Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziyanın mövqeyi dəyişməzdir

 

Aprelin 21-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, Azərbaycan Cənub Şərqi Asiyada ən çox inkişaf etmiş ölkələrdən biri olan İndoneziya ilə əlaqələrin inkişafında maraqlıdır. Ölkəmizin dinamik inkişafı, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən Milli Məclisin Sədri bildirdi ki, İndoneziya ilə iqtisadi sahədə əlaqələrimizi genişləndirmək üçün böyük imkanlar var. Bu gün ölkələrimiz arasında ticarət dövriyyəsi 600 milyon dollardan yuxarıdır, bu rəqəmi daha da artırmaq olar. Bu günə qədər ölkələrimiz arasında 5 hüquqi sənəd imzalanmışdır, daha 21 sənədə isə baxılmaqdadır. İnanırıq ki, bu sənədlər təsdiqləndikdən sonra münasibətlərimizin inkişafı üçün möhkəm hüquqi baza yaranacaqdır.

Milli Məclisin Sədri ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində parlamentlərin də mühüm rol oynadığını, bu səfərin dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirdi.

Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi, bu problemin həlli ilə əlaqədar nümayiş etdirdiyi mövqeyə görə İndoneziya dövlətinə və hökumətinə minnətdarlıq etdi.

Pramono Anunq Vibovo göstərilən qonaqpərvərliyə görə Milli Məclis Sədrinə təşəkkürünü bildirdi. Onun sözlərinə görə, ölkələrimiz arasında məsafə uzun olsa da, münasibətlərimiz çox yaxındır. Biz bundan istifadə edərək əlaqələrimizi daha da inkişaf etdirməliyik.

Pramono Anunq Vibovo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziyanın mövqeyinin dəyişməyəcəyini vurğuladı və bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduqlarını bildirdi.

Görüşdə beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq, humanitar, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.- 22 aprel.- S.  2.