Azərbaycan Respublikasının
Baş naziri Artur Rasizadə Polşa Respublikasının
Prezidenti Lex Kaçinskinin dəfn mərasimində iştirak
etmişdir
Xəbər verildiyi kimi, aprelin 18-də Polşa Prezidenti Lex Kaçınskinin Krakov şəhərində dəfn mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanı Baş nazir Artur Rasizadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Azərbaycanın Polşadakı səfirliyindən bildirmişlər ki, yerli vaxtla saat 14-də Krakovdakı Müqəddəs Mariya kilsəsində keçirilən dəfn mərasiminə Avropa hava məkanında yaranmış məlum problem üzündən dünyanın bir çox dövlətlərinin rəhbərləri gələ bilməmişlər.
Xatırladaq ki, aprelin 10-da Rusiyanın Smolensk vilayətinin "Severnı" hərbi aerodromunda baş vermiş təyyarə qəzasında faciəli surətdə həlak olmuş Prezident Lex Kaçinskinin, onu müşayiət edən dövlət və hökumət nümayəndələrinin, ictimai-siyasi xadimlərin xatirəsi aprelin 18-də Bakı vaxtı ilə saat 15-də Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükutla yad edilmişdir.
Sükut dəqiqəsində ölkəmizdə insanların və avtomobillərin hərəkəti dayandırılmış, gəmi və qatarlar səs siqnalları vermişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 20
aprel.- S. 2.