Tariximizin obyektiv salnaməçisi

 

Mənəvi meyarların yad təsirlərə məruz qaldığı hazırkı qloballaşma dövründə yüksək keyfiyyətləri, saf həyat idealı, şəxsiyyətinin bütövlüyü ilə fərqlənən ləyaqətli insanların cəmiyyətdəki müstəsna yeri və rolu daha qabarıq görünür. Belə nəcib insanların dərk edilmiş məsuliyyətə əsaslanan əməli fəaliyyəti həm də onların mənalı həyat yolunu, mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Ziyalı adına layiq belə təmənnasız insanlar xalqımızın əsrlərin sınağından çıxmış mənəvi dəyərlərini, zəngin aləmini parlaq şəxsiyyətlərində təcəssüm etdirirlər.

 

Bakı Dövlət Universitetinin "Türk və Qafqaz xalqları" kafedrasının professoru, tarix elmlər doktoru İsmayıl Məmmədov Azərbaycan ziyalısı adını şərəflə daşıyan elm xadimidir. O, ömrünün 60 illini ləyaqətlə yaşamış, zəhmətkeş alim kimi elmin yüksək zirvələrini fəth etmişdir. Xalqın, dövlətin təşəkkül və inkişaf mərhələlərini, minilliklər boyu keçdiyi şərəfli yolunun ayrı-ayrı parlaq səhifələrini gərgin zəhmət bahasına tədqiq etmək və gənc nəslə öyrətmək kimi gözəl bir missiyanı əzmlə daşıyan professor İsmayıl Məmmədov özündən sonra çoxlarının bəhrələnəcəyi zəngin elmi məktəb yaratmışdır. Yüksək daxili enerji və erudisiya ilə çalışmaqla məktəb müəllimliyindən elmlər doktoru pilləsinədək çətin yolu uğurla adlayan tanınmış alim qəlbinin odunu və hərarətini, ömrünün ən qaynar illərini xalqın gələcəyi olan gənc nəslin təlim-tərbiyəsinə, tədrisinə həsr etmiş, fundamental əsərlər, proqram və dərsliklər yazmış, tarix elmi sahəsində uğurlu tədqiqatlara imza atmışdır. Hələ erkən yaşlarından qəlbində baş qaldıran pak və ülvi arzular, xoş xəyallar onu yüksək həyat eşqi ilə təhsilə, elmə ruhlandırmış, gələcək uğurlarına körpü salmışdır.

İsmayıl Məhəmməd oğlu Məmmədov 1950-ci il aprelin 25-də Zərdab rayonunun Qaravəlli kəndində, sadə, zəhmətkeş və imanlı bir ailədə anadan olmuşdur. Orta məktəb illərindən özünün yüksək istedadı, biliklərə yiyələnmək bacarığı, nizam-intizamı, məqsədinə doğru səylə irəliləmək əzmi ilə fərqlənmiş, dəfələrlə rayon və respublika olimpiadalarının iştirakçısı olmuşdur. Hələ şagird ikən tarixçi olub gələcək həyat yolunu pedaqoji fəaliyyətlə bağlamaq arzusunu özü üçün tam yəqinləşdirən İsmayıl Məmmədov 1969-cu ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində yüksək mədəniyyəti, istedadı, biliklərə dərindən yiyələnmək həvəsi ilə müəllimlərinin böyük rəğbətini qazanmış, tələbə elmi şurasının üzvü seçilmiş, Moskva və Donetsk universitetlərində elmi konfranslarda respublikamızı layiqincə təmsil etmişdir.

1974-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə bitirən İsmayıl təyinatla doğma kəndinə dönmüş, bir müddət Qaravəllidə tarix müəllimi işləmişdir. Lakin elmi fəaliyyətə olan yüksək marağı onu rahat buraxmamış, istedadlı gənc öz potensialına daxili bir əminliklə aspiranturaya qəbul imtahanlarına hazırlaşmışdır. 1976-cı ildə gələcək həyat yoluna körpü salan bu istəyini həyata keçirmək üçün yenidən paytaxt Bakıya dönərək ADU-nun tarix fakültəsinin əyani aspiranturasına daxil olmuş, 1979-cu ilədək elmi-tədqiqat işi üzərində çalışmışdır. Elə bu mərhələdən də həyat yolu həmişəlik olaraq universitetlə bağlanmış, 1980-ci ildən ADU-da pedaqoji fəaliyyətə başlamışdır. Ali məktəbdə işlədiyi müddətdə üzərində gərgin səylə çalışdığı dissertasiya işini 1983-cü ildə müvəffəqiyyətlə yekunlaşdıraraq müdafiə etmiş, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1984-cü ildən həmin fakültənin baş müəllimi, 1988-ci ildən isə dosent seçilmişdir.

Pedaqoji fəaliyyəti dövründə elmi tədqiqatlarını uğurla davam etdirən İsmayıl Məmmədov bu sahədə böyük yaradıcı erudisiya və intellektə, yüksək tədqiqatçılıq əzminə malik insan olduğunu bir daha təsdiqləmişdir. 1992-ci ildə üzərində gecəli-gündüzlü çalışdığı doktorluq dissertasiyasını da uğurla müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə yiyələnmişdir. 1994-cü ildə Bakı Dövlət Universitetinin Böyük Elmi Şurası xidmətlərini nəzərə almaqla onu professor elmi adına layiq görmüşdür. Elə həmin ildən Bakı Dövlət Universitetinin "Türk və Qafqaz xalqları" kafedrasının professoru kimi çalışmış, tələbə gənclərin təlim-tədrisində, cəmiyyət üçün layiqli, vətənpərvər və bilikli insan kimi yetişməsində öz xidmətlərini əsirgəməmişdir.

Professor İsmayıl Məmmədov Azərbaycanın ta qədimdən bugünədək keçdiyi şərəfli və çətin yolun ayrı-ayrı mərhələlərini böyük məsuliyyət hissi ilə araşdıran, bir çox qaranlıq səhifələrə elmi kontekstdən işıq salan, maraqlı ümumiləşdirmələr apararaq son dərəcə əhəmiyyətli tədqiqatlara imza atan dəyərli alimlərdəndir. 10-dan çox elmi kitabın, 80 elmi-siyasi məqalənin müəllifi olan tanınmış alim onlarla beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, milli tariximizin nailiyyətlərini səylə təbliğ etmişdir. Elmi yaradıcılığı müddətində həmçinin bir sıra monoqrafiyalar, elmi-metodik göstərişlər, dərs vəsaitləri və proqramlar yazaraq dərc etdirmişdir. Türk xalqlarının qədim və orta əsrlər tarixini araşdıran alim qədim türk dövləti olan Böyük Hun imperiyası ilə bağlı dəyərli tədqiqatlar aparmışdır. Bu sahədə zəngin tədqiqatlarını 1995 və 1998-ci illərdə "Hunlar" adlanan iki kitabda toplayan alimin mövzuya yanaşma metodologiyası tarixçi-alimlərin, habelə bu sahənin tədqiqatçılarının böyük marağına səbəb olmuşdur.

Professor İsmayıl Məmmədov Azərbaycan tarixi elminin dünya miqyasında təbliğinə hər zaman taleyüklü məsələ kimi yanaşmış, alimlərimizin erməni ideoloqlarının tarixi saxtalaşdırmaq istiqamətində apardığı mərkli kampaniyaya tutarlı cavab verməsini vacib saymış, bu işin fəal təşviqatçısı olmuşdur. Əsasən türk və Qafqaz xalqlarının tarixini tədris etməsinə baxmayaraq, o, elmi mühitdə həm də Azərbaycan tarixinin mahir və istedadlı araşdırıcılarından biri kimi məşhurlaşmışdır. Azərbaycanın zəngin tarixinin ta qədimdən bugünədək araşdırılması və yazıya alınması kimi ağır bir yükü çiyinlərinə götürməkdən çəkinməmiş, gənc tədqiqatçılar üçün də əsl vətənpərvərlik örnəyi yaratmışdır.

Bu baxımdan İsmayıl Məmmədovun elmi tədqiqatlarının ən sanballı bəhrəsi olan "Azərbaycan tarixi" dərsliyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Uzun və gərgin araşdırmaların nəticəsi kimi xalqımızın şərəfli tarixini kifayət qədər yığcam, dürüst, aydın və obyektiv şəkildə qələmə almış, bir növ, ensiklopedik səciyyə daşıyan qiymətli əsər yaratmış İsmayıl Məmmədov çətin bir işi uğurla başa çatdırmışdır.

Hələ 2005-ci ildə işıq üzü görmüş "Azərbaycan tarixi" kitabının unikallığı və əhəmiyyəti onunla şərtlənir ki, burada milli dövlətçilik tariximizin heç bir mərhələsi diqqətdən kənarda qalmır, elmi ümumiləşdirmə yolu ilə oxucuların nəzərinə çatdırılır. Kitabı oxuyan hər hansı əcnəbi alim və tədqiqatçı da müxtəlif elmi mənbələrə, dərsliklərə müraciət etmədən, uzun-uzadı vaxt itirmədən Azərbaycan tarixi haqqında dolğun təəssürata və yetərli bilgilərə malik olur. Dərslikdə tarixin bütün dövrlərində Azərbaycanın ərazisi, əhalisi, sosial tərkibi, inkişaf səviyyəsi dəqiq faktlar əsasında araşdırılmışdır.

Bu bir həqiqətdir ki, bəzi tarixçilər müəyyən obyektiv və subyektiv səbəblərdən öz müasirlərinin, bütövlükdə, cəmiyyətin bilavasitə şahidi olduğu çağdaş tarixi prosesləri araşdırmağa və obyektiv şəkildə qələmə almağa heç də maraqlı görünmürlər. Bu istiqamətdə tədqiqatın dolğun və səhih ola bilməyəcəyi, cəmiyyətdə birmənalı qarşılanmayacağı ehtimalı və digər amillər bəzən tarixçi alimləri müəyyən çərçivəyə salır. Təqdirəlayiq haldır ki, professor İsmayıl Məmmədov bu psixoloji baryerləri cəsarətlə, qətiyyətlə aşaraq, bizim günlərdə yaşadığımız hadisələri belə, obyektiv şəkildə oxuculara çatdırmaqdan çəkinmir. Bu cəhət onun elmi tədqiqatlarının dəyərini və sanbalını artırır, alimin yüksək vətəndaşlıq keyfiyyətlərinə dəlalət edir. Müəllif "Azərbaycan tarixi" kitabında ibtidai icma quruluşundan bu günlərədək olan hadisələri qələmə almaqla mühüm bir vəzifənin öhdəsindən uğurla gəlmişdir. Görünür, məhz bu səbəbdəndir ki, professor İsmayıl Məmmədovun "Azərbaycan tarixi" kitabı qardaş Türkiyə alimləri tərəfindən obrazlı formada "Azərbaycanın tarix üzrə xarici pasportu" adlandırılmışdır.

Tanınmış alimin "Azərbaycan tarixi. Türk Qafqazında siyasi və etnik mənzərə" kitabının 2009-cu ildə İstanbulun "Ötügen" nəşriyyatnda nəfis tərtibatla çapdan çıxması da Azərbaycan tarixi ilə bağlı həqiqətlərin Türkiyə ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. 853 səhifəlik fundamental əsərdə xalqımızın qədim dövrlərdən bəri keçdiyi yola, azadlıq və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq mücadiləsinə, siyasi, etnik mənzərəsinə təkzibedilməz fakt və sübutlarla aydınlıq gətirilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, professor İsmayıl Məmmədovun bu sanballı kitabı bütövlükdə xaricdə nəşr edilən ilk tarixi əsər olmuşdur. Kitabın anadolu turkcəsində çap olunması onun Azərbaycandan kənarda böyük oxucu auditoriyası qazanmasına geniş imkanlar açır. Eləcə də Azərbaycan tarixinin müxtəlif rakurslardan öyrənilməsinə marağı artırır, xarici ölkə mütəxəssislərinin diqqətini tariximizin bəzi qaranlıq, səthi öyrənilmiş məqamları üzərində cəmləyir.

Xarici ölkələrdə hər bir alimin elmi tədqiqatlarının ictimai əhəmiyyəti və dəyəri ilk növbədə, onlara istinadlar əsasında müəyyənləşir. Yəni, aktuallığı, elmi siqləti, ideya məzmunu ilə seçilən əsərlərdə irəli sürülən tezis və fikirlər sonradan bir çox dünya ölkələrinin alimləri üçün maraqlı istinad mənbəyinə çevrilir. Bu baxımdan professor İsmayıl Məmmədov da tədqiqatları ilə ölkə hüdudlarını adlaya bilmiş alimlərdəndir. Onun milli tarix sahəsindəki elmi yenilikləri əcnəbi tədqiqatçılar üçün maraqlı və zəngin mənbə rolunu oynayır. İndiyədək alimin elmi əsərlərinə dünyanın müxtəlif ölkələrində dəfələrlə istinad edilməsi faktı deyilənləri bir daha təsdiqləyir. Professor İsmayıl Məmmədovun "Azərbaycan tarixi" kitabı da bir çox ölkələrin tarixçilərində böyük maraq doğurmuş, Sankt-Peterburqda "İmperator" kitabxanasının 200 illiyinə həsr edilmiş kitab sərgisində 100 kitabdan biri olmuşdur. Eyni zamanda, Daşkənd Universitetində bu kitabdan dərslik kimi istifadə olunması qərara alınmışdır.

"Azərbaycan tarixi" kitabı Azərbaycanın xaricdəki diaspor təşkilatları tərəfindən də böyük maraqla qarşılandığı üçün bəzi Avropa ölkələrində, o cümlədən İsveçrədə geniş təbliğ olunur. İngilis dilinə tərcüməsi başa çatmış kitabın ABŞ-da da böyük tirajla çap edilərək paylanması planlaşdırılır.

Elmi fəaliyyətini BDU ilə məhdudlaşdırmayan görkəmli alim həm də özəl ali təhsil ocaqlarından olan Azərbaycan Beynəlxalq Universitetinin kafedra müdiridir. Universitet yaranandan burada çalışan professor İsmayıl Məmmədov ötən illərdə ABU-da tarix fənninin müasir tələblər səviyyəsində tədrisinə öz töhfəsini vermişdir.

Professor İ.Məmmədov 1997-ci ildən dərc olunan və elmi mühitdə yaxşı tanınan "Tarix və onun problemləri" jurnalının baş redaktorunun birinci müavini kimi tarixımızın ayrı-ayrı məsələlərinə parlaq işıq salır. O, tarix fakültəsində birdəfəlik müdafiə şurasının və fakültə elmi şurasının üzvüdür. Mətbuatla fəal əməkdaşlıq edən İsmayıl Məmmədov müxtəlif tarixi məsələlərə dolğun və aydın baxışı olan ziyalılardandır. Onun müxtəlif illərdə rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzetində və digər KİV-də işıq üzü görmüş "Xalq Cümhuriyyəti - müstəqilliyin cücərtiləri", "Yaddaşlardan heç nə silinmir", "Türk dünyasının böyük oğlu" və digər məqalələri oxucuların marağına səbəb olmuşdur. Bütün bunlarla yanaşı, professoru dəyərli insan kimi fərqləndirən mühüm keyfiyyətlərdən biri də onun sabit siyasi əqidə sahibi olması, Heydər Əliyev siyasi kursuna dərindən bağlılığı, bu yolun milli dövlətçilik üçün müstəsna əhəmiyyətini dərk etməsidir. Yeni Azərbaycan Partiyasının üzvü olan professor İsmayıl Məmmədov dövlətçilik üçün ən ağır, kəşməkəşli məqamlarda belə, əsl vətəndaşlıq və ziyalılıq mövqeyi nümayiş etdirmişdir. Dəyərli alim bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların cəmiyyətə dolğun və hərtərəfli çatdırılmasında, təbliğində fəal iştirak edir.

Professor İsmayıl Məmmədovu yaxından tanıyanlar onun yüksək mənəvi keyfiyyətlərini - sadəliyini, alicənablığını, təvazökarlığını, düzgünlüyünü, xeyirxahlığını, insanlarla ünsiyyət mədəniyyətini daim yüksək rəğbət hissi ilə qeyd edirlər. İsmayıl Məmmədov həm də imanlı insandır - 1995-ci ildə Məşhəd və Kərbəla, 1996-cı ildə həcc ziyarətində olmuşdur. Dediyinə görə, doğulub boya-başa çatdığı saf mühitin təsiri ilə hələ uşaqlıq illərindən qəlbində müqəddəs yerləri ziyarət etmək, daxilən kamilləşmək istəyi baş qaldırmışdır. Babaları Mir Abdulla ağa və Mir Səftər ağa yüksək mənəviyyat sahibi kimi kənddə böyük nüfuza sahib olmuşlar. Uşaqlıq illəri babalarının yanında keçən İsmayıl da imanlı insanların dinlə bağlı ibrətamiz söhbətlərindən məftun olmuş, onları daim maraqla dinləmişdi.

Ömrünün 60-cı pilləsinə qədəm qoyan İsmayıl Məmmədov bütün varlığı və ruhu ilə yaradıcı insandır. O, bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, qarşıya qoyduğu saf və ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır. Yüksək alimlik və tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yaradıcılıq uğurlarına möhkəm zəmin yaradır.

 

 

Sani HACIYEV,

BDU-nun tarix fakültəsinin dekanı,

tarix elmləri doktoru, professor,

 

Əsməd MUXTAROVA,

"Türk və Qafqaz xalqları"

kafedrasının müdiri,

tarix elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.- 22 aprel.- S.  6.