AŞ PA Azərbaycanda demokratikləşmə prosesini yüksək qiymətləndirir

 

2001-ci ilin yanvarından nüfuzlu beynəlxalq təşkilat kimi tanınan Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan Respublikası ötən 9 ildən artıq bir müddətdə inteqrasiya yolu seçdiyi Avratlantik məkanın dəyərlərini qiymətləndirdiyini sübuta yetirib. Amma daha önəmlisi odur ki, respublikamız xarici siyasətdə qarşıya qoyduğu əsas prioritetlərdən birini uğurla gerçəkləşdirməklə ilk növbədə öz milli maraqlarının təmini, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı əsl həqiqətlərin dünyaya çatdırılması istiqamətində çox mötəbər tribuna əldə etdi.

 

AŞ o təşkilatlardandır ki, respublikamız burada qısa müddətdə özünü təsdiqləyə bilib və Azərbaycan diplomatiyasının uğuru sayılan sənədlərin, xüsusən Ermənistanın işğalçılıq siyasətini pisləyən ayrıca qətnamənin qəbuluna nail olub. Digər tərəfdən AŞ nüfuzlu təşkilat olduğundan onun dünya proseslərinə təsiri, imkanları çox böyükdür. Avropanın aparıcı dövlətləri də bunu yaxşı bildiklərindən təşkilatın səmərəli idarə edilməsinə çox həssaslıqla yanaşırlar. Buna görə də onun rəhbər orqanlarına kimlərin və hansı dövlət nümayəndələrinin seçilməsi çox böyük əhəmiyyət kəsb edir. Bu mənada 2003-cü ilin yanvar ayının 27-də cənab İlham Əliyevin AŞ-nin Parlament Assambleyasının sədr müavini və Büro üzvü seçilməsi Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri kimi yadda qalıb. Bir türk dövlətinin təmsilçisi kimi mötəbər Avropa təşkilatında rəhbər vəzifədə fəaliyyətə başlayan cənab İlham Əliyevin ilk addımlarından biri Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin beynəlxalq aləmə çatdırılmasından ibarət oldu. Cənab İlham Əliyev AŞ PA-nın 2003-cü il yaz sessiyasında Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycana aid çoxlu sayda mədəniyyət abidələrinin dağıdılması haqqında faktlara toxunaraq bununla bağlı sənəddə əksini tapmış statistik göstəricilərin real həyat həqiqətlərinə əsaslandığını inandırıcı dəlillərlə sübut etdi. Nəticədə erməni deputatlarının işğal faktının sənəddən çıxarılması ilə bağlı təklifi rədd olundu. Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütməsi faktı qəti şəkildə pislənildi və bunun bütün beynəlxalq hüquq normalarına zidd olduğu bəyan edildi.

Həmin dövrdə Azərbaycanın digər beynəlxalq qurumlara nisbətən daha çox AŞ-da uğur qazanması da məhz İlham Əliyevin yüksək nüfuzu və Azərbaycan parlament nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdəki fəaliyyəti ilə bağlıdır. Nümayəndə heyətinin başçısı olduğu dövr ərzində cənab İlham Əliyevin timsalında bir ölkənin nümayəndəsinin AŞ sistemi çərçivəsində qazandığı uğurları istənilən avropalı siyasətçi arzu edə bilər. Qısa müddətdə İlham Əliyev özünü müasir dünya problemlərini bilən və onların həllinə dair real və konkret təkliflər verən strateq kimi tanıda bildi.

Qeyd etdiyimiz kimi, dünyanın siyasi səhnəsində öz yeri və çəkisi olan Avropa dövlətləri AŞ-nin rəhbər orqanlarına nümayəndələrinin seçilməsinə böyük həssaslıqla yanaşırlar. Bu mənada bəzi Avropa dövlətlərinin indiyədək siyasi qısqanclıqla yanaşdıqları dost və qardaş Türkiyə Respublikasının AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun AŞ PA-nın sədri seçilməsi cənab İlham Əliyevin 2003-cü ildə bu qurumun sədr müavini və Büro üzvü vəzifələrinə seçilməsindən sonra bütün türk dünyasının növbəti siyasi uğuru kimi qiymətləndirilə bilər. Cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və Büro üzvü vəzifələrinə seçilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində böyük uğuru və qloballaşan dünyaya inteqrasiyası istiqamətində atılan yeni addım idisə, Mövlud Çavuşoğlunun AŞ PA-nın sədri seçilməsi hazırda öz fəaliyyətlərini aktivləşdirən antitürk və antiazərbaycançı dairələr üzərində qardaş Türkiyə diplomatiyasının parlaq qələbəsidir. Əlbəttə ki, bu qələbədə Azərbaycan diplomatiyasının da dəstəyi az rol oynamır.

Mövlud Çavuşoğlu AŞ PA-dakı fəaliyyəti illərində respublikamızın milli maraqlarına xidmət edən məsələlərdə, xüsusən Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsində həmişə Azərbaycanın yanında olub. O ki qaldı insan hüquqları və seçki məsələlərinə, Mövlud Çavuşoğlu AŞ PA-dakı bəzi avropalı həmkarlarından fərqli olaraq hər zaman obyektiv mövqeyi ilə seçilib. AŞ PA-dakı fəaliyyəti boyu bütün məsələlərdə qərəzsizliyi və obyektivliyi ilə tanınan Mövlud Çavuşoğlu məhz bu yüksək keyfiyyətləri sayəsində AŞ PA-nın sədri vəzifəsinə layiq görüldü. Bu gün Türkiyə nümayəndəsinin AŞ PA-ya rəhbərlik etməsindən Azərbaycan və bütün türk dünyası qürur duyur.

Xatırladaq ki, siyasətçi və iqtisadçı Mövlud Çavuşoğlu 2002-ci ildən bəri Türkiyə Böyük Millət Məclisinin Antalyadan seçilən deputatıdır. AŞ PA-da uzunmüddətli beynəlxalq təcrübəyə malikdir.

Mövlud Çavuşoğlunun AŞ PA sədri kimi ilk səfərlərindən birini bu günlərdə Azərbaycana etməsi həm respublikamızla bu qurum arasında isti münasibətlərin olmasının, həm də AŞ PA rəhbərinin bizə doğma münasibətinin göstəricisidir. "Azərbaycana səfərim çərçivəsində keçirdiyim görüşlər zamanı bu ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdə qətiyyətli olduğunun bir daha şahidi oldum" -deyən Mövlud Çavuşoğlu AŞ PA sədri kimi ilk səfərlərindən birini məhz Azərbaycana etdiyindən məmnun olduğunu bildirib.

Mövlud Çavuşoğlunu qəbul edən Prezident İlham Əliyev Türkiyə nümayəndəsinin bu quruma sədr seçilməsini ədalətli qərar kimi qiymətləndirib və onun rəhbərlik etdiyi dövrdə AŞ PA-nın üzərinə düşən vəzifələri uğurla icra edəcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı, eyni zamanda, bu səfərin AŞ PA ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Mövlud Çavuşoğlu Milli Məclisin Sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, parlamentdəki siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçirib. Görüşlərdə gələn il Azərbaycanın AŞ-a daxil olmasının 10-cu ilinin tamam olacağını qeyd edən Mövlud Çavuşoğlu vurğulayıb ki, AŞ Azərbaycanda demokratik islahatların həyata keçirilməsi və bu ölkənin Avropa standartlarına tam nail olması istiqamətində atdığı addımları dəstəkləməkdə davam edəcəkdir. AŞ PA sədri, həmçinin ölkəmizdə noyabrda keçiriləcək parlament seçkilərinin demokratik standartlara tam şəkildə cavab verəcəyinə inandığını bildirib. Görüşlər zamanı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müzakirələr aparılıb və Mövlud Çavuşoğlu bu məsələdə AŞ-ın mövqeyinin dəyişməz olduğunu, bunun təşkilat tərəfindən qəbul edilmiş sənədlərdə də öz əksini tapdığını qeyd edib. "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ AŞ PA-nın sabiq sədri Terri Devis tərəfindən gündəmə gətirilmişdir. Ondan sonrakı sədr də bu məsələyə diqqət ayırmışdır. Biz də bu məsələni diqqət mərkəzində saxlayacağıq. AŞ PA-nın siyasi komitəsində Dağlıq Qarabağla əlaqədar alt komitənin fəaliyyəti məsələsi bu gün də aktuallığını saxlayır. Apreldə Ermənistan və Azərbaycan nümayəndə heyətləri rəhbərlərinin görüşü nəzərdə tutulmuşdur. Biz münaqişənin həlli istiqamətində səylərimizi davam etdirəcəyik və mən bir sədr kimi üzərimə düşən bütün vəzifələri yerinə yetirəcəyəm. Ümid edirəm ki, bu istiqamətdə önəmli addımlar atılacaqdır" -deyə o bildirib.

Mövlud Çavuşoğlunun Azərbaycan Dövlət Dillər Universitetinin tələbələri ilə görüşərkən siyasətdən kənar həyatı barədə də danışması, İctimai Televiziyanın qonağı olması, Azərbaycan musiqisinə vurğun olduğunu dilə gətirməsi, Gəncəyə getməsi bu səfərin həm də bir dost gəlişi olmasından xəbər verir. Çünki inanmaq çətindir ki, o, Antalyadakı bağ evi, azərbaycanlı deputatların burada onun qonağı olması barədə başqa hansısa ölkədə səmimi təəssüratlarını bölüşsün.

Türkiyə vətəndaşının AŞ PA-ya sədrlik etməsi Azərbaycana qarşı ikili standartların olduğu bir zamanda respublikamızın hüquqlarının bu nüfuzlu beynəlxalq təşkilatda daha yaxşı qorunacağına, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın pozulan haqlarının və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına böyük ümidlər yaradır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 20  aprel.- S.  3.