Əməkdaşlıq hər iki
ölkənin milli maraqlarına xidmət edir
Aprelin 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər. Qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan parlamentinin beynəlxalq əməkdaşlığı, rəhbərlik etdiyi komitənin bu işdə rolu, ölkəmizin dünyada artan nüfuzu barədə qonaqlara ətraflı məlumat verdi. O, bu səfərin təkcə parlamentlərimiz arasında deyil, xalqlarımız arasında da münasibətlərin genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu vurğuladı.
Komitənin üzvləri Qənirə Paşayeva, Gültəkin Hacıbəyli, Asim Mollazadə və başqaları ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirilən islahatlar, iqtisadi inkişaf, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdilər, bu problemin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə görə İndoneziya hökumətinə və xalqına minnətdarlıqlarını bildirdilər. Komitə üzvləri bir çox ölkələrin, xüsusən də İslam Konfransı Təşkilatına üzv olan bəzi dövlətlərin hələ də Ermənistanla sıx əməkdaşlıq etməsindən narahatlıqlarını ifadə edərək, təcavüzkar dövlətlə əlaqələrin kəsilməsini təklif etdilər.
Pramono Anunq Vibovo rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. O dedi ki, bu gün ölkələrimiz arasında mehriban dostluq münasibətləri var. İndoneziya dost Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Azərbaycanın üzləşdiyi problem, torpaqlarının işğal olunması, bir milyondan çox insanın 20 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşaması həqiqətən də dözülməzdir. İndoneziya bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır və bu mövqe dəyişməyəcəkdir.
Hər iki tərəfi
maraqlandıran məsələlərin müzakirə olunduğu
görüşdə belə bir fikir də səsləndi ki,
Azərbaycan və İndoneziyanın beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığı
hər iki ölkənin milli maraqlarına xidmət edir.
Azərbaycan.- 2010.- 22 aprel.- S. 2.