Azərbaycan-Türkiyə birliyi zamanın sınağından yenə də uğurla çıxdı

 

Son proseslər Azərbaycan Prezidenti qarşısında erməni dövlət başçısının nə qədər cılız, müti və qorxaq göründüyünü beynəlxalq birliyə bir daha nümayiş etdirdi

 

Tarixin ən ağır sınaqlarından belə uğurla çıxmağı bacaran Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığı növbəti dəfə sübut olundu! Bu iki qardaş ölkə arasında nifaq toxumlarının göyərməsinin mümkünsüzlüyü bir daha öz təsdiqini tapdı. Bir millət - iki dövlət olan Azərbaycan-Türkiyə birliyinin əbədiliyini göstərən daha bir şanlı səhifə yazıldı. Hadisələr həm də Azərbaycan diplomatiyasının zəfər olimpində daha bir pilləni geridə qoyduğunu göstərdi. Zaman isə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qətiyyətli, prinsipial mövqeyinin proseslərin axarını nə dərəcədə ölkəmizin lehinə dəyişdirdiyini real nəticələrlə meydana çıxardı.

 

Azərbaycansız sülh mümkün deyil

 

İndi dünyanın ən yüksək siyasi dairələrində, araşdırma mərkəzlərində tam qəbul edilən həqiqətdir ki, Azərbaycanın məharətli diplomatik gedişləri, ölkəmizin Türkiyə ilə olan qardaşlıq münasibətləri sonda Ermənistanı birtərəfli qaydada Sürix protokollarını dondurmağa vadar etdi. İşğalçı ölkəyə, onun himayədarlarına bir daha aydın oldu ki, Azərbaycanın razılığı olmadan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadan Ermənistanın düşdüyü ağır sosial-iqtisadi problemlər məngənəsindən xilas olması, bu dövlətin Türkiyə ilə sərhədlərinin açılması mümkün deyil!

Televiziya ilə xalqa müraciətində Ermənistan prezidentinin İsveçrədə imzalanan və Türkiyə ilə münasibətlərin normallaşmasını, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokolları ilə bağlı etdiyi çıxış da bunu bir daha təsdiqlədi. İşğalçı ölkənin rəhbəri bildirdi ki, Türkiyə ilə münasibətlərin normallaşdırılmasına və sərhədlərin açılmasına dair ötən ilin oktyabrında İsveçrədə imzalanmış protokolların parlamentdə təsdiqi prosesinin dayandırılması barədə qərar qəbul edib. Onun sözlərinə görə, Sürix protokolları "ağlabatan" müddətdə parlamentdə təsdiq edilməli idi: "Bizim qiymətləndirmələrimizə görə, Türkiyə-Ermənistan protokollarının Türkiyə parlamentində ratifikasiya olunmasına dair ağlabatan müddət başa çatıb".

Lakin Sarkisyan ağlına da gətirmək istəməyib ki, protokolların Türkiyə parlamentində ratifikasiya olunması üçün işğal siyasətinə son qoymalıdır. Türkiyə ilə münasibətlərin normallaşması üçün qondarma xarakter daşıyan "soyqırımı" iddialarından vaz keçməlidir. Bütün bunlar Ermənistanın əsl niyyətinin nədən ibarət olduğunu növbəti dəfə nümayiş etdirdi. Bu ölkə bir daha göstərdi ki, nə başqalarına məxsus torpaqları işğaldan azad etməyə, nə də tarixdə olmayan bir hadisəni "soyqırımı" olaraq tanıtmaq niyyətindən vaz keçməyə tələsir. Korrupsiya, rüşvət, talan, kriminal əməllər hesabına milyardlar qazanan hakimiyyət təmsilçiləri yenidən əməlləri ilə sübut etdilər ki, ac-yalavac qalan Ermənistan əhalisinin səfalətdən çıxması üçün ölkəni işğal siyasəti nəticəsində saldıqları təcrid vəziyyətindən çıxarmaq istəyində deyillər.

 

Azərbaycanın mənafeyi Türkiyə üçün daha önəmlidir

 

Əsas müxalifət qüvvələrinin yer aldığı Ermənistan Milli Konqresinin isə məsələ ilə bağlı yaydığı bəyanatda qeyd edilir ki, Sürix protokollarının təsdiqinin dayandırılması barədə Sarkisyanın qərarı onun "təşəbbüs" adlandırılan siyasətinin iflasının etirafından başqa bir şey deyil. Bəyanatda o da bildirilir ki, Serj Sarkisyan rejimi tərəfindən Sürix protokollarının imzalanması yalnız bir məqsədə xidmət edib: saxtalaşdırılmış prezident seçkiləri və 1 mart qırğını hesabına rejimin legitimliyinə nail olmaq! Konqres belə hesab edir ki, Türkiyə protokolların təsdiqini və sərhədlərin açılmasını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirib. Bunun nəticəsində isə Qarabağ məsələsində Ermənistana beynəlxalq təzyiqlər daha da artıb. O da bildirilir ki, Serj Sarkisyan yanlış siyasi hesablamalar əsasında üzərinə götürdüyü, lakin yerinə yetirmədiyi öhdəliklər Ermənistanın beynəlxalq ictimaiyyətdə etibarlı tərəfdaş olmaması kimi bir imicini formalaşdırır. Həmçinin Ermənistanın yenə də beynəlxalq arenada qeyri-konstruktiv tərəf olaraq təqdim olunmasına imkan yaradır.

Türkiyə tərəfi isə Ermənistan rəhbərliyinin Sürix protokolları ilə bağlı qərarını bu ölkənin daxili işi adlandırıb. Türkiyə Böyük Millət Məclisinin NATO qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Vahid Ərdəm bildirib ki, Ermənistanın koalisiya hökumətinin son qərarı Türkiyənin haqlılığını bir daha sübut edib: "Çünki bölgədə sülhə nail olunmasının birinci şərti Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsidir. Türkiyə bunu tələb edərkən Ermənistan bu haqlı tələbi yerinə yetirmək əvəzinə, protokolların "dondurulması" yolunu seçib". Onun sözlərinə görə, Ermənistan bölgədə sülh yaradılması üçün addımlar atmaq yerinə, birtərəfli qərarlarla Türkiyəni sıxışdırmağa çalışır: "Bu, çox səhv yoldur. Çünki heç kimin Türkiyəyə təzyiq göstərməsi mümkün deyil. Ermənistan bu yolla getmək əvəzinə, işğal etdiyi Azərbaycan torpaqlarından çıxaraq həm Türkiyə, həm də Azərbaycanla dostluq yolunu seçərsə, öz gələcəyini xilas edər".

Rəsmi Ankara onu da bildirir ki, Sürix prtokollarında həm də regional sülh yaradılması nəzərdə tutulur. Regional sülh də Qarabağ münaqişəsinin həlli olmadan mümkün deyil! Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında sərhəd 1993-cü ildə Azərbaycan torpaqlarının işğalına görə bağlanıb. İndi bu münaqişənin həlli istiqamətində bir irəliləyiş olmadan sərhədin açılmasına dair protokolları Türkiyə parlamentinin təsdiq etməsi mümkün deyil. Bu reallığı qəbul etmək əvəzinə Ermənistan Sürix protokolları ətrafında yeni şou yaradır. Lakin mövcud vəziyyətin təhlili göstərir ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi, qondarma "erməni soyqırımı"nın tanınması iddialarından əl çəkməməsi yalnız bu ölkənin təcridinə xidmət edir, onun sosial-iqtisadi problemlərinin miqyasını daha da genişləndirir.

Digər tərəfdən hadisələrin real inkişafı onu da təsdiq etdi ki, qardaş Türkiyə erməni lobbisinin, Ermənistanın və onun havadarlarının istənilən təzyiqini neytrallaşdırmaq iqtidarındadır və Azərbaycanla strateji xarakter daşıyan müttəfiqliyinə həmişə olduğu kimi sadiqdir. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının məntiqi nəticəsidir ki, Türkiyə rəhbərliyi Sürix protokollarının parlamentdə təsdiqinin yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən keçdiyini bəyan etdi, bu iki prosesin bir-biri ilə bilavasitə bağlı olduğunu bildirdi. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr də daxil olmaqla Ermənistanın digər himayədarlarının Sürix protokollarının Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə parlamentində təsdiqi üçün rəsmi Ankaranı dilə tutmağa çalışması, bəzən isə təzyiqlər dilində danışmalarına baxmayaraq, qardaş ölkə bütün bunlara ləyaqətlə davam gətirdi. Azərbaycanla strateji müttəfiqliyinin onun üçün ön planda gəlməsinə dair beynəlxalq ictimaiyyətə unudulmayacaq bir mesaj verdi. Dünya bir daha şahid oldu ki, Azərbaycan və Türkiyə birliyi sarsılmazdır. Bu ölkələr ulu öndər Heydər Əliyevin kifayət qədər dəqiq şəkildə ifadə etdiyi kimi, bir millət - iki dövlətdirlər. Onların yüksək səviyyədə olan münasibətlərinin pozulmasına yönələn istənilən cəhd isə iflasa məhkumdur!

Bütün bunlar həm də dünya ictimaiyyəti, o cümlədən Cənubi Qafqazda maraqlı qüvvələr üçün belə bir reallığı yenidən gözlər önünə sərgilədi ki, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadan, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan regionda süni şəkildə tətbiq edilən hər hansı nizamlama prosesi əhəmiyyətsizdir və heç bir nəticə verə bilməz. İlk növbədə ona görə ki, regionun lider dövləti olan Azərbaycan həm də artıq burada hadisələrin inkişaf istiqamətini müəyyən edən əsas söz sahiblərindən biri kimi çıxış edir. Bu mənada Azərbaycanın bilavasitə maraqları ilə bağlı olan məsələlərin tənzimlənməsində ölkəmizin iştirakı olmadan real nəticənin əldə olunması mümkün deyil! Hər halda Ermənistanın bir vaxtlar düşdüyü ağır sosial-iqtisadi vəziyyətdən yeni xilas yolu kimi baxdığı Sürix protokollarını öz istəyi ilə dondurmaq məcburiyyətində qalması bunun ən bariz sübutlarından biri oldu.

 

Prezident İlham Əliyevin qətiyyəti ilə hər kəs hesablaşmağa məhkumdur

 

Hadisələrin bu səpkidə inkişafı həm də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasətin, Azərbaycan diplomatiyasının növbəti möhtəşəm uğuru kimi qiymətləndirilməlidir. Çünki məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, əsl liderə xas iradə və uzaqgörənlik nümayiş etdirməsi, ölkəmizin milli maraqlarını hər şeydən yüksəkdə tutması sayəsində Azərbaycan Ermənistanı, onun havadarlarını mat vəziyyətinə saldı! Ölkənin əleyhinə yönələn siyasətin uğur qazanmasının qarşısı alındı.

Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı Azərbaycanın prinsipial mövqedən çıxış etməsi hələ ötən ilin aprelində İstanbulda keçirilən "Mədəniyyətlərarası ittifaq" forumu zamanı özünü daha qabarıq şəkildə büruzə verdi. Həmin vaxt Türkiyə-Ermənistan sərhədlərinin açılması istiqamətində görülən işlərlə bağlı Azərbaycana əvvəlcədən məlumat verilməməsi, hadisələrin sonrakı inkişafı ilə əlaqədar ölkəmizin lazımi informasiya ilə təmin olunmaması, ən nəhayət, rəsmi Ankaranın sərhədlərinin açılmasının Dağlıq Qarabağ münaqişəsinə bağlı olub-olmamasına dair ortaya konkret mövqe qoymaması rəsmi Bakının proseslərin gedişinə yanaşmada sərt, lakin bir o qədər də məharətli prizmadan yanaşmasına səbəb oldu. Bu dövrdə Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarının onun üçün hər şeydən öndə gəldiyini diplomatik tərzdə bir daha peşəkarlıqla nümayiş etdirməsi isə təkcə Ermənistan yox, həm də onun himayədarları üçün şok effekti yaratdı!

Həmin vaxt Türkiyə mediası yazırdı ki, əvvəlcə ABŞ-ın dövlət katibi Hillari Klinton, ardınca isə Barak Obama Prezident İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq Azərbaycan dövlət başçısını İstanbulda keçirilən forumda iştiraka qatılmağa dəvət ediblər. Lakin o dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyənin Ermənistanla sərhədləri açacağına dair yayılan məlumatlar, bunu təkzib edəcək informasiyanın Azərbaycana verilməməsi Prezident İlham Əliyevin həm Barak Obamanın, həm də ondan əvvəl Türkiyə dövlət başçısının, baş nazirinin dəvətindən imtina etməsi ilə nəticələndi. Prezident İlham Əliyevin bu mövqeyi və yüksək diplomatik məharətlə Azərbaycanın etirazını Ankara və Vaşinqtona çatdırması hadisələrin gedişini 180 dərəcə dəyişdi!

Məhz bundan sonra Türkiyə tərəfi Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlarla bağlı Azərbaycanı sıx şəkildə məlumatlandırmağa, proseslərin inkişafından xəbərdar etməyə başladı. Ötən ilin mayında Prezident İlham Əliyevlə görüşü və bundan sonra parlamentdə çıxış zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanla sərhədlərin açılması məsələsində səbəb-nəticə əlaqəsi olduğunu bildirdi. Bir daha bəyan etdi ki, Türkiyə Ermənistanla sərhədlərini Azərbaycan ərazilərinin işğalına etiraz olaraq bağlayıb və işğal faktı aradan qalxmayınca, sərhədlərin açılması mümkün deyil! Hadisələrin gedişi qardaş ölkənin bu vədinin arxasında istənilən təzyiqə rəğmən durduğunu bariz formada göstərmiş oldu.

Əslində, ötən ilin oktyabrında Sürixdə imzalanan protokollardan sonra Ermənistanda Türkiyə ilə sərhədlərin açılacağına dair yeni inam yaranmışdı. Hətta arxı tullanmamış "bərəkallah" deyən Serj Sarkisyan Londonda bəyanat verərək Azərbaycan Prezidentini Türkiyə - Ermənistan sərhədlərinin açılışına da dəvət etdi. Ancaq başa düşmədi ki, Türkiyə - Azərbaycan birliyi sarsılmazdır və işğal siyasətinə son qoyulmayana qədər Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına həsrət qalacaq!

Sarkisyanın burnunun ucundan uzağı görməyən bu bəsit siyasəti sonda ona gətirib çıxardı ki, Ermənistan prezidenti şəxsən Sürix protokollarının parlamentdə ratifikasiyasını dayandırdığını bildirdi. Maraqlıdır ki, bir vaxtlar ölkəmizin rəhbərini Türkiyə - Ermənistan sərhədlərinin açılışına dəvət edən Serj Sarkisyan görəsən indi "forpost" dövlətin siyasəti ilə müstəqil və qüdrətli Azərbaycanın diplomatiyası arasında fərqi anlayırmı? Ən əsası isə, görəsən Serj Sarkisyan indi Prezident İlham Əliyev qarşısında nə qədər cılız, müti və miskin göründüyünün fərqindədirmi?..

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.-  24 aprel.- S.  2.

.