İnsan hüquqlarının müdafiəsində qadınların rolunun artması və gender bərabərliyinin təmin edilməsi hər bir ölkədə güclü inkişafa səbəb olur

 

İnsan hüquqları, gender bərabərliyi, beynəlxalq əməkdaşlıq və digər məsələlərə dair məlumat mübadiləsi Küveyt ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafına olduqca müsbət təsir göstərə bilər.

Bu sözlər Küveyt dövləti Milli Məclisinin ölkəmizdə səfərdə olan qadın deputatlarının Azərbaycan Milli Məclisinin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə görüşündə səslənmişdir.

R.Aslanova ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması sahələrində görülmüş işlər, qadın və uşaqlara göstərilən dövlət qayğısı, rəhbərlik etdiyi komitənin bu sahədəki rolu, qanun yaradıcılığı istiqamətində fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir.

Küveyt nümayəndə heyətinin rəhbəri xanım Məsumə Saleh əl-Mubarək demişdir ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması üçün yaxşı potensial vardır. Küveytli deputatlar bu imkanları yüksək dəyərləndirirlər.

Görüşdə Küveyt və Azərbaycan parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi, digər istiqamətlərdə münasibətlərin genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.

Qeyd olunmuşdur ki, hər bir ölkədə insan hüquqlarının müdafiəsində qadınların rolunun artması, gender bərabərliyinin təmin olunması həmin ölkələrdə güclü inkişafa səbəb olur.

Görüşdə ailə, qadın, uşaq problemləri, regional münaqişələrin insan hüquqlarına vurduğu zərbənin nəticələrinin aradan qaldırılması və bunun üçün birgə fəaliyyət, beynəlxalq təşkilatlarda, xüsusən də, İslam Konfransı Təşkilatı çərçivəsində faydalı əməkdaşlıq və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.-  20 aprel.- S.  2.