Heydər Əliyevin idarəçilik
irsi dövlətin kadr hazırlığının əsas
qayəsini təşkil edir
Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bugün üçün deyil, gələcək üçün də çox əhəmiyyətlidir. İllər keçdikcə biz bunu daha aydın görür və dərk edirik. Heydər Əliyevin idarəçilik məharəti çox zəngin təcrübə məktəbi tükənməz bir xəzinədir. İllər keçdikcə gələcəkdə hələ çox-çox nəsillər bu təcrübədən bəhrələnəcəklər. Ulu öndər Heydər Əliyev özünün çox böyük təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin nəzəri baxımdan da zənginləşdirmişdir. Bütün bunlar dünya təcrübəsi üçün də faydalı olduğundan beynəlxalq əhəmiyyətə malik çox zəngin bir sərvətdir. Biz bununla fəxr etməklə yanaşı qoruyub saxlamalı və daim bu sərvətdən bəhrələnməliyik.
Bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb formalaşdırılmışdır. Fərəhli haldır ki, dövlət idarəçilik sistemimiz üçün xeyli qabiliyyətli və həm də milli ruhlu kadrlarımız hazırlanmışdır. Odur ki, cəmiyyət həyatının demək olar ki, bütün sahələrində yüksək səviyyəli kadr potensialımız mövcuddur. Buna biz ulu öndər Heydər Əliyevin parlaq və aydın zəkası, zəngin bilik və təcrübəsi, çoxcəhətli fəaliyyəti və zəhməti hesabına nail olmuşuq. Ümummilli lider Heydər Əliyevin bizə irs qoyduğu bu zəngin təcrübəyə əsaslanaraq, eləcə də beynəlxalq təcrübəyə istinad edərək idarəçilik mədəniyyətimizi daim artırmalı, onu zənginləşdirərək yüksəltməli, yeniləşən dünyamızın tələblərinə cavab verən kadr potensialımızı çoxaltmalıyıq. Unutmamalıyıq ki, ölkəmizin bugünü və gələcəyi bu kadrların peşəkarlıq səviyyəsindən çox asılıdır. Heydər Əliyevin dövlət idarəçilik ideyaları, onun zəngin idarəçilik məktəbi bizə bunu tövsiyə edir, bunları öyrədir.
Təbiidir ki, hər bir ölkənin, eləcə də Azərbaycanın təhsil sistemi üçün idarəetmə kadrların hazırlığı məsələsi xüsusi aktuallıq kəsb edir. Belə ki, Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu prosesləri sürətləndikcə, dövlət müstəqilliyimiz möhkəmləndikcə, iqtisadiyyatımızın inkişaf sürəti artdıqca ölkədə idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, onun səmərəliliyin artırılması məsələləri ön plana çıxır. Dövlət idarəçiliyinin səmərəliliyi isə ixtisaslı kadrların hazırlanması və qulluğa cəlb olunması ilə təmin olunur. Belə ki, dövlət orqanlarının keyfiyyətli və səmərəli fəaliyyəti əhəmiyyətli dərəcədə dövlət qulluqçularının səriştəsindən, bacarığından, ixtisas səviyyəsindən asılıdır.
Qabaqcıl idarəetmə sistemlərinin, texnologiyalarının yaradıldığı müasir şəraitdə idarəetmə sistemində çalışan rəhbər kadrların bir qismi artıq ətrafda baş verən dəyişikliklərə bəzən tam uyğunlaşa bilmir, mürəkkəb idarəetmə məsələlərinin həllində peşəkarlıqla bağlı müəyyən çətinliklərlə üzləşir, idarəetmənin səmərəliliyini təmin edə bilmirlər. Dövlətin mənafeyi isə yalnız ali rəhbərlərin deyil, həm də bütün dövlət idarəetmə sistemindəki vəzifəli şəxslərin yüksək təhsil və peşəkarlıq səviyyəsinə malik olmasını tələb edir. Odur ki, dövlət qulluğu üçün mütəxəssislərin hazırlanması dövlətin yüksək peşəkarlığa malik idarəetmə kadrları korpusunun formalaşmasına yönəlmiş kadr siyasətinin mühüm tərkib hissəsinə çevrilir və dövlət qulluğu üçün kadr hazırlığı sisteminin, bütövlükdə ölkənin təhsil sisteminin qarşısında idarəetmə sahəsində yüksək ixtisaslı və peşəkar kadrların yetişdirilməsini aktual problem kimi qoyur. Onların hazırlanması isə təbii ki, xüsusi dövlət qayğısı göstərilməsini tələb edir.
Bu kadrların peşəkarlığının, səriştəliliyinin yüksək olmasından ölkənin nəinki bugünü, həmçinin gələcəyi də çox asılıdır. İdarəçilik işinin səmərəliliyini yüksəltməyə nail olmaq məqsədi ilə bu gün ölkəmizdə aparılan iş qarşımızda təkcə kadr hazırlanması kimi yox, həm də siyasi bir vəzifə kimi durur. Bu baxımdan təbiidir ki, indi idarəetmə kadrlarının nəzəri və praktiki hazırlığı məsələlərinə olan tələb də artır. İndi hazırlanan kadrlar gərək dəyişilən vəziyyətdən baş çıxarmağı, konkret şəraitə uyğun vəzifələri müəyyən etməyi, müstəqil qərarlar qəbul edərək onları həyata keçirməyi bacarsınlar. Odur ki, bu vəzifələrə uyğun kadrlar hazırlanması, onların səriştəliliyi, peşəkarlığının artırılması işi də daim təkmilləşməli, kadrların elmi nəzəri səviyyəsi yüksəldilməli və praktiki iş təcrübələri artırılmalıdır. Bunun üçün tədris prosesinin təşkili, onun forma və metodları da təkmilləşdirilməli, inkişaf etdirilməli, informasiya təminatı lazımi səviyyədə olmalıdır. Bu mənada yerləşdiyi regionda lider dövlətə çevrilmiş Azərbaycanın mövqelərini qoruyub saxlayan, daha da inkişaf etdirə biləcək peşəkar kadrların yetişdirilməsi üçün təhsil sistemi idarəetmə kadrlarının hazırılığı sahəsində dünyadakı qlobal meyilləri diqqətlə izləməli və tədrisin optimal modellərinin axtarışını daim davam etdirməli, bu sahədə dünyadakı ən yaxşı nümunələrə uyğunlaşmalı və öz işini ona uyğun qurmalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətə davamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu var. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının dinamik inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsiln səviyyəsi ilə müəyyən olunur. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsil qarşısında duran müstəsna əhəmiyyətə malik əsas vəzifədir. Bütün bu amillər respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qarşıya qoyur.
Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Azərbaycanda elm və təhsilin inkişaf problemləri və perspektivləri ilə bağlı proqram xarakterli "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində qeyd edilir ki, "Tədris prosesinə dövlətçilik maraqları və yeni vəzifələr, yeni tələblər nöqteyi nəzərindən yanaşılmalıdır. Qloballaşma, informasiya texnologiyaları və internetin hökmranlığı əsrində təhsil prosesini köhnəlmiş metodlarla qurmaq olmaz... Xalqın və dövlətin gələcəyinin əsası məktəbdə və universitetdə qoyulur. Yalnız bundan sonra gənclər istehsal və idarəçilik proseslərinə qoşulurlar. Ona görə də onlar yüksək səviyyədə təhsil almalıdırlar. Dövlətmizin nəzərdə tutduğu ali məqsədlərə çatmaqda problemlərlə qarşılaşmaq istəmiriksə hazırlıqlı gənc mütəxəssislərimiz olmalıdır".
Bu istiqamətdə Azərbaycanda son dövrlərdə çox mühüm addımlar atılmış, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli sərəncamı ilə "2009-2013-cü illərdə Azərbaycan Respublikası Ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" qəbul olunmuşdur. Avropa və dünyanın təhsil məkanına inteqrasiya məqsədi ilə Boloniya prosesinə qoşulmuş Azərbaycanda Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli qərarı ilə beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanmış "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı" təsdiq edilmiş, Təhsil Nazirliyi tərəfindən müxtəlif ixtisaslar, o cümlədən idarəetmə ixtisasları üzrə təhsilin yeni dövlət standartları qəbul olunmuşdur.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin bütün sahələrində yeni düşüncəli, savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı, yüksək təşkilatçılıq və informasiyadan istifadə etmək qabiliyyətinə malik olan kadrların hazırlanmasına, onların cəsarətlə seçilib irəli çəkilməsinə böyük zəmin yaradır. Xalqın və dövlətin gələcəyinin məhz yüksək ixtisaslı, peşəkar və vətənpərvər insanlarda görən Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində ölkənin maddi imkanlarının məhdudluğuna baxmayaraq bu işi dünya miqyasına çıxarmış, yüzlərlə gənci təhsil almaq üçün xarici ölkələrə göndərmişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş fərmanla təsdiq olunan Dövlət Proqramına əsasən hər il yüzlərlə gənc inkişaf etmiş xarici dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində ixtisaslı kadr kimi (o cümlədən idarəetmə ixtisasları üzrə) yetişirlər. Azərbaycanın özündə idarəetmə sahəsində milli kadrların hazırlanması üçün müstəqillik illərində bir neçə yeni elm və təhsil ocaqları yaradılmış, mövcud ali məktəblərdə yeni dövrün tələb etdiyi mütəxəssislərin hazırlanması işi təşkil edilmişdir. Burada ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını xüsusi qeyd etmək lazımdır. Fərmanda Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədi "Dövlət İdarəçilik sahəsi üçün mütəxəssislər hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlət idarəçiliyi sahəsində elmi-tədqiqatların təşkili və həmin sahənin analitik-informasiya təminatının möhkəmləndirilməsi" kimi müəyyən edilmişdir. Akademiyanın yaradılması dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, yeni idarəetmə mədəniyyətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Dövlət qulluğu üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan Dövlət İdarəçilik Akademiyasının üzərinə Azərbaycanın böyük siyasi və iqtisadi potensialını reallaşdıra biləcək dövlət qulluqçularının yeni nəslinin yetişdirilməsi kimi çox məsul vəzifə qoyulmuşdur. Akademiya yarandığı gündən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün öz fəaliyyətini aşağıdakı istiqamətdə qurmağa çalışmışdır:
- xarici ölkələrin dövlət qulluqçularının hazırlığı sahəsindəki praktiki təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi;
- dövlət qulluqçularının təhsil və peşəkarlıq səviyyələrinə irəli sürülən əsas tələblərin işlənib hazırlanması;
- idarəetmə kadrları ehtiyatının formalaşdırılması və təlimi ilə bağlı elmi- metodik, ekspert tövsiyələrinin işlənib hazırlanması;
- dövlət qulluqçularının ixtisasının artırılması, təlimi ilə məşğul olan digər mərkəzlərə elmi-metodiki, informasiya, məsləhət yardımlarının göstərilməsi.
Akademiyada yüksək vəzifəli dövlət məmurlarının ixtisasının artırılması sahəsində bir çox işlər yerinə yetirilir, hər il burada nazirliklərin, dövlət komitələrinin, digər mərkəzi və yerli dövlət idarəetmə orqanlarının, yerli özünüidarəetmə orqanlarının məsul vəzifəli şəxsləri üçün kurslar təşkil olunur, müxtəlif mövzularda "dəyirmi masa"lar, seminar və konfranslar keçirilir. Burada faktiki olaraq ali siyasi-idarəetmə elitası formalaşdırılır. Uyğun olaraq mühazirələrin oxunması üçün ölkənin ən qabaqcıl elmi, idarəetmə və siyasi elitasının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, dövlətin ali vəzifəli şəxsləri cəlb olnur.
Dövlət orqanları üçün kadr hazırlığı ilk növbədə bu kadrların cavab verməli olduğu peşəkarlıq səviyyəsinə tələblərin formalaşdırılmasını, bu səviyyəni təmin etməyə imkan verən tədris planları və proqramlarının olmasını tələb edir. Bu məqsədlə Akademiyada dövlət qulluqçularının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası geniş profilli mütəxəssis kimi hazırlanması üçün xarici ölkələrin qabaqcıl tədris müəssisələrinin təcrübəsinin ətraflı təhlili və ümumiləşdirilməsi əsasında və Azərbaycanda dövlət idarəçiliyinin xüsusiyyətlərini nəzərə almaqla tədris planı işlənib hazırlanmış, fənlərin proqram və metodiki təminatı məsələləri həll olunmuş, 1999-cu ildən başlayaraq bu ixtisas üzrə ölkənin bütün ərazisini və dövlət idarəetmə orqanlarını təmsil edən dövlət qulluqçularının cəlb olunması yolu ilə kadr hazırlığına başlanılmışdır.
İxtisasartırma kursları dövlət qulluqçularının hazırlığının əsas növlərindən biri hesab olunur. Akademiyada bu məqsədlə dövlət qulluğunda rəhbər vəzifələrdə çalışanlar üçün 9 istiqamət üzrə bir və iki həftəlik qısamüddətli ixtisasartırma kursları fəaliyyət göstərir. Hər il bu kurslara nazirliklərin, dövlət komitələrinin, digər mərkəzi və yerli idarəetmə orqanlarının, bələdiyyələrin məsul vəzifəli şəxsləri dəvət olunur. Onların iştirakı ilə seminar və konfranslar keçirilir. İxtisasartırma kurslarında mühazirələrin oxunması üçün ölkənin qabaqcıl elmi, idarəetmə və siyasi elitasının nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, dövlətin yüksək vəzifəli şəxsləri cəlb olunurlar.
Akademiyada dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə orta təhsil bazası əsasında bakalavr və magistr pilləsi üzrə ehtiyat kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir. Bu sahədə əldə olunan nailiyyətlər çox diqqətə layiqdir. Akademiya artıq bir neçə ildir ki, ölkənin ali təhsil müəssisələri arasında öz reytinqinə görə birinciliyi əldə saxlayır. Qəbulun nəticələrinə görə hər il ən yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülən 100 tələbədən 25-30 nəfəri Dövlət İdarəçilik Akademiyasına qəbul olunur. Bu gün Akademiyanın tələbələri sırasında 100 nəfərdən çox Prezident təqaüdçüsü təhsil alır. Əgər Akademiyaya qəbulun hər il cəmi 200 nəfər olduğunu nəzərə alsaq bunun çox yüksək nəticə olduğunu söyləyə bilərik. Akademiyanın məzunlarının böyük bir hissəsi hər il test imtahanlarından müvəffəqiyyətlə keçərək öz təhsillərini magistratura pilləsində davam etdirir, dövlət qulluğuna qəbul olunurlar.
Akademiyada tədris prosesinin, təhsil proqramlarının reallaşdırılmasının texnologiyası və mexanizmləri ilə bağlı deyə bilərik ki, burada klassik metodlarla tələbə və müdavimlərin idarəetmə sahəsində zəruri olan analitik bacarıqlarını inkişaf etdirməyə imkan verən müasir innovasiyalı təlim metodlarından geniş istifadə olunur, kompüter sistemlərinin köməyi ilə yeni informasiya texnologiyaları fəal şəkildə təhsil prosesinə daxil edilir. Akademiyada tədris prosesi müasir tələblərə cavab verən texnika, kitabxana, kompüter zalları, tədris auditoriyaları ilə təchiz edilmişdir.
Akademiyada dövlət idarəetməsinin aktual problemlərinin araşdırılması sahəsində geniş elmi-tədqiqat işləri yerinə yetirilir, dövlət idarəçiliyinin nəzəri və praktiki sahələrində elmi tədqiqatlara, tədris prosesinin elmi-tədqiqat fəaliyyəti ilə əlaqələndirilməsi sahəsindəki işlərə xüsusi diqqət yetirilir "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə" adlı jurnal nəşr olunur.
Akademiyada bir sıra istiqamətlər üzrə ixtisaslaşdırılmış elmi şuralar, doktorantura şöbəsi, "Geostrateji araşdırmalar mərkəzi", tələbə elmi cəmiyyəti fəaliyyət göstərir. Akademiya dəfələrlə irimiqyaslı forumların, beynəlxalq və respublika əhəmiyyətli seminar və konfransların, "dəyirmi masa"ların, treninqlərin təşkilatçısı olmuşdur.
Akademiyada dövlət qulluğu üçün kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, respublikamızın milli və yerli xüsusiyyətlərini nəzərə almaqla bu təcrübədən yaradıcı şəkildə istifadə olunması sahəsində əhəmiyyətli işlər görülmüş, Akademiyanın beynəlxalq əlaqələri xeyli genişlənmişdir. Xarici ölkələrin təhsil müəssisələri ilə uzunmüddətli əməkdaşlıq münasibətlərinin yaradılması, qabaqcıl Qərb ölkələrinin dövlət idarəetmə modelləri ilə tanışlıq məqsədi ilə DİA Türkiyə, Fransa, İspaniya, Kanada, Ukrayna, Belarus, Litva kimi dövlətlərin uyğun tədris müəssisələri ilə müqavilələr bağlamış, geniş əlaqələr yaratmışdır.
Beləliklə, Akademiya dövlət idarəçiliyinin bütün səviyyələri üçün müasir idarəetmə təfəkkürünə malik kadrlar hazırlamaqla, idarəetmə mədəniyyətinin, dövlətçilik əxlaqının formalaşmasına kömək etməklə respublikamızda dövlət quruculuğu prosesində fəal iştirak edir. Akademiyada idarəetmə sahəsində kadrların yenidən hazırlanılmasının elə sistemini formalaşdırmağa çalışılır ki, bu yüksək peşəkarlıq səviyyəsini, nəzəri və praktiki biliklərin əldə edilməsini, vərdişlərin və özünüinkişaf təcrübəsinə nail olunmasını təmin etməklə yanaşı, tədris prosesinin təşkilati, psixoloji, peşəkarlıq, elmi və texniki komponentlərini sintez edə bilsin.
Dövlət siyasətinin işlənib hazırlanmasının yeni prosedurlarının tətbiqi dövlət qulluqçularından siyasətin təhlili, strateji planlaşdırma, siyasətin əlaqələndirilməsi kimi yeni vərdiş və bacarıqlar tələb edir ki, onlar inkişaf etdirilməzsə bütün struktur dəyişikliklərindən, funksiyaların bölünməsindən arzulanan nəticələri əldə etmək mümkün olmaz. Ona görə də dövlət qulluqçularında bu vərdiş və qabiliyyətlərin formalaşmasını təmin etmək üçün xüsusi təlim proqramları tərtib olunur və bu işə mütəxəssislər cəlb edilir. Dövlət qulluqçularının idarəetmə fəaliyyətinə hazırlanmasına, qərar qəbuluna, siyasətin işlənib hazırlanması və təhlilinə, strateji idarəetməyə, dövlət idarəetməsinin islahatlarına, liderlik nəzəriyyəsi və praktikasına və sairəyə xüsusi diqqət yetirilir. Bu məqsədlə Akademiyanın professor-müəllim heyəti tərəfindən "Strateji idarəetmə", "Strateji planlaşdırma", "Büdcə proqramlaşdırılması", "Elektron hökumətin formalaşdırılması", "Dayanıqlı inkişaf" kimi tədris modullarının işlənib hazırlanması və tədris prosesinə tətbiqi nəzərdə tutulmuşdur. Akademiyada dövlət qulluqçusunun imicinin formalaşdırılması kimi maraqlı və aktual mövzu üzərində işlər aparılır.
Hazırkı dövrdə informasiya axınlarının güclənməsi elə təlim metodlarının tətbiq olunmasını tələb edir ki, onlar qısa müddət ərzində kifayət qədər biliklər verməyə, dinləyicilərin öyrənilən materialı yüksək səviyyədə mənimsəməsini və onun praktikada möhkəmləndirilməsini təmin etməyə geniş imkan yarada bilsin. Dünyanın qabaqcıl tədris müəssisələrində rəhbər kadrların ixtisasının artırılması sistemində treninq, proqramlaşdırılmış kompüter təlimi, modelləşdirmə, qrupda tədris disskusiyaları, seminar-konfranslar case-study (konkret, praktiki situasiyaların təhlili), işgüzar və rollu oyunlar kimi interaktiv təlim metodlarına daha çox üstünlük verilir ki, burada əsas diqqət ötürülən biliklərin, bacarıqların və vərdişlərin praktiki işlənilməsinə yönəldilir. İnteraktiv təlim metodları müxtəlif səviyyə rəhbərlərinin problemi strukturlaşdırmaq, informasiyanı toplamaq və təhlil etmək, zəruri hallarda həm fərdi iş prosesində, həm də digər işçilərlə qarşılıqlı fəaliyyət şəraitində alternativ qərar variantlarını hazırlamaq və onların içərisində optimal variantı seçmək bacarıqlarını inkişaf etdirir. Bu baxımdan Akademiyada da interaktiv təlim metodlarından istifadəni genişləndirməyə, onların metodiki informasiya təminatı məsələlərini həll etməyə çalışırıq.
Fikrimizcə Azərbaycanda idarəetmə kadrlarının hazırlığının (xüsusilə dövlət qulluğu üçün) perspektivlərini müəyyənləşdirən başlıca istiqamətlər aşağıdakılardan ibarət ola bilər:
- dövlətin inkişafını, onun funksiya və vəzifələrinin inkişafını və təkmilləşdirilməsini nəzərə almaqla kadr hazırlığının qabaqcıl xarakterinin təmin edilməsi;
- dövlət təhsil standartlarına əməl olunması, bütün təlim növlərinin, forma və metodlarının çevik şəkildə tətbiq olunması, təlim prosesinin intensivləşdirilməsi və optimallaşdırılması əsasında onun məqsədəuyğun inkişafına nail olunması;
- dövlət qulluğuna yeni qəbul olunmuş dövlət qulluqçularının və kadr ehtiyatlarının hazırlanmasının və ixtisasının artırılmasının təkmilləşdirilməsi;
- "Dövlət və bələdiyyə idarəetməsi", iqtisadiyyat, hüquq ixtisasları üzrə, həmçinin humanitar, sosial və kadr siyasəti sahələri üzrə dövlət qulluqçularının hazırlanmasının, yenidən hazırlanmasının və ixtisasının artırılmasının genişləndirilməsi.
İdarəetmə kadrlarının hazırlığının və ixtisasının artırılması sisteminin təkmilləşdirilməsi üçün mütəxəssislərin və ixtisasların hazırlanmasının səviyyə və istiqamətlərini, təlimin həcmi və müddətlərinin, bu sahədə hazırlığın dövlət keyfiyyət standartlarını təmin edəcək tədris proqramlarının təkmilləşdirilməsi tələb olunur. Belə bir sistemin yaradılması zamanı zənnimizcə aşağıdakılar nəzə alınmalıdır:
- dövlət qulluqçularının peşəkar hazırlığı prosesində onların idarəetmə fəaliyyətinə hazırlanmasına, qərar qəbuluna, siyasətin işlənib hazırlanması və təhlilinə, strateji idarəetməyə xüsusi diqqət yetirilməsi;
- təhsil səviyyəsi, ixtisaslaşma istiqaməti, vəzifə və peşəkar ixtisas xüsusiyyətlərindən asılı olaraq kadrların təlimi üçün seçmə normativlərin tətbiq edilməsi;
- sahə, regional və yerli səviyyələrdə dövlət qulluğunun xüsusiyyətlərini nəzərə almaqla kadrların hazırlıq və ixtisasının artırılması, xüsuilə də rəhbər və mütəxəssislərin hazırlığı üçün təhsil müəssisələrinin vəzifə və səlahiyyətlərinin dəqiq müəyyən edilməsi;
- dövlət qulluğu üçün kadr hazırlayan təhsil müəssisələrinin məzunlarının əldə etdiyi peşəkarlıq potensialından səmərəli istifadə etmək üçün onların işlə təminatına zəmanətlərin verilməsi;
- dövlət orqanlarının büdcəsində işçilərin peşəkar hazırlığının yaxşılaşdırılmasını stimullaşdırmaq məqsədi ilə xüsusi xərc maddələrinin nəzərdə tutulması;
- dövlət qulluğu üçün kadr hazırlığı müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması;
- dövlət qulluğu kadrlarının xaricdə təhsil alması proqramının işlənib hazırlanması;
- dövlət qulluqçularının hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması sistemində dövlət idarəetmə sisteminin islahatlarının ən aktual məsələlərinin dərindən öyrənilməsinin təmin edilməsi və sairə.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il 10 fevral tarixdə "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərman imzalamışdır. Bu fərmanın icrası yuxarıdakı məsələlərin bir qisminin həllinə imkan yaradacaqdır. Fərmanda qeyd edilir ki, respublikamızın ali təhsil müəssisələrində kadr hazırlığı 2010-2011-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi əsasında həyata keçiriləcək. Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunacaqdır. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.
Respublikanın ali təhsil müəssisələrində dövlət sifarişi ilə kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında təşkil olunacaq və bunun üçün xarici ölkələrin bu sahədə qabaqcıl təcrübəsini nəzərə almaqla adambaşına maliyyələşdirmə mexanizmi işlənib hazırlanacaqdır. Dövlət sifarişi ilə tələbə qəbulu Nazirlər Kabineti tərəfindən təsdiq olunan proqnozlar əsasında müəyyənləşdiriləcəkdir. Hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə dövlət sifarişi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təkliflər əsasında müəyyənləşdiriləcək, Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq bu təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq edəcəkdir. Ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər.
İdarəetmə kadrlarının hazırlanmasının və ixtisasının artırılmasının səmərəli sisteminin formalaşması fasiləsiz təhsil konsepsiyasının reallaşdırılmasını ən aktual məsələlərdən biri kimi qarşıya qoyur. Müasir dövrdə dövlət qulluğu kadrlarının ixtisasının artırılmasının fasiləsizliyini təmin edən əsas təlim formaları aşağıdakılardan ibarətdir: dövlət qulluqçularının peşəkar ixtisasartırma proqramları əsasında təlimi; sistematik müstəqil öyrənmə (özünütəlim); daimi fəaliyyət göstərən tematik seminarlar; qısamüddətli tematik seminarlar; müxtəlif dövlət orqanlarında, o cümlədən xarici ölkələrdə stajkeçmə. İdarəetmə kadrlarının zəruri nəzəri biliklər əldə etməsi ilə yanaşı inkişaf etmiş ölkələrin idarəetmə strukturlarından əsaslı və məqsədyönlü staj keçməsinin təşkili xüsusi əhəmiyyət kəsb edir. Staj keçmə zamanı dövlətin qulluqçularının konkret situasiyalarda müxtəlif kadr texnologiyalarının tətbiqi ilə bilavasitə iş yerlərində tanış olmaq, dövlət qulluqçularının attestasiyasında, müsabiqə imtahanlarının keçirilməsində, işçilərin təlimində iştirak etmək kimi məsələlər staj keçmə planında nəzərdə alınmalıdır.
Əgər bu gün Azərbaycanda dövlət qulluqçularının hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması sisteminin orta və aşağı təsnifata uyğun dövlət qulluqçularını müəyyən dərəcədə əhatə etdiyini söyləyə biləriksə, ali vəzifələrdə çalışan dövlət qulluqçuları bu sistemdən demək olar ki, bir növ kənarda qalmışdır. Ona görə də dövlət qulluğu sistemində rəhbər kadrların peşəkar hazırlığı və inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Dövlət qulluqçularının, dövlət müəssisələrinin rəhbərlərinin hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılmasını həyata keçirmədən yüksək peşəkarlığa nail olmaq mümkün deyil. "Dövlət qulluğu haqqında" qanunda qeyd edilir ki, dövlət qulluqçuları daim öz peşəkarlığını artırmalıdırlar və bunun üçün onlara şərait yaradılmalıdır.
Cəmiyyətin sürətlə dəyişən mühitdə davamlı sosial-iqtisadi inkişafı məsələsi təhsil sisteminin bu proseslərə çevik və dinamik uyğunlaşmasını tələb edir. Müasir şəraitdə təhsil sistemi təhsil alanlara yalnız zəruri biliklərin verilməsi ilə kifayətlənməməli, eyni zamanda biliklərin daimi və sürətlə yeniləşdiyi bir vaxtda onlarda biliklərə fasiləsiz olaraq müstəqil yiyələnə bilmək sahəsində vərdişlər və tələbatların formalaşmasına çalışmalıdır. Dövlət qulluğu kadrlarının hazırlığı sisteminin yenidən qurulması problemin səmərəli həlli, onun yeni informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə inkişaf etdirilməsini, distant təhsil sisteminin tətbiqini zəruri edir. Belə bir sistem yaradılarkən distant təhsilə sadəcə mövcud dövlət qulluğu kadrlarının hazırlığı və yenidən hazırlığı sisteminə müasir telekommunikasiya və kompüter texnologiyalarının tətbiqi kimi deyil, həm də idarəetmənin informasiya mədəniyyəti tələblərinə cavab verən idarəetmə kadrlarının hazırlığının yeni təhsil sistemi kimi baxmaq lazımdır. Azərbaycanda dövlət qulluqçularının hazırlığı və yenidən hazırlığı sistemində distant təhsil hələlik layihələndirmə mərhələsindədir.
İdarəetmə kadrlarının hazırlığı sistemində ən aktual məsələlərdən biri idarəetmə kadrlarının elmi səviyyəsini artırmaq, bu sahədə elmi kadrların çatışmazlığını aradan qaldırmaq üçün doktorantura yolu ilə yüksək ixtisaslı kadr hazırlığı sisteminin genişləndirilməsi, beynəlxalq elm məkanına inteqrasiyanı sürətləndirmək üçün dünyada qəbul olunmuş ixtisaslar və istiqamətlər üzrə kadr hazırlığını təmin etməkdir. Məsələn Ukrayna Respublikasında 1997-ci ildən "dövlət idarəetməsi" ayrıca elm və təhsil sahəsi kimi qəbul olunmuş, "dövlət idarəetməsi" ixtisası üzrə namizədlik və doktorluq elmi dərəcələri müəyyənləşdirilmiş, bu sahədə elmi kadrların formalaşdırılmasına başlanılmışdır. Hesab edirik ki, Ukrayna Respublikasının bu sahədə təcrübəsinin öyrənilməsi təqdirəlayiqdir. Bu baxımdan Azərbaycan Respublikasında elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılmasını, ölkənin elmi kadr potensialının artırılmasını və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını daha da sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2010-cu il tarixdə "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" sərəncamının əhəmiyyətini xüsusi qeyd etmək istərdik. Bu sərəncam həmçinin Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının yaradılması, komissiyanın tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi idarəetmə sahəsində gənc tədqiqatçı alimlərin yetişməsinə daha geniş imkanlar açır.
Beləliklə, hesab edirik ki, yuxarıdakı məsələlərin reallaşdırılması idarəetmə kadrlarının hazırlanması sahəsində problemlərin həllinə, müasir tələblərə cavab verə biləcək idarəetmə kadrlarının yetişdirilməsi işinə kömək edərdi.
Seyfəddin QƏNDİLOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının rektoru, professor,
əməkdar elm xadimi, Dövlət qulluğunu
idarəetmə şurasının üzvü
Azərbaycan.- 2010.- 22 aprel.- S.
3.