Küveyt dövləti
Dağlıq Qarabağ
münaqişəsinin həllində
Azərbaycanın haqlı
mövqeyini müdafiə
edir
Milli Məclis sədrinin müavini Bahar Muradova aprelin 19-da Azərbaycanda səfərdə olan Küveyt parlamentinin qadın deputatları ilə görüşmüşdür.
B.Muradova ölkələrimiz arasındakı əlaqələrin tarixindən danışmış, münasibətlərimizin daha da genişlənməsində dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmişdir. O demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Küveytə səfərindən sonra münasibətlərimiz yeni müstəviyə qədəm qoymuşdur. Bu səfər çərçivəsində imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin inkişafı üçün hüquqi baza yaratmışdır.
Sonra Milli Məclis sədrinin müavini Azərbaycan parlamentinin fəaliyyəti, beynəlxalq əlaqələri, əməkdaşlığı, qanunvericilik bazasının möhkəmləndirilməsi və inkişafı sahəsindəki təcrübəsi barədə ətraflı məlumat vermişdir. Beynəlxalq əməkdaşlığın və qarşılıqlı səfərlərin təkcə parlamentlər arasında deyil, digər sahələrdə də əlaqələrin inkişafına töhfə verdiyini bildirmişdir.
B.Muradova Azərbaycanın inkişafına ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat vermiş, problemin həllində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərə göstərdiyi humanitar yardımlara görə Küveyt dövlətinə və xalqına minnətdarlığını bildirmişdir.
Nümayəndə heyətinin rəhbəri Küveyt dövləti Milli Məclisinin deputatı Məsumə Saleh əl-Mubarək dost Azərbaycana səfərlərindən məmnun qaldıqlarını vurğulamış, apardıqları müzakirələrin ikitərəfli əlaqələrin inkişafına və qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinə yaxşı töhfə verəcəyini qeyd etmişdir. O demişdir ki, təmsil etdiyi ölkə Azərbaycan ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verir.
Digər qonaqlar da çıxış edərək Azərbaycanda
olmaqdan məmnun qaldıqlarını bildirmiş,
ölkəmizdə gedən
quruculuq işlərindən
razılıqla danışmışlar.
Bildirilmişdir ki, təcavüzə məruz
qalmış Küveyt
xalqı azərbaycanlı
qardaşlarının problemini
başa düşür
və Dağlıq Qarabağ münaqişəsinin
həllində Azərbaycanın
mövqeyini dəstəkləyirlər.
Azərbaycan.- 2010.- 20 aprel.- S. 2.