Tarı ürəyinin səsi dilləndirirdi
Onda bir qəvvaslıq
var idi. Topladığı incilər isə musiqi mədəniyyətimizin
dərin ümmanında hər kəsin əli yetməyən
muğamlar olardı. Məşhur tarzən
Hacı Məmmədovun çalğısını dinləyənlər,
onun sənətinə, sözün həqiqi mənasında,
bələd və aşiq olanlar bilirlər ki, Hacı Məmmədovun
ifaçılığı ayrıca bir məktəb idi.
Əlbəttə, milli musiqimizin çox peşəkar
ustad tarzənləri olub. Qurban Pirimov, Bəhram Mansurov
kimi unudulmazların böyük məhəbbətlə
yaratdığı sənət məktəbindən dərs alan, öyrənən Hacı Məmmədov
milli musiqimizin ən görkəmli nümayəndələrindən
biri idi. O, Bülbül, Seyid Şuşinski, Zülfü
Adıgözəlov, Əbülfət Əliyev, Rəşid
Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov,
Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli
sənətkarları tarda dəfələrlə
müşayiət etmişdir.
61 il ömür
sürmüş Hacı Məmmədov sənətə gəldiyi
gündən muğamlarımızı xüsusi məharətlə
ifa edərək bu sahənin zirvəsində dayanan istedad
sahibi idi. Onun haqqında fikir söyləyənlər həmişə
məhəbbətlə vurğulayırlar ki, bu qüdrətli
sənətkarın çalğısı akademik
çalğı idi. Ona qulaq asdıqca musiqinin ahənginə
uyğun olaraq adamın gözləri qarşısında bir mənzərə
canlanır, hadisələr cərəyan edirdi. Cahangir
Cahangirovun böyük məhəbbətlə bəstələdiyi
unudulmaz Rəşid Behbudovun uzun illər şövqlə, həzinliklə
oxuduğu "Ana" mahnısı Hacı Məmmədovun
tarında başqa bir aləm idi. Bu alətin hər pərdəsindən
qopan melodiyada qeyri-adi bir nisgil, həsrət və təsir var
idi. O, tarda xırdalıqlar etməyi elə məharətlə
bacarırdı ki, həqiqətən də, onun əlinin təmasını
duyub, ürəyindən su içən bu qədim milli musiqi
alətindən qopan sədalarda çox qeyri-adi bir melodiya
duyulurdu. Hacı çalanda müğənniyə də
heç ehtiyac olmurdu. Çünki bu məharətli tarzənin
can və həyat verdiyi, böyük eşqlə sinəsinə
sıxdığı tar özü dil açırdı.
Sözlər bu sədadan elə aydın, mənalı,
yanıqlı duyulurdu ki...
O, 1920-ci ilin aprelində
Şamaxıda anadan olub. Erkən Bakıya köçən
Hacı Məmmədovun ailəsində musiqiyə, sənətə
böyük maraq vardı. Atası Məhəmməd kişi
tarda gözəl havalar çalardı. Hacı da saatlarla onun
yanında dayanar, məhəbbət və maraqla tardan gələn
qəribə səslərə qulaq asardı. Bir dəfə
atası oğlunun marağını görüb tarı ona
uzadaraq duyumunu yoxlamaq istəyib. Balaca Hacı tarı heç
tutmağı da bacarmayıb. Onun bu xamlığı
atasının xoşuna gəlməyib. Kədərlə
"səndən musiqiçi çıxmaz" - söyləyib.
Amma əmisi Hüseyn Hacının istedadlı olduğunu
hamıdan əvvəl duyurmuş. Buna görə də bir
gün qardaşıoğlunun arzusu ilə ona tar alıb.
Hacı bu tarı məhəbbətlə sinəsinə
sıxanda 8 yaşı vardı. Maraqlı odur ki, bu, təlim
tarı yox, əsl tar olub. Hacı Məmmədov
ömrünün sonuna kimi o tardan ayrılmayıb.
Dünyasını dəyişəndən sonra isə illər
boyu Hacı Məmmədova bağrı-badaşlıq
etmiş həmin möhtəşəm tarı - sənət
sirdaşını susmağa qoymayıblar. Oğlu Tahir
danışır: "Ürəyimiz gəlmədi, atamın
məhəbbətlə sinəsində gəzdirdiyi, dilləndirdiyi
tar sükuta qərq olsun. Ona görə də biz bu yadigar
musiqi alətini atamın çox sevdiyi, tələbəsi
Ağasəlim Abdullayevə bağışladıq. Sağ
olsun, o, bu tarda həqiqətən, vaxtilə Hacı Məmmədovun
məharətlə ifa etdiyi muğamları ehtiramla və
özünəməxsus ustalıqla səsləndirir. Bizə
elə gəlir ki, atamın tarı əgər bu gün də
susmayıbsa, deməli, onun arzuları, istəkləri
yaşayır".
Ötən əsrin 30-cu illərində
ölkəmizi bürüyən repressiyaların bir
caynağı da milli musiqimizə ilişmişdi. Sapı bizdən
olan baltalarsa bu fürsəti fövtə verməyərək
nala-mıxa döyməkdə davam edirdilər. Hətta o
dövrün mətbuat səhifələrində
Sənətşünas Fikrət
Əbülqasımov Hacı Məmmədovun
ifaçılıq sənətində varislik və
yaradıcılıq məsələlərini əhatə edən
araşdırmalarında yazırdı: "Onun
ustalığı yalnız ürəklərə yol tapan
musiqinin gözəlliyi deyil, çalınan əsərlərin
solo tarın ifasında yeni, parlaq nümunələrinin təqdimatıdır.
Hacı Məmmədov hər şeydən əvvəl, tarın
böyük imkanlarının melodik düşüncələrlə
üzvi vəhdətini yaratmağı bacarırdı. O,
tarın sirlərinə dərindən bələd idi.
Hacı Məmmədov tarın fərdi, çalğı
xüsusiyyətlərini səsləndirdiyi musiqiyə ibrətamiz
ustalıqla əlaqələndirirdi".
Hacı Məmmədovun
yaradıcılığında muğamlar bir zirvədir. Bu sənət
incilərinin də içərisində "Orta Mahur"un
xüsusi yeri var. Tədqiqatçılar və mütəxəssislər
söyləyirlər ki, o, bu muğamı elə ustalıqla
ifa edirdi ki, ona qulaq asanlar yalnız bu sözləri
pıçıldayırdılar: "İlahi, bu nə
möcüzədir". Həqiqətən də, Hacı Məmmədov
qeyri-adi çalğı sahibi, virtuoz ifaçı idi. Bu
gün də onun lent yazılaranı dinləyəndə
adamın varlığını bir heyrət
bürüyür. O mahnını, o muğamı Hacı
çalırdısa, əslində, müğənniyə
heç ehtiyac duyulmurdu. Tarın simləri dil açıb elə
yanıqlı, elə nəfəsdə oxuyur ki, bu təsiri
heç bir ifaçılıqla müqayisə etmək olmaz.
Hacı Məmmədovun tara olan qeyri-adi məhəbbətinin
və vurğunluğunun nəticəsi idi ki,
çalğıdan ifaçının kimliyini təyin etmək
mümkündür. Bu bəxtiyarlıq hər sənətkarın
taleyinə yazılmayıb. Səsdən tanınmaq
mümkündür. Amma alətdə kimin
çaldığını müəyyənləşdirmək,
əlbəttə, bu, ifaçının istedadından, məharətindən,
fərqli qabiliyyətindən asılıdır. Belə sənətkarları
Azərbaycanda barmaqla saymaq olar. Kamanda Habil Əliyev, royalda
Gülarə Əliyeva, qaboyda Kamil Cəlilov, tarda Qurban
Pirimov, Hacı Məmmədov...
Unudulmaz tarzənin bioqrafiyası ilə tanış olanda maraqlı faktlarla üzləşdik. Azərbaycan musiqi mədəniyyətinin inkişafında özünəməxsus rolu olan, uzun müddət Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində işləyən, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışan Hacı Məmmədov ixtisasca həkim imiş. O, 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, uzun müddət müxtəlif xəstəxanalarda həkim-cərrah, baş həkim müavini, baş həkim işləmişdi. Onun əllərindən şəfa tapmış insanlar söyləyirlər ki, Hacı həqiqətən də, bacarıqlı həkim olub. Uzun müddət Naxçıvan şəhər xəstəxanasında, Sumqayıtda və Bakıda insanların sağlamlığı keşiyində dayanan Hacı Məmmədov harada olubsa, hansı sənətin qulpundan yapışıbsa, hörmət və izzət qazanıb. Onu təkcə xəstələri deyil, sənət dostları, pərəstişkarları da çox sevərdi. Xüsusilə də, məşhur müsiqiçilər Hacı Məmmədova nəzakət və ehtiramla yanaşardılar.
Tarda çalmağı müstəqil öyrənən Hacı Məmmədov ömrünün sonuna kimi müxtəlif mədəniyyət ocaqlarında, ölkəmizdən çox-çox uzaqlarda, qastrol səfərlərində, mədəni tədbirlərdə uğurla iştirak etmişdir. Həmişə də musiqimizin təbliğində, çiçəklənməsində, sevilməsində nümunəvi fəaliyyət sahibi olmuşdur. Onu həmkarlarından məhz özünəməxsus qeyri-adi çalğısı fərqləndirib. Deyilənə görə, on yaşı olanda onu Azərbaycan Dövlət Şərq Orkestrinə qəbul ediblər. Kollektivə hamıdan sonra gələn bu oğlan uşağının qeyri-adi istedad sahibi olması Üzeyir Hacıbəylinin də diqqətini çəkib. O, bu çəlimsiz uşağı yoldaşlarına göstərərək söyləyib: "Baxın, gördüyünüz sarıbəniz oğlan gec-tez sizləri tamam ötüb keçərək birinci pilləyə çıxacaq". Dahi bəstəkarın uzaqgörənliklə söylədiyi bu müdrik fikir özünü doğrultdu. Doğrudur, o, özünə peşə kimi həkimliyi seçsə də, içindən gələn arzu, məhəbbət onu başqa bir istiqamətə çəkdi. Hacı Məmmədovun ilk yadda qalan uğuru 1939-cu ilin payızında Moskvada keçirilən xalq çalğı alətlərində ifa edən musiqiçilərin müsabiqəsindəki çıxışı oldu. 19 yaşlı gənc yarışda mükafata layiq görüldü. İkinci dünya müharibəsi illərində isə Hacı Məmmədov ön cəbhədə olaraq öz çıxışları ilə əsgərləri qələbəyə ruhlandıran musiqilər ifa edərdi.
Bu gün "Qızıl Fond"da Hacı Məmmədovun özünəməxsus tərzdə, üslubda ifa etdiyi "Zabul Segah", "Bayatı-Şiraz", "Şur", "Çahargah", "Orta Mahur" və başqa muğamlar qorunur.
Bu yaxınlarda dünyasını dəyişmiş həyat yoldaşı Aliyə xanım xatirələrində yazırdı: "Hacı yeganə sənətkar idi ki, özünəməxsus və bənzərsiz bir yol keçdi və məktəbini yaratdı. Onun bütün qələbələrinin ruhunda sədaqətli ürək döyünürdü. Hörmət və nüfuzu da etibarına görə qazanırdı. Ona görə də heç vaxt unudulmadı".Yeri behişt olsun. Aliyə xanım həmişə Hacının üstündə nanə yarpağı kimi əsirdi. Hacının sağlığında da belə idi, haqq dünyasına qovuşandan sonra da. Çox diqqətcil və həssas idi. Allah eləməmiş, əgər kimsə Hacı Məmmədov barəsində yazanda bir kəlməsi yerinə düşməyəydi. Aliyə xanımın halı qarışar, pərişanlıq içində deyərdi: "Hacı bənzərsiz idi, həyatda da, sənətdə də..." Heyif ki, Aliyə xanım böyük sənətkarımızın bu yubiley təntənəsini görmədi...
Bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edən Hacı Məmmədov xalq artisti adına layiq görülmüş və "Şərəf" nişanı ordeni ilə təltif edilmişdir. 61 yaşında dünyasını dəyişən unudulmaz tarzən Fəxri xiyabanda torpağa tapşırılıb.
...Yenə də
həzin bir musiqinin sədaları altında uyumuşduq. "Segah"dan gələn
avaz bizi haralara aparmamışdı?! Gözlərimiz
önündə yurd yerləri canlanırdı. Sanki
döyüş meydanlarından haraylanan bu qeyri-adi sədanı
bizə yetirənsə rəhmətlik Hacı Məmmədovun
vaxtilə tarda qopardığı haray idi. Bu qeyri-adi musiqinin
ürəklərimizdə yaratdığı təlatüm
varlığımıza qəribə həyəcan bəxş
etdi.
Mütəxəssislərin
fikrincə, bu fərqli və qeyri-adi ifaya bir səbəb də
Hacının çalğı zamanı mizrabdan əlavə
barmaqları ilə
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 22
aprel.- S. 7.