BMT-nin cinayətkarlıqla mübarizəyə həsr olunmuş 12-ci konqresi keçirilmişdir

 

Bu il aprelin 12-19-da Braziliyanın Salvador şəhərində BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsinə dair 12-ci konqresi keçirilmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, dünyanın, demək olar ki, bütün ölkələrini təmsil edən 3 minə yaxın nümayəndənin, o cümlədən ədliyyə və daxili işlər nazirləri, baş prokurorlar, digər hökumət üzvləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli şəxslərinin iştirak etdiyi bu mötəbər forumda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə Baş Prokurorluğun, Ədliyyə, Milli Təhlükəsizlik, Daxili İşlər və Xarici İşlər nazirliklərinin məsul şəxslərindən ibarət nümayəndə heyəti təmsil etmişdir.

Beş ildən bir təşkil olunan və cinayətkarlığa qarşı qlobal səviyyədə mübarizə siyasətini müəyyən edən bu mötəbər tədbirin açılış mərasimində konqresin rəhbərliyi formalaşdırılmış və Braziliyanın ədliyyə naziri Luis Paulo Barretto konqresin prezidenti, Azərbaycanın ədliyyə naziri isə vitse-prezidentlərdən biri seçilmişdir.

F.Məmmədov konqresin yüksək səviyyəli sessiyasında çıxış edərək ölkəmizdə cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi sisteminin və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən tədbirlərdən danışmışdır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə iqtisadi, sosial və digər sahələrdə əldə edilmiş yüksək nailiyyətlər, qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə-hüquq islahatları, penitensiar sistemdə müsbət dəyişikliklər barədə ətraflı məlumat verilmişdir. Tədbir iştirakçılarının diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, torpaqlarımızın bir qisminin Ermənistan tərəfindən işğal olunmasına, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilmişdir.

Maraqla qarşılanmış çıxışda transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə dair təkliflər irəli sürülmüş, çıxışın ingilis və rus dillərində mətnləri tədbir iştirakçılarına paylanmışdır.

Nümayəndə heyətinin üzvləri gündəliyin əsas məsələləri, o cümlədən terrorçuluqla, kiber-cinayətkarlıqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, penitensiar sistemdə islahatlar, beynəlxalq hüquqi yardımın səmərəliliyi mövzularında çıxışlar etmişlər.

Sonda cinayətkarlıqla mübarizə üzrə səylərin gücləndirilməsinə dair Salvador Bəyannaməsi qəbul edilmişdir.

Forum çərçivəsində, həmçinin Braziliyanın ədliyyə naziri ilə rəsmi görüş keçirilmişdir. Görüşdə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə maraq göstərilmiş, bu əlaqələrin genişləndirilməsi üçün perspektivlərin olduğu vurğulanmış və konkret təkliflər irəli sürülmüşdür.

F.Məmmədovun Mərakeşin ədliyyə naziri Monammed Naciri ilə görüşündə dövlətlərimiz arasında hüquqi əməkdaşlığa dair 4 sənədin tam razılaşdırıldığı məmnunluqla qeyd olunmuş və onların imzalanması üçün Mərakeş nazirinin Azərbaycana səfəri ilə bağlı məsələlər müzakirə edilmişdir.

Səfər zamanı BMT, Avropa Şurası, digər beynəlxalq təşkilatların, habelə bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilmiş, əməkdaşlığa dair faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Konqres ərəfəsində ədliyyə naziri F.Məmmədov Braziliyada daha bir tədbirdə - vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin iclasında iştirak etmişdir.

Toplantıda qurumun işi ilə bağlı bir sıra təşkilati məsələlərə baxılmış, o cümlədən Azərbaycan nazirinin təklifləri əsasında komitənin tərkibi genişləndirilərək yeni üzvlər seçilmiş, Assosiasiyanın fəaliyyətinin səmərəsinin artırılması üzrə tədbirlər müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22  aprel.- S.  4.