Böyük ədibin anıldığı ünvan

 

 Böyük dövlət xadimi, yazıçı, həkim kimi tanınmış Nəriman Nərimanovun anadan olmasının 140 illiyi ilə əlaqədar ədibin Bakı şəhərindəki Xatirə Muzeyinə ziyarətə gələnlərin sayının artması səbəbsiz deyil. Nəriman Nərimanov yenidən oxunur, tədqiq olunur, dərk edilir.

Xatirə Muzeyinin bu günlərdə daha çox gəlimli-gedimli, necə deyərlər, qonaq-qaralı olması, Nəriman Nərimanovun yaddaşlarda təzələnməsi, yad edilməsi bir daha xalqımızın qədirbilənliyindəndir. Muzeydə olarkən qonşu Gürcüstan Respublikasından gəlmiş qonaqların "doktor Nəriman"la xüsusi maraqlanmaları yazıçı-dramaturq, ictimai-siyasi və dövlət xadimi kimi Nəriman Nərimanovu heç də kölgədə qoymadı. Muzeyin əməkdaşlarının ziyarətçilərə verdiyi məlumat zənginliyinə görə diqqətçəkən idi. Dörd otaqdan ibarət muzeydə tamaşaçıların diqqətindən yayınmayan məqamlardan biri eksponatların nümayiş etdirilməməsi idi. Sən demə, böyük ədibin anadan olmasının 140 illiyi ilə əlaqədar muzeydə təmir-bərpa işləri aparıldığından eksponatlar müvəqqəti olaraq fondda saxlanır. Muzeyin 11 əməkdaşı var. Onların bəziləri Nəriman Nərimanovun tədqiqi ilə məşğuldur. Elmi işçilərdən Rəna Qəhrəmanova, Nurtəkin Heydərova, Səadət Nağıyeva və başqaları işlərini təkcə muzeylə tanışlıqda bələdçi kimi yerinə yetirməklə bitmiş hesab etmirlər.

Nəriman Nərimanov ictimai-siyasi və dövlət xadimi kimi tanınmaqla yanaşı, bir yazıçı-publisist, həkim olaraq da yaddaşlara yazıldı, amma xalqımızın maariflənməsində, xüsusilə ana dilinin qorunub saxlanmasında göstərdiyi xidmətlər öz həqiqi qiymətini almamışdı. Bu məsələ ümummilli lider Heydər Əliyevi olduqca narahat etdiyindən Kremllə mübarizə aparmaqdan yorulmadı. Nəhayət, 1970-ci ildən başlanan mübarizə 24 may 1972-ci il tarixdə keçirilən Azərbaycan KP MK-nın büro yığıncağında ədibin anadan olmasının 100 illik yubileyi münasibətilə heykəlinin Bakı şəhərinin görkəmli yerlərinin birində ucaldılmasına əsas verən qərarın qəbulu ilə başa çatdı.

 Muzeyin direktoru Kəmalə Hüseynova deyir: "Xatirə Muzeyinin də 1977-ci ildə Bakı şəhərində açılması məhz ulu öndərimiz Heydər Əliyevin Nəriman Nərimanov irsinə, ədəbi yaradıcılığına, ictimai-siyasi xadim kimi fəaliyyətinə yüksək qiymətinin nəticəsidir".

Nəriman Nərimanovu yaxından tanımaq üçün əsərlərindəki motivləri hiss etmək, o dövrün eybəcərliklərini, xüsusən erməni daşnak tör-töküntüləri barədə işlətdiyi sətiraltı fikirləri, eyhamları duymaq lazımdır. Həyatı keşməkeşlərdən keçmiş kiçik Nəriman, hətta həkimlik peşəsinə yiyələnib, millətinin sağlamlığının keşiyində dayanmaq üçün milyonçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdən borc istəyib. Maraqlıdır ki, o, həmin borcu sonralar son qəpiyinədək qaytarıb.

Muzeyin elmi işçisi Nurtəkin Heydərova deyir: "Biz, adətən, muzeylə tanış olmaq istəyən qonaqlarımıza kiçik Nərimandan başlayıb, böyük ədibə qədər keçdiyi ömür yoluna, siyasi fəaliyyətinə, ictimai baxışlarına, yaradıcı insan olaraq əsərlərinin mahiyyətinə aydınlıq gətirməyə çalışırıq. Nəriman Nərimanovun 1891-ci ildə Bakıya gəlişi, S.M. Qənizadənin köməyi ilə A.İ. Pobedonostevin 6 sinifli gimnaziyasının hazırlıq şöbəsinin aşağı sinfinə müəllim təyin edilməsi, beş ildən sonra çoxdankı arzusuna çatması, həmin məktəbin əsasında Bakı oğlan klassik gimnaziyası təşkil etməsi barədə dövri mətbuatda çoxsaylı məqalələr dərc edilib ki, bunlardan da ən önəmlisi 1956-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində yazıçı Mir Cəlal Paşayevin imzası ilə çap olunmuş "Görkəmli realist ədib" sərlövhəli məqalədir. Yeri gəlmişkən, onu da qeyd edək ki, adıçəkilən məqalə ədibin anadan olmasının 85 illiyinə həsr edilib.

Muzey bələdçilərinin bizi tanış etdiyi hər bir faktda böyük ədibin vətənpərvərliyi, millətinə və xalqına bağlılığı xüsusilə diqqəti cəlb edir. Nəriman Nərimanovun istər 1894-cü ildə çap olunmuş "Nadanlıq", istər 1895-ci ildə qələmə aldığı "Dilin bəlası, yaxud Şadman bəy", erməni-müsəlman məsələsinə həsr etdiyi (1886-1908-ci illər ərzində yazdığı) "Bahadır və Sona", eləcə də 1899-cu ildən məşhur olan "Nadir şah" əsərlərinin hər birində o dövrün ictimai-siyasi mənzərəsi öz əksini tapmışdır.

Fikirləri kimi, ömrü də yarımçıq qalan Nəriman Nərimanovun yadigar sənədlərinin arasında diqqətçəkən belə bir məlumat da var: 1906-cı ildə Azərbaycan Müəllimlərinin I Qurultayında ana dili dərslərinin orta məktəblərdə tədris saatlarının artırılması və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəhərdəki mülklərindən birinin Tarix Muzeyi üçün (hazırda həmin muzeyin 90 illiyidir) ayrılması ilə bağlı təklif verən N.Nərimanov bir daha yuxarıda sadalanan keyfiyyətlərə malik vətənpərvər ədib olduğunu, millətinin dilinin və tarixinin keşiyində ayıq-sayıq dayandığını sübut etmişdir.

Fondunda 5000-dən artıq eksponat qorunub saxlanan muzeyin tarixə dönmüş incilərinin geniş auditoriyaya çıxarılması, beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün də xeyli iş görülmüşdür. Muzeyin saytının yaradılması, bütün məlumatların şəbəkələr vasitəsilə orada yerləşdirilməsi də bu məqsədi daşıyır.

Muzeyin tədbirlər planı olduqca genişdir. Ədibin 140 illik yubiley tədbirləri nəinki respublikamızın bir çox mədəni-maarif müəssisələrində, həmçinin Həştərxanda, Tbilisidə, vaxtilə yaşadığı Marneulidə və başqa yerlərdə keçirilir. Nəriman Nərimanov irsinə layiqincə qiymət verilməsinin bariz nümunələrindən biri də onun əsərlərinin latın qrafikası ilə yenidən nəşr etdirilməsi olardı.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-  20 aprel.- S.  11.