2. Dünyanın ikili standartları

 

Azərbaycanın danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda və əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt imkanı əldə etməsidir. Yəni ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi son nəticədən asılı olmayaraq Azərbaycana təcavüzkar dövləti ifşa etmək, onun işğalçı siyasəti barədə beynəlxalq miqyasda obyektiv rəy formalaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Rəsmi Bakının danışıqlar prosesində sonadək təmkinlə iştirakı ona həm də hərb yolunun seçilməsi üçün əsaslı arqumentlər verir. Yəni danışıqlar prosesi sonadək nəticə verməsə Azərbaycan hərb yolunun qaçılmazlığını beynəlxalq ictimaiyyətə əsaslandırmaq imkanı qazanacaqdır.

 

BMT-nin təsirsiz qərarları

 

17 ildən artıq müddətdə bir sıra mötəbər beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələr, habelə ATƏT-in Minsk qrupunun uğursuz vasitəçilik missiyası Azərbaycana öz torpaqlarını istənilən yolla işğaldan azad etmək üçün hüquqi-siyasi və mənəvi əsaslar yaradır. Bu kontekstdə, xüsusən də BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd məlum qətnaməsi müstəsna əhəmiyyətə malikdir.

Kəlbəcər rayonunun işğalından sonra - 1993-cü il aprelin 30-da qəbul edilən birinci qətnamədə sərhədlərin toxunulmazlığı və ərazi ilhaqı məqsədilə güc tətbiq etməyin yolverilməzliyi vurğulanıb. Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatlıq ifadə edən qətnamədə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ifadə edilib. Bundan başqa, bütün işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın işğal edilmiş digər rayonlarından dərhal çıxarılması tələb olunub.

Ermənistan silahlı qüvvələrinin 822 saylı qətnamənin şərtlərinə məhəl qoymaması BMT Təhlükəsizlik Şurasının əlavə qətnamələr qəbul etməsi ilə nəticələnib. 853 saylı növbəti qətnamənin "dünyaya gəlməsini" Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu işğal etməsi səbəbləndirdi. Qətnamədə işğal faktı və hərbi əməliyyatların genişlənməsi pislənirdi. Sənəddə Azərbaycan vətəndaşlarının böyük qisminin məcburi köçkün kimi yaşamasından aşkar narahatlıq ifadə edilir, tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi bildirilirdi. Təhlükəsizlik Şurası növbəti dəfə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığının təmin olunmasının vacibliyini bəyan edərək ATƏM-in sülh prosesini sürətləndirmək cəhdlərini müsbət məqam kimi diqqətə çəkirdi.

853 saylı qətnamə məzmununa görə əvvəlkindən xeyli fərqlənirdi. Məsələ bundadır ki, əgər 822 saylı qətnamədə Azərbaycan ərazilərinə daha çox yerli erməni qüvvələrinin təcavüz etdiyi vurğulanırdısa yeni qətnamədə işğalçı qismində "yerli erməni qüvvələri"ndən bəhs edilmir, ermənilər münaqişədə iştirak edən tərəf kimi təqdim olunurdu. Bu, əslində Ermənistanın bir dövlət kimi işğal prosesində fəal iştirak etməsinə açıq işarə idi. Məhz həmin işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan və işğal olunmuş digər ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. 853 saylı qətnamənin 9 və 10-cu bəndlərində səslənən fikirlər Ermənistanın BMT tərəfindən işğalçı dövlət kimi qəbul edildiyinin göstəricisi idi.

Lakin hər iki qətnamənin kağız üzərində qalması sonuc etibarilə Ermənistan silahlı qüvvələrinin xarici havadarlarının köməyilə Azərbaycan ərazilərinin işğalını davam etdirməsi ilə nəticələndi. 1993-cü il oktyabrın 14-də sayca üçüncü olan 874 saylı qətnamə qəbul edildi. Bu qətnamədə 822 və 853 saylı qətnamələrdə yer almış tələblər bir daha təsdiqlənməklə xüsusi vurğulanırdı ki, Ermənistan və Azərbaycan arasındakı münasibətlərdəki gərginlik bölgədə sülh və təhlükəsizliyə potensial təhdiddir.

Bütün bunlar diplomatiyada üstünlüyün tədricən Azərbaycan tərəfinə keçdiyini göstərirdi. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışınadək iqtidarda olan qüvvələrin yaratdığı hərc-mərcliyin doğurduğu fəsadlar, habelə Ermənistana xaricdən verilən ciddi dəstək bu ölkənin işğalçı qüvvələrinin 1993-cü ilin oktyabrında Zəngilan rayonunu tutması ilə nəticələndi. 1993-cü il noyabrın 11-də isə BMT Təhlükəsizlik Şurası Azərbaycanın növbəti müraciətinə baxaraq sayca dördüncü olan 884 saylı qətnaməni qəbul etdi. Yeni qətnamədə Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğalı faktından narahatlıq ifadə edilir, bir daha işğalçı qüvvələrin bu və digər ərazilərdən çıxarılması tələb olunurdu.

Təəssüflə vurğulanmalıdır ki, Ermənistan bugünədək BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin şərtlərini yerinə yetirməyərək işğalçılıq siyasətini davam etdirir. Lakin sözügedən qətnamələrin qəbulundan sonra beynəlxalq aləmdə mövqeləri güclənən Azərbaycan ermənilərin işğalçı siyasətinin dünya miqyasında ifşasına nail oldu. BMT qətnamələrinin yerinə yetirilməsi digər beynəlxalq təşkilatların da Ermənistanın qarşısında irəli sürdüyü əsas tələblərdən biridir.

Ulu öndərin xarici siyasət kursunu 2003-cü ildən layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir kimi BMT Baş Assambleyasının 58-ci sessiyasında iştirak edərək regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini açıqlayıb. Cənab İlham Əliyev beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşması, perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklərin edilməsi məsələlərini ön plana çıxarıb.

Ölkə iqtidarının uğurlu diplomatik səyləri nəticəsində BMT Baş Assambleyasının 2004-cü il 23 noyabrda keçirilmiş 59-cu sessiyasının gündəliyinə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 163 nömrəli bənd daxil edilib. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının gündəliyinə salınmış bu bənd Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın həyata keçirdiyi məskunlaşdırma fəaliyyətinin qarşısının alınması istiqamətində səmərəli və ədalətli addımların atılmasına münbit şərait yaradıb.

Azərbaycanın təşəbbüsü ilə 2008-ci il martın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında daha bir mühüm sənəd - "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında" qətnamə qəbul olunub. Qətnamədə Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət və dəstək təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz çıxarılması tələb edilir, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin öz torpaqlarına qayıtması və normal şəraitlə təmin olunması hüququ təkrarlanır.

 

ATƏT-in uğursuz vasitəçilik missiyası

 

Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk gündən ATƏT-in imkanlarını da yüksək dəyərləndirib. Azərbaycanın Avropanın mühüm təşkilatlarından olan ATƏM-ə (1995-ci il yanvarın 1-dən ATƏT adlanır - X.N.) üzvlüyü 1992-ci il yanvarın 30-da reallaşdı. 1992-ci il fevralın 27-28-də isə ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Həmin il mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağdakı vəziyyət müzakirə olundu və ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.

1992-ci il iyunun 1-də Romada Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin ilk mərhələsinə start verilsə də, həmin dövrdə ATƏT çərçivəsində görülən tədbirlər heç bir müsbət nəticə vermədi. Bununla belə, Azərbaycan tərəfinin apardığı məqsədyönlü fəaliyyət sayəsində sözügedən təşkilat Ermənistanı tədricən işğalçı dövlət kimi qəbul etməyə başlamışdı. Bunun nəticəsi idi ki, 1993-cü ilin noyabrında təşkilata üzv dövlətlərin Vyanada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilən bəyanatda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının beynəlxalq hüquq prinsiplərinə zidd addım olduğu vurğulanır, işğalçı qüvvələrin Horadizdən və Zəngilan rayonundan çıxarılmasının zəruriliyi qeyd olunurdu. Bəyanatda ATƏM-in Minsk Konfransının çağırılması və buna qədər işğal edilmiş ərazilərdən hərbi qüvvələrin çıxarılması, atəşin dayandırılması məsələləri də əksini tapmışdı.

1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısının nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlığını həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına - ATƏT-ə çevrildi. Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alındı. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq da əldə etdilər. Bundan başqa, Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olundu. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" adlı qətnaməsi qəbul edildi.

Budapeşt Sammitinin nəticələrinə əsasən 1994-cü il dekabrın 20-də Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olundu. Sonrakı dövrlərdə də ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzində qalmasında mühüm rol oynadı.

Azərbaycanın ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən ciddi uğuru isə özünü 1996-cı ildə keçirilən Lissabon sammitində, ümummilli lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində göstərdi. Həmin vaxt ATƏT-in fəaliyyətdə olan sədri adından verilən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdırılan üç prinsipin tövsiyə edildiyi bir daha vurğulanırdı. Bəyanatda qeyd olunurdu ki, Minsk qrupunun bütün üzv-dövlətləri bu prinsipləri dəstəkləyir:

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə hüququ verən, öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu;

- bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyi.

1999-cu ilin aprelindən ABŞ-ın təşəbbüsü ilə prezidentlərin birbaşa dialoqlarının keçirilməsinə başlanıldı. ATƏT-in Minsk Qrupu bu formatı bəyəndiyini və dövlət başçılarının dialoqunun davam etdirilməsinin zəruriliyini dəfələrlə bəyan etdi.

 

Avropa Şurası Ermənistanı işğalçı kimi tanıyır

 

Ermənistanın işğalçı siyasətinin dünya miqyasında ifşasına nail olmaq istəyən Azərbaycan Avropa Şurasının imkanlarından da maksimum səmərəli yararlanmağa çalışır. Avropa Şurası hələ Azərbaycan bu quruma üzv olmamışdan əvvəl Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlayırdı. Belə ki, 1992-ci ilin fevralında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) quruma üzv olmayan Avropa ölkələri ilə Əlaqələr Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk bəyanatını qəbul etmişdi. Sənəddə Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə edilir və tərəflərə atəşi dayandırmaq, münaqişəni sülh yolu ilə aradan qaldırmaq tövsiyə olunurdu.

1994-cü ilin noyabrında isə AŞ PA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk qətnaməsini qəbul etdi. Sənəddə münaqişə nəticəsində 20 mindən çox insanın həlak olması və bir milyon insanın qaçqın düşməsi faktı əksini tapmışdı. Təşkilat 1997-ci ilin aprelində Dağlıq Qarabağ münaqişəsinə dair daha bir qətnamə qəbul etdi. "Zaqafqaziyada münaqişələrə dair" adlanan qətnamədə Abxaziya və Dağlıq Qarabağdakı münaqişələrin həllinə AŞ-nin kömək göstərməsinin zəruriliyi vurğulanırdı.

2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin iclasında Azərbaycanın təşkilata tamhüquqlu üzvlüyü ilə bağlı qərar qəbul edildi. Azərbaycanın Avropa Şurasında Dağlıq Qarabağ həqiqətləri ilə bağlı daha genişmiqyaslı diplomatik uğuru isə ölkəmizin bu quruma üzv olmasından sonra başlandı. 2001-ci ilin yanvarında - Azərbaycan və Ermənistanın quruma tamhüquqlu üzv qəbul olunduğu sessiyada ingiltərəli deputat Corc Teylor Dağlıq Qarabağda ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edərək burada insan hüquqlarının kobud şəkildə tapdalandığını, ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasət apardığını bəyan etdi. C.Teylor qaçqınların və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadığına diqqət çəkərək Avropa Şurasının bu sahədə ciddi addımlar atmasının zəruriliyini bildirdi.

Beləliklə, ölkəmizin Avropa Şurasına üzvlüyündən sonra təşkilatda Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında qurumda ölkəmizi təmsil edən deputatlar AŞ PA-nın müxtəlif dövlətlərdən olan üzvləri ilə yaxın münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər. Bunun nəticəsi olaraq Avropa Şurası Nazirlər Komitəsinin 108-ci sessiyasının rəsmi məlumatında Ermənistanın təcavüzkar siyasəti pislənilirdi. Həmin sənəddə aydın şəkildə qeyd olunurdu ki, Avropa Şurası ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığını dəstəkləyir.

2001-ci ilin aprelində - AŞ PA-nın yaz sessiyasında isə Azərbaycanın işğal olunmuş ərazilərində narkoticarətin genişlənməsi və terrorizmin dəstəklənməsinə dair avropalı deputatlara lazımi informasiyalar çatdırıldı. Sessiyada daha çox diqqət cəlb edən məqam isə Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin çıxışı oldu. Avropada mütəşəkkil cinayətkarlığın mərkəzlərindən birinin Azərbaycanın işğal edilmiş ərazilərində olduğunu diqqətə çatdıran cənab İlham Əliyev bildirirdi: "Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması ilə nəinki bir milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimiz, əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə erməni işğalçılarının zəbt etdikləri ərazidə bütün infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri ərazidə mütəşəkkil cinayətkarlığın inkişafı üçün çox əlverişli şərait yaranmışdır. "Dağlıq Qarabağ respublikası" deyilən ərazidən narkotik bitkilərin yetişdirilməsi və daşınması üçün istifadə edilir. Narkotiklərlə məşğul olan işbazlar, tiryək alverçiləri orada özlərini təhlükəsiz və çox rahat hiss edirlər".

Məhz belə bir qətiyyətli mövqedən sonra AŞ PA-da Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ciddi dönüş yarandı. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qurumda növbəti uğuru isə 2002-ci ilin payız sessiyasına təsadüf etdi. Sessiyada ermənilərin ciddi müqavimətinə baxmayaraq Azərbaycanın təkidi ilə Ermənistan barədə qətnaməyə Azərbaycan torpaqlarının işğal olunması, qaçqınlar və məcburi köçkünlərin bu işğal nəticəsində öz torpaqlarından didərgin düşməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə düzəlişlər edildi. Bu məsələlər Azərbaycana aid qətnamədə də əksini tapdı.

2003-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin AŞ PA-nın sədr müavini və büro üzvü vəzifələrinə seçilməsi ilə ölkəmizin bu qurumla əlaqələri daha yüksək səviyyəyə çatdı. Azərbaycanın qurumda yeni bir uğuru isə 2003-cü ilin yay sessiyasında qeydə alındı. Həmin sessiyada "Avropada muxtar vilayətlərin müsbət təcrübəsi" məsələsi ətrafında müzakirələr aparılırdı. Burada məhz cənab İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü pozmaq səlahiyyətlərinə malik olmadığı barədə müddəa sənədə əlavə edildi. Yenə də ermənilərin ciddi müqavimətinə baxmayaraq cənab İlham Əliyevin qətiyyətli mövqeyi onların geri çəkilməsinə səbəb oldu.

Ümumiyyətlə, cənab İlham Əliyevin nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə AŞ PA-da Azərbaycan həqiqətlərini özündə əks etdirən 30-a yaxın sənəd hazırlanmış və təşkilatın rəsmi sənədləri kimi yayılmışdır. Sonrakı dövrdə də Azərbaycan Avropa Şurasında ermənilərin mövqelərinə biri-birinin ardınca diplomatik zərbələr endirməkdə davam edir, təşkilatda Ermənistanın işğalçılıq siyasətinə qarşı yeni-yeni sənədlərin qəbuluna nail olurdu. AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul etdiyi 1416 saylı yeni qətnamə isə Ermənistanın işğalçılıq siyasətinə ciddi zərbə idi. Sənəddə yer alan müddəalar bir daha Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir, Dağlıq Qarabağ regionunun separatçı qüvvələrin nəzarəti altında olduğu xatırlanırdı. Bununla bağlı qətnamənin xülasə hissəsində qeyd olunurdu: "Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır. Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyinin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir".

Qətnamənin ən mühüm cəhəti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Avropada fəaliyyət göstərən beynəlxalq təşkilat səviyyəsində ilk dəfə açıq etiraf edilməsi idi. Ermənilərin etnik təmizləmə siyasətinin də tənqid olunduğu qətnamə Ermənistanın beynəlxalq aləmdə mövqeyini daha da sarsıtdı. Kifayət qədər obyektiv xarakter daşıyan bu qətnamənin ardınca AŞ PA-nın qəbul etdiyi 1690 saylı tövsiyə Ermənistana növbəti zərbə oldu. Çünki Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrində məhz 1416 saylı qətnamənin şərtlərinə istinad edilirdi. Qətnaməyə istinadən Nazirlər Komitəsinə ünvanlanan tövsiyələrin birinci bəndində qeyd olunurdu: "Müvafiq tərəfləri təkidlə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl etməyə, xüsusilə istənilən hərbi əməliyyatlardan çəkinməyə və silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmağa çağırmaq".

Beləliklə, Azərbaycanın yürütdüyü siyasət nəticəsində AŞ PA-dan kifayət qədər ciddi zərbə alan Ermənistan sonrakı dövrdə də bu qurumda uğursuzluğa düçar oldu. Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət, tarixi-mədəni abidələrin məhv edilməsi və bu qəbildən olan digər məsələlərə görə də Ermənistan təşkilatda daim əsas tənqid hədəfləri sırasında yer alır.

Azərbaycanın ərazi bütövlüyünün tanınması da hazırda Ermənistanın qarşısına şərt kimi qoyulub. Bu, sırf Avropa Şurasının nizamnaməsindən irəli gələn tələbdir - təşkilata üzv dövlətlər bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağa borcludurlar. Nümayəndə heyətimizin üzvləri bu məsələ ilə bağlı bir neçə dəfə Avropa Şurası Nazirlər Komitəsinə şifahi müraciət ediblər. Və bu müraciətlərə cavab olaraq hər dəfə Ermənistanın davranışının Avropa Şurası prinsiplərinə və beynəlxalq hüquq normalarına zidd olduğu bildirilib. Fakt qarşısında qalmış Ermənistan nümayəndə heyəti Avropa Şurası müstəvisində hansısa adekvat təbliğat aparmaq imkanından məhrumdur və bu reallığı erməni mətbuatı da etiraf edir.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2010.-  22 aprel.- S.  5.