Tarixi irsimizin əbədi yaddaşı

 

18 aprel Abidələrin Beynəlxalq Mühafizə günüdür

 

Bakının çox qədim və zəngin tarixi var. Ulu əcdadlarımızın bizə yadigar qoyduğu bu gözəl şəhərin hər bir guşəsi, hər bir daşı Azərbaycan xalqının böyük qüdrətini və ulu mədəniyyətini əyani şəkildə nümayiş etdirir. Azərbaycanlıların bir neçə nəsli tarix boyu memarlıq tariximizin ensiklopediyası olan Bakının unikal görkəminin formalaşmasına öz töhfələrini vermişdir. Paytaxtımızın əsrlərlə yaradılmış siması özünəməxsus relyef ilə nadir memarlıq incilərinin vəhdətini əks etdirir. Bakı öz milli koloritinə və təkrarolunmaz gözəlliyinə görə dünyanın tanınmış şəhərləri içərisində layiqli yer tutmuşdur.

Lakin bununla yanaşı, bəzən şəhərimizin ümumi görünüşünə xələl gətirən hallara da rast gəlinir. Bakıda yerləşən bəzi tarixi-memarlıq abidələrinə qarşı laqeyd münasibət onun tarixi simasına xeyli xələl gətirir. Eyni zamanda, Bakıda elə abidələr də mövcuddur ki, onların inşa olunma tarixi düzgün müəyyən edilməyib. Son zamanlar tanınmış alimlər də mütəmadi olaraq televiziya efirlərində çıxış edərək, bəzi abidələrin tarixinin dəqiq yazılmadığını qeyd edirlər. Çox haqlı bir iraddır. Doğrudan da, şəhərimizdə bəzi abidələrin üzərindəki tikilmə tarixini bildirən lövhələrdə 4-5 əsri əhatə edən bir dövr göstərilir. Təbii ki, bu da həqiqətə uyğun deyil. Bütün bunlar ölkəmizə qələn qonaqlar arasında xeyli çaşqınlıq yaradır. Bu səbəbdən şəhərimizin və onun qədim abidələrinin tarixi dəqiq araşdırılmalı və qaranlıq qalan bəzi məsələlərə aydınlıq gətirilməlidir. Eyni zamanda, bu günə kimi gəlib çatmış, lakin dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qalan abidələrimiz də lazımi şəkildə bərpa olunmalıdır və ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Çünki məhz şəhərin tarixinin düzgün tədqiqi və təbliği qədim Bakımıza olan marağı daha da artırar, turizmin genişlənməsini və turist axınının çoxalmasını təmin edər.

Bakı şəhərinin tarixinin geniş tədqiqi ötən əsrlərdən başlanıb. Bu dövrdə Azərbaycan tarixinin tədqiqi sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Bakıda xeyli sayda arxeoloji qazıntılar aparılmış, şəhərin, o cümlədən burada yerləşən memarlıq abidələrinin tarixi geniş tədqiq edilmiş və bu abidələrin bərpası istiqamətində mühüm işlər görülmüşdür. Lakin bunlarla yanaşı, bərpa işləri aparılan zaman abidələrin tarixinin saxtalaşdırılması məqsədilə erməni və onları dəstəkləyən rus tədqiqatçıları, mühəndisləri və arxeoloqları tərəfindən bu abidələrin strukturunda bəzi dəyişikliklər olunmuş və Bakının tarixinə işıq sala biləcək aşkar olunmuş maddi-mədəniyyət tapıntıları məhv edilmişdir.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etmiş oldu. Lakin müstəqillik əldə olunsa da bu sahədə vəziyyət heç də müsbət tərəfə istiqamətlənmədi. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən anarxiya Bakının tarixinə xeyli xələl gətirdi. Bu illərdə şəhərin tarixi məkanlarında, xüsusilə də İçərişəhərdə yeni binalar tikilərək, Bakının tarixi siması xeyli dəyişildi. Tarixi əks etdirən binalar məhv edildi və onların yerində şəhər ansamblını korlayan yeni tikililər inşa olundu. Bakının daş yaddaşı hesab edilən İçərişəhər faciəli şəkildə deformasiyaya uğradı.

Bütün bunları mütləq dayandırmaq lazım idi. Bu məsuliyyətli missiyanı 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev öz çiyinlərinə götürərək, milli-mənəvi dəyərlərimizin böyük himayədarı kimi çıxış etdi. Xalqına, onun tarixinə, folkloruna, adət-ənənələrinə qəlbən bağlı olan bu böyük şəxsiyyət milli irsimizin hamisi kimi daim ehtiramla yad edilir. Bu dahi şəxsiyyət Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, incəsənətinə, folkloruna həddən artıq bağlı olmaqla, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir. Hələ Sovet dövründə Heydər Əliyev Azərbaycanın inkişafı və onun tarixinin qorunub saxlanılması yolunda mühüm addımlar atmışdır. 1977-ci ildə "İçərişəhərin" Azərbaycanın tarix-memarlıq qoruğuna çevrilməsi, 1985-ci ildə isə onun ərazisinin Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda, o cümlədən Bakıda tarixi-memarlıq abidələrimizin bərpası və gələcək nəsillərə çatdırılmasında bir sıra vacib tədbirlərin həyata keçirilməsi ilə bağlı mühüm addımlar atılmışdır. 1998-ci il aprel ayında "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" və həmin ilin iyun ayında "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" dövlət başçısının fərmanları tarixi irsimizin qorunması istiqamətində atılmış ən mühüm addımlardan idi. Bu fərmanlar tarix və mədəniyyət abidələrinin qorunması, tədqiq edilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyirdi. Daha sonra 2003-cü ilin fevralında maddi-mədəniyyətimizin əvəzsiz abidəsi İçərişəhəri qorumaq məqsədilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən "Bakı şəhərində İçərişəhər tarixi-memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalandı. Bu sərəncamdan sonra qədim şəhərimiz İçərişəhərdə tarixi abidələrin sökülməsinə son qoyuldu və özbaşına aparılan tikinti işləri dayandırıldı.

Beləliklə, ictimaiyyətin bütün diqqəti İçərişəhərə yönəldi. Doğrudur, müəyyən işlərin görülməsinə çalışıldı. Lakin bir müddətdən sonra hər şey yenidən öz köhnə axarına qayıtdı. Ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli sərəncamında da deyilirdi: "Təəssüf hissi ilə qeyd olunmalıdır ki, İçərişəhərin dövlət əhəmiyyətli qoruq kimi qorunub saxlanılması işində bir sıra səhvlərə, hətta qanunsuzluq hallarına yol verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi vəzifə səlahiyyətlərini aşaraq İçərişəhər ərazisində bəzi qanunsuz tikintilərin aparılmasına imkan yaratmışdır. Bu isə qoruğun ümumi mənzərəsinə xələl gətirmiş, oradakı bir neçə memarlıq abidəsinin dağıdılmasına səbəb olmuş, bəziləri üçün təhlükə yaratmışdır. İçərişəhərdə yeni binaların inşa edilməsi uzun əsrlər ərzində formalaşmış bir çox arxeoloji materialın məhv olmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və əvvəllər bu işə cavabdeh olan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi İçərişəhərlə bağlı baş verən mənfi halların qarşısının alınması üçün vaxtında lazımi qətiyyət və prinsipiallıq göstərməmişdir."

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, tarixi irsimizin və mədəniyyətimizin qorunmasına yönəlmiş siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev də yenidən bu mövzuya qayıtdı. Dövlət başçısı 10 fevral 2005-ci il tarixində "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam imzaladı. Bununla da, İçərişəhərin tarixində sanki bir dönüş yarandı. Qurumun yarandığı vaxtdan etibarən, xüsusilə də son iki ildə İçərişəhərdə aparılan bərpa və yenidənqurma işləri yüksək templə davam edir. Təbii ki, bu çox təqdirəlayiq bir haldır. Eyni zamanda, turizm infrastrukturu da inkişaf etdirilir. Bütün bunların nəticəsi idi ki, 2009-cu il iyun ayında YUNESKO-nun qərarı ilə "İçərişəhər" məhv olmaqda olan abidələr siyahısından çıxarıldı.

"İçərişəhər" DTMQİ-nin yaradılması ilə yanaşı Bakı şəhərində tarixi abidələrin qorunması istiqamətində digər mühüm addımlar da atılmışdır. Respublikamızın paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrini milli-mədəni sərvət kimi qoruyub saxlamaq, yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu abidələrin rolunu gücləndirmək və ölkəmizə gələn çoxsaylı qonaqlar arasında lazımi səviyyədə təbliğini təmin etmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında" 18 avqust 2006-cı il tarixli sərəncamını da imzaladı.

Dövlət başçısının 16 dekabr 2009-cu il tarixdə imzaladığı növbəti sərəncam "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişaf tədbirləri barədə"dir. Bu sərəncamda tarixi şəhərlərə xas olan turist axınının İçərişəhərə cəlb edilməsi, mövcud potensialdan səmərəli istifadə etməklə beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun yaradılması, ərazidə tarixi irsimizə uyğun şəkildə təmir-bərpa və abadlaşdırma işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrıldı.

Təbii ki, bütün bu fərman və sərəncamlar Azərbaycan xalqının maddi-mədəni irsinin daşıyıcısı olan İçərişəhərin qorunması üçün mühüm sənədlərdir. Gördüyümüz kimi, abidələrin qorunması və bərpası istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Ancaq Qala divarlarından xaricdə qalan ərazidə və şəhərətrafı kənd və qəsəbələrdə onlarla tarixi-memarlıq abidəsi mövcuddur ki, onların da bərpaya və qorunmağa ehtiyacı var. Doğrudur, bu istiqamətdə də bəzi işlər görülmüşdür. Bibiheybət məscidi, Təzəpir məscidi, Buzovna qəsəbəsindəki Cümə məscidi və digər dini-memarlıq abidələrinin yenidənqurma işləri buna bariz nümunədir.

Lakin bir tərəfdən dövlət bu siyasətini davam etdirdiyi halda, digər tərəfdən bəzi qurumlar əksinə olaraq, nəinki bu abidələrin qorunması istiqamətində addımlar atmırlar, əksinə bu tarixi binaların bərbad vəziyyətə düşməsinə şərait yaradırlar. Əsas məqsəd, bu abidələrin zamanla dağılması və bu ərazilərin yeni tikililər üçün hazırlanmasıdır. Bəzən isə memarlıq abidəsi müasir bir tərzdə təmir edilərək tarixi mahiyyətini itirmək təhlükəsi ilə üz-üzə qalır. Burada maddi maraqlar tarixi maraqlar ilə qarşı-qarşıya dayanır və bu halda bir sıra məsələlər birincinin xeyrinə həll edilir. Öz vətənini, onun tarixini maddi maraqlar naminə qurban verənlər, çox güman ki, milli ruhdan uzaq insanlardır. Onlarla mübarizə aparmaq və tariximizi qorumaq hər bir fərdin, ümumilikdə cəmiyyətin borcudur. Bu işdə bütün yükü dövlətin üzərinə yıxmaq olmaz. Burada yerli icra orqanları, bələdiyyələr, şirkətlər və bütövlükdə cəmiyyət fəal iştirak etməlidir. Azərbaycan alimləri - tarixçilər, memarlar, arxeoloqlar da öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirərək, abidələrin tarixini dəqiq araşdırmalı və ümumi nəticəyə gəlməlidirlər.

 

 

Orxan ƏLİZADƏ,

tarix elmləri namizədi

 

Azərbaycan.- 2010.-  18 aprel.- S.  7.