Onun yaradıcısı və ilk baş direktoru Əhməd bəy Ağaoğludur

 

Anadolu Agentliyi - 90

 

 Malta sürgünündən Türkiyəyə dönən Əhməd bəy Ağaoğlu 1920-ci ildə Atatürk ideyalarını yayan və qızğın müdafiə edən "Hakimiyyəti-milliyyə" qəzetinin baş redaktoru olur. Bu o vaxtlar idi ki, Osmanlı imperatorluğu mərkəzində "Türkiye-Havas-Röyter" adlı xəbər agentliyi fəaliyyət göstərirdi. Lakin bu agentlik Atatürkün rəhbərliyi altında Türkiyənin apardığı azadlıq və istiqlal mücadiləsinin bu ölkəyə gətirəcəyi uğurları deyil, imperatorluğun yenidən bərpa olması kimi və başqa cür təxribat xarakterli məlumatlar yayırdı.

Böyük öndər isə ölkəsinin dünyaya doğru-dürüst xəbər yayımını təmin edən bir agentliyə ehtiyac yarandığını düşünürdü. Bu işin öhdəsindən Əhməd bəy Ağaoğlu gələ bilərdi. O həm peşəkar jurnalist, həm də əqidə və məslək dostu idi. Əhməd bəy qeyri-adi təfəkkürü ilə varlığında fövqəladə türkçülük və milliyyət duyğusu daşıyırdı. Böyük Atatürk azərbaycanlı ziyalının bu keyfiyyətini hər an görür və dəyərləndirirdi. Odur ki, vaxt itirmədən Əhməd bəyi və digər əqidədaşlarını müşavirəyə topladı, beynəlxalq agentlik yaratmaq haqqında fikrini bildirib məsləhətlərini verdi: "Bizə elə xəbər agentliyi gərəkdir ki, Türkiyənin yaşadığı tarixin hər səhifəsini, əslində barış və sülh üçün savaşdığını anbaan, qərəzsiz, olduğu kimi dünyaya yaysın. Təklifim də budur ki, yaradacağınız agentliyin adı "Anadolu" adlandırılsın. Bu işə rəhbərlik isə birbaşa Əhməd bəyə tapşırılır.

Sorbonna Universitetini əla qiymətlərlə bitirən, Fransa və Azərbaycan mətbuatında peşəkar jurnalist kimi fəaliyyət göstərən Əhməd bəy Ağaoğlu qısa vaxt ərzində bu mühüm tapşırığı şərəflə yerinə yetirir və 1920-ci il aprelin 6-dan beynəlxalq Anadolu Agentliyinin səsi dünyaya yayımlanır. Bu səs imperiyanın yerində gənc bir cümhuriyyət yaratmaq ideyasını gerçəkləşdirmək üçün Türkiyənin sabahlarına üfüqlər açdı, onların mücadiləsinin səsini dünyaya çatdırdı.

XX yüzilliyin əvvəllərində Azərbaycanın qaranlıq mühitində qəflətən elə parlaq ulduzlar yandı ki, onlar təkcə öz xalqlarına deyil, Şərqə, türk və müsəlman dünyasına işıq saçdılar. Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli, Hüseyn Cavid, Əhməd Cavad, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy və onlarla belə ağıl və zəka sahibləri millətinə millət olduqlarını anlatdılar, soy-kökünü öyrətdilər, əcdadını tanıtdılar, maarif işığını yandırdılar. Hürriyyət, ədəbiyyat, siyasət, sənət münəvvərləri həmin dövrdə kütləvi savadsızlığın, dini fanatizmin, geriliyin hökm sürdüyü, adı yalnız müsəlman kimi təqdim olunan xalqın potensialını dünyaya sübut etdilər. 70 il əsiri olduğumuz bolşevik sistemi millətinin irfanı üçün başı çox əzab-əziyyət çəkmiş, vətənindən pərən-pərən düşmüş, sonda hərəsi dünyanın bir ucunda əbədiyyətə qovuşmuş oğullarını yaddaşlarımızdan silməyə çalışdı, tariximizi yanlış yazdı, onları bizə düşmən kimi tanıtdı.

Belə şəxsiyyətlərdən biri də fiziki və mənəvi həyatını millətinin istiqlalı uğrunda fəda edən, heysiyyətli və möhtəşəm, mərd və cəsur mübarizə adamı, Türkiyə Böyük Millət Məclisinin və Azərbaycan parlamentinin deputatı olmuş Əhməd bəy Ağaoğlu idi. O, 1869-cu ildə Şuşada zadəgan ailəsində doğulmuş, Şuşanın məşhur ziyalılarından olan babası Mirzə İbrahimdən mükəmməl təhsil almış, atası Mirzə Həsəndən ərəb, fars və rus dillərini, xəttatlığı öyrənmişdi.

Əhməd bəy 1885-1888-ci illərdə Parisin Sorbonna Universitetinin hüquq fakültəsində təhsil almışdır. Universitetdə oxuyarkən ixtisası ilə yanaşı dinlər tarixini və bir neçə dil də öyrənmişdir. Tələbəlikdən elmi-tədqiqat işinə və jurnalistik fəaliyyətinə başlayan Əhməd bəy Fransa mətbuatında müxtəlif mövzularda yazılar yazır, konfranslarda məruzələr edirdi. Təhsilini başa vurub Şuşaya qayıdandan sonra bir müddət müəllimlik edir, həmçinin jurnalistlik fəaliyyəti də göstərir. Lakin gənc və enerjili Əhməd bəy Şuşada müəllimlik etməklə üzərinə düşən vəzifəni bitmiş hesab etmirdi. Aldığı mükəmməl tərbiyə və təhsil onu millətinin maariflənməsinə, tərəqqinin və təhsilin yaranmasına və yayılmasına səsləyirdi. O, xalqın milli şüurunu hərəkətə gətirməyə çalışırdı. Bu arzuları isə yalnız paytaxtda, maarifçi insanlarla bir sırada dayanmaqla reallaşdıra bilərdi.

Ölkənin paytaxtı Bakıda ilk mətbuat orqanı olan "Əkinçi"nin fəaliyyəti bir neçə il əvvəl dayandırılmışdı. Ana dilində mətbuat yox idi. İmperiyanın Azərbaycan türklərinə qarşı düşmən münasibəti dövlət siyasətinə çevrildiyindən belə nəşrin gerçəkləşməsi imkan xaricində idi. Avropa təhsili almış bu ziyalının düşüncəsinə görə, millətin ana dilində mətbuatı olmasa, onun maarif işığı yanmayacaq.

1897-ci ildə xeyriyyəçi kimi tanınan neft milyonçusu Hacı Zeynalabdin Tağıyev "Kaspi" qəzeti ilə əməkdaşlıq etmək üçün Əhməd bəyi Şuşadan Bakıya çağırır. Böyük mesenat 1881-ci ildən rus dilində çıxan "Kaspi" qəzetini mətbəəsi ilə birlikdə alaraq Azərbaycan ziyalılarının ixtiyarına vermişdi. Bakıya köçən Əhməd bəy Əlimərdan bəy Topçubaşovla birlikdə "Kaspi"nin həmmüəlliflərindən biri kimi fəaliyyət göstərir. "Kaspi"dəki fəaliyyəti dövründə o,Tiflis senzura komitəsində özlərinə yuva qurmuş Qaraxanov və Kişmişov kimi senzorların "səyi nəticəsində" müvafiq dairələrdə qatı panislamist kimi tanınır. Necə deyərlər, əgər millətini sevirsənsə, maariflənməsini istəyirsənsə, sürgünlərdə çürüməli, məhv olmalısan. Hər tərəfdən təqiblər, fiziki və mənəvi zərbələr onu göz açmağa qoymurdu. Heyrət içində "Bu nə? Hər kəs türkə düşməndir" deyirdi. Mübarizədən geri çəkilmək yolu da yox idi. Zülmətdə inləyən Azərbaycan yalnız onlara ümidli idi.

Əhməd bəy Ağaoğlu Bakının neftli torpaqlarının başdan-başa xarici konsessiyalara verilməsinin qarşısını almaq məqsədilə 1905-ci ildə Peterburqa getmiş, Rusiya çarı II Nikolayla şəxsən görüşüb ona etirazını bildirmişdi. 1905-1907-ci illərdə Rusiya müsəlmanlarının Nijni-Novqorodda və Peterburqda keçirilən I-III qurultaylarının təşkilatçısı kimi qurultayda imperiyanın türk-islam toplumunun hüquq və mənafelərini müdafiə edən qərarların qəbul edilməsinə çalışmışdır. Lakin millətin qara bəlasına çevrilən erməni terrorları, əyalətlərdə insanların amansızcasına qırılması xalqı tərəqqidən saxlayır, görülən tədbirlərin də heç bir nəticəsi olmurdu.

Əhməd bəy Ağaoğlu "salavatla donuzun darıdan çıxmadığını", ermənilərin və onlara havadarlıq edən qüvvələrin zora əl atdıqlarını gördükdən sonra onlarla öz dillərində danışmağı, yəni, xalqı zülmə, irticaya qarşı silahlandırmağı vacib bilir. Odur ki, 1906-cı ildə həmfikirlərinin iştirakı ilə "Difai" partiyasını yaradır. "Difai" həmin qanlı-qadalı illərdə Azərbaycan türklərinin milli varlığını, şərəf və ləyaqətini qoruyan, onların zülmə boyun əymədiyini göstərən yeganə təşkilata çevrilir. Sonralar onun fəaliyyəti Azərbaycan xalqının milli-azaldlıq hərəkatına rəhbərlik edən lider, ölkədə ilk siyasi partiyanın qurucusu və milli mənafelərin qoruyucusu kimi səciyyələndirildi.

Apardığı mübarizələr, millətin azadlığı uğrunda çarpışması isə ona hər an "sürprizlər" yaşadırdı. Təzyiqlər, təqiblər, sürgünlər, ailəsinə hücumlar, ölüm hədəsi... Belə çətin bir məqamda o, vətənindən uzaq düşməyə məcbur oldu. Xatirələrindən: "Şiddətli təqib edilənlər arasında idim. İş elə dərəcəyə çatmışdı ki, təkcə kəndi izzəti-nəfsimi deyil, ailəmin də sakitliyi və salamatlığı təhlükə altında idi. 1908-ci ildə Türkiyədə inqilab olmuşdu, tanıdığım bəzi şəxslər iş başına gəlmişdi. Digər tərəfdən də Vorontsov-Daşkov da məni həbs etdirib sürgün etməyə qərar vermişdi. Bunu öyrənən kimi mən Bakını tərk etməyə məcbur oldum. 1908-ci ildə İstanbula gəldim".

Tədqiqatçılar yazırlar ki, Əhməd bəy xaraktercə çox çılğın, alovlu, eyni zamanda çox işgüzar imiş. Bakıda başladığı jurnalistlik və ictimai-siyasi fəaliyyətini İstanbulda da davam etdirir. Tezliklə Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Həmdulla Subhi, Məhəmməd Əmin Yurdakul kimi görkəmli türk ziyalı və millətçiləri ilə bir sırada dayanır, türk mətbuatında ardıcıl çıxışlar edirdi. 1911-ci ildə "Tərcümani-Həqiqət" qəzetinin redaktoru kimi qələmi və ideyaları ilə bütün türk dünyasına xidmət etməyə başlayır. İstanbul Universitetində rus dili və ədəbiyyatını tədris edir. Nəhayət, Türkiyə Böyük Millət Məclisinə Qarsdan deputat seçilir. Əhalini maarifləndirmək üçün Türkiyədən Rusiyanın türklər yaşayan bölgələrinə müəllimlər göndərilməsi işini təşkil edir. Azərbaycanla da əlaqələrini kəsmir. 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Londonda keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış edir və 1917-ci ildə ABŞ Prezidenti V.Vilsona təqdim edilən, Rusiya imperiyasında türk xalqlarının dözülməz vəziyyətindən bəhs edən müraciəti imzalayır.

1918-ci ilin iyununda Əhməd bəy Türkiyənin Qafqaz Ordusunun komandanı Nuru Paşanın müşaviri kimi Azərbaycana gəlir. 10 ildi ki, vətəninə gəlmirdi. Azərbaycan yenə ağır günlərini yaşayırdı. Bakı bolşevik-erməni qüvvələrinin əlində idi. Mayın 28-də İstiqlal bəyannaməsini elan edən Azərbaycan Xalq Cümhuriyyəti xalqı məhv olmaqdan qurtarmaq üçün qardaş Türkiyəyə üz tutmuşdu. Türkiyədəki fəaliyyətinə baxmayaraq, Əhməd bəy Azərbaycana qayıtmaq, ölkəsinə xidmət etmək istəyirdi. 1918-ci ildə Əhməd bəy Azərbaycan parlamentinə deputat seçilir.

Türkiyənin Birinci dünya müharibəsindəki məğlubiyyətini təsdiq edən Mudros müqaviləsindən sonra Əhməd bəy Azərbaycanın mövcudluğunu qorumaq üçün Ənzəlidəki ingilis komandanlığı ilə danışıqlar aparan nümayəndə heyətinə başçılıq edir. Elə həmin il Paris Sülh Konfransına yollanmalıykən ağır xəstələnir və İstanbuldakı ingilis işğalçı qüvvələri tərəfindən həbs edilir. Yenə həbs, sürgün, təqib. O, ingilis hərbçilərinin özbaşınalığına qəti etirazını bildirir. Məşhur türk yazarı Bilal Şəmşirin xatırlamalarından: "Ağaoğlu lütf deyil, haqqı arayır və ingilislərin ükiüzlülüyünü ortaya qoyur. İngilislər açıqdan-açığa bu sərt adamla mübahisəyə girişmirlər, haqqında gizlincə saxta qovluq hazırlayırlar".

1921-ci ilin mayında Maltadaki iki illik sürgün həyatı sona yetərkən AXC devrilmiş, qırmızı imperiya 28 aprel inqilabını həyata keçirmişdi. Türkiyədə də vəziyyət olduqca ağır idi. Malta məhbuslarını İtaliyaya gətirən gəmidə fikrə dalan Əhməd bəy Ağaoğlu əli Azərbaycan türklərinin qanına bulaşmış bolşeviklərin hakimiyyətinə baş əyə bilməzdi, odur ki, bu gəminin yönü İstanbula yol aldı. Bu illər ərzində çox böyük acılar çəkmiş, günlərlə ac-susuz qalmış, ağır xəstəlik keçirmiş, bədəni zəifləmişdi. Ancaq mübarizə aparmaq gücü tükənməmişdi. Onu Malta sürgünündən qurtaran Mustafa Kamal Paşanın köməyinə can atırdı.

Həyatının sonuna qədər türkçülüyə, türk millətinə və əqidə dostu Atatürkün ideyalarına xidmət etdi. Bir neçə il Türkiyənin mətbuat naziri oldu, 1921-ci ildən 1925-ci ilədək yaratdığı beynəlxalq Anadolu Agentliyinin ilk baş direktoru və bir neçə nüfuzlu qəzetin baş redaktoru oldu. Anadolu Agentliyi Türkiyə Cümhuriyyətinin, Türkiyə Böyük Millət Məclisinin həmyaşıdı, onların yaranmasının şahididir. Onun rəhbərlik etdiyi müddətdə agentliyin bütün əməkdaşları hər zaman Atatürkün yanında olur, onun apardığı mübarizəni anbaan izləyərək bütün dünyaya yayırdılar. Agentliyin uğurlu fəaliyyətinin bir səbəbi də Əhməd bəyin təcrübəli jurnalist olması idi. "Atatürk və Anadolu Ajansı" kitabından oxuyuruq: "...Siyasət adamı Əhməd bəy Ağaoğlu 11 kurucu arasında ilk sırada yer aldı. 1921-22-ci illər tarixində mətbuat və istihbarat müdiri görevinde bulundu".

Həmin illərdən agentliyin dünyanın bir çox ölkəsində təmsilçilikləri fəaliyyət göstərir, Azərbaycanda isə 1992-ci ildən fəaliyyətə başlayıb. Ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, iki qardaş xalq arasında davam edən uğurlu görüşlər, əlaqələr, işbirlikləri və mədəni tədbirlər təmsilçi İslam Yakutun rəhbərliyi ilə Türkiyədə yayımlanır.

Bir neçə gün öncə Ankarada Anadolu Agentliyinin 90 illiyi ilə bağlı yubiley mərasimi keçirildi. Tədbirdə agentliyin idarə heyətinin sədri Hilmi Bengi mərasim iştirakçılarına böyük Atatürkün göstərişilə Qurtuluş savaşı dövründə yaranması haqqında məruzə etmişdir: "Ulu öndər Heydər Əliyev "Biz bir millət, iki dövlətik" kəlamını tarixə yazmışdır. Cəsarətlə deyə bilərik ki, Anadolu Agentliyi ilə AzərTAc bir millətin iki agentliyi kimi həmişə bir-birinə arxa və köməkdirlər".

Böyük Azərbaycan ziyalısı, ictimai-siyasi xadimi, həyatının sonunadək türklüyü ilə qürur duyan professor Əhməd bəy Ağaoğlunun nigaran ruhu bu günlər şaddır. Çünki böyük öndər Atatürkün tapşırığı ilə 90 il öncə yaratdığı Anadolu Agentliyi bu gün türk xalqının 90 illik tarixinin salnaməçisidir və bu missiyanı bundan sonra da layiqincə daşıyacaq. Bir də ona görə ki, 90 illik tədbirlərdə məmləkətindən də soydaşları da iştirak edirdi.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2010.- 20 aprel.- S. 9.