Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir

 

Prezident İlham Əliyevin çıxışı

 

- Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir. Bu, bizim üçün əsas məsələdir. Çünki uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır. İşğal bu gün də davam edir. Biz elə etməliyik ki, hərbi imkanlarımızı maksimum dərəcədə gücləndirək. Bunu etmək üçün çox böyük işlər, praktiki tədbirlər görülür. Son illərdə Azərbaycanda ordu quruculuğu məsələləri uğurla həll olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan Ordusu ən yüksək standartlara cavab versin.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti uzun illərdir ki, davam edir. Hələ Sovet İttifaqı zamanında erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün böyük səylər göstərmişlər. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında - 1990-cı illərin əvvəllərində Azərbaycana rəhbərlik etmiş şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində biz böyük çətinliklərlə üzləşmişdik. Azərbaycan torpaqlarının işğalı başlamışdır və işğal bu gün də davam edir.

1992-ci ildə Şuşa və Laçının, 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı nəticəsində faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlılıq təşkil edilmişdir. Əlbəttə ki, digər rayonlarımızın işğalı üçün düşmənə əlavə imkanlar yarandı. Biz o tarixi çox yaxşı xatırlayırıq. Bilirik ki, Ermənistan və onun xarici havadarları Azərbaycan torpaqlarının işğalı işində böyük qəddarlıq göstərmişlər. 1992-ci ildə Xocalı soyqırımı törədildi və bu dəhşətli genosid nəticəsində 600-dən çox günahsız insan həlak oldu. Bu soyqırımı, bu genosid bütün sənədlərlə də təsbit olunubdur. Yəni, biz bunu bu gün real faktlar, fotomateriallar, videokadrlar əsasında dünyaya təqdim edirik.

Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyona qədər soydaşımız qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Ermənistan bütün hüquq normalarını kobudcasına pozur. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir, bu günə qədər bu qətnamələr icra olunmur. BMT-nin ən ali orqanının qərarları icrasız və dünya ictimaiyyəti isə buna biganə qalır.

Biz uzun illərdir ki, danışıqlar prosesindəyik. 1992-ci ildə Minsk qrupu yaradılmışdır və 20 ilə yaxındır ki, Minsk qrupu fəaliyyət göstərir. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Ancaq bu təkliflər reallığa çevrilməmişdir. Təkliflərin aqibəti çox uğursuz olmuşdur. Bunun əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, əslində, Ermənistanın işğalçı siyasətinin davam etdirilməsidir.

Son illər ərzində danışıqların yeni mərhələsində müəyyən ümidlər yaranmışdır. Bu ümidlər getdikcə güclənirdi. Çünki danışıqlar prosesində müəyyən mərhələlər əldə edilmişdir, müəyyən məsələlər razılaşdırılmışdır. O məsələlər ki, vaxtilə onlarla bağlı razılığa gəlmək mümkün deyildi. Bu kollektiv fəaliyyət nəticəsində meydana çıxmış Madrid prinsipləri və Madrid prinsipləri əsasında tərəflərə təqdim edilmiş yenilənmiş təkliflər demək olar ki, məsələnin həlli üçün əsas yarada bilər.

Mən bu bərədə dəfələrlə öz fikrimi bildirmişəm ki, Azərbaycan tərəfi prinsip etibarilə bəzi istisnalarla yenilənmiş təklifə müsbət baxa bilər. Bu təkliflər sülh sazişinin hazırlanması üçün əsas ola bilər.

Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Ondan sonra sülh yarana bilər, bütün kommunikasiyalar açıla bilər. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və ora qayıdacaq, orada yaşayacaq azərbaycanlılar yüksək muxtariyyət statusu çərçivəsində yaşayacaqlar. Onlar vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Yəni ki, nə bu gün, nə gələcəkdə Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək mexanizm yoxdur. Danışıqlarda bu, açıq-aydın göstərilib. Belə olan halda, bir daha demək istəyirəm ki, son təkliflər sazişin hazırlanması üçün əsas ola bilər.

Ancaq buna baxmayaraq, Ermənistanın mövqeyi bir daha onu göstərir ki, Ermənistan tərəfi sülh istəmir. Onlar sadəcə olaraq, status-kvo vəziyyətini maksimum, nə qədər mümkünsə uzatmaq istəyirlər. İşğal edilmiş torpaqlardan çıxmaq istəmirlər. Bu işğalı davam etdirmək istəyirlər. Özlərinin danışıqlara guya ki, sadiq olduqlarını nümayiş etdirmək üçün cəhdlər göstərirlər. Sadəcə olaraq çalışırlar ki, bu danışıqlar prosesi daha da uzansın və bir növ permanent, əbədi xarakter alsın.

Əlbəttə ki, Azərbaycan tərəfi bununla heç vaxt razılaşa bilməz. Biz dəfələrlə demişik, o vaxtadək danışıqlarda iştirak edəcəyik ki, danışıqların real nəticələri mümkün ola bilsin. Azərbaycan tərəfi maksimum dərəcədə konstruktivlik nümayiş etdirirdi və bu gün də nümayiş etdirir. Bizim ən böyük kompromisimiz ondan ibarətdir ki, 20 ilə yaxındır torpaqlarımız işğal altında qaldığı halda, Azərbaycan hələ də sülh prosesinə sadiqdir.

Ermənistan tərəfi müxtəlif yollarla, hətta öz ölkəsində terror törətməklə danışıqlar prosesini dəfələrlə pozmuşdur. Buna baxmayaraq, biz daim konstruktivlik nümayiş etdirərək çalışmışdıq ki, məsələ öz həllini sülh yolu ilə tapsın. Məsələ sülh yolu ilə həll olunsun və beləliklə, bölgədə sülh, əməkdaşlıq yaransın.

O da həqiqətdir və biz dəfələrlə bunu demişik, bu gün həyat bizim dediyimizi təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə heç bir başqa məsələ öz həllini tapa bilməz. Ona görə yox ki, Azərbaycan buna etiraz edəcəkdir, - biz öz milli maraqlarımızı bütün vasitələrlə müdafiə edirik, edəcəyik və bu sahədə uğurlara nail olmuşuq, sadəcə olaraq, ona görə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə gedən proseslərə ən ciddi mənfi təsir edən amildir.

Bu məsələ həll olunmadan heç vaxt heç bir başqa regional təşəbbüs, Azərbaycanın iştirakı olmadan baş verə biləcək hadisə mümkün deyildir. Bu, artıq regionun reallıqlarıdır. Bu reallıqların yaranmasında Azərbaycan müstəsna rol oynamışdır. Bizim son illərdə apardığımız siyasət, bölgədə mövqelərimizin gücləndirilməsi, güclü dövlətin qurulması, iqtisadi imkanlarımız, iqtisadi, sənaye, enerji təşəbbüslərimiz Azərbaycanı böyük dərəcədə gücləndirmişdir.

Ona görə də bu regional amili heç kim inkar edə bilməz. Heç kim bizim maraqlarımızı kənara qoya bilməz və bizi müəyyən mənada təcridetmə planları baş tuta bilməz. Son hadisələr bir daha onu göstərmişdir. Biz bundan sonra da milli maraqlarımızı bütün vasitələrlə müdafiə edəcəyik və bununla bərabər bölgədə genişmiqyaslı əməkdaşlığın yaranması üçün səylərimizi göstərəcəyik. Bu genişmiqyaslı əməkdaşlığın əsas amili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hələ ki biz Ermənistan tərəfindən konstruktivlik görmürük. Onların vaxtuzatma cəhdləri davam edir. Onların beynəlxalq vasitəçiləri aldatmaq cəhdləri davam edir. Çox təəssüf hissi ilə deyə bilərəm ki, bəzi beynəlxalq qurumlar onların qeyri-səmimi davranışına, bir növ, göz yummaq istəyirlər. Açıq-aydın görünən danışıqları pozmaq cəhdlərinə, Ermənistan tərəfindən göstərilən bu cəhdlərə elə bil ki, bəraət qazandırılır. Əlbəttə ki, bu, bizi çox narahat edir. Çünki beynəlxalq aləm öz qərarlarına, heç olmasa hörmət etməlidir.

Azərbaycan torpaqları qanunsuz olaraq uzun illərdir ki, işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bizim bütün mədəni, dini, tarixi abidələrimiz dağıdılmışdır. İşğal edilmiş bütün rayonlarda mövcud olan maddi sərvətlər talan edilmişdir.

Bizim bütün muzeylərdən tarixi eksponatlar erməni oğruları tərəfindən aparılmışdır. Bütün məscidlərimiz erməni vandalları tərəfindən yerlə yeksan edilmişdir. Yəni, biz bu qədər qəddarlığa, bu qədər ədalətsizliyə dözə bilmərik.

Ona görə bugünkü müşavirənin xüsusi əhəmiyyəti vardır. Sirr deyil ki, Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu, bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək.

Azərbaycanın bütün istiqamətlərdə atdığı addımlar çox uğurludur. Biz son 5-6 il ərzində iqtisadi cəhətdən dünyada birinciyik. İqtisadi islahatlar sahəsində böyük işlər görülür, siyasi islahatlar aparılır. Ölkədə sabitlik, əmin-amanlıq hökm sürür. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Yəni, ölkə çox dinamik və hərtərəfli şəkildə inkişaf edir. Bütün regionlarda abadlıq işləri aparılır. İnfrastruktur layihələri və görülən bütün işləri sadalamağa ehtiyac yoxdur.

Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, bütün başqa sahələrlə bərabər, ordu quruculuğu sahəsində də çox böyük işlər görülür. Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır.

Mən bir neçə il bundan əvvəl, - hələ o vaxt bizim iqtisadi imkanlar bugünkü kimi deyildi, enerji layihələrimiz hələ başa çatmamışdı, - demişdim ki, elə etməliyik Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olsun. O vaxt əlbəttə ki, bu xərclər arasında böyük fərq var idi. Ancaq bu gün - 2010-cu ildə biz buna nail ola bilmişik. Biz hərbi məsələlərin həlli üçün istədiyimiz qədər vəsait xərcləyə bilərik və xərcləyirik.

Əlbəttə, heç kimə sirr deyil ki, bu gün Ermənistan ilə Azərbaycan arasında həm hərbi, həm iqtisadi, həm bütün başqa sahələrdə fərq çox böyükdür. Deyə bilərəm ki, bu fərq gündən-günə böyüyür və bu uçurum gündən-günə genişlənir. Əgər biz bugünkü vəziyyəti götürsək, görərik ki, Azərbaycan Ordusu bütün cəhətlərdən Ermənistan ordusundan daha da güclüdür və daha da peşəkardır. Ermənistan silahlı qüvvələrində xidmət edən əsgərlər kütləvi qaydada Azərbaycan tərəfə keçirlər. Onların burada dediyi sözlər və gətirdiyi faktlar göstərir ki, Ermənistan ordusunda nə qədər acınacaqlı vəziyyət vardır. Bu kütləvi köç davam edir və şübhə yoxdur ki, gələcəkdə də davam edəcəkdir.

Bizim hərbi imkanlarımız gündən-günə güclənir, iqtisadi imkanlarımız güclənir, biz heç kimin yardımından asılı deyilik. Bu gün Azərbaycan bölgədə o nadir ölkələrdəndir ki, öz hesabına yaşayır və gündən-günə daha da yaxşı yaşayır. Bizim maliyyə imkanlarımız genişlənir. Biz heç kimin yardımından, kreditindən asılı deyilik. Belə olan halda gələcəkdə əlbəttə ki, Ermənistan ilə Azərbaycan arasında istər iqtisadi sahədə, istər ordu quruculuğunda, istərsə də demoqrafik məsələlərdə fərq daha da böyüyəcəkdir. Azərbaycanda əhalinin sayı ildən-ilə artır və bu il artıq 9 milyonuncu vətəndaş dünyaya gəlmişdir. Ermənistanda isə demoqrafik vəziyyət ildən-ilə pisləşir. Həm təbii azalma müşahidə olunur, eyni zamanda, Ermənistandan köçüb gedənlərin sayı artır. Bu gün - 2010-cu ildə vəziyyət belədir. Yəni, biz bilirik ki, hətta təmas xəttində, o təmas xəttini qorumaq üçün Ermənistan ordusunda canlı qüvvə çatışmır. Bu yaxınlarda o ölkədə elan edilmiş bəzi tədbirlər onu göstərir ki, onlar hansı çətin vəziyyətdədirlər. Yəni, onlar səfərbərliyə cəlb ediləcək insanların yaş həddini artırırlar. Orada canlı qüvvə Azərbaycanda olan insani potensialla müqayisə oluna bilməz. Bu, vacib məsələdir və üstünlük bizim tərəfimizdədir. Digər bütün başqa sahələrdə də üstünlük bizim tərəfimizdədir.

Görülən bütün bu işlərlə yanaşı, Azərbaycanda hərbi sənaye də çox sürətlə inkişaf edir. Bu sahəyə də böyük vəsait ayrılır, diqqət göstərilir. Son illər ərzində çoxsaylı zavodlar yaradılıbdır. Azərbaycanda ən müasir texnika istehsal olunur. Gələcəkdə bizim bu sahədə planlarımız çox genişdir və böyükdür. İstəyirik ki, bizə lazım olan hərbi sursat və texnika maksimum dərəcədə Azərbaycanda istehsal olunsun. Beləliklə, biz idxaldan da asılılığımızı azaldacağıq. Baxmayaraq ki, silah-sursatın alınması ilə əlaqədar qarşımızda heç bir problem yoxdur, bu proses davam edir və davam edəcəkdir.

Bir də demək istəyirəm, baxmayaraq ki, Ermənistanın qeyri-səmimi davranışı artıq özünü açıq şəkildə büruzə verir, biz danışıqlar prosesinə hələ ki müsbət yanaşırıq. Hələ ki Ermənistan tərəfindən cavab gözləyirik. Son təkliflər qəbul olunarsa, onda sülh sazişi üzərində iş başlana bilər. Əgər təkliflər qəbul olunmazsa onda, ümumiyyətlə, danışıqlar prosesinə yenidən baxılmalıdır və əlbəttə ki, Azərbaycan yaranacaq vəziyyətə adekvat mövqe nümayiş etdirəcəkdir.

İndi isə biz ordu quruculuğu işində əlavə tədbirlər haqqında fikir mübadiləsi aparacağıq və söz verilir müdafiə naziri Səfər Əbiyevə.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 aprel.- S. 1.