Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti Azərbaycanın genişmiqyaslı inkişafına möhkəm zəmin yaradır

 

 Azərbaycanın davamlı inkişafı və mövqelərinin güclənməsi bizə dost münasibət bəsləyənlərlə yanaşı, uğurlarımızı gözü götürməyən siyasi dairələrdə də etiraf edilməkdədir. Amma əgər dostlar nailiyyətlərimizi ən xoş arzu və niyyətlərlə qeyd edirlərsə, bundan narahat olan qüvvələr dövlətimiz barədə bədnam və qərəzli informasiyalar səsləndirirlər. Bu mənada ikili standartların girovuna çevrilmiş bəzi dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqlər metodlarını intensiv işə salmaları Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil siyasət yeritməsinin onlarda yaratdığı qıcıq və narahatlığın təcəssümüdür.

2010-cu il həm də Milli Məclisə seçkilər ilidir. Bu ərəfədə ölkənin siyasi arenasında diqqəti cəlb edən əsas məqamlardan biri də hakim Yeni Azərbaycan Partiyasının seçkiyə kifayət qədər təmkinlə hazırlaşması, müxalifətin isə indidən ənənəvi cığallıqlara start verməsidir.

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovla müsahibəmiz də bu mövzuları əhatə edir.

 

Azərbaycanın müstəqil siyasət yeritməsi müəyyən dövlətlərdə narahatlıq yaradır

 

- Əli müəllim, son vaxtlar beynəlxalq münasibətlər sistemində antiazərbaycançı şəbəkənin fəallığının artması hiss olunmaqdadır. Sizcə, bu fəallığın səbəbi nədir?

- Hər bir dövlətin suverenliyi ilə onun gücü arasında birbaşa asılılıq mövcuddur. İstənilən xalq və onun yaratdığı dövlət siyasi, iqtisadi və digər cəhətlərdən nə qədər möhkəm, qüdrətli olarsa, onun həyata keçirdiyi siyasətin müstəqillik elementləri də o dərəcədə güclü olar. Bu mənada Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Respublikasının son illərdə əhəmiyyətli dərəcədə gücləndiyi dünyada heç kimdə şübhə doğurmur. Son bir neçə ildə Azərbaycan iqtisadi baxımdan xeyli inkişaf edib, xalqımız ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yeni neft strategiyasının bəhrəsini yaşayır. Eyni zamanda, respublikamız dünyanın və Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus rol oynayır. Fərəhli haldır ki, ölkəmizin iqtisadi gücü həm də onun hərbi qüdrətinə transfer edir. Azərbaycan Ordusu ildən-ilə güclənir, özünün döyüş qabiliyyətini artırır. Bunların hamısı Azərbaycanın gücünün ayrı-ayrı elementləridir. Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti Azərbaycanın genişmiqyaslı inkişafına möhkəm zəmin yaradır.

Nazirlər Kabinetinin 2010-cu ilin I rübünün yekunlarına həsr olunmuş iclasında ötən dövr ərzində nailiyyətlərin daha geniş miqyas alması, yüksəlişin davamlı prosesə çevrilməsi konkret faktlarla diqqətə çatdırıldı. Prezident İlham Əliyevin sosial-iqtisadi sahədə qazanılan uğurların müsbət məcrada daha inamla davam edəcəyini söyləməsi isə Azərbaycan vətəndaşlarında iftixar hissi doğurdu.

Artıq Azərbaycan həm əhəmiyyətli dərəcədə güclənib, həm də dünya birliyindəki yerini möhkəmləndirib. Ölkəmizin mövqelərinin güclənməsi onun həyata keçirdiyi siyasətin müstəqillik elementlərinin artmasına və daha da möhkəmlənməsinə gətirib çıxarır. Bu isə, öz növbəsində, Azərbaycanın beynəlxalq siyasi və iqtisadi qurumlardan asılılığını azaldır. İndi respublikamız hər hansı iqtisadi və sosial layihənin həyata keçirilməsində xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan maliyyə vəsaiti istəmir. Yaxud milli maraqlarımıza uyğun olan niyyətlərin həyata keçirilməsi üçün xarici siyasi dairələrdən hansısa digər addımların atılmasını istəmir. Bunların hamısı Azərbaycanın yeritdiyi siyasətin müstəqilliyindən xəbər verir. Ölkəmizdə güclü və etibarlı dayaqlar üzərində qərar tutan iqtidar özünün bütün siyasi qərarlarını xalqın və dövlətin maraqlarından çıxış edərək müəyyənləşdirir.

Prezident İlham Əliyevin müstəqil siyasət yeritməsi, dövlətimizin regional əhəmiyyətli bütün məsələlərdə mövqelərinin güclənməsi Azərbaycanla bağlı olan maraqların reallaşmasını nəzərdə tutan müəyyən dövlətlərdə narahatlıq yaradır. Çünki Azərbaycanın həyata keçirdiyi siyasətin müstəqilliyi ondan kənar maraqların həyata keçirilməsində vasitəçi kimi istifadə etmək istəyənlərin şanslarını heçə endirir. Son zamanlarda bir sıra beynəlxalq güclər tərəfindən respublikamıza qarşı açıq şəkildə müşahidə olunan təzyiqlərin kökündə də məhz bu amil dayanır. Əlbəttə, qeyd etmək istəməzdim ki, bütövlükdə Azərbaycana qarşı hansısa antiazərbaycançı şəbəkə formalaşıb. Bu, olsa-olsa, ölkəmizin tam müstəqil siyasət yeritməsindən yaranan qıcıqla əlaqədar olaraq bir neçə beynəlxalq güc tərəfindən bizə qarşı həyata keçirilən təzyiqlərdir. Bu təzyiqlərin də kökü, qeyd etdiyim kimi, onların Azərbaycanla bağlı olan maraqlarının və yaxud bu bölgədə güddüyü niyyətlərinin formalaşması ilə bağlıdır.

Azərbaycana qarşı olan təzyiqlərin mövcudluğunu və bunun iyrənc mahiyyətini qeyd etməklə yanaşı mən bir məsələyə də xüsusi münasibət bildirmək istəyirəm. Təbii, beynəlxalq münasibətlərdə ayrı-ayrı dövlətlərə qarşı təzyiqlərin edilməsi müxtəlif dövrlərdə müşahidə olunan bir reallıqdır. Amma xüsusilə narahatlıq və ikrah hissi yaradan məsələ ondan ibarətdir ki, beynəlxalq güclər Azərbaycana qarşı təzyiqlər edərkən daxilimizdəki bəzi ünsürlərdən də istifadə edirlər. Xalqımızın daxili birliyinin, monolitliyinin olmasına baxmayaraq, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müxalifət təmsilçiləri arasında özlərinin riyakar ambisiyaları naminə kənardan Azərbaycana qarşı edilən istənilən təzyiqin həyata keçirilməsində köməkçi rolunu öz üzərlərinə məmnuniyyətlə götürən insanlar tapılır. Son vaxtlar aydın şəkildə müşahidə etdiyimiz bu cür təzyiqlərin həyata keçirilməsində Azərbaycanın müxalifət düşərgəsinin nümayəndələrindən istifadə olunması buna bariz nümunədir. İstənilən siyasətçi üçün ən vacib mənəvi meyar öz xalqının və dövlətinin maraqlarına güvənmək və həmin maraqların reallaşması üçün fəaliyyət göstərməkdir. Siyasətçinin həqiqi mənada iflası o zaman başlayır ki, o öz ölkəsində dayaqlarını itirərək, siyasi ambisiyalarını reallaşdırmaq üçün yeganə ümidi xarici dairələrə bağlayır. Azərbaycanda müxalifətin içərisində belə insanların olması yalnız təəssüf hissi doğurur. Onlar heç vaxt Azərbaycana edilən təzyiqlərə kömək etmək niyyətlərini gizlətmir və yetişən məqamlarda da bunu sübut edirlər.

Xarici güclər tərəfindən təzyiqlər əsasən seçkilər dövründə daha intensiv xarakter alır. Biz bunu 2003-cü ilin, 2005-ci ilin seçkiləri ərəfəsində müşahidə etmişik. İndi də 2010-cu ilin parlament seçkiləri yaxınlaşır və yenə də bu təzyiqlərin həyata keçirilməsi üçün Azərbaycanda bəzi daxili ünsürlərdən istifadə etmək niyyətləri özünü açıq şəkildə göstərir. Azərbaycan vətəndaşları bu məqama xüsusi fikir verməli, xüsusən seçkilər ərəfəsində dövlətçiliyimizin və müstəqilliyimizin fundamental dayağı olmuş daxili birliyimizin və sabitliyimizin daha da möhkəmləndirilməsi üçün səylərini artırmalıdırlar.

- Bəs barəsində söhbət açdığınız həmin xarici qüvvələri erməni lobbisi ilə birləşdirən səbəb nədir?

- Dünyada erməni lobbisinin mövcudluğunu inkar etmək mümkün deyil. Bu lobbinin qarşıya qoyduğu hədəflərdən biri də Azərbaycandır. Erməni lobbisinin bir qüvvə kimi çıxış etməsi ilə əlaqədar müxtəlif nöqteyi-nəzərlər, fikirlər mövcud ola bilər. Amma mən, bəlkə də, fərqli bir tezis irəli sürmək istərdim. Düşünürəm ki, "erməni lobbisi" ifadəsi və anlayışı bəzi beynəlxalq güclərin öz siyasətlərinə haqq qazandırmaqdan ötrü ustalıqla və incəliklə istifadə etdikləri bəhanədir. İnanmaq istəmirəm ki, erməni lobbisi böyük dövlətlərin siyasətlərinin müəyyənləşməsinə və həmin siyasətin istiqamətinin dəyişməsinə təsir etmək gücündə olsun. Çox ehtimal ki, həmin qüvvələrin bu və ya digər istiqamətli siyasətinin həyata keçirilməsində erməni lobbisi bir amil, yaxud bəhanə kimi istifadə edilir. Amma bir şey dəqiqdir ki, Azərbaycana qarşı yuxarıda söz açdığım təzyiqlərə bəraət qazandırmaqdan ötrü erməni lobbisi bəhanə olaraq ortaya atılır. Yaxud Türkiyəyə qarşı hansısa formada müxtəlif mərkəzlərdən ünvanlanan təzyiqlərə haqq qazandırmaqdan ötrü yenə də erməni lobbisinə istinad edilir.

Verdiyiniz sual kontekstində cavab olaraq bildirmək istəyirəm ki, bu qüvvələrin həyata keçirdiyi siyasətlə erməni lobbisinin qarşısına qoyduğu hədəflər arasında eyniyyət var. Bu eyniyyət indiki halda təzyiqlərin erməni lobbisinin qarşısına qoyduğu hədəflərə uyğun olaraq Azərbaycana çevrilməsindədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycana qarşı təcavüz edərək torpaqlarımızı işğal etdiyi bir zamanda Amerika Birləşmiş Ştatlarının Konqresi "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qəbul etdi. Bu düzəlişin əsl mahiyyəti Azərbaycana qarşı çevrilib. Azərbaycan bir yandan erməni təcavüzünə məruz qalır, digər yandan isə böyük bir dövlətin qanunverici orqanı tərəfindən respublikamızı hədəfə almış qanun ortaya çıxır. Bu günə qədər həmin düzəliş ləğv edilməyib. Azərbaycan dövləti 907-ci düzəlişin aradan qaldırılmasına nə qədər səy göstərsə də, bunun ləğv edilməsinin çətinliyi bəhanə gətirilir.

Yaxud 2008-ci ilin may ayında Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın işğal olunmuş torpaqlarındakı vəziyyətlə əlaqədar layihə müzakirəyə çıxarılanda heç kimin düşünə bilməyəcəyi mənzərə yaşandı. ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər, - onlar Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması işində vasitəçilik missiyasını öz üzərlərinə götürüblər, - bu qanun layihəsinin əleyhinə səs verdilər. Beləliklə də dünyada vasitəçilik praktikasında tarix boyu misli görünməmiş bir hadisə baş verdi. Vasitəçilər açıq şəkildə münaqişə tərəflərinin birinin, özü də haqsızlığa və ədalətsizliyə yol vermiş tərəfin mövqeyini müdafiə etdilər.

Başqa bir misal. İndi Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasını istəyən bir sıra beynəlxalq güclər Türkiyənin ədalətli bir şərti ilə üzləşiblər. Bu, Türkiyənin Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra Ermənistanla sərhədlərin açılmasına razılıq verməsidir. Normal düşüncəli insan üçün bu, göydəndüşmə fürsətdir. Amma yenə də vasitəçilik missiyasını həyata keçirən dövlətlərin hər üçü bu fürsətdən faydalanmaq əvəzinə ona qarşı çıxır. Beləliklə, yenə də ermənipərəst mövqe, yaxud erməni lobbisinin təsiri özünü göstərir. Bütün bunlar bir-biri ilə daxilən bağlıdır. Bu, vahid siyasətin tərkib hissəsidir ki, ona haqq qazandırmaq üçün erməni lobbisi anlayışından geniş istifadə edilir.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycana qarşı həyata keçirilən təzyiqlərdə yaxından iştirak edən bəzi müxalifət nümayəndələri, əslində, ermənipərəst siyasətin həyata keçirilməsində vasitəçi rolunu oynamış olurlar. Mən bilmirəm onlar bunu dərk edirlər, yoxsa yox. Amma güman etmirəm ki, dərk etməmək səviyyəsindədirlər. Təbii ki, dərk edirlər, amma öz ambisiyalarını həyata keçirməkdən ötrü çox natəmiz oyuna girməkdən utanmırlar. Bunlar arasında daxili əlaqə - Azərbaycana qarşı həyata keçirilən təzyiqlər və bu təzyiqlərin ermənipərəst siyasətin təzahürü və yaxud erməni lobbisinin hədəflərinə uyğun olması tamamilə açıq şəkildə özünü göstərir.

 

Azərbaycanda gedən demokratik prosesləri "təftiş" etmək ölkəmizə yönəlmiş təzyiqlərin tərkib hissəsidir

 

- Bu gün bəzi beynəlxalq təşkilatlar, həmçinin məlum dövlətlərin müvafiq qurumları, KİV-i Azərbaycanla bağlı təftişçi siyasət yürütməyə meyil edirlər. Onların buna nə dərəcədə hüququ var? Bu, əslində, müstəqil dövlətin suveren hüquqlarına kobud müdaxilə deyilmi?

- Xalqların fundamental hüquqları bir-birindən fərqlənmir. Eynilə də millətlərin və xalqların yaratdığı, onların suverenliyinin ifadəsi olan milli dövlətlərin də hüquqları eynidir. Heç bir dövlətin başqa dövlətin və ya xalqın taleyini və müqəddəratını müəyyənləşdirmək səlahiyyəti yoxdur. Heç kim hansısa dövlətə və xalqa başqa bir dövlətin və xalqın müqəddəratını həll etmək hüququ verməyib. Bütün dövlətlər, onları yaratmış millətlər və xalqlar bərabərdirlər. Beynəlxalq hüquq anlayışının kökündə dayanan prinsip və dəyərlər, hər şeydən əvvəl, bundan ibarətdir.

Buna baxmayaraq, bəzi dövlətlər və beynəlxalq güclər öz üzərlərinə belə "səlahiyyətlər" götürüblər. Onlar ayrı-ayrı dövlətlərdə insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayırlar, "insan hüquqlarının carçısı", "demokratiyanın müdafiəçisi" kimi çıxış edirlər. Bəlkə də həmin dövlətlər bu missiyanın yerinə yetirilməsinə qərəzsiz, obyektiv şəkildə xidmət etsəydilər, bunu başa düşmək olardı. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, müşahidələrimiz bu cür cəhdlərin arxasında tamamilə başqa niyyətlərin dayandığını göstərir. Bu, bir dövlətin başqa dövlətə və xalqa ağalıq etmək niyyəti, onun müqəddəratını təyin etmək, bu və ya digər regionlarda öz maraqlarının həyata keçirilməsi üçün bəhanələr və səbəblər əldə etmək istəyidir. Belə olan halda, təbii ki, bu cür cəhdlər və hərəkətlər ümumi əxlaq, siyasət və beynəlxalq münasibətlər normaları çərçivəsindən tamamilə çıxır, başqa bir məzmun kəsb edir.

Hesab edirəm ki, beynəlxalq icma qəti şəkildə bu cür cəhdlərə qarşı çıxmalıdır. Məlum olduğu kimi, ABŞ ayrı-ayrı ölkələrdə insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayır. Amma bir neçə ildir ki, Çin də ABŞ-da insan haqlarının vəziyyəti ilə əlaqədar hesabatlar hazırlamağa başlayıb. Bu hesabatlardan məlum olur ki, bütün dünyada insan haqlarının vəziyyətinə dair sanki nəzarətçi funksiyasını öz üzərinə götürmüş ABŞ-ın özündə vətəndaşların, insanların hüquqlarının qorunması ilə bağlı kifayət qədər ciddi problemlər var. Bu problemləri həll etmədən digər ölkələrdə insan hüquqları sahəsində tədqiqatlar aparmağa böyük vəsaitlər sərf olunmasının mənası əvvəldə dediyimiz niyyətlərlə əlaqədardır. Hesab edirəm ki, beynəlxalq icma ayrı-ayrı güclərin öz üzərlərinə bu cür funksiya götürməsinə qarşı çıxmalıdır. Çünki heç kimin buna mənəvi haqqı yoxdur! Güman edirəm ki, beynəlxalq ictimaiyyət, nəhayət ki, bu həqiqəti dərk edərək ayrı-ayrı ölkələrin insan hüquqları ilə əlaqədar təftişçilik aparmaq cəhdlərinə qarşı çıxacaq. Əks halda hər bir dövlət başqa dövlətlərdə insan hüquqlarının vəziyyəti ilə əlaqədar hesabatlar hazırlaya bilər. Onda, təbii ki, suallar ortaya çıxacaq: harada insan haqları daha çox qorunur, harada daha az qorunur? Bu baxımdan bir daha vurğulamaq istərdim ki, Azərbaycandakı demokratik prosesləri "təftiş" etmək ölkəmizə yönəlmiş təzyiqlərin tərkib hissəsidir.

İnsanların fundamental hüquqlarından biri yaşamaq hüququdur. Ayrı-ayrı ölkələrdə insan hüquqlarının qorunması ilə əlaqədar hesabat hazırlayan bəzi beynəlxalq güclər öz silahlı qüvvələrindən istifadə edərək yüzlərlə, minlərlə yox, on minlərlə, bəzi hallarda yüz minlərlə insanın həyatına qəsd edirlər. Onları yaşamaq hüququndan məhrum edirlər. İnsanları yaşamaq hüququndan məhrum edən bir dövlətin hər hansı ölkədə insan hüquqlarının qorunması ilə əlaqədar hesabat hazırlamağa mənəvi haqqı varmı? Bu suala səmimi və düzgün cavab versək, çox qətiyyətlə "yoxdur" deyilməlidir! Həqiqətən bu belədir. Həm insanı öldürmək, həm də insan haqlarını qorumaq çağırışları mənəviyyat və əxlaq normaları ilə daban-dabana ziddir! Yəqin ki, beynəlxalq icma bunun nə dərəcədə çirkin siyasət və niyyət olduğunu nəinki dərk edir, həm də onun qarşısını almaqdan ötrü yeni formada birləşməyin yollarını axtarır.

- Əli müəllim, Sizcə, bəzi dövlətləri və təşkilatları ikili standartlardan çıxış etməyə vadar edən nədir?

- Azərbaycan ikili standartlar oyununun obyektinə çevrilmiş ölkələrdən biridir. Respublikamıza qarşı ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində başlayan təcavüzün nəticələrini dünyada bilməyən yoxdur. Xüsusilə də beynəlxalq güclər və təşkilatlar bu mənzərəni aydın bilirlər. 20 ilə yaxındır ki, Azərbaycanın 20 faizə yaxın torpaqları işğal olunub, bir milyona yaxın azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və məhrumiyyətlər içərisində yaşayırlar. Amma bu günə qədər beynəlxalq güclər bu problemin həll olunması, təcavüzün aradan qaldırılması, Azərbaycanın və Azərbaycan xalqının qanuni hüquqlarının qorunması və bərpası üçün qəti addım atmayıblar. Nə Minsk qrupu və onun həmsədrləri münaqişənin ağır nəticələrinin aradan qaldırılması üçün qətiyyətli söz deyirlər, nə də demokratiya və insan haqları uğrunda guya mübarizə aparan subyektlər kimi özlərini təqdim etməyə çalışan beynəlxalq güclər bu ədalətsizliyə son qoyulmasına öz töhfələrini verirlər. Baxmayaraq ki, beynəlxalq təşkilatlar insan hüquqlarından danışarkən ilk növbədə bir sıra hüquqlardan məhrum olmuş məcburi köçkünlərin və qaçqınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atmalıdırlar. Amma biz bunların şahidi ola bilməmişik. Çünki onların ikili standartlardan çıxış etməsi buna imkan verməyib. İkili standartlar isə, qeyd etdiyim kimi, bu və digər beynəlxalq güclərin maraqlarının həyata keçirilməsi ilə əlaqədar ortaya qoyulmuş siyasətin reallaşmasına xidmət edir.

Təsəvvür edin, yüz il bundan əvvəl uydurulmuş erməni soyqırımı indi bir sıra dövlətlər tərəfindən Türkiyəyə qarşı və Türkiyə vasitəsilə həm də Azərbaycana qarşı təzyiq kimi istifadə edilir. Uydurma soyqırımı indiyə qədər çox intensiv şəkildə istismar olunub. İndi Azərbaycan və Türkiyə iqtisadi cəhətdən güclənib regionda qüdrətli və əhəmiyyətli dövlətlərə çevrildikləri zaman bu ölkələrə təzyiq etmək üçün qondarma soyqırımı iddiaları yenidən ortaya atılır. ABŞ Konqresinin Xarici əlaqələr komitəsində, bir neçə Avropa ölkəsinin qanunverici orqanlarında müvafiq qətnamələrin qəbul olunması yalnız və yalnız buna xidmət edir. Halbuki "erməni soyqırımı" ilə bağlı ortaya tutarlı tarixi fakt və sübut qoyulmur. Amma cəmi 18 il əvvəl bütün dünyanın gözü qarşısında baş verən Xocalı faciəsi ilə əlaqədar beynəlxalq icma indiyə qədər özündə təpər tapıb təsirli söz deyə bilməyib. Faktlara, Azərbaycan vətəndaşlarına qarşı soyqırımına, barbarlığa baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsinin soyqırımı, insanlığa qarşı çevrilmiş ağır cinayət kimi qəbul olunması baş verməyib. Bunun özü də ikili standartların açıq şəkildə tətbiq edilməsindən xəbər verir. Təəssüf hissi ilə bir daha qeyd etmək istəyirəm ki, ikili standartların obyektlərindən biri Azərbaycan, biri də Türkiyədir.

Bu gün dünya dəyişir. Baxmayaraq ki, dünyanın dəyişməsi prosesi intensivlik baxımından bizim istək və arzularımıza uyğun deyil. Biz bunun daha sürətli olmasını arzulayardıq. Amma hər halda dünya dəyişir. Düzdür, vaxtilə dünyanın taleyini həll edən qüvvələr, haqqında danışdığımız beynəlxalq güclər indi də bu cür niyyətlərini bir sıra hallarda reallaşdırmaq imkanı əldə edirlər və yaxud buna cəhdlər göstərirlər. Amma indi vəziyyət yüz il, altmış il, yetmiş il bundan əvvəlki mənzərədən fərqlənir. Bu mənzərə başqa istiqamətdə dəyişməkdədir. İnanmaq istərdim ki, bu dəyişiklik bir sıra beynəlxalq güclər tərəfindən əsas prinsip olaraq götürülmüş ikili standartlar taktikasına son qoyacaqdır.

 

Əgər ölkəmiz öz hüquqlarını bərpa etməkdən ötrü gücə istinad etsə, bunun müsbət nəticələri heç kimdə şübhə doğurmamalıdır

 

- Reallıq sübut edir ki, müasir dünyamızda hüquq güc deyil, güc hüquqdur. Bu reallıq Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hansı addımı atmağa sövq edir?

- Əlbəttə, hüququn kökündə güc dayanır. Amma hüquq gücdən ibarət olmamalıdır. Hüquq eyni zamanda sivil dəyərlərə, prinsiplərə söykənməlidir. Amma bugünkü beynəlxalq münasibətlər sistemində hüquq sivil dəyərlər və prinsiplər sistemindən daha çox güc kimi qavranılır və tətbiq olunur. Elə ona görə də ayrı-ayrı beynəlxalq güclər bu reallıqdan istifadə edərək özlərinin dövlət və milli maraqlarını həyata keçirməkdən ötrü beynəlxalq münasibətlərin kökündə dayanmalı olan prinsiplərə istinad etmək əvəzinə malik olduqları güclərə önəm verirlər. Əgər beynəlxalq hüquqdan güc hüququ kimi istifadə edilməsi ənənəsi olmasaydı, yəqin ki, bu hallar da baş verməzdi.

Reallıq ondan ibarətdir ki, hüququ qorumaq üçün gücə sahib olmaq lazımdır. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının güclənməsi həm də onun kompleks şəkildə gücünün artmasına gətirib çıxarır. Azərbaycanın iqtisadi gücü həm də onun hərbi qüdrətinə transfer edir. Bu gün respublikamız özünün hüquqlarını qorumaqdan ötrü lazım olan bütün parametrlərə sahibdir. Güclü iqtisadiyyata və qüdrətli, nizami orduya sahib olması bir dövlət olaraq Azərbaycanın öz hüquqlarını qoruya bilməsi üçün etibarlı təminatlar yaradır.

Bu kontekstdən yanaşdıqda qətiyyətlə deyə bilərik ki, Azərbaycan işğal altındakı ərazilərinin azad edilməsi üçün lazımi daxili potensiala və gücə sahibdir. Əgər ölkəmiz öz hüquqlarını müdafiə və bərpa etməkdən ötrü gücə istinad etsə, bunun müsbət nəticələri heç kimdə şübhə doğurmamalıdır. Onu da xüsusi vurğulamaq istərdim ki, Azərbaycan suveren dövlət olaraq özünün bütün hüquqlarını, o cümlədən pozulmuş hüquqlarını bərpa etmək səlahiyyətlərinə malikdir. Təbii ki, münaqişənin nizama salınması üçün bu gün məqbul hesab olunan danışıqlar prosesi müsbət nəticə vermədikdə, Azərbaycan bu hüququndan istifadə edəcək. Eyni zamanda onu da qeyd etməyi lazım bilirəm ki, ikili standartlar dediyimiz anlayışa burada da rast gəlirik.

Azərbaycanın münaqişənin nizama salınması üçün danışıqlar prosesinə tərəfdar olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, bu günə qədər sülh danışıqları bizim gözlədiyimiz müsbət nəticəyə gətirib çıxarmayıb. Azərbaycanın torpaqları işğaldan azad edilməyib. Münaqişənin nizama salınması missiyasını üzərinə götürmüş həmsədrlər də vəziyyətin tez zamanda dəyişdirilməsi və ədalətli nəticənin əldə olunması üçün ciddi və təsirli addımlar atmırlar. Əslində, bu addımların nə zaman atılacağı da bilinmir. Bütün bunların hamısı Azərbaycanın pozulmuş hüquqlarının bərpa olunması üçün respublikamızın malik olduğu gücdən istifadə etməsini həm şərtləndirir, həm də qaçılmaz edir.

Azərbaycan danışıqlar prosesi müsbət nəticə verməsə, öz potensialı hesabına pozulmuş hüququnu bərpa etmək niyyətini açıq şəkildə ifadə edəndə yenə də beynəlxalq güclər ikili standartlar mövqeyinə istinad edərək respublikamızı bu yoldan çəkindirməyə çalışırlar. Nəticədə çox qəribə bir vəziyyət yaranır. Dinc yolla, danışıqlar masası ətrafında qan tökülmədən münaqişənin nizama salınması mümkün olmur. Ona görə ki, Ermənistan münaqişənin nizama salınması prosesində qeyri-konstruktiv mövqe tutur, işğal olunmuş Azərbaycan ərazilərini boşaltmır, beynəlxalq güclər və onların təmsilçisi olan Minsk qrupunun həmsədrləri Ermənistana təzyiqlər göstərib onu Azərbaycanın işğal edilmiş torpaqlarını azad etməyə məcbur etmirlər. Azərbaycan isə öz gücünə bu ədalətsizliyi və haqsızlığı aradan qaldırmaq haqqında bəyanatlar səsləndirdikdə, beynəlxalq güclər respublikamızı qınayırlar ki, münaqişənin nəticələrinin aradan qaldırılması üçün güc tətbiq edilməsi yolverilməzdir. Bu, haqsızlığın və ədalətsizliyin çox iyrənc formada ifadəsindən başqa bir şey deyil! Bu həm də beynəlxalq güclərin natəmiz oyununun ifadəsi və nəticəsidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu məsələyə toxunaraq çox düzgün qeyd edib ki, Azərbaycan ictimaiyyəti torpaqlarımızın işğalına göz yumulmasını, işğalçı dövləti çətin, ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün min bir səy göstərilməsini qəbul edə bilməz. "Nə üçün işğalçı ölkəyə təzyiqlər göstərilmir?! Nə üçün Azərbaycan bugünkü danışıqlarda, demək olar ki, ən böyük konstruktivlik nümayiş etdirir, Ermənistan danışıqları pozur?! Ermənistanı bu ağır vəziyyətdən çıxarmaq cəhdlərini biz görürük", - deyə dövlətimizin başçısı bildirmişdir.

Bunlara baxmayaraq, müasir dünyada çox şey gücə tabe olduğundan Azərbaycanın gücünün artması münaqişənin nizama salınmasında ən vacib arqumentlərdən biridir. Azərbaycanın son illərdə iqtisadiyyatının güclənməsi, bunun da nəticəsində hərbi qüdrətinin artması danışıqlar prosesinə bir yandan əhəmiyyətli intensivlik gətirib, ikinci yandan bu prosesdə ölkəmizin mövqeyinin möhkəmlənməsinə gətirib çıxarıb. Beləliklə, yenə də güc amili, sözün yaxşı mənasında, münaqişənin nizama salınmasında əhəmiyyətli arqument kimi çıxış edir. Biz bundan sonra da Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın bütün parametrlər üzrə gücünün artmasını müşahidə edəcəyik. İnanıram ki, bu proses həm də ikinci bir prosesə - torpaqlarımızın işğaldan azad edilməsinə əhəmiyyətli təsir göstərəcək.

- Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan müzakirələr barədə nə deyə bilərsiniz, ümumiyyətlə, bu müzakirələrdə Azərbaycanın maraqları, Sizcə, necə təmin olunur?

- Bayaq mən buna ötəri toxundum, yenə də onu qeyd etmək istəyirəm ki, bütövlükdə Ermənistanla Türkiyə arasında son zamanlar aparılan danışıqlar prosesi mahiyyət etibarilə işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması üçün əhəmiyyətli şans yaradır. Çünki Ermənistanla Türkiyə arasında sərhədlər Ermənistanın işğalçılıq siyasətinə Türkiyənin etirazı kimi bağlanıb. İndi də Türkiyə tam haqlı olaraq Ermənistanla sərhədlərin açılmasını arzu edən Qərb dövlətlərinə və ABŞ-a Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması şərti daxilində bunun mümkünlüyünu açıq şəkildə bildirib. Bu, çox ədalətli yanaşmadır. Çünki nəticə etibarilə bir yandan Qafqaz bölgəsində böyük bir ədalətsizlik, Azərbaycana qarşı edilmiş təcavüz aradan qaldırılar, ikinci bir tərəfdən isə, Ermənistanla Türkiyə arasında yaxınlaşmanın tərəfdarlarının qeyd etdiyi kimi, sərhədlərin açılması Cənubi Qafqazda və regionda əməkdaşlıq üçün imkanlar yaradar.

Türkiyə rəhbərliyinin sərhədlərin açılmasına dair açıq şəkildə verdiyi mesajlar və nümayiş etdirdiyi mövqe Azərbaycanın maraqlarının qorunmasına, ən əsası, bütövlükdə ədalətin və haqqın qorunması kimi ümumbəşəri dəyərlərə xidmət edir. Söhbət Azərbaycan torpaqlarının azad olunması ilə yanaşı, həm də bütövlükdə işğalçılığa, təcavüzə son qoyulmasından gedir. Əmin-amanlıq, əməkdaşlıq mövqeyində dayanan bütün dövlətlər üçün belə bir yanaşma məqbuldur. Bunu müdafiə etməmək, buna qarşı əks mövqenin, alternativ yanaşmanın ortaya qoyulması qeyri-mümkündür. Bütün bunlara baxmayaraq, yenə də biz Ermənistanı müdafiə edən dövlətlər tərəfindən tamamilə başqa bir mövqeni müşahidə edirik. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında dediyi kimi, heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?! Bu, açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir! Azərbaycan dövləti öz siyasətində adekvat addımlar atır və atacaqdır.

İnanırıq ki, Türkiyə müəyyənləşdirdiyi düzgün yolla axıra qədər inamla gedəcək, haqsızlığa qarşı özünün əhəmiyyətli töhfəsini verəcək və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasına ciddi dəstəyini bundan sonra da nümayiş etdirəcək.

 

YAP parlament seçkilərində daha böyük uğur qazanacaq

 

- Qarşıdan gələn parlament seçkiləri ilə bağlı YAP-ın hazırlığında nə kimi yeniliklər var, hansı hədəflər müəyyən olunub?

- 2010-cu ilin parlament seçkiləri ilə əlaqədar bir sıra yeniliklər qaçılmazdır. Yeni şəraitin müəyyənləşdirdiyi vəzifələr bu seçkini, təbii ki, əvvəlki seçkilərdən fərqləndirəcək. Yeni Azərbaycan Partiyası olaraq biz artıq seçkiyə hazırlaşmağa başlamışıq. Hazırda seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün resurslarımızın dəyərləndirilməsi işi ilə məşğuluq. YAP-ın malik olduğu resurslar ciddi şəkildə təhlil edilir, onlardan necə səmərəli istifadə olunması ilə bağlı müvafiq düşüncələr ortaya qoyulur. Eyni zamanda, ayrı-ayrı dairələr səviyyəsində seçki şanslarımız nəzərdən keçirilir. Bütün bunların nəticəsində YAP-ın parlament seçkiləri ilə bağlı konsepsiyası hazırlanacaq ki, orada bizim seçki taktikamızın hansı dəyərlərə və prinsipərə söykənməsi öz cavabını tapacaq.

Bu gün YAP-ın böyük insani, təşkilati, ideoloji resursları var. YAP öz sıralarında 500 min insanı birləşdirir. Bu vətəndaşların hər biri seçicidir və eyni zamanda, partiyamızın seçki kampaniyasının aparılmasında, namizədlərimizin təşviqatının həyata keçirilməsində yaxından iştirak edirlər. YAP üzvləri həm də cəmiyyətdə hörmət sahibidirlər. Beləliklə, YAP-ın 500 min nəfər üzvü partiyamızın seçki təşviqatçısı rolunda özlərindən sayca çox insan tərəfindən YAP-ın irəli sürdüyü namizədlərin dəstəklənməsinə səbəb ola biləcək bir işin öhdəsindən gəlmək iqtidarındadır. Bu, bizim böyük potensialımız və resursumuzdur.

Bizim digər resursumuz, təbii olaraq, təşkilati baxımdan imkanlarımızın genişliyidir. YAP-ın Azərbaycanın bütün regionlarında yerli strukturları var və onlar səmərəli fəaliyyət göstərirlər. Bu gün yerli strukturlar seçki kampaniyamızın uğurla həyata keçirilməsi üçün bir sıra vacib işlərlə məşğuldurlar. Bu resursdan da biz səmərəli istifadə edəcəyik.

YAP-ın cəmiyyətdə insanların inandığı bir siyasi təşkilat olması isə bizim ideoloji resursumuzdur. İctimai fəallığımız, insanların maraqlarına uyğun şəkildə fəaliyyət göstərməyimiz və bu fəaliyyətin nəticəsinin vətəndaşlar tərəfindən müsbət qiymətləndirilməsi YAP-a inamı şərtləndirən, eləcə də seçkidə uğurumuzu təmin edən əsas amillərdən biridir.

Bütün bunlarla yanaşı, son dərəcə mühüm və həlledici əhəmiyyət kəsb edən bir resursu xüsusi qeyd etmək istəyirəm. YAP-ın bütövlükdə seçki taktikası, müəyyənləşdirəcəyimiz seçki kampaniyası məhz bu resursa söykənir. Bu, Azərbaycan Prezidenti, YAP sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin insanlarımız tərəfindən birmənalı şəkildə dəstəklənməsi və bu siyasət nəticəsində əldə olunan uğurların yüksək qiymətləndirilməsidir. Azərbaycanın qısa zaman çərçivəsində dəyişməsi, regionların inkişafı, insanların rifahının yaxşılaşması, respublikamızın dünyada mövqelərinin möhkəmlənməsi və s. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarıdır. Vətəndaşlar bununla qürur duyur və buna görə də Prezident İlham Əliyevin siyasətini dəstəkləyirlər. Cənab İlham Əliyevin nüfuzu, cəmiyyətdəki hörmət və ehtiramı, həyata keçirdiyi siyasətin dəstəklənməsi onun rəhbərlik etdiyi partiyanın qarşıdan gələn parlament seçkilərində ən əhəmiyyətli resursudur. Çünki bu hörmət, bu nüfuz nəticə etibarilə onun partiyasının dəstəklənməsinə birbaşa təsirini göstərir və YAP-ın seçki kampaniyasında ən əhəmiyyətli resurs kimi çıxış edir.

Yuxarıda qeyd etdiyim resursların üzərinə YAP-ın böyük seçki təcrübəsini, partiya üzvlərinin fədakarlığını gəlməklə biz qarşıdan gələn parlament seçkilərində uğur qazanacağımıza ciddi şəkildə inanırıq.

Hər bir seçkidə istənilən siyasi təşkilatın qarşısında duran başlıca hədəf uğur qazanmaqdır. Bu gün YAP parlamentdə 64 deputatla təmsil olunur. Bu da Azərbaycan parlamentinin yarısından bir az çoxunu təşkil edir. Bizim növbəti parlament seçkisində qarşımıza qoyduğumuz minimum məqsəd bu göstəricini daha da yaxşılaşdırmaqdan ibarətdir. 2005-ci ildən 2010-cu ilə qədər Azərbaycanın iqtisadi və sosial vəziyyətindəki dəyişikliklərə uyğun olaraq YAP-ın daha böyük uğur qazanmağa həm mənəvi haqqı, həm böyük xalq etimadı, həm də əsaslı siyasi imkanları var.

Seçkinin taleyini bayaq sadaladığım resurslar və amillərlə yanaşı, təbii ki, uğurlu namizədin müəyyənləşdirilib irəli sürülməsi həll edir. Seçicilər də kimə səs vermələrinin fərqindədirlər. Bunu biz aydın şəkildə dərk edirik. YAP-ın irəli sürəcəyi namizədlərin müəyyənləşdirilməsi ilə bağlı başlıca prinsiplərindən biri həmin insanların parlamentdə partiyanı layiqincə təmsil etmək parametrlərinə malik olmasıdır. Bununla yanaşı, həmin namizədlərin irəliyə sürüləcək dairədən seçilmə şansı da yüksək olmalıdır. Yəni, o şəxs kifayət qədər hörmət və nüfuz sahibi olmalıdır ki, YAP tərəfindən məsləhət görülən dairədə seçicilər tərəfindən dəstəklənə bilsin. Bu iki başlıca fundamental prinsipdən çıxış edərək biz öz namizədlərimizi müəyyənləşdirəcəyik. YAP-ın böyük potensiala və resurslara malik olması bizdə belə bir arxayınlıq yarada bilməz ki, istədiyimiz namizədi irəli sürək. Biz həmin resurslara malik olmaqla yanaşı, ciddi araşdırmalar nəticəsində konkret dairələrdən elə namizədlərin irəli sürülməsinə çalışacağıq ki, o, hörmət və nüfuz sahibi olsun və dairənin seçiciləri tərəfindən dəstəklənsin. Ümumiyyətlə isə, xalqın iqtidara bəslədiyi böyük etimad YAP-ın qarşıdakı parlament seçkilərində növbəti zəfərini təmin edəcək.

- Müxalifət cəbhəsində seçki ilə bağlı gedən prosesləri necə qiymətləndirirsiniz?

- İnanıram ki, qarşıdan gələn parlament seçkilərində çox sağlam və şəffaf rəqabət gedəcək. Həm də inanıram ki, bu rəqabət mübarizəsində biz qalib gələcəyik. Müxalifətin daxili problemlərinə və bu problemlər kontekstindən qarşıdan gələn parlament seçkiləri ilə bağlı şansına gəldikdə isə, YAP-ın durumu ilə müxalifətin vəziyyətinin müqayisəsi göstərir ki, YAP cəmiyyətdə kifayət qədər güclü və müqayisəolunmaz siyasi təşkilat olaraq qəbul edilir. Bunu etiraf etməmək qeyri-mümkündür. Müxalifətin həm gücü, həm resursları YAP-ın potensialı ilə müqayisəyə gəlməz. Digər tərəfdən, müxalifət cəbhəsindəki didişmələr, dağınıqlıq, öz aralarındakı barışmazlıq onların onsuz da az olan potensialını bir az da parçalayır və azaldır. Hesab edirəm ki, müxalifət bu gün, həmişə olduğu kimi, seçkilərə hazırlaşmaqdan daha çox seçkilərə hazırlıqla bağlı danışmaqla məşğuldur. Müxtəlif bəyanatlar, müsahibələr verməklə, əsası olmayan böyük-böyük iddialar ortaya qoymaqla seçkilərə hazırlaşmaq olmaz. Digər tərəfdən, ənənəvi olaraq müxalifət yenə də qarşıdan gələn parlament seçkilərində ciddi səhvə yol verməkdədir. Bu da onların onsuz da az olan enerjisinin seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı çağırışlara xərclənməsidir. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycanda ədalətli, şəffaf, demokratik seçki keçirilməsinə əsas yaradan seçki qanunvericiliyi mövcuddur. Mövcud Seçki Məcəlləsi əsasında Azərbaycanda 2000-ci ildən bu yana müxtəlif seçkilər keçirilib. Beləliklə, Azərbaycanın seçki qanunvericiliyi praktikada sınaqdan keçib. Buna hər hansı irad tutmaq və onun dəyişdirilməsini qarşıdan gələn parlament seçkilərinin ədalətli keçirilməsi üçün şərt hesab etmək ciddi arqumentlərə söykənmir. Bəzi hallarda belə təəssürat yaranır ki, müxalifət özünün zəifliyini və gücsüzlüyünü Azərbaycanda seçki qanunvericiliyinin üzərinə yıxmaq istəyir. Bununla da seçkiönü özünün zəifliyini ört-basdır etməyə çalışır. Bütün bunlar Azərbaycan müxalifəti tərəfindən aparılan natəmiz oyunun bariz ifadəsidir. Azərbaycanda insan haqları, seçki qanunvericiliyi ilə əlaqədar bir yandan müvafiq qanunvericilik aktları mövcuddur. Digər yandan praktikada onların reallaşdırılması üçün lazım olan şərait var. Bütün bunların daxilində seçki zamanı uğur qazanmamaq yalnız bir reallıqdan xəbər verir. Bu da Azərbaycan vətəndaşlarının müxalifətin təmsilçilərinə etibar etməməsi və onlara səs verməməsidir. Bundan savayı Azərbaycan müxalifətinin hər hansı problemi yoxdur.

Bir sıra hallarda müxalifət seçki kampaniyasında ümumiyyətlə iştirak etmir. Belə olanda qəribə bir mənzərə ortaya çıxır, onlar, sanki, seçkidə iştirak etmədən qalib gəlmək istəyirlər. Seçkidə iştirak etmədən seçkinin qalibi olmaq mümkün deyil!

Digər tərəfdən, seçkidə bu və ya digər partiyanın qalib gəlməməsi seçki qanunvericiliyini və seçki praktikasını tənqid etmək üçün əsas vermir. Seçki qanunvericiliyi Azərbaycanda bir partiya üçün deyil, hamı üçün eynidir. Seçki qanunvericiliyinin YAP və müxalifət üçün fərqli şərtləri və tələbləri yoxdur. Bir Seçki Məcəlləsi var və onun müddəaları bütün siyasi təşkilatlara eyni dərəcədə şamil edilir. Demək, müxalifət partiyalarının uğur qazanmamasının səbəbləri seçki qanunvericiliyində deyil. Bunun səbəbi, qeyd etdiyim kimi, Azərbaycan vətəndaşlarının müxalifətə və onu təmsil edən insanlara inamının olmamasıdır. Bu gün müxalifət nümayəndələrinin öz enerjilərini beynəlxalq təşkilatlar qarşısında Azərbaycanı xoşa gəlməyən mənzərədə təqdim etməyə işlətmələri onlara həm başucalığı gətirmir, həm də onsuz da itirilmiş nüfuzuna bir daha zərbə vurur. Çünki Azərbaycanın beynəlxalq qurumlar yanında əsassız olaraq, yalnız qərəzli müxalifət təqdimatında pislənməsi bütövlükdə hər bir Azərbaycan vətəndaşının qüruruna toxunan bir məsələdir. Həm də elə buna görə qarşıdan gələn parlament seçkilərində müxalifətlə YAP-ın sərbəst, açıq, şəffaf, demokratik seçki bəhsləşməsi Azərbaycan vətəndaşlarının YAP-ı və onun irəli sürdüyü namizədləri dəstəkləməsi ilə nəticələnəcək.

 

 

Müsahibəni yazdı:   Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.-  20 aprel.- S.  3, 4.