125 ilin yadigarı

 

Tuğ məktəbi zəngin ənənələrini bu gün də yaşadır

 

Bu gün doğma torpaqlarının, ata-baba yurdlarının nisgili ilə yaşasalar da, hər keçən gün bu yerlərin xiffətindən ürəklərində qalanan həsrət alovu daha gur yansa da, qaçqın və məcburi köçkünlər indi gələcəyə böyük ümidlərlə baxırlar. Bilirlər ki, zaman böyük sürətlə Azərbaycanın lehinə işləməkdədir, düşmən diplomatik müstəvidə ölkəmizə uduzub, lazım gələrsə hərb cəbhəsində də Ermənistanı istənilən an diz çökdürəcək qüdrətli Azərbaycan ordusu var.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində indi elə bir vəziyyət formalaşıb ki, Ermənistan işğal altında saxladığı torpaqlarımızı azad etməkdən başqa heç bir seçim qarşısında qalmayıb. Artıq düşmən ölkədə yaxşı dərk edilir ki, yaxın zaman ərzində zəbt etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxarmasa, Azərbaycan ordusunun zəfər həmləsi ilə ən böyük məğlubiyyət acısını dadmalı olacaqlar.

Əlbəttə, belə vəziyyət bütün Azərbaycan vətəndaşları kimi qaçqın və məcburi köçkünlük həyatı yaşayan insanların da ürəyindən xəbər verir, onlar hiss edirlər ki, doğma torpaq həsrətinə son qoyulacaq gün uzaqda deyil. Bu isə qaçqın və məcburi köçkünlərin Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməsinə, dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləməsinə gətirib çıxaran əsas amillərdən biridir. Qaçqın və məcburi köçkünlər onu da yaxşı bilirlər ki, daim ölkə Prezidentinin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar və bunun nəticəsidir ki, onlar əvvəlki kimi dözülməz vəziyyətdə yox, yeni, bütün şəraitlə təmin olunan qəsəbələrdə, yaraşıqlı binalarda yaşamaqdadırlar. Məcburi köçkünlərin həyat şəraitlərinin və sosial təminatlarının daha da yaxşılaşdırılması məqsədilə görülən işlər böyük vüsətlə davam etməkdədir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2004-cü il iyulun 1-də təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası müvəffəqiyyətlə həyata keçirilir. Məhz 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesnə start verilib. Belə qəsəbələrdə müasir standartlara cavab verən məktəblər, uşaq bağçaları, inzibati binalar, poçt şöbələri, tibb məntəqələri, həkim ambulatoriyaları və digər bu qəbildən olan obyektlər fəaliyyət göstərməkdədir.

Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğını bütün ölkə miqyasında olduğu kimi, qaçqın və məcburi köçkünlər də aydın hiss etməkdədirlər. Dövlət başçısının 2007-ci il 31 oktyabrda imzaladığı "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əlavələr bunun bariz nümunəsidir. Həmin sərəncamda qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə bütün sahələrə dair müvafiq proqramlar qəbul edilməsi, o cümlədən məcburi köçkünlərin təhsilə olan marağının artırılması əksini tapmışdır. Buna uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Xocavənd Rayon İcra Hakimiyyəti birgə Tuğ kənd orta məktəbinin 125 illiyinin qeyd olunmasını qərara almışlar. Bu məsələ ilə bağlı rayon icra hakimiyyəti tərəfindən müəyyən tədbirlər həyata keçirilməkdədir. Tuğ kənd orta məktəbinin 125 illiyinin keçirilməsi ilə bağlı müvafiq sərəncama əsasən işçi qrup yaradılmış, yubileylə əlaqədar tərtib edilmiş müvafiq "Tədbirlər planı"nın icrasının təmin olunması ilə bağlı bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Tuğ kənd məktəbinin 125 illik tarixi ilə əlaqədar məlumatlar toplanmış, kütləvi informasiya vasitələrinə materiallar verilmişdir.

Bu ilin mart-aprel aylarında Tuğ kənd orta məktəbində ziyalılarla bir sıra görüşlər keçirilmiş, məktəbdə 125 illik tarixi yolu əks etdirən fotostend hazırlanmışdır. Aprelin 6-da Tuğ məktəbinin yubileyinə həsr olunmuş məktəblilər arasında voleybol yarışı keçirilmişdir. Bundan üç gün sonra isə Tuğ məktəbində rayon məktəbliləri arasında şahmat turniri baş tutmuşdur. Qeyd edilənlərlə yanaşı, məktəbin 125 illik yubileyinə həsr olunmuş "Biz qayıdacağıq" adlı kitab nəşr olunmuş və eyni adlı sənədli film hazırlanmışdır. Təntənəli yubiley mərasiminin 23 aprel 2010-cu ildə Beyləqan rayonu ərazisində salınmış "Yeni Tuğ" və "Xocavənd" qəsəbələrində keçirilməsi nəzərdə tutulmuşdur.

Tuğ kənd orta məktəbinin keçdiyi tarixi yola gəldikdə isə qeyd olunmalıdır ki, hələ XIX əsrin ikinci yarısında Rusiya imperiyasının ucqarlarında, xüsusilə, Zaqafqaziyada həyata keçirilən bir sıra yarımburjua islahatları, o cümlədən maarif sahəsində həyata keçrilməyə başlanan islahatlar tezliklə o dövrdə Şuşa qəzasına aid olan Tuğ kəndinə də gəlib çatdı. İslahatlar çərçivəsində əsası 1883-cü ildən etibarən yaranmağa başlanan məktəblər, o cümlədən Tuğ məktəbi də xalq məktəbi adı ilə fəaliyyət göstərirdi. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunlarının artması nəticəsində xalq məktəblərinin şəbəkəsi də genişlənirdi.

Burada bir məqama da xüsusi toxunmaq lazım gəlir. Rəsmi sənədlərdə Tuğ kənd orta məktəbinin 1885-ci ildə yaradılması göstərilir. Lakin bir çox mənbələrdən məktəbin 1883-cü ildən fəaliyyət göstərməsi məlumdur. Bununla bağlı, bir neçə diqqətçəkən fakta nəzər yetirmək maraqlı olardı. Pedaqoji elmlər doktoru Hüseyn Əhmədovun "XIX əsr və Azərbaycan məktəbi" kitabında qeyd edilir ki, "Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları artdıqca xalq məktəblərinin sayı artırdı. 1880-ci illərdə Zəngəzur qəzasının Qubadlı, Naxçıvan qəzasının Böyük Vedi, Nuxa qəzasının Aşağı Köynük və Qokmux, Gəncə qəzasının Goran, Naraçilər və Zəyəm, Qazax qəzasının Yuxarı Şıxlı, Cavanşir qəzasının Sarov, Cəbrayıl qəzasının Hadrut, Şuşa qəzasının Gülablı, Tuğ və Hindarx kəndlərində də bir və ikisinifli xalq məktəbləri açıldı".

Tuğ məktəbinin yaradılması barədə isə 1883-cü ildə Sankt-Peterburqda Rusiya imperiyasının imperatoru II Aleksandrın imzaladığı fərman göstərilən kontekstdə ayrıca qeyd edilməlidir: "1850-ci illərdən fəaliyyət göstərən Yelizavetpol quberniyası Şuşa qəzasının Tuğ kəndindəki Şərq məktəbinə (mollaxana) ikiklaslı rus-Avropa tipli məktəb statusu verilsin". Bundan 21 il sonra II Aleksandrın imzaladığı daha bir fərmanda qeyd olunurdu: "1883-cü illərdən fəaliyyət göstərən Yelizavetpol quberniyası Şuşa qəzasının Tuğ kəndindəki ikiklaslı məktəb 4 klasa keçirilsin. İmperiya xəzinəsinin və yerli mülkədarların ianəsi hesabına məktəb üçün 8 otaqdan ibarət yeni bina inşa edilsin".

Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, Tuğ kənd orta məktəbinin köhnə binasının girəcəyində daş lövhənin üzərində "1883 q." yazılmışdır. 1983-cü ildə Tuğ kənd orta məktəbinin 100 illik yubileyinin keçirilməsinə böyük hazırlıq işləri görülsə də, Dağlıq Qarabağın ozamankı erməni rəhbərləri buna imkan verməmişlər.

XIX əsrin ikinci yarısında yaradılan məktəblərin faydasını başa düşən yerli bəylərin və geniş dünyagörüşlü ziyalıların təşəbbüsü və vəsaiti hesabına isə xalq məktəblərində dünyəvi dərslər də keçirilirdi. Bəzi kəndlərdə qabaqcıl adamlar məktəbi öz himayəsinə götürür, maddi kömək göstərirdilər. Belə kömək Tuğ məktəbinə də edilirdi. Tuğ məktəbinin tikintisinə maliyyə yardımı göstərmiş yerli mülkədarlar arasında Mehdi bəy Məlikaslanovun, Sadıq bəy Məlikaslanovun, Ağa bəy Məlikyeqanovun, Rəhim bəy Cahangirbəyovun, İbrahim bəy Cahangirbəyovun, Səlim bəy Məlikaslanovun, Qəhrəman bəy Məlikaslanovun, Məşədi Allahverən Cahangirovun adları xüsusi qeyd olunmalıdır.

Beləliklə, qeyd edə bilərik ki, həmin illərdə tuğluların həyatında dönüş yaradan, bütünlüklə, Azərbaycanda maarifin inkişafına təkan verən, o dövr üçün müasir hesab edilən rus-Avropa tipli Tuğ məktəbi fəaliyyətə başladı. Həmin dövrlərdən başlayaraq Tuğ məktəbinin müəllimləri, məzunları Tuğda, bütövlükdə əyalətdə maarifin, mədəniyyətin çiçəklənməsinin təməlini qoydular. Onların bir çoxu təkcə əyalət, ölkə deyil, keçmiş imperiya miqyasında adlı-sanlı şəxslər oldu. Tuğ məktəbində Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi dövrün görkəmli ziyalıları müəllimlik etmişlər.

Hələ 1883-cü ildən Mir Mehdi Xəzaninin rəhbərliyi ilə fəaliyyət göstərən xalq məktəbi 1885-ci ildən rəsmiləşdirilərək fəaliyyətini davam etdirmiş və Mir Mehdi Xəzani 1894-cü ilə kimi bu məktəbə rəhbərlik etmişdir. Bundan sonrakı dövrlərdə də məktəbin rəhbərləri azərbaycanlılar olmuşlar. Onu da qeyd edək ki, Tuğ kəndində 1883-cü ildən öncə Mir Mehdi Xəzaninin rəhbərliyi ilə dünyəvi təhsil verən siniflər mövcud olmuşdur.

Tuğ məktəbinin ilk məzunları içərisində Azərbaycan Xalq Cümhuriyyətinin iki üzvünün olması da məktəbin əzəmətindən xəbər verir. Məktəbin məzunları Xudat bəy Ağa bəy oğlu Məlikaslanov - Azərbaycan Xalq Cümhuriyyətinin ilk dəmir yol və rabitə naziri, Cavad bəy Rza bəy oğlu Məlikyeqanov - Bakı və Lənkəran şəhərlərinin general-qubernatoru vəzifələrində çalışmışlar.

Tuğ kənd orta məktəbini bitirmiş, sonradan isə elmlər doktoru, professor adları almış şəxslərin də sayı az deyil. Onların sırasında Xudat bəy Məlikaslanovun, Zülqədər Cahangirovun, Niftalı Məlikaslanovun, Xosrov Məlikaslanovun, Püstə xanım Məlikaslanovanın, Tura xanım Məlikyeqanovanın, Allahverən Quliyevin, Qəhrəman Qəhrəmanovun, Mübariz Əliyevin, Muxtar Aslanovun, Azəri Məlikyeqanovanın, Fikrət Yeqanovun, elmlər namizədlərindən Adil Cahangirovun, Novruz Quliyevin, Siyavuş Yeqanovun, Baxşalı Məlikyeqanovun, Ədhəm Məhərrəmovun, İxtiyar İsmayılovun və digərlərinin adını qeyd etmək olar.

XIX əsrdən etibarən Tuğ kəndində həmişə bədnam niyyətləri ilə seçilən ermənilərin də yaşaması və burada təhsil sahəsində üstünlüyü ələ almaları, 1934-cü ildən 1963-cü ilə kimi sözügedən məktəbi idarə etmələri yalnız tənəzzüllə xarakterizə olundu. Bu tənəzzüllə isə 1963-cü ildə Tuğ orta məktəbinin yetirməsi Niyaz Cahangirov məktəbə direktor təyin edilməsilə və ətrafına təcrübəli azərbaycanlı pedaqoqları toplaması ilə son qoyuldu.

Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən, 1975-1978-ci illər ərzində Tuğ kəndində 640 yerlik 2 mərtəbəli müasir tipli məktəb binasının inşa edilməsi, bu təhsil müəssisəndə hər cür avadanlıqla təmin olunmuş 4 fənn laboratoriyasının yaradılması maşınşünaslıq kabineti, zəngin kitabxana, geniş idman zalı, 100 yerlik akt zalı və digər tədbirlər görülməsi Tuğ məktəbinə yeni həyat verdi. Tuğ kənd orta məktəbindəki təcrübəli pedaqoqların iş üslubu respublikanın Təhsil Nazirliyinin, maarif işçilərinin nəzər-diqqətini cəlb edə bilmişdir. Hətta pedaqoji kollektivin təcrübəsinin öyrənilməsi üçün keçən əsrin 80-ci illərində Tuğ kənd orta məktəbində Təhsil Nazirliyinin iki dəfə zona müşavirələri keçirilmişdir ki, bu da kənd məktəblərinin həyatında misli-bərabəri olmayan hadisə idi.

Aprelin 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncamlara əsasən, Tuğ kənd orta məktəbinin müəllimi Oqtay Göyüşovun "Tərəqqi" medalı ilə təltif edilməsi, məktəbin digər müəllimi Aidə Novruzovaya "Əməkdar müəllim" fəxri adının verilməsi bu qocaman təhsil müəssisəsinə ən yüksək səviyyədə göstərilən diqqətin əyani sübutu oldu. Cənab Prezidentin qeyd olunan sərəncamları Tuğ kənd orta məktəbinin yaradıcı kollektivinin işinə də verilən mühüm qiymət olmaqla yanaşı, buradakı müəllim heyətinin fəaliyyətlərini daha böyük ruh yüksəkliyi, əzmkarlıqla davam etdirməsinə əsaslı stimul yaradır.

Hələlik isə Beyləqan rayonu ərazisində salınmış "Yeni Tuğ" qəsəbəsində fəaliyyətini davam etdirən Tuğ orta məktəbi Azərbaycan təhsilində öz sözünü deməyə, ölkənin inkişafına xidmət edən sabahın intellektual gənclərini yetişdirməyə çalışır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin məntiqi nəticəsi olaraq isə bütün xocavəndlilər tezliklə tarixi yurdumuza - Xocavəndə qayıdaracaqlarına, Tuğ orta məktəbinin də fəaliyyətini doğma Tuğda davam etdirəcəklərinə əmindirlər.

 

 

Eyvaz HÜSEYNOV,

Xocavənd Rayon İcra

Hakimiyyətinin başçısı

 

Azərbaycan.- 2010.- 22 aprel.- S.  6.