Azərbaycanla İndoneziya
arasında iqtisadi əlaqələrin genişləndirilməsi
üçün böyük potensial var
Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. İndi ölkəmizin təkcə neft sektoru deyil, qeyri-neft sektoruna da əsaslı sərmayə qoyulur. Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar digər ölkələr üçün də nümunə ola bilər.
Bu sözlər ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyətinin aprelin 21-də Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri ilə görüşündə səsləndi. Komitə sədri Ziyad Səmədzadə qonaqlara Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar, iqtisadi sahə ilə bağlı qəbul olunmuş qanunlar barədə ətraflı məlumat verdi. Bildirdi ki, öz iqtisadi potensialına görə dünyada öncüllər sırasına çıxan Azərbaycan regionda lider dövlətdir. Bunların hamısı ölkənin uğurlu neft strategiyası ilə bağlıdır.
Ziyad Səmədzadə İndoneziyanın iqtisadi sahədə əldə etdiyi uğurların da təqdirəlayiq olduğunu vurğuladı, ölkələrimiz arasında iqtisadi-ticarət dövriyyəsinin artırılmasının vacibliyini qeyd etdi.
Pramono Anunq Vibovo İndoneziyada iqtisadi sahədə həyata keçirilən islahatlar, ölkəsinin təbii ehtiyatları və bu ehtiyatlardan səmərəli istifadə edilməsi ilə bağlı ətraflı məlumat verdi. Qonaq ölkələrimizin oxşar iqtisadiyyata malik olduğunu bildirərək, bu və digər sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdi.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2010.- 22
aprel.- S. 2.