Tarixi abidələri qorumaq
lazımdır
Ölkəmizin tarixi qədimdir. Bunu respublikamızın ərazisində olan qədim yaşayış məskənləri, əsrlərin sınağından çıxaraq bu günə gəlib çatmış qiymətli abidələr də aydın göstərir. Xalqımızın keçmişini özündə yaşadan bu mənəvi dəyərlər hələ açılmamış sirlərlə doludur. Bununla belə həmin arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər sivilizasiyasının inkişafında xalqımızın da böyük xidmətləri olmuşdur.
O da məlumdur ki, hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Bu səbəbdən də maddi mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyətli işdir. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunub gələcək nəsillərə çatdırılması bir daha təsbit olunmuşdur. İndi ölkəmizdə bu sahəyə ciddi fikir verilir. Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Nofəl Qurbanovla söhbətimiz də bu mövzuda oldu. Müsahibim qeyd etdi ki, qoruduğumuz dəyərlərin gələcək nəsillərə çatdırılması üçün onların bərpa-təmir işlərinə xüsusi diqqət yetirilməldir. Bu sahəyə olan ehtiyaclar təxirə salınmadan ödənilməlidir. Bu baxımdan rayonda müəyyən işlər görülür. Artıq vaxtilə Qazaxa köçürülmüş Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin binası, rus pravoslav kilsəsi, "Cümə məscidi", S.Vurğunun poeziya evi bərpa və təmir edilib. Lakin elə abidələrimiz də var ki, fiziki və təbii aşınmalara məruz qalmışdır. Onların bərpası imkanımız xaricindədir. Hazırda XII əsrdə inşa edilmiş "Qırmızı körpü"nün, VI-VII əsrlərə aid Didəban qalasının, bir əsrdən çox yaşı olan qoşa gümbəzli İsrafil ağa hamamının və Daş Salahlıdakı VI-VII əsrlərə aid edilən alban məbədinin bərpa-təmir işlərinə böyük ehtiyac var.
Respublika Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq olunmuş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əsasən ərazimizdə 112 abidə qeydə alınmışdır. Bunlardan 3-ü dünya, 52-si ölkə, 67-si yerli əhəmiyyətli olmaqla 46-sı memarlıq, 54-ü arxeoloji, 7-si monumental xatirə, 5-i dekorativ tətbiqi sənət nümunəsidir.
Son zamanlar yeni tikilib istifadəyə verilmiş memarlıq binalarından "Heydər Əliyev Elm Mərkəzi", "Dövlət Rəsm Qalereyası", "Diaqnostika mərkəzi"nin binası, habelə 914-cü ildə inşa edilən Çingiz ağanın evi və 1929-cu ildə tikilmiş doğum evinin binası rayonun memarlıq dünyasına zənginlik gətirir. Bu cür tikililərin dövlət qeydiyyatına götürülməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinə müraciət etmişik.
Məlumdur ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda turizmin inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Bu vacib sahənin inkişaf etdirilməsində tarix və mədəniyyət abidələrinin xüsusi yeri var. Əgər regionda tarixi abidələr yoxdursa və yaxud da baxımsız vəziyyətdədirsə, onların yaxınlığına gedən yollar bərbaddırsa, deməli, burada turizmi inkişaf etdirmək çətin olacaq. Ona görə də bu sahədə müəyyən tədbirlər görülməlidir. Abidələrin təbliği işində hökm sürən durğunluğu aradan qaldırmaq lazımdır. Gənc nəsil mənsub olduğu xalqın tarixini dərindən öyrənib, öz doğma vətəni ilə fəxr etməlidir. Bunun üçün gənclərdə milli-mənəvi tərbiyəni formalaşdırmaq lazımdır. Bu işdə abidələrin təbliğinin də böyük əhəmiyyəti var. Təbliğat işini rayonun ümumi təhsil məktəblərində təşkil etmək mümkündür.
Tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək, şagird və tələbələrin bu sahəyə aid bilgilərini artırmaq lazımdır. Bunun üçün vaxtaşırı turist-diyarşünaslıq ekskursiyaları təşkil edilməlidir. Gənclərin şüuruna yeridilməlidir ki, mədəni irsimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması kimi şərəfli işin məsuliyyəti onların üzərinə düşür.
Eldar NƏSİBLİ
Azərbaycan.- 2010.- 20 aprel.- S. 11.