"100 böyük şəxsiyyət" kitabının ilk məqaləsi

 

Bildiklərimiz barədə bilmədiklərimiz

 

Amerika yazıçısı və alimi Maykl Hart bəşər tarixində ən görkəmli 100 şəxsiyyəti seçib onların haqqında kitab tərtib etmək qərarına gəlmişdi. O, bu kitabda həmin şəxsiyyətlərin cəmiyyətə təsir dərəcəsinə görə bioqrafiyalarını sıralamağı nəzərdə tutmuşdu. Maykl Hart öz məqsədini həyata keçirməkdən ötrü kompüterdən istifadə etmişdi.

Kompüterin yaddaşına həmin şəxsiyyətlərin işgüzarlığı, qarşılarına qoyduqları məqsədlərə necə nail olmaları, bəşər tarixinə göstərdikləri təsir barədə materiallar daxil edilmişdi.

 

Kompüter təhlili nəticəsində tarixdə böyük iz buraxmış 100 şəxsiyyətin adları müəyyənləşdirilmişdi. Bundan sonra kompüter həmin şəxsiyyətlərin arasından yaxşıların yaxşısını da seçmişdi. Ekranda Məhəmməd peyğəmbərin (s.ə.s.) adının birinci görünməsi M.Hartı və onun həmkarlarını şoka salmışdı. Fikirləşmişdilər ki, yəqin kompüter yanlışlığa yol verib. Buna görə də eksperimenti təkrar etməyi lazım bilmişdilər. Lakin kompüterin ekranında Məhəmməd peyğəmbərin (s.ə.s.) adı yenidən birinci görünmüşdü. M.Hart və onun köməkçiləri eksperimenti dəfələrlə təkrar etsələr də, kompüter "sözünün üstündə" möhkəm durmuşdu. Bundan sonra alimlər faktı qəbul etmək məcburiyyətində qalmışdılar. Beləliklə də, 1978-ci ildə Amerikada Maykl Hartın "100 böyük şəxsiyyət" kitabı nəşr olunmuşdu. Görkəmli şəxsiyyətlər siyahısında Məhəmməd peyğəmbərin (s.ə.s.) adının birinci yazılması çoxlarını sevindirmiş, bir çoxlarını isə əndişələndirmişdi.

Maykl Hartın fikrincə, kitabda Məhəmməd peyğəmbərin (s.ə.s.) həyat tarixinin İsa peyğəmbərin tərcümeyi-halından irəlidə getməsinin səbəbi Məhəmməd peyğəmbərin (s.ə.s.) İslamın yaradılması və inkişafında şəxsi xidmətlərinin xristianlığın təşəkkül tapmasında İsa peyğəmbərin xidmətlərindən böyüklüyüdür.

Məhəmməd peyğəmbər (s.ə.s.) tarixdə həm dini, həm də siyasi fəaliyyəti son dərəcə uğurlu olmuş yeganə şəxsiyyətdir. O, İbrahim peyğəmbərin təkallahlıq ənənələrinin davamçısıdır və dünyanın ən böyük dinlərindən olan islam dininin əsasını qoymuşdur. Bütün alimlər onu böyük müvəffəqiyyətlər qazanmış siyasi lider hesab edirlər. Onun vəfatından on dörd əsr keçməsinə baxmayaraq, peyğəmbərin şəxsiyyətinin əhatəliliyi dünyanın müxtəlif guşələrində yüz milyonlarla adamı xoş əməllərə səsləyir.

İslam sivilizasiyası barədə qeyri-müsəlman tarixi şəxsiyyətlər qiymətli fikirlər söyləmişlər. Kristian Çerfilsin 1914-cü ildə Parisdə çap edilmiş "Bonapart və islam" kitabında Napoleon Bonapartın Məhəmməd peyğəmbər (s.ə.s.) və İslam dini haqqında fikirləri ilə tanış olaq: "Ərəbistan bütpərəstlər diyarı idi. İsadan 600 il sonra da bütbərəstlik mövcud idi. Məhəmməd peyğəmbər (s.ə.s.) bu diyarda İbrahim, İsmayıl, Musa və İsa peyğəmbərlərin tək bir olan Allaha sitayiş irsini həyata keçirməklə təkallahlığın hamı tərəfindən qəbul edilməsinə nail oldu.

Arilər və bəzi digər sektalar Ata, oğul və Müqəddəs ruh anlamını təbliğ etməklə Şərqin rahatlığını pozurdular. Məhəmməd peyğəmbər (s.ə.s.) onların əleyhinə çıxaraq bildirmişdi ki, Allah birdir. Allahdan savayı ilahi qüvvə yoxdur. Ata, oğul və Müqəddəs ruh sifətində Allah mövcud deyildir". Napoleon daha sonra demişdir: "Əminəm ki, mənim bütün ölkələrin müdrik və savadlı adamlarını birləşdirib, Quran prinsiplərinə söykənən bir dövlət yaradacağım vaxt uzaqda deyildir. Ancaq Quran prinsipləri daha düzgündür və həmin prinsiplər əsasında adamları səadətə çatdırmaq olar".

Məşhur fransız tarixçisi Lamartin Məhəmməd peyğəmbər (s.ə.s.) haqqında yazmışdır: "O, nadir və bənzərsiz şəxsiyyət olub. Peyğəmbərin düşmənləri ona dini təbliğçilik vəzifəsindən imtina edəcəyi təqdirdə böyük var-dövlət boyun olurdular. O isə bu təklifləri rədd edir, bütün fiziki və mənəvi iztirablara sinə gərməyi üstün tuturdu. Öz əməlindən bir an da olsa çəkilmirdi. O, Allah adının mənasını kiçiltmək istəyən, cəmiyyətdə nifaq və inamsızlıq yaratmağa çalışanların qarşısında keçilməz bir dağ kimi dururdu.

Məhəmməd çox bənzərsiz və nadir şəxsiyyət olduğu üçün müasirləri ona inanırdılar. Müasir tarixdə heç bir məşhur adamı Məhəmməd peyğəmbərlə (s.ə.s.) müqayisə etmək olmaz. Dünyanın ən məşhur adamları yalnız silah yaratmış, qanunlar çıxarmış, ən yaxşı halda, ona qədər heç kim Quranda bəhs edilmiş təbiət hadisələrinə toxunmamışdır. Məhəmməd hakimiyyəti və qüvvəsi olanda da məhrumiyyətlər içində yaşayır və ruhi iztirablara dözürdü. Onun ölümqabağı dediyi sözlərə xüsusi diqqət yetirilməlidir: "Biz, peyğəmbərlər özümüzdən sonra heç bir miras qoymuruq. Bizdən qalan ancaq sədəqədir".

Məhəmməd peyğəmbər (s.ə.s.) filosof, natiq, qanunverici, mübariz, himayəçi, ideyalar novatoru, rəhbər, dövlət adamı, Yer kürəsinin 20 rayonunda mənəvi imperiya yaratmış şəxsiyyət idi. Hansı böyük adamı onunla müqayisə etmək olardı? Onun əzəməti müqayisəyə gələn deyildi".

İngilis sərkərdəsi, feldmarşal V.Montqomeri yazırdı: "Qərbə böyük ləyaqət sahibi Məhəmməddən savayı digər şəxsiyyət məlum deyildir. O, məsləki naminə hər bir əziyyətə dözməyə hazır idi. Liderlik edəndə də təmkinli və möhkəm iradəli adam kimi tanınırdı. O, insanlara həmişə böyük hörmət bəsləyirdi. Qazandığı nailiyyətlər onun böyük şəxsi keyfiyyətlərinin sübutudur".

Məşhur ingilis tarixçisi Edvard Qibson yazırdı: "Məhəmməd həyatında ən böyük uğurları qılınc gücünə yox, mənəviyyatının nüfuzetmə qabiliyyəti sayəsində qazanmışdır. Onun nəsihətləri həmfikirlərini ağıl və din çərçivəsində indi də birləşdirir. Mən qəti fikirdəyəm ki, Allah təkdir, Məhəmməd isə onun Rəsuludur".

Marksizm-leninizm ideoloqları islamın elmi-nəzəri prinsiplərinə əsaslanaraq onun bir çox müddəalarından - humanizm və sosial ədalət, mənəviyyat prinsiplərindən istifadə etmişlər. Kommunizm ideologiyasının banilərindən biri olan Karl Marksın islam dini ilə yaxından tanış olduğu üçün onun prinsipləri ilə, ateizm istisna edilməklə, kommunist ideologiyasının prinsipləri arasında oxşarlıq çoxdur. Lakin üzərində kommunist ideologiyasının, yəni, ateizmin qurulduğu özül islamın böyük prinsiplərini özündə saxlamaq iqtidarında deyildi. Yalnız haqq-təalaya inam və dindarların həmin prinsiplərdən heç bir vəchlə imtina etməmək gücü islam kimi qüdrətli bir dinin imkanları daxilindədir. Bunu tarixi faktlar da sübut edir.

Bununla belə, Karl Marks yazmışdı: "Biz Məhəmmədin peyğəmbərliyini qəbul etməyə borcluyuq. O, xristianlığın və iuadizmin yanlış fikirlərinin nə dərəcədə təhlükəli olduğunu yaxşı başa düşürdü. Məhəmməd həyatını təhlükə altına qoyaraq bütpərəstləri təkallahlığa çağırmağa başlamışdı. O, təkcə bəşər tarixinin böyük şəxsiyyəti olmamışdır. Biz onu Allahın Yer üzündə böyük elçisi kimi qəbul etməliyik".

Böyük alman mütəffəkkiri, alman klassik fəlsəfəsinin banisi İmmanuil Kantın əsərlərinin çoxu Şərq mütəffəkkirlərinin, sufilərin - imam Əbu Hamid Məhəmməd ibn Məhəmməd Qəzalinin və ibn-Ərəbinin elmi görüşlərinin təsiri altında yazması faktı həqiqətdir. Bir faktı da nəzərə çatdırmaq yerinə düşər. Kant ona verilmiş diplomun üzərində öz əli ilə ərəb dilində "Bismillahir-rəhmanir-rəhim" yazmışdı.

İsveç kralı III Qustav özünün "İslam Hicazda" kitabının müqəddiməsində yazmışdı: "İslamın əsası çox sadədir, onun məğzi belədir: "İbadət üçün Allahdan savayı məbud yoxdur, Məhəmməd də Allahın Yer üzündəki elçisidir. Bu Kitabda, yəni, Quranda epoxamızın elmlərinin ziddinə heç bir şey yoxdur. İslam dini arxasınca gedilməyə layiq dindir".

İngilis alimi Lord Davenport "Məhəmməd, uğurlu və müqəddəs Quran" kitabında öz fikirlərini belə izah etmişdir: "İslam ona görə çox sürətlə yayılır ki, o, əxlaq məsələlərində son dərəcə tələbkarlıq göstərir. Müsəlmanlar döyüşlər zamanı məğlub olduqlarını başlarını qılıncın altına verməklə bildirən başqa dinə mənsub adamları öldürmürdülər. Müsəlmanların xristianlara münasibəti papaların və kralların dindarlara münasibətlərindən müqayisəyə gəlməz dərəcədə fərqlidir. Məsələn, 24 avqust 1592-ci ildə, yəni, Varfolomey qırğını gecəsində Kral IX Karlın və Kraliça Yekaterinanın əmri ilə Parisdə və onun ətraflarında 60 min protestant öldürülmüşdü. Xristianların barbarlıq və vandalizmə bərabər hərəkətləri müsəlmanların qeyri-müsəlmanlara münasibətləri ilə müqayisədə südəmər körpənin günahsızlığı kimi bir şeydir. İslam uydurmalar və şübhələr girdabında çabalayan digər dinlər arasında tər çiçək kimi qalxaraq qüvvə və ağıl rəmzinə çevrilmişdir. İslam adamları qan tökmək yolu ilə deyil, qırğın silahlarından istifadə etmədən itaət və mərhəmətə alışdırmaq yolu ilə tərbiyələndirmişdir. İslamın dünyada asan yayılmasının bir səbəbi də budur.

Demək olar ki, elə bir xalq və millət yoxdur ki, elmə meyildə müsəlmanlarla müqayisə edilə bilsin. Hörmətli Məhəmməd peyğəmbərin (s.ə.s.) hədislərinin bir çoxu elmin yayılması və elmə ehtiram göstərilməsi sahəsində nümunədir. İslam elmə maddi dəyərlərə nisbətən daha çox üstünlük verir".

İngilis alimi Riçard Bellin islam dini haqqında fikirləri də maraqlıdır. O yazır: "Avropa böyük sarsıntı qarşısındadır. Üzdə hər şey gözəl görünsə də, içdə belə deyildir. Stress, düşüncəsizlik, intihar, ruhi xəstəliklər, əxlaqsızlıq, alkoqol və narkotik hərisliyi, quldurluq, zorlama, zöhrəvi xəstəliklər baş alıb gedir. Adamların bir-birinə sevgisi və inamı yoxa çıxıb. Hamıda ölüm xofu var. Ailələr dağılır, ailə üzvləri arasında əlaqələr pozulur. Dövlət rəhbərləri yaranmış vəziyyətdən çıxış yolu tapa bilmirlər. İntellektual dairələr mənəvi boşluqda fəaliyyət göstərə bilmirlər. Avropanın qarşısında bir seçim, bir xilas yolu var. Bu, islam yoludur. Digər seçim yoxdur".

Alman şairi Göte Məhəmməd peyğəmbər (s.ə.s.) haqqında belə demişdir:

"Mən tarixdə ideal adam nümunəsi tapmaq istəyirdim və onu ərəb dünyasında Məhəmməd peyğəmbərin (s.ə.s.) şəxsində tapdım".

İrland dramaturqu, filosof və yazıçısı Ser Jorj Bernard Şou islam və onun banisi Məhəmməd peyğəmbər (s.ə.s.) haqqında fikrini belə ifadə etmişdir: "Əgər hansısa bir dinə İngiltərəni yox, Avropanı yaxın yüz il ərzində idarə etmək şansı verilsəydi, bu, islam dini olardı. Məhəmmədi isə bəşəriyyətin xilaskarı adlandırmaq lazımdır. Məhəmmədin dini bu gün də, sabah da Avropa üçün məqbuldur. Bütün dünya bütövlükdə islam dinini qəbul edəcəkdir. Məhəmməd peyğəmbəri bəşəriyyətin xilaskarı adlandırmaq lazımdır".

Hindistanın ictimai xadimi teosof (sufi) Anni Besant islamın yaradıcısı Məhəmməd peyğəmbər haqqında demişdir: "Peyğəmbər olmaq hüququ, şübhəsiz ki, Məhəmmədə məxsusdur. O, nə Sezar, nə Papa deyildi. Onun qoşun-ləşkəri də yox idi, şəxsi mühafizəçilərinin olmasından söhbət də gedə bilməzdi. O, maaş da almırdı, sarayda da yaşamırdı. Məhəmməd kütlələri dini qanunların köməyi ilə öz arxasınca aparırdı. O, heç vaxt özünü ətrafındakılarından üstün tutmurdu. Peyğəmbərlik onun adına yazılmışdı".

Professor Bertrand Rusel "Şərq fəlsəfəsinin tarixi" kitabında belə yazmışdır: "Hindistandan İspaniyayadək islam sivilizasiyası həmişə inkişafda olmuşdur. Xristian sivilizasiyası zəiflədiyi halda, islam sivilizasiyası inkişafını davam etdirmişdir. Bizlərə elə gəlir ki, sivilizasiya Qərbi Avropa sivilizasiyasıdır, lakin bu, məhdud düşüncə tərzidir".

İngilis yazıçısı, filosofu, tarixçisi, publisisti Tomas Karlayl "Qəhramanlar və qəhramanların kultu" kitabında yazmışdır: "Məhəmməd yola getməyən qəbilələri və köçəri bədəviləri iyirmi ildən artıq bir müddətdə təkbaşına birləşdirərək güclü və sivil millətə çevirmişdir. Mən bu adamın igidliyindən qürur duyuram. Bizlərdən kimlərinsə Məhəmməd ümmətinə çevrilməsindən qorxmaq gərək deyildir".

Mahatma Qandi isə belə demişdir: "İslam həyatda qılınc gücünə deyil, milyonlarla adamın qəlblərinə hakim kəsilmiş Məhəmməd peyğəmbərin (s.ə.s.) ləyaqəti sayəsində yer tutmuşdur. Məhəmməd peyğəmbər (s.ə.s.) qarşısında duran vəzifəni layiqincə yerinə yeirmiş, dostlarına və ardıcıllarına həmişə sədaqət nümayiş etdirmiş, islam ideyalarını həyata keçirmək üçün fədakarlıq göstərmiş bənzərsiz şəxsiyyət kimi sevilməkdədir". Məhəmməd peyğəmbər (s.ə.s.) müqəddəs kitab olan Quranı əldə rəhbər tutaraq müsəlmanlara xitabən demişdir: "Ey insanlar! Məndən sonra peyğəmbər gəlməyəcək. Mən Allahın kitabını sizin üçün qoyub gedirəm, ona əməl etsəniz, heç bir vaxt yolunuzu azmazsınız".

Dahi rus yazıçısı, mütəfəkkiri Lev Tolstoy əsərlərində həmişə həyatın mənasının, mənəvi idealların, həyatın qanunauyğunluqlarının, ölüm, günah, tövbə və mənəvi dirçəliş mövzularının araşdırılmasına xüsusi diqqət yetirmişdir. Onun tamamilə adi düşüncə tərzi bir çox hallarda Rusiya cəmiyyəti üçün qaranlıq qalırdı. Tolstoy kilsədən uzaqlaşdırılaraq lənətlənmişdi, dost-tanışları ondan üz döndərmişdilər. Böyük ədib kilsə haqqında yazmışdı: "Mühit istədiyini edir və həyatın mənasının anlaşılması məsələsində kilsəni öz arxasınca aparır. Dünyada xristian dininin təliminə zidd olan həyat tərzi meydana gəlmiş və adamlar da həmin həyat tərzindən qaça bilməmişlər. Nəticədə insanlar bütpərəstlik həyatından da pis həyatda yaşayırlar. Kilsə də həmin həyata nəinki haqq qazandırır, hətta xristianlıq təliminin bundan ibarət olduğunu təsdiq edir. Xahiş edirəm ki, məni Məhəmməd ümməti hesab edəsiniz".

İslam dünya ideologiyasına çevrilməkdədir. Müsəlmanların sayca sürətlə artmasına baxmayaraq, sözün əsl mənasında, bütöv bir cəmiyyət haqqında hələlik danışmaq mümkün deyil. Bir tərəfdən, Əfqanıstanda, Əlcəzairdə radikal islam hökm sürür, digər tərəfdən də, Afrikanın son dərəcə kasıb ölkələri ilə neft monarxiyaları arasında dərin iqtisadi uçurum yaranmışdır. Daxili qarşıdurmanın mövcudluğuna baxmayaraq, islam daxili imkanlarını səfərbər edərək sarsılmaz birlik yarada bilmişdir. Həmin birlik tarixin təkərini öz xeyrinə fırladaraq islam dinini bütün dünyada vahid ideologiya kimi yaya bilir. Müsəlmanlar dünyanın hansı məkanında yaşamalarından asılı olmayaraq, müasir cəmiyyətin bərabərhüquqlu üzvlərinə çevrildikdən sonra da müsəlmançılıqlarını qoruyub saxlaya bilirlər. Ona görə ki, həmişə islamın təsirini hiss edirlər, islam onların dayağına çevrilir. Hamı özünü sarsılmaz birliyin üzvü hesab edir.

Müsəlmanların sayca artımının bir amili də onların doğum faizinin yüksək olmasıdır. Sosioloqların apardıqları tədqiqatlar müsəlmanların sayının 2025-ci ilədək iki dəfə artacağını göstərir.

Avropanın islam qərargahına çevriləcəyi də istisna edilmir. 15 milyon mühacir-müsəlmana islamı qəbul etmiş yüz minlərlə avropalı da əlavə edilsə, inamla demək olar ki, Avropa müsəlmanların əlində mühüm geosiyasi əraziyə çevrilməkdədir.

Ötən əsrin 70-ci illərində dünyada 500 milyon müsəlman yaşayırdı. Hazırda bu rəqəm 1,5 milyard təşkil edir. Avropanın müsəlman əhalisinin sürətlə artması nəticəsində onlar sayca dünyada ilk dəfədir ki, xristianları üstələmişlər. Planetimizin hər dörd sakinindən biri müsəlmandır. Bu, Məhəmməd peyğəmbərin (s.ə.s.) saf əməllərinin nəticəsində mümkün olmuşdur.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2010.- 18 aprel.- S.  7.