Həlledici mərhələ
Ölkə
başçısı, Ali Baş Komandan Dağlıq
Qarabağ münaqişəsinin nizamlanma prosesində Azərbaycanın
istənilən ssenariyə hazır olduğunu bir daha bildirdi
Beynəlxalq birliyin və Ermənistanın qarşısında Azərbaycanın qoyduğu tələb kifayət qədər aydın və qətidir. Əgər dünya həmişə böyük geosiyasi əhəmiyyətə malik region kimi qəbul etdiyi Cənubi Qafqazda yenidən müharibə alovlarını görmək istəmirsə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün işğalçı Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə vadar etməlidir. Ədalətin öz yerini tutması üçün qaçqın və məcburi köçkünlərin 20 illik doğma torpaq həsrətinə son qoyulmalıdır. Beynəlxalq hüququn işlək vəziyyətdə olduğunu göstərmək üçün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağıl məlum 4 qətnaməsinin icrası təmin edilməlidir. Qeyd olunan bu vacib məqamlara Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında geniş və dərin məzmunlu çıxışı zamanı Prezident İlham Əliyev xüsusi toxunmuşdur.
O da aydındır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra gücün hüququndan yox, hüququn gücündən danışmaq olar. Əks təqdirdə Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün yenə beynəlxalq normaların ona verdiyi hüquqa müvafiq olaraq hərb yoluna əl atmaq məcburiyyətində qalacağını dünyaya və Ermənistana aydın formada çatdırıb. Elə dünya da, işğalçı Ermənistan da, onun havadarları da yaxşı başa düşürlər ki, hərb variantı onlar üçün qətiyyən məqbul deyil. Çünki 1990-cı illərin əvvəllərindən fərqli olaraq, Azərbaycanın indi qüdrətli, müasir, yüksək nizam-intizamlı ordusu var. Bu ordunun qarşısında işğalçı dövlətin tab gətirməsinin mümkünsüzlüyü elə ermənilərin özləri tərəfindən dəfələrlə etiraf olunub. Ancaq məsələ təkcə bununla yekunlaşmır. Azərbaycan bu gün siyasi, iqtisadi cəhətdən elə bir səviyyədədir ki, Ermənistanın dünya siyasətində özünü əsas fiqur sayan havadarları belə ona hər hansı formada təsir, təzyiq göstərməkdə acizdirlər. Əksinə, Cənubi Qafqazın geosiyasi mənzərəsinin müəyyənləşməsində, regionda yeni transmilli layihələrin reallaşmasında, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycana minnətçi düşürlər. Tək mövcud olduğumuz region yox, Mərkəzi Asiyanın da daxil olduğu böyük bir coğrafi məkanda geosiyasi hadisələrin inkişaf istiqamətində Azərbaycanın həlledici mövqeyə sahib olduğunu qəbul edirlər, ona Asiya və Avropa arasında bir körpü kimi baxırlar.
Bunun müqabilində Ermənistanın dünya üçün əhəmiyyəti nədir, bu dövlətin qazandığı beynəlxalq imic nədən ibarətdir? Bu sualın cavabı birmənalıdır: kiminsə forpostu olmaq, regional maraqların ifadəsində vasitəyə çevrilmək, bir vaxtlar xarici havadarlarının himayəsilə həyata keçirə bildiyi işğalçılıq siyasətinin nəticələrinə görə öz xalqını rəzil günə salmaq, dünya birliyinin başağrısına çevrilmək. Lakin nədənsə dünya bu başağrısından mümkün olduğu qədər tez qurtulmağa çalışmır, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsindən ehtiyat edən bəzi beynəlxalq güclər, antiazərbaycançı qüvvələr Ermənistana daha cidd-cəhdlə himayədarlıq etməyə çalışırlar.
Lakin artıq bu, hər hansı ciddi nəticə verməkdən uzaqdır. Ən azı ona görə ki, Azərbaycan onun milli maraqlarına qarşı hərəkət edən, böyük və ya kiçikliyndən asılı olmayaraq, istənilən gücə adekvat reaksiya vermək iqtidarındadır. Bunu real həyatda da sübut edib. Tələb olunduğu təqdirdə öz kəskin mövqeyini bildirib. Elə Ermənistana uzun müddətdən bəri tətbiq edilən diplomatik, iqtisadi təzyiq bunun ən real təsdiqdir. Sirr deyil ki, Ermənistanı bu gün danışıqlar masası arxasında əyləşməyə vadar edən, onu hər zaman qorxu içində saxlayan əsas səbəblərdən biri məhz Azərbaycanın təzyiqləridir.
Beləliklə, istənilən halda aydın görünür ki, zaman qətiyyən Ermənistanın xeyrinə işləmir, əksinə, hər keçən gün Azərbaycanla bu dövlət arasında fərq nisbəti böyük sürətlə ölkəmizin lehinə dəyişir. Dünya daha yaxşı bilir ki, Ermənistanın Azərbaycan ərazilərini yağmalaması Dağlıq Qarabağdan başlanmayıb, bu prosesin uzun bir tarixi kökü var, indiki Ermənistan əzəli Azərbaycan torpaqlarında yaranıb. Qədim Azərbaycan ərazilərində məskunlaşan ermənilər buradan nəinki əsas əhali olan soydaşlarımızı, eləcə də digər azsaylı etnik xalqları da didərgin salıblar, onlara qənim kəsiliblər. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Ermənistan bəlkə də dünyada tək ölkədir ki, yəni, ada olmayan ölkədir ki, orada erməni millətindən başqa millət yaşamır. Baxmayaraq ki, bugünkü Ermənistan Azərbaycanın əzəli torpaqları üzərində qurulubdur, İrəvan xanlığının əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bu, bizim tarixi torpağımızdır. Ancaq azərbaycanlılar müxtəlif tədbirlərlə, müxtəlif yollarla indiki Ermənistandan qovuldu. Nəinki azərbaycanlılar, bütün başqa millətlər də Ermənistandan ya qovuldu, ya öldürüldü, ya sıxışdırıldı, ya da elə dözülməz şərait yaradılmışdır ki, onlar orada qala bilmirlər".
Ermənistanın azərbaycanlılara qarşı bu tarixi düşmənçiliyinə, etnik təmizləmə siyasətinə rəğmən, humanizm prinsiplərinə daim sadiqliyi ilə seçilən dövlətlərdən biri olan Azərbaycan qarşı tərəfin beynəlxalq hüquq normalarını qəbul edəcəyi təqdirdə yenə də ermənilərin torpaqlarımızda yaşamasına etiraz etmir. Bununla bir daha hansı tolerantlığa, zəngin mədəniyyətə, geniş dünyagörüşünə malik olduğunu bütün dünyaya sübut edir. Prezident İlham Əliyev bu məqamla əlaqədar qeyd etmişdir: "Azərbaycan xalqı başqa millətlərə qarşı heç vaxt ayrı-seçkilik etməmişdir. Biz, Ermənistandan fərqli olaraq, monodövlət deyilik... Əgər beynəlxalq hüquq normalarını əks etdirən təkliflər Ermənistan tərəfindən qəbul edilərsə, o zaman Dağlıq Qarabağda erməni icması ilə bərabər Azərbaycan icması da yaşayacaq, yaşamalıdır və onların orada, azərbaycanlıların orada yaşaması həm tarixi ədaləti tam təsdiq edəcək, həm də ki, beynəlxalq hüquq normalararına tam uyğundur".
Bütün bunlar onu göstərir ki, indi Ermənistanın və onun hamilərinin qarşısında güclü, tolerant, ərazi bütövlüyünü istənilən yolla bərpa etməyə qadir olan bir Azərbaycan var. Bu kontekstdə Ermənistan da, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözümünə vasitəçilik edənlər də yaxşı başa düşürlər ki, daha danışıqlar masası arxasında müxtəlif bəhanələrlə, qeyri-konstruktiv mövqe nümayiş etdirməklə həll prosesini uzatmaq olmaz. İndi elə bir məqam yetişib ki, Ermənistan konkret seçim etməlidir: ya sülh yolu ilə işğal etdiyi əraziləri azad etmək, ya da Azərbaycan ordusunun zəfər yürüşünə hazır olmaq. Azərbaycan Prezidentinin, Ali Baş Komandanının bu mənada mesajı qətidir: "Artıq biz o mərhələyə yaxınlaşmışıq ki, Ermənistanın bu məkrli, riyakar və yalançı siyasəti davam edə bilməz. Biz o mərhələdəyik ki, onlar Minsk qrupunun həmsədrləri olan ölkələrin təklifinə cavab verməlidirlər".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin tərəflərə təqdim etdiyi təklif yenilənmiş Madrid prinsiplərini özündə ehtiva edir. Praqa prosesinin davamı olaraq meydana çıxan yenilənmiş Madrid prinsiplərini qəbul etdiyini bildirməklə Azərbaycan bu gün Ermənistanı növbəti dəfə mat vəziyyətində qoyub. Çünki Ermənistan həmsədrlərin hazırladığı bu təkliflərdən imtina edəcəyi təqdirdə faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını əyani surətdə təsdiqləmiş olacaq. Burada bir məqam da xüsusi olaraq vurğulanmalıdır ki, yenilənmiş Madrid prinsipləri, kiçik istisnalar olmaqla, Azərbaycanın maraqlarına uyğundur və əslində, sözügedən həll variantının ölkəmizin mənafelərinə uyğunlaşdırılması rəsmi Bakının uğurlu diplomatiyasının növbəti nailiyyəti sayılmalıdır. Çünki aparılan siyasət nəticəsində Praqa prosesindən başlayaraq indiyə qədər olan dövr ərzində irəli sürülən həll variantlarında Azərbaycanın mənafeyinə zidd olan məqamlar aradan qaldırılıb. Məhz bundan sonra Azərbaycan tərəfi yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin çözümünə razılıq verib və bunu keçən ilin noyabrında Münhen şəhərində Azərbaycan-Ermənistan prezidentləri arasında aparılan danışıqlarda, daha sonra Soçidə Rusiya dövlət başçısının təşəbbüsü ilə prezidentlər səviyyəsində keçirilən üçtərəfli görüş əsnasında bir daha bildirib.
Ancaq Minsk qrupunun həmin prinsipləri tərəflərə təqdim etməsindən xeyli müddət keçməsinə baxmayaraq, Ermənistan hələ də konkret mövqeyini nümayiş etdirməyə tələsmir, əksinə, yeniləşmiş Madrid prinsiplərinə qeyri-konstruktiv əlavələr etmək niyyətinə düşüb. Bu isə faktiki olaraq Ermənistan tərəfindən Minsk qrupuna həmsədrlik edən dövlətlərin münaqişənin həlli istiqamətindəki fəaliyyətinin də heç edilməsi deməkdir. Azərbaycanın belə vəziyyətlə barışmayacağı isə Minsk qrupuna da yaxşı məlumdur. Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "...Ermənistan tərəfi bu günə qədər öz mövqeyini bildirməyib. İki aydan çox vaxt ərzində sadəcə olaraq mövqe bildirməyib. Ondan sonra bizə çatan məlumata görə, onların o təklifə verdikləri əlavələr, əslində, bizi prosesin əvvəlinə gətirib çıxaracaqdır. Bunu nə biz qəbul edə bilərik, nə də ki, Minsk qrupunun həmsədr ölkələri. Ona görə bizə söz verilib ki, bu müddət ərzində Ermənistan tərəfi ilə çox ciddi iş aparılacaq və onlara sübut etməyə çalışacaqlar ki, bu təklifi qəbul etsinlər".
Azərbaycan Prezidenti onu da bəyan etdi ki, əgər Ermənistan üç ölkənin - Rusiya, Fransa və Amerikanın təklifini qəbul etməsə, onda danışıqlar öz mənasını itirəcək. Belə olan təqdirdə isə rəsmi Bakı, sadəcə, imitasiya, görüntü yaratmaq naminə danışıqlar aparmaq niyyətində olmadığını da açıq bildirir. Beləliklə, proseslər göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözümünün davam etməsi birbaşa Ermənistandan, onun nümayiş etdirəcəyi konstruktiv mövqedən asılıdır. Əks halda, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, prosesdə yeni mərhələ başlanacaqdır: "O mərhələ nədən ibarət olacaq, bunu hələ ki demək tezdir. Hər halda, biz istənilən ssenariyə hazırıq. Öz hazırlıq işlərimizi görürük ki, vəziyyətə uyğun şəkildə addımlarımızı ataq".
Aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin çözümündə yeni mərhələdən biri də müharibə variantını özündə ehtiva edir. Məsələnin bu yolla həlli isə ilk növbədə Ermənistan üçün sərfəli deyil. Bu gün istənilən beynəlxalq təşkilatın, araşdırma institutunun, nüfuzlu ekspertlərin birmənalı yekun rəyi ondan ibarətdir ki, Azərbaycan hərbi müstəvidə Ermənistandan dəfələrlə güclüdür. İstər insan resursu, istər ordunun maddi-texniki təchizatı, istər silahlı qüvvələrin arsenalında olan döyüş vasitələri, istər də döyüş ruhu baxımından Ermənistan ölkəmizdən çox-çox geridə qalır. Bunu, əslində, ermənilər də yaxşı bilirlər və Azərbaycanın hərb yolundan istifadəsi onlar üçün ən qeyri-məqbul haldır.
Hazırda Ermənistan tərəfi belə bir reallığı da aydın görür ki, əgər xarici hamilərinin dəstəyi olmasa, müharibədən qaçmaq üçün danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirməlidir. Azərbaycanın isə Ermənistanı qeyri-konstruktivliyə stimullaşdıra biləcək qüvvələrə qəti mesajı ən yüksək səviyyədə - Prezident İlham Əliyev tərəfindən aydın çatdırılıb: "Ermənistanı hansısa yollarla stimullaşdırmaq, onlara ümid vermək, onların işğalçı siyasətinə yenə göz yummaq siyasəti ona gətirib çıxara bilər ki, danışıqlar pozulacaqdır.
Ona görə mən hesab edirəm ki, indiki həlledici mərhələdə bütün ölkələr, xüsusilə Minsk qrupunun həmsədr ölkələri çox həssas olmalıdırlar".
Dövlət başçısı bölgədə baş verənlərdən xəbəri olmayanların proseslərin gedişinə xələl gətirə biləcək qərarlar verməzdən öncə buradakı vəziyyəti öyrənmələrinin zəruriliyini də xüsusi olaraq diqqətə çatdırır. Aydındır ki, bölgədəki proseslər heç olmasa kitablardan, internet materiallarından öyrənilsə, yəqin, bəzi qüvvələr qondarma erməni soyqırımının tanınmasına dəstək verməklə həm də Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni maneələr yaratmazdı. Belə qüvvələr isə Türkiyə-Ermənistan sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini yaxşı başa düşərdilər. Əbəs yerə qardaş ölkəyə sərhədlərin açılması üçün təzyiqlər göstərməklə, buna nail olmağa çalışmaqla Ermənistana yeni iqtisadi nəfəs verməyə, bununla onun işğalçılıq siyasətini davam etdirməsinə şərait yaratmağa cəhd göstərməzdilər.
Azərbaycan isə açıq bəyan edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması sırf bu ölkələrin öz işidir və bu ölkələr qeyd edilən istiqamətdə addımlar atacağı halda regiondakı prosesləri nəzərə alacaqlar. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Ermənistan sərhədlərinin açılması Türkiyə və Ermənistanın işidir. Buna heç kim qarışmamalıdır. Nə biz qarışmalıyıq, nə də ki başqaları. Baxmayaraq ki, ölkələrin bəziləri hesab edir ki, hər işə qarışmalıdır. Bu, iki ölkə arasında olan münasibətlərdir. Qoy bu iki ölkə münasibətləri həll etsin. Əlbəttə ki, bu ölkələr münasibətləri həll edəndə regionda gedən prosesləri nəzərə alacaqlar, tarixi nəzərə alacaqlar, tarixi münasibətləri nəzərə alacaqlar. Heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?! Biz bunu belə qəbul edirik. Bu, açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir. Azərbaycan dövləti öz siyasətində adekvat addımlar atır və atacaqdır".
Beləliklə, bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan ərazi bütövlüyünün bərpasında sülh yoluna sadiqdir, lakin Ermənistan danışıqlarda qeyri-konstruktivlik nümayiş etdirməyə davam edərsə, onda Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələ başlanacaq. Bu mərhələ isə, aydındır ki, Ermənistan üçün məqbul olmayacaq. Digər tərəfdən, ermənilər onu da yaxış bilirlər ki, nə özləri, nə də onlara himayədarlıq edən qüvvələr heç vəchlə Azərbaycanı ərazi bütövlüyünün bərpası üçün hərb də daxil olmaqla, digər vasitələrdən istifadədən çəkindirə bilməz.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 20
aprel.- S. 5.