Azərbaycan müsbət inkişafını gücləndirir və davam etdirir

 

Bu fikri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında səsləndirmişdir

 

Azərbaycan ötən il iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Yeni inkişaf mərhələsi qeyri-neft sektorunun prioritetliyinə əsaslanaraq bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsinə istiqamətlənib. Bu mənada hökumətin bölgələrin inkişafına xüsusi qayğı ilə yanaşması, sosial-iqtisadi inkişaf proqramlarının ardıcıl olaraq icra edilməsi qarşıya qoyulan vəzifələrin uğurla başa çatdırılacağını deməyə əsas verir.

Ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı keçid dövrünə xas bir sıra köklü problemlərin həlli, habelə yeni şəraitə adekvat islahatlar kursunun fundamental istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətli sənədlər oldu. I dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. 2004-2008-ci illəri əhatə edən dövlət proqramı respublikanın regionlarının tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etmişdir.

Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. II Dövlət Proqramı bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyətnə də yaxşı imkanlar açmışdır. Dövlət proqramında müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün qarşıdakı müddətdə ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin daha da azaldılması və digər zəruri tədbirlər nəzərdə tutulur.

Qlobal maliyyə böhranı şəraitində belə Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının müdafiəsi respublikanın neft amilindən asılılığını əhəmiyyətli dərəcədə azaltmışdır. Qeyri-neft sektorunda qazanılan iqtisadi uğurlar Azərbaycanın iqtisadiyyatının neftdən asılı olması ilə bağlı qərəzli iddiaları alt-üst edir. Ötən il qeyri-neft sektorunda 3,2 faizlik artımın baş verməsi də ilk növbədə regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Hazırda ümumi daxili məhsulun 85 faizi özəl sektorda yaradılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafına həsr olunmuş iclasında bildirmişdir: "Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər belə olmasaydı, biz bu böhran aylarında özümüzü o qədər arxayın hiss etməzdik. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabət qabiliyyətliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə biz birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkanlar yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək. Bu gün biz buna nail ola bilmişik və dünya miqyasında rəqabət qabiliyyətliyinə görə Azərbaycan 51-ci yerdədir. Bu, çox böyük uğurdur, böyük nəticədir. Əminəm ki, biz bu yüksək yerləri daim əlimizdə saxlayacağıq".

Ötən il ərzində əldə edilmiş makroiqtisadi nailiyyətlər Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. Dünyanı bürüyən maliyyə böhranı şəraitində ölkəmizin iqtisadiyyatının bütün sahələrində inkişaf müşahidə olunmuşdur. 2009-cu ildə Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalının artırılmasına 70 milyon manat vəsait yönəldilməsi, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilməsi buna təkan vermişdir. 2009-cu ildə sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 2008-ci ilin müvafiq göstəricisindən 1,5 dəfə çoxdur. Bu kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir.

2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ötən il ərzində 5300-dən çox yeni müəssisə yaradılmış, 54 min 500-ü daimi olmaqla, 74 min iş yeri açılmışdır. 2009-cu ildə regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər nəticəsində əhalinin gəlirləri 8 faiz artmışdır. Ötən müddət ərzində Bakıda, Sumqayıtda və respublikanın 12 rayonunda müharibə əlilləri və şəhid ailələri üçün 707 mənzillik 23 yaşayış binası istifadəyə verilmişdir.

2010-cu ilin dövlət büdcəsi deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı daha möhkəm təməl üzərində öz inkişafını davam etdirəcəkdir. Bu uğuru təmin edən başlıca amil əvvəlki illərdə əldə edilmiş sosial-iqtisadi nailiyyətlərdir. Qazanılan nailiyyətlər Azərbaycanın bütövlükdə MDB məkanında rasional siyasət yeridərək iqtisadiyyatını qlobal böhranın mənfi təsirlərindən maksimum dərəcədə qoruyan, eyni zamanda ciddi artıma nail olan lider dövlətlərdən olduğunu təsdiqləyir.

Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə səciyyələnir. Bu mərhələnin xüsusiyyəti ondan ibarətdir ki, özəl sektor, sahibkarlıq fəaliyyəti ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilmişdir. 2010-cu ilin birinci rübünün yekunları bir daha təsdiq edir ki, ölkə rəhbərliyi tərəfindən aparılan sosial-iqtisadi siyasət strategiyası düzgündür və Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Cari ilin üç ayı ərzində dövlət proqramlarının və regional layihələrin uğurla davam etdirilməsi və əldə olunan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir. Ölkə başçısı hökumətin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan iqtisadiyyatının növbəti illərdə də uğurla inkişaf edəcəyini bildirmişdir: "Azərbaycanın uğuru ondan ibarətdir ki, 2004-2009-cu illərdə iqtisadiyyatımız 2,8 dəfə artmışdır. Bunun üzərində əlavə iqtisadi artıma nail olmaq bir daha göstərir ki, apardığımız siyasi, iqtisadi və sosial islahatlar öz nəticələrini verməkdədir. İlin birinci rübündə iqtisadiyyat 5,4 faiz artmışdır. Sənaye istehsalı 5,6 faiz, sevindirici haldır ki, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. İnflyasiya cəmi 3,8 faiz təşkil etmişdir ki, bu da, öz növbəsində, sosial məsələlərin həlli üçün bizə əlavə imkanlar yaradır. Demək olar ki, qiymət artımı çox az səviyyədədir. Nəzərə alsaq ki, əhalinin pul gəlirləri artır, - bunun ən gözəl göstəricisi banklara qoyulan əmanətlərin 30 faizdən çox artmasıdır, - görərik ki, inflyasiyanın bu aşağı səviyyədə saxlanması insanların rifah halına mənfi təsir göstərmir.

Bir sözlə, bütün makroiqtisadi göstəricilərimiz bir daha sübüt edir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. Azərbaycan öz müsbət inkişafını gücləndirir və davam etdirir".

Azərbaycanda dəqiq hədəflərə hesablanan iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi yeni perspektivlərə yol açmışdır. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin əsas vəzifəsidir.

 

 

Elnur HACIALIYEV

 

Azərbaycan.- 2010.-  20 aprel.- S.  5.