"Elektron media: dövlət tənzimlənməsi
və ictimai nəzarət" mövzusunda elmi-nəzəri
konfrans keçirilmişdir
Aprelin 21-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Konfransda Prezident Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatları, jurnalist birlikləri və QHT-lərin, xəbər agentlikləri və mətbuatın, respublikada fəaliyyət göstərən teleradio yayımı şirkətlərinin rəhbərləri iştirak etmişlər.
MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmov bildirmişdir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan teleradio məkanında mövcud olan problemləri araşdırmaq və onların həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparmaqdır.
Konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Azərbaycanda elektron informasiya vasitələrinin fəaliyyəti istiqamətində müvafiq addımların atıldığını, bu sahədə əldə edilmiş uğurlarla yanaşı, çatışmazlıqların da olduğunu diqqətə çatdırmışdır. Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin təbliği, yeni nəslin tərbiyəsi və formalaşması istiqamətində teleradio məkanının önəmli rolunu yüksək qiymətləndirməsindən, Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi qayğıdan danışan Ə.Həsənov bildirmişdir ki, müstəqil dövlətimiz bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır.
Bugünkü konfransın Azərbaycan cəmiyyəti üçün mühüm əhəmiyyətə malik olduğunu deyən şöbə müdiri qeyd etmişdir ki, televiziya və radio elə bir informasiya, ideologiya və milli-mənəvi dəyər daşıyıcısıdır ki, hər bir təbəqənin evinə, mənzilinə qapını döymədən daxil olur. Bunu nəzərə alaraq Azərbaycan dövləti elektron informasiya vasitələrinə, onların inkişafına xüsusi diqqət yetirir.
Prezident Administrasiyasının şöbə müdiri vurğulamışdır ki, əgər Azərbaycan cəmiyyətini dünyanın aparıcı cəmiyyətlərindən birinə çevirmək istəyiriksə, televiziyaların efirinə ölkəmizin aparıcı şəxsiyyətlərini - elm, mədəniyyət, incəsənət və digər sahələrin tanınmış və əksəriyyət tərəfindən qəbul olunan simalarını çıxarmalıyıq. Bu, onların yaxşı xüsusiyyətlərini cəmiyyətə aşılamağa imkan verər.
Ə.Həsənov təəssüf hissi ilə qeyd etmişdir ki, bazar iqtisadiyyatı şəraitində buna heç də həmişə əməl etmək mümkün olmur, MTRŞ bu istiqamətdə nə qədər çalışsa da, məqamlar üst-üstə düşmür. Çox zaman maddi əsaslara söykənən televiziya məkanında yaxşıların-yaxşısı əksini tapmır. Cəmiyyəti yönəldə bilən, nümunəvi xarakterli insanlar yox, qeyriləri efir məkanında yer alır. Digər tərəfdən isə, plüralizm dövrü televiziyaların fəaliyyətinə geniş müdaxiləyə imkan vermir.
Dövlətin əlində isə televiziyalara yalnız lisenziya və cəmiyyət vasitəsilə təsir imkanları qalır. Konfransın təşkilindən də məqsəd məhz cəmiyyətin aparıcı qüvvələrini hərəkətə gətirərək efir məkanında yer almış mənfi halların aradan qaldırılmasına nail olmaqdır.
Bu baxımdan tədbirdə aparılacaq müzakirələrin səmərəli olacağına ümidvar olduğunu qeyd edən Əli Həsənov onun işinə uğurlar arzulamışdır.
Konfransda MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmov "Elektron medianın dövlət tərəfindən tənzimlənməsi", İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov isə "Elektron mediaya ictimai nəzarətin zəruriliyi" mövzularında məruzələrlə çıxış etmişlər. Qeyd olunmuşdur ki, hazırda Azərbaycan paytaxtında 8, regionlarda isə 14 televiziya kanalı, 13 kabel televiziyası operatoru, bir o qədər də radio yayımçısı vardır. Qədim tarixə malik Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə yaxın vaxtlarda xüsusi mədəniyyət kanalının açılması məqsədi ilə hazırlıq işlərinə başlandığı qeyd olunmuşdur.
Sonra mövzu ilə əlaqədar müzakirələr aparılmışdır. Milli Məclisin deputatları Fazil Qəzənfəroğlu, Qənirə Paşayeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək mövzunun aktuallığını vurğulamış, televiziya, xüsusən də özəl televiziya kanallarının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ötən ilin oktyabrında mətbuatda dərc olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsində ölkə televiziyalarının qarşılaşdığı problemlər, onların aradan qaldırılması istiqamətində atılan addımlar çox əhatəli şəkildə öz əksini tapmışdır. Həmin məqalədə demokratik dəyərlərin hökmran mövqe qazandığı cəmiyyətimizdə kanallar qarşısında duran vəzifələr də dəqiq göstərilmişdir.
Səslənən təkliflər arasında milli cizgi filmlərinin çəkilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, bu, əcnəbi cizgi filmlərinin qəhrəmanları ilə yanaşı, uşaqların milli nağıl qəhrəmanlarını da tanımasına, milli-mənəvi dəyərlərə uyğun tərbiyəsinə və dünyagörüşünün formalaşmasına müsbət təsir göstərər. Bəzi özəl kanallarda etik normalara riayət olunmadığı, efir və aparıcılıq mədəniyyətinin gözlənilmədiyi də qeyd olunmuşdur.
Bildirilmişdir
ki, milli-mənəvi dəyərlərin, hərbi vətənpərvərlik
mövzularının əks olunduğu verilişlərə
televiziya kanallarında daha çox yer verilməli, gənc nəslin
milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə
xüsusi diqqət yetirilməlidir.
AzərTAc
Azərbaycan.- 2010.- 22
aprel.- S. 2.