ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilə bilər

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirmişdir ki, ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilə bilər.

Ə.Həsənov demişdir: "Son zamanlar, ümumiyyətlə Avropada, dünyada bu məsələ ətrafında bir narahatlıq vardır. Bu, ondan ibarətdir ki, həmsədrlər institutu indiyədək ciddi bir nəticə ortaya qoya bilməmişdir. Hazırda söhbət gedir ki, bəlkə Avropa İttifaqı bu qurumda hansısa şəkildə təmsil olunsun. Məsələn, Fransa təkcə özünü deyil, həm Avropa İttifaqını təmsil etsin".

Başqa təkliflərin olduğunu bildirən şöbə müdiri qeyd etmişdir ki, regionun digər maraqlı dövləti kimi, Türkiyənin təmsilçiliyi gündəmdədir.

"Təkliflərin dəyərləndirilməsi isə ATƏT-in səlahiyyətləri daxilindədir", - deyə Əli Həsənov vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  22 aprel.- S.  2.