcısının qəhrəmanlıq təcrübəsi, respublikada cəmiyyətin inkişaf tarixi, iqtisadiyyat və mədəniyyətin tərəqqisi, əhalinin maddi və mənəvi səviyyəsinin yüksəlişi və s. əks olunur.

Buradakı 1736 fondda saxlanılan işlərin mühafizə edilməsi ilə yanaşı, istifadə olunmasına şərait yaradılır və beləliklə, tarixi həqiqətlərin açıqlanmasında tədqiqatçılara kömək göstərilir.

Arxivin zaman baxımından ilk fondları Bakı kommunasının (mart 1917 - iyul 1918) və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin (may 1918 - aprel 1920) fəaliyyətini əks etdirən sənədlərdən ibarətdir.

Bu sənədlər Azərbaycan Parlamentinin yaranması, parlamentin stenoqrafik hesabatları, cümhuriyyət hökumətinin qanunvericilik orqanının qəbul etdiyi qanunlar haqqında müfəssəl məlumat verir.

Azərbaycan vətəndaşlığı, Bakı şəhərində Dövlət Universitetinin təsis edilməsi, Şuşada pulsuz xəstəxana, epidemiya ilə mübarizə və qaçqınlara tibbi yardım üçün dəstələrin təşkili, Azərbaycan Respublikasının Qərbi Avropada, Amerikada, Almaniyada və Sovet Rusiyasında diplomatik missiyalarının təsis edilməsi barədə sənədlər xüsusilə diqqəti cəlb edir. Ayrı-ayrı fondlarda hökumətin daxili işlər, hərbi, dövlət nəzarəti, əmək, torpaq və dövlət əmlakı, ədliyyə, yollar, maliyyə, ticarət və sənaye nazirliklərinin sənədləri cəmləşdirilmişdir. Bakı qubernatoru idarəsinin, Şuşa, Zəngəzur, Cavad və Cəbrayıl qəzaları müvəqqəti general-qubernatorluğunun, Bakı və Gəncə quberniyaları qəza rəisləri idarəsinin, Azərbaycan məhkəmə palatasının, Azərbaycan məhkəmə palatası prokuroru dəftərxanasının, Bakı dairə məhkəməsi prokuroru dəftərxanasının, Bakı şəhər upravasının, Bakı polismeysterliyi idarəsinin, Gəncə torpaq və dövlət əmlak idarəsinin və s. fondları tədqiqatçılar arasında böyük maraq doğurur.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadənin cümhuriyyətin xarici işlər naziri M.Hacınskiyə məlumatı, Azərbaycan Respublikasının İstanbuldakı fövqəladə və səlahiyyətli nümayəndəsi Ə.Topçubaşovun diplomatik söhbətləri haqqında qeydlər, Paris Sülh Konfransında Ə.Topçubaşovun Azərbaycanın müstəqilliyi, iqtisadiyyatı və etnik tərkibi haqqında memorandumların ABŞ prezidenti T.V.Vilsona təqdimatı, Gürcüstan və Azərbaycan respublikaları arasında hərbi-müdafiə sazişi, Azərbaycan-Ermənistan konfransının iclas protokolları, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh sazişi və s. materiallar olduqça əhəmiyyətlidir.

Cümhuriyyət hökumətinin fondlarında ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri sübut edən xeyli sənəd saxlanılır. Misal olaraq, Bakı kommunası dövründə erməni silahlı dəstələrinin və bolşeviklərin Bakıda, Şamaxıda, Qubada və s. yerlərdə törətdikləri vəhşiliklər haqqında fövqəladə təhqiqat komissiyası üzvlərinin məruzələri, şahidlərin dindirilməsi haqqında protokollar, məhv edilmiş müsəlman kəndlərinin siyahısı, erməni silahlı dəstələri tərəfindən müsəlman əhalisinin məhv edilməsi barədə İrəvan quberniyası Vedibasar rayonu müvəkkilinin cümhuriyyət hökumətinin başçısı F. Xoyskiyə ərizəsi, Ararat Respublikası ordusunun, yerli ermənilərin və daşnak quldur dəstələrinin müsəlman əhalisi üzərində zorakılığı barədə Yeni Bayazid qəzasının 26 müsəlman kənd əhalisinin Azərbaycan hökumətinə müraciətləri, Gəncə quberniyasının Zəngəzur qəzasında mütəşəkkil erməni silahlı dəstələrinin dinc kənd əhalisinə basqınları haqqında fövqəladə istintaq komissiyası üzvünün məruzəsi, Qars vilayəti və İrəvan quberniyasının müsəlman əhalisi üzərində Ermənistan hökumətinin vəhşilikləri barədə Qars vilayəti müsəlman Milli Şurası müvəkkilinin Cümhuriyyət hökumətinin xarici işlər nazirinə memorandumu və başqa sənədləri göstərə bilərik.

Xalq Komissarlığı Sovetinin, Azərbaycan SSR Nazirlər Sovetinin fondunda respublika hökumətinin iqtisadiyyatın yüksəlişinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, sosial-mədəni quruculuğa yönəldilmiş çoxsahəli fəaliyyəti öz əksini tapmışdır. Eyni zamanda bu fondda 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlının Ermənistan ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün edilməsi barədə çoxlu materiallar və sənədlər toplanmışdır. Həmin sənədlər arasında deportasiyanın həyata keçirilməsinə dair başlıca sənəd olan SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli qərarı və həmin qərarla əlaqədar görüləcək tədbirlər barədə 10 mart 1948-ci il tarixli qərarı və digər sənədlər mövcuddur.

Arxivdə ilk qəza inqilab komitələrindən başlamış, şəhər, rayon mərkəzləri, qəsəbə, kənd zəhmətkeş deputatları sovetlərinədək bütün yerli dövlət hakimiyyət orqanlarının fondları qorunur.

Arxivin ötən əsrin 20-ci ilindən sonrakı dövrü əhatə edən fondlarında Azneftkomun yaradılması və neft sənayesinin milliləşdirilməsi haqqında dekret, 1921-1935-ci illərdə Azneft sisteminin təşkilində baş verən dəyişiklikləri əks etdirən çoxsaylı sənədlər, o cümlədən əmr və təlimatlar, əsasnamələr, Azneftin təsərrüfat hesabı ilə işə keçirilməsi və s. barədə çoxlu sənəd saxlanılır.

Arxivdə 1819-1941-ci illərdə Azərbaycanın Xanlar, Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarının ərazilərində yerləşdirilmiş Alman koloniyaları haqqında zəngin materiallar var.

Sonrakı dövrlərdə, xüsusilə ll Dünya müharibəsi illərində Azərbaycan neftçilərinin qəhrəmanlığı, yeni qazma üsullarının tətbiqi, dənizdə neft hasilatı, neftayırma və neft kimyası zavodlarında yeni məhsulların buraxılması, Azərbaycan neftçilərinin yeni-yeni kəşfləri, onların beynəlxalq aləmdə tanınması, simpozium və konqreslərdə çıxışları, Bakı neftçilərinin düşmənin dəf edilməsinə səfərbər olması haqqında sahə həmkarlar ittifaqlarının arayışları, neft sənayesi işinin müharibə dövrünün tələblərinə uyğun olaraq yenidən qurulması, hərbi təyyarələrin, tankların buraxılması üçün vəsait toplanması barədə Azneftkombinat rəisinin əmri, 1941-ci il tapşırıqlarının yerinə yetirilməsi haqqında arayış, l.Şmidt (Səttarxan) adına zavodun yeni, mürəkkəb neft avadanlığı istehsalını mənimsəməsi, hospitallara hamilik, cəbhə ilə əlaqələr və s. barədə dəyərli sənədlər arxivdə qorunub saxlanılır.

Xalq komissarlıqlarının (nazirliklərin), su təsərrüfatı idarələrinin, qəza sovetləri icraiyyə komitələrinin torpaq şöbələrinin, pambıqçılıq ittifaqları trestlərinin, kənd təsərrüfatı kollektivləri ittifaqının, kredit və kənd təsərrüfatı kooperasiyası cəmiyyətlərinin fəaliyyəti, habelə kənd təsərrüfatı, sovxozlar, tədarük nazirlikləri, pambıqtəmizləmə və emalı komitələri, şirkətlər və ictimai birliklər, kənd təsərrüfatı kooperasiyasına aid komitələr, kolxoz və sovxozların quruculuğuna dair sənədlər, yollar və rabitə xalq komissarlıqlarının, habelə Azərbaycan Dəmir yolu İdarəsinin, Xəzər Gəmiçilik İdarəsinin və Hava donanmasının fondlarında respublikada nəqliyyat və rabitənin inkişafı məsələlərinə dair müxtəlif məlumatlar da Dövlət Arxivində mühafizə olunur.

Tikinti və memarlıq tarixi haqqında məlumat almaq istəyənlər Azərbaycan SSR tikinti işləri üzrə Dövlət komitəsinin fondu ilə də burada tanış ola bilərlər.

Arxivdə xeyli miqdarda ayrı-ayrı tanınmış şəxslərə mənsub olan fondlar da vardır.

Təbii ki, yenidən dövlət müstəqilliyi əldə etmiş respublikamızda başqa sahələrdə olduğu kimi, arxiv işi sahəsində də müstəqil dövlətə məxsus yeni qanunvericilik və normativ aktlar yaradılmalı idi. Ona görə də Azərbaycan Respublikası Milli Məclisinin 1999-cu il yaz sessiyasında "Milli arxiv fondu haqqında" qanun layihəsi müzakirə edildikdən sonra qəbul olunmuş və 1999-cu il iyunun 22-də qanun ölkə Prezidenti tərəfindən təsdiq edilmişdir. Həmin il iyul ayının 27-də isə Prezident bu qanunun tədbiq edilməsi barədə fərman imzalamışdır.

Respublikamızda arxiv quruculuğunun gələcək istiqamətlərini, yeni arxivlərin strategiyasını müəyyənləşdirən bu qanunla Azərbaycanda milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və arxivlərin fəaliyyəti ilə bağlı məsələlərin tənzimlənməsi üçün vahid dövlət sistemini birləşdirən dövlət arxiv xidməti yaradılmışdır. Prezidentin adıçəkilən fərmanı ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və yerli icra orqanlarına arxiv işinin dövlət idarəetməsi vəzifələrinin icrası həvalə edildi.

"Milli Arxiv fondu haqqında" qanuna görə, Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxivlərində saxlanılan sənədlərdən istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq, dövlət arxiv fondu sənədlərindən istifadə qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunmuşdur. Qeyri-dövlət arxiv fondlarının sənədlərindən isə onların mülkiyyətçilərinin razılığı ilə istifadə oluna bilər.

Qanunda arxiv işçilərinin sosial müdafiəsinə dövlət tərəfindən təminat verilir.

Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin müstəqilliyi, "Milli Arxiv fondu haqqında" qanun dövlət arxivlərində qiymətli sənədlərin intensiv şəkildə cəmləşdirilməsi, onlardan siyasi, iqtisadi, elmi və mədəni məqsədlər üçün istifadə olunması sahəsində geniş imkanlar yaratdı.

Məlumdur ki, SSRİ-nin süqutu və iqtisadi əlaqələrin kəsilməsi başqa sovet respublikalarında olduğu kimi, Azərbaycanda da ilk vaxtlar müəyyən çətinliklər yaratdı. Xüsusilə Ermənistanın ölkəmizə təcavüzü nəticəsində meydana çıxan çətinliklər onsuz da Sovet hakimiyyəti illərində o qədər də diqqət ayrılmayan arxivlərdən də yan keçmədi.

Dövlət arxivləri üçün binanın tikintisi uzun illər yubadılırdı. Onlar üçün əlavə binalar ayrılmadığından nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarda saxlanılan sənədləri qəbul edə bilmirdilər. Maddi çətinliklər üzündən arxivlərin müasir avadanlıqlarla təchizi və sənədlərin mühafizəsi işi də lazımi səviyyədə deyildi. Şübhəsiz, bütün bu işlərin müvəffəqiyyətlə həll edilməsində Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 2002-ci il dekabr ayının 2-də imzaladığı "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" fərman müstəsna rol oynadı.

Milli Arxiv İdarəsinin bilavasitə rəhbərliyi ilə dövlət arxivlərində saxlanılan sənədlərdən daha səmərəli və hərtərəfli istifadə etmək məqsədilə onlar üçün axtarış-məlumat sistemi yaradılmış, həmin sistemə siyahılar, arxivlərin yaddaş kitabları, xülasələr, kartotekalar və sair uçot-məlumat sənədləri daxil edilmişdir. Respublika Dövlət Arxivi həm də vətəndaşları, habelə əvvəllər respublikamızda yaşamış, hazırda başqa ölkələrdə məskunlaşan insanları iş stajı və digər sosial-hüquq xarakterli sənədlərlə təmin etmək sahəsində də xeyli işlər görür.

Digər arxivlərdə olduğu kimi, bizim əməkdaşlar da tədqiqatçıların sənədlərdən istifadəsini təmin etməklə yanaşı, sərgilərin təşkilində fəallıq göstərir, dövri mətbuat üçün məqalələr, radio və televiziya verilişləri hazırlanarkən fondlardakı materiallardan geniş istifadə edirlər.

Milli Arxiv İdarəsi və dövlət arxivləri həm müstəqil, həm də başqa elmi-tədqiqat idarələri ilə birlikdə arxivlərdə saxlanılan qiymətli tarixi sənədlər əsasında toplular hazırlayıb nəşr etdirir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Milli Arxiv İdarəsi və onun tabeliyindəki dövlət arxivləri bu sahədə xüsusilə fəallıq göstərirlər. Uzun illər arxivlərimizdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri özündə əks etdirən və indiyə qədər məxfi saxlanılan sənədlər və materiallar əsasında hazırlanıb nəşr etdirilən sənəd topluları və kitabları respublika ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarsılanmışdır.

Hazırda Dövlət arxivində və onun 15 filialında 150 nəfərə yaxın işçi çalışır. Onlar xalqımızın mənəvi sərvəti statusunu daşıyan tarixi sənədlərin mühafizəsi və səmərəli istifadə edilməsi kimi çətin, şərəfli işi vicdanla və məsuliyyətlə yerinə yetirirlər.

Ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində keçən il Milli Arxiv İdarəsi və dövlət arxivləri üçün yeni bina istifadəyə verilmiş, avadanlıqla təmin edilmiş, arxiv əməkdaşlarının iş şəraiti xeyli yaxşılaşdırılmışdır. Ümummilli lider Heydər Əliyevin arxiv işi barədə vaxtilə dediyi çox dəyərli sözləri də yada salmaq yerinə düşərdi. Ulu öndər demişdir: "Arxiv işlərinə gərək çox çiddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkinçisi də, ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir".

 

 

Emin SƏRDAROV,

Azərbaycan Respublikası

Dövlət Arxivinin direktoru

 

Azərbaycan.- 2010.- 18 aprel.- S.  6.