Turizmin yeni ünvanları

 

Əhalinin sosial rifahına xüsusi önəm verən dövlətimiz turizmin inkişafına böyük qayğı və diqqət göstərir. Odur ki, "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" hər yerdə rəğbətlə qarşılanmışdır.

Bu günlərdə Ağstafa rayon Mədəniyyət və Turizm Şöbəsində dövlət proqramı ətraflı müzakirə olundu və onun icrası, yeni-yeni marşrutlarının açılıb istifadəyə verilməsi sahəsində qarşıda duran vəzifələr müəyyən edildi. Mədəniyyət və turizm şöbəsinin müdiri Gülgün Kərimov bölgələrdə sosial həyatın daha da canlandırılması işində dövlət proqramının əhəmiyyətindən və bu sahədə rayondakı vəziyyətdən ətraflı danışdı. Sonra ayrı-ayrı işçilərin, təcrübəli mütəxəssislərin fikirləri dinlənildi. Qeyd olundu ki, rayonun ərazisində iki ədəd dünya, otuz altı ölkə və on dörd yerli əhəmiyyətli tarix, mədəniyyət abidəsi qeydə alınıb. Bundan əlavə, Bakı- Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı doqquz qədim yaşayış məskəni aşkar edilərək siyahıya salınıb. Xüsusən, orta əsrlərin yadigarları olan Həsənsu nekropolu, Qıraq Kəsəmən, Böyük Kəsik, Poylu yaşayış yerləri, Soyuqbulaq kurqanları daha çox maraq doğurur.

Rayonda bu cür qədim tarixi, saf təbiəti ilə diqqəti cəlb edən əsrarəngiz yerlər çoxdur. Kür çayı boyunca uzanan Tuqay meşələri və Qarayazı Dövlət Qoruğu göz oxşayır. 2007-ci il dekabr ayının 9-da isə Prezident İlham Əliyevin sərəncamı ilə "Keşikçidağ" mağaralar kompleksi dövlət tarix-mədəniyyət qoruğu elan edildi. İndi burada geniş quruculuq, təmir, abadlıq işləri görülür.

Rayonda turizmin inkişafı ilə əlaqədar olaraq yolların sahmana salınmasına, ətraf yerlərin abadlaşdırılmasına, abidələrin təmir və bərpasına xüsusi fikir verilir.

Bununla yanaşı, təəssüflə qeyd olundu ki, doxsanıncı illərin gərgin günlərində baxımsızlıq üzündən tarixin bir sıra yadigarları dağılıb məhv olmuşdur. Ağstafa körpüsünün yaxınlığındakı tarixi əhəmiyyətli yerlər həyətyanı torpaq sahələri kimi əhaliyə paylandığına görə, eneolit dövründən qalan birinci Şomu təpə yaşayış yeri tamamilə sıradan çıxmışdır. Kolxələfli kəndindəki kəhriz, Dağkəsəməndəki Balabəyin evi, Düzqışlaqdakı məscid binası, demək olar, dağıdılmışdır. Qıraq Kəsəmən kəndində məşhur İsrafil ağanın evi və on yeddinci əsrin yadigarı olan qüllə, habelə məscid yararsız vəziyyətə düşmüşdür. Kolxələfli, Dağ Kəsəmən, Qarahəsənli və Düzqışlaq kəndlərindəki məscidlərin, Poyludakı türbələr kompleksinin və başqa abidələrin təmirə ciddi ehtiyacı olduğu bildirildi.

Toplantıda "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrası və yaz-yay mövsümünün başlanması ilə əlaqədar görülməsi vacib olan işlərin geniş proqramı hazırlandı. Qərara alındı ki, yaxın günlərdə mövcud marşrutların, yolların, mehmanxanaların, istirahət düşərgələrinin vəziyyəti bir daha nəzərdən keçirilsin və rayon üzrə geniş müzakirə olunsun.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.-  18 aprel.- S.  7.