İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Aprelin 21-də ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-İndoneziya parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdülər. İşçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qonaqları salamladıqdan sonra Azərbaycanın dövlətçilik tarixi, iqtisadi inkişafı, əldə etdiyi uğurlar, parlamentin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu gün Azərbaycan regionun lider dövlətidir. Amma Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi respublikamızın inkişafına ciddi maneə törədir. Bəxtiyar Əliyev Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın tarixi torpaqlarından qaçqın və məcburi köçkün düşdüyünü, 30 min azərbaycanlının müharibənin qurbanı olduğunu diqqətə çatdırdı. O da qeyd olundu ki, iqtisadiyyatı inkişaf edən Azərbaycan öz daxili imkanları hesabına qaçqın və məcburi köçkünlərin sosial problemlərini həll edir.

Beynəlxalq təşkilatlarda İndoneziyanın ölkəmizin haqlı mövqeyini müdafiə etdiyinə görə, Azərbaycan tərəfinin təşəkkürünü bildirən Bəxtiyar Əliyev ölkəmizdə gedən demokratikləşmə prosesi barədə qonaqlara məlumat verdi.

İndoneziya nümayəndə heyətinin rəhbəri Pramono Anunq Vibovo göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etdi və dedi ki, səfərlərinin məqsədi ölkələrimiz arasında əlaqələrin inkişafına, xüsusən də parlamentlərarası münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Onun sözlərinə görə, 240 milyon əhalisi olan İndoneziyada əhalinin böyük əksəriyyəti islam dinini qəbul edib. Dünyanın ən böyük müsəlman dövləti olan İndoneziya Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Qonaq onu da bildirdi ki, İndoneziya təcavüzdən və etnik separatizmdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın problemini də yaxşı başa düşür. İndoneziya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daim Azərbaycanın mövqeyini dəstəkləyir.

Sonra işçi qrupunun üzvləri Asəf Hacıyev, Çingiz Əsədullayev, Nazim Məmmədov, eləcə də qonaqlar ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafı barədə fikirlərini açıqladılar, elm, təhsil, səhiyyə, turizm sahələrində əməkdaşlığın genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının vacibliyini vurğuladılar. Qeyd olundu ki, deputatların qarşılıqlı səfərləri təkcə parlamentlər arasında deyil, dövlətlərimiz və xalqlarımız arasında da dostluq münasibətlərinin genişlənnməsinə töhfə verir.

 

 

Azərbaycan.- 2010.- 22 aprel.- S.  2.