Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Astara rayonunda da uğurla həyata keçirilir. Dövlət proqramının icrası nəticəsində rayonun sosial-iqtisadi inkişafı, turizm, yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində bir sıra mühüm işlər görülmüşdür.

Bu istiqamətdə görülən tədbirlərin daha da sürətləndirilməsi, Astara-Lənkəran magistral avtomobil yolunda hərəkətin intensivliyinin artması nəticəsində yaranmış gərginliyin aradan qaldırılması ilə bağlı 50 min nəfərdən çox əhalisi olan qəsəbə və kəndlərin sakinlərinin müraciətlərini nəzərə alaraq, onların daimi istifadə etdiyi Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması məqsədilə Astara Rayon İcra Hakimiyyətinə 3,5 milyon (üç milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2010-cu il

 

Azərbaycan.- 2010.- 22 aprel.- S.  1.