Böyük elmə doğru
atılan ilk addımlar
"Lomonosov" Beynəlxalq
elmi konfransında iştirak etmiş M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin (MDU) Bakı filialının bir qrup
tələbəsi Moskvadan qayıtmışdır.
Ali təhsil müəssisəsinin
həyatında belə hadisə ilk dəfə baş
vermişdir. Axı, Bakı filialının cəmi iki
yaşı vardır. Odur ki, ilkin regional seçim turundan
keçmiş yeddi tələbə konfransa böyük həyəcan
və məsuliyyətlə hazırlaşmışdır. Uğur
qazanacaqlarına əminlik hissi isə onlarda filialın rektoru,
professor Nərgiz Paşayeva ilə səfərqabağı
görüşdən sonra doğmuşdur. Nərgiz xanım
tələbələrə böyük elmə doğru ilk qələbə
addımları arzulamış, onlara xeyir-dua vermişdir. Rektorun
sözləri tələbələrin mübarizə əhval-ruhiyyəsini
yüksəltmişdir.
Moskvada tələbələrin,
aspirantların və gənc alimlərin iştirakı ilə
keçirilmiş "Lomonosov" Beynəlxalq elmi
konfransı MDB-də "Elm və innovasiyalar ili"nə həsr
olunmuş "Lomonosov-2010" Beynəlxalq gənclər elmi
forumu çərçivəsində təşkil
edilmişdi. Forum Müstəqil Dövlətlər Birliyi məkanında
gənc elm nümayəndələrinin ən çoxsaylı
forumudur. Forumun nəcib məqsədləri elmə istiqamətlənmiş
gənclərin fəallığını inkişaf etdirməyə,
onları müasir elmin aktual vəzifələrinin həllinə
cəlb etməyə, alim adının nüfuzunu
artırmağa, habelə istedadlı tələbələri
və gənc alimləri dəstəkləməyə yönəldilmişdir.
Hava limanında
görüşdən, əhatəli tədbirlər cədvəlindən,
iştirakçıların asudə vaxtının təşkilindən
tutmuş onların ilk dəqiqələrdən Moskva
torpağında mehriban qarşılanmalarına, əhatə
olunduqları gülər simalara qədər hər şey
konfransın müvəffəqiyyətlə keçməsinə,
öz məqsədlərinə çatmasına
hesablanmışdı.
Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçi MDU-nun İntellektual Mərkəzində - Fundamental Kitabxanada keçirilən konfransı açaraq iştirakçıları salamlamış, onların hər biri üçün konfransın əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, bu, faydalı münasibətlər qurmaq, elmi əlaqələr yaratmaq, ilk elmi axtarışlarda yeni təmas nöqtələri tapmaq üçün əla imkandır.
Açılış mərasimində MDU-nun müxtəlif regionlardakı bir sıra filiallarının rektorlarının, o cümlədən Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın videoçarxa yazılmış təbrikləri səslənmişdir.
Müvafiq seksiyalar üzrə hazırlanmış məruzələr təqdim olunmuşdur. Qeyd edək ki, Bakı filialı tələbələrinin bütün işləri böyük maraqla qarşılanmışdır. Filologiya fakültəsinin ikinci kurs tələbələri Ülviyyə Orucova F.de Roxasın "Kalistro və Melibeya haqqında tragikomediya" romanının materialı əsasında "Selestina obrazı", Aliyə Faradova "İtaliya reklamında dialektlərin funksiyası" mövzularında məruzələrlə çıxış etmişlər. Aliyə Faradovanın dialektlərin funksiyası barədə məruzəsi tələbələrin, aspirantların və gənc alimlərin beynəlxalq konfransının ən yaxşı məruzəsi sayılmış və "Lomonosov-2010" forumunun fəxri fərmanına layiq görülmüşdür.
Adlı-sanlı alimlərdən ibarət nüfuzlu münsiflər heyəti Bakı filialı tələbələrinin təqdim etdikləri digər işləri də bəyənmişdir: riyaziyyat fakültəsinin ikinci kurs tələbələri Nigar Məmmədova və İlahə Bünyadova, psixologiya fakültəsinin birinci kurs tələbələri Ofelya Məmmədova, Məhsəti Fərəcova və İlahə Gülalıyeva münsiflər heyəti üzvlərinin suallarına inamla cavab vermiş, iştirakçı sertifikatları almışlar.
Səfər zamanı tələbələri müşayiət edən və onları dəstəkləyən Bakı filialının beynəlxalq əlaqələr üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Tağıyevin gənclərin Moskvada keçirilən bu əhəmiyyətli elmi konfransa hazırlaşmalarında böyük zəhmətini vurğulamaq yerinə düşərdi.
Bir sözlə, MDU-nun Bakı filialı tələbələrinin Beynəlxalq elmi forum kimi ciddi tədbirdə ilk iştirakı onlar üçün həqiqətən böyük elmə atılan ilk addım olmuş və uğurla nəticələnmişdir.
Elmira ƏLİYEVA,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.- 2010.- 22 aprel.- S. 4.