Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini nümayiş etdirmək əzmindədir

 

Qondarma "erməni soyqırımı" iddialarını tanıyan bəzi aparıcı dövlətlərin təcavüzkarı aşkar himayə etməsi Azərbaycanda haqlı narazılıq doğurur

 

İki əsrdən artıq müddətdə qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edərək insanlıq əleyhinə yönəlmiş soyqırımı, terrorizm kimi cinayətlərə dəstək verən, "böyük Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları tarixi saxtakarlıqlara əl atır, faktları təhrif edərək qondarma iddialar irəli sürür, dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Xüsusən də hər il aprel ayında qondarma "erməni soyqırımı" ilə bağlı cəfəng və əsassız iddialarını gündəmə gətirərək süni ajiotaj qaldıran erməni şovinistləri bu yolla tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri amansız qırğınları, vandalizm aktlarını pərdələməyə, özləri haqqında "məzlum və əzilən xalq" imici yaratmağa səy göstərirlər.

XX əsrin əvvəllərində turklərin guya "ermənilərə qarşı soyqırımı törətdiyini" iddia edən ermənilər özlərinin diaspor və lobbi təşkilatlarının köməyi ilə qondarma, tarixi əsasları olmayan bu məsələni müxtəlif ölkələrin parlamentlərinə çıxarmağa cəhd edirlər. Türkiyə və Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda iqtisadi-siyasi cəhətdən qüdrətlənməsi ilə heç cür barışa bilməyən, beynəlxaq hüquqdan sapınaraq ikili standartlara yol verən müəyyən aparıcı dövlətlər və təşkilatlar da təəssüf ki, bu məsələdə erməniləri şirnikləndirmək yolu tuturlar. Son illərdə qondarma "erməni soyqırımı" məsələsinin müxtəlif dövlətlərin parlamentlərində müzakirəyə çıxarılması və bəzi hallarda tanınması da bu ədalətsiz və qərəzli münasibətdən irəli gəlir. Müşahidələr göstərir ki, ermənilərin bununla bağlı qeyri-hüquqi və cəfəng iddialarının müəyyən dövlətlərin qanunverici orqanlarında dəstəklənməsi əsasən geosiyasi amillərlə bağlı olub, erməniləri dəstəkləmək məramından daha çox Türkiyəyə, eləcə də dolayısı ilə Azərbaycana təsir göstərmək məqsədi güdür. Bununla belə getdikcə daha çox dövlət əsl həqiqəti başa düşür, iftira kampaniyasını birmənalı rədd edir. Bu ilin martında ABŞ və İsveçdə qəbul edilən məlum qərəzli qərarlardan xeyli dərəcədə şirniklənib qondarma "erməni soyqırımı" məsələsini bu dəfə Böyük Britaniyanın Lordlar Palatasında müzakirəyə çıxarmaq istəyən erməni lobbisinin bədnam niyyətinin puça çıxması deyilənlərə sübutdur.

Türkiyənin məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibət Ermənistanın zaman-zaman gündəmə gətirdiyi "soyqırım" kampaniyasının hansı çirkin məqsədlərə xidmət etdiyinə sübutdur. Təkcə bir fakt Türkiyəyə qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə büruzə verir.

Bütövlükdə türk dünyasına qarşı yönəlmiş bu iftira kampaniyasının əsassızlığını tarixi faktlar da təsdiqləyir. Hələ 1813-cü və 1828-ci illərdə Rusiya ilə İran arasında imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələrı Azərbaycan xalqının parçalanmasının, tarixı torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsinə başlanmışdır. Beləliklə, soyqırımı, deportasiya və terrorizm Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir. Təkcə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40, Türkiyədən 84 min erməni köçürülərək Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ərzisində yerləşdirilmişdir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq havadarlarının himayəsı altında 1828-ci il martın 21-də "ermənı vilayəti" adlandırılan süni inzibatı bölgünün yaradılmasına nail olmuşlar. Bununla da azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsası qoyulmuşdur.

XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı təşkilatlanmış və planlı siyasət kimi aparılmışdır, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "böyük Ermənistan" dövləti qurmaq xülyasına düşən ermənilər "Qnçaq", "Daşnaksütyun", "erməni vətənpərvərləri ittifaqı" kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişlər. Sözügedən təşkilatların proqramında əsas yeri azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək tuturdu.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan ermənı qəsbkarları birinci rus inqilabı dövründə - 1905-1907-ci illərdə azərbaycanlılara qarşı daha böyük qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşiliklərı Azərbaycanı və indikı Ermənistan ərazisindəki yaşayış məntəqələrini əhatə etmişdir. Yüzlərlə Azərbaycan kəndi dağıdılaraq yerlə yeksan edilmiş, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər ermənilərin vaxtı ilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını zorla erməniləşdirmək, "azərbaycanlılarsız Ermənistan" kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətinin ifadəsi olmuşdur.

Tarixi faktlar göstərir ki, 1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə, türklərə qarşı kütləvi qırğınlara başlamışlar. Bundan başqa həmin vaxt İrəvan, Qarabağ və Zəngəzura erməni hərbi dəstələri ilə birlikdə böyük sayda erməni əhalisi də köçüb gəlmişdir. Rusiya ordusuna arxalanan həmin ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda və Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı saysız-hesabsız qırğınlar törətmişlər.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri də başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı soyqırımı siyasətinə başlamışlar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar.

Tarixi sənədlərdə qeyd olunur ki, 1918-ci ilin martında erməni-daşnak ideoloqu S.Şaumyanın başçılıq etdiyi Bakı kommunası "əks-inqilabi ünsürlərlə mübarizə" şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı planını həyata keçirmişdir. Böyük qırğınlara başlamaq üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi olmuşdur. S.Şaumyanın göstərişi ilə ermənilər guya bu zabitlərin Muğandakı rus-molokan kəndlərini dağıtmaq barədə göstəriş aldıqları haqqında şayiələr yaymış, bundan sonra həmin gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verilmişdir. Buna etiraz edən yerli əhali küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirmişdir. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycan milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gələrək alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərmişlər.

Martın 30-da N.Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə baxmayaraq bolşevik-daşnak koalisiyası vədinə əməl etmədi. Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açmış, beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama start verilmişdi. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 12 min insan qətlə yetirilmişdir. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, "Kaspi", "Açıq söz" qəzetlərinin redaksiyalarına, "İsmailiyyə" binasına od vurmuşdular (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı -2005).

Azərbaycanlıların soyqırımı Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusı qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Martın 30-dan aprelin 2-dək davam edən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində 8027 azərbaycanlı öldürülmüşdü. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 3 minədək insanın həyatına son qoyulmuşdur. Lənkəranda, Muğanda minlərlə soydaşımız məhv edilmişdir. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdir.

1920-ci ilin aprelində AXC-nin süqutündan sonra bədnam qonşularımız çirkin metodlarla azərbaycanlıları daimi yaşadıqları ərazilərdən çıxarmaqda davam etmiş, qonşu respublikaların torpaqları hesabına "ərazilərini" böyütmüşlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ "muxtar vilayət" elan edilmişdir.

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları II Dünya müharibəsindən sonra da səngiməmişdir. 1945-ci ilin noyabrında Ermənistan heç bir səbəb göstərmədən SSRİ rəhbərliyi qarşısında Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi məsələsini qaldırsa da, niyyətinə nail olmamışdır. Bundan sonra onlar başqa bir hiyləyə əl ataraq azərbaycanlıların deportasiyasına nail olmuşlar. Ermənistan KP MK-nın katibi Q.Arutyunov Suriya, İran, Bolqarıstan, Rumınya, Fələstin, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan bu ölkəyə köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edərək Ermənistanda yaşayan azərbaycanlıların respublikamızın pambıqçılıq rayonlarında yerləşdirilməsini təklif etmişdir. O, Kür-Araz ovalığında pambıqçılığı inkişaf etdirmək üçün guya işçi qüvvəsinin çatışmadığını, bu addımın həmin rayonlarda pambıq istehsalının artımına da əsaslı təsir göstərəcəyini iddia etmişdir. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarı 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını rəsmiləşdirmişdir.

1997-ci il dekabrın 18-də "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" tarixi fərman imzalayan ulu öndər Heydər Əliyev bu ədalətsiz deportasiya siyasətinə dolğun siyasi-hüquqi qiymət vermişdir: "SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır".

Ötən əsrin 80-cı illərinin sonlarında - SSRİ-nin süqutu zəminində cərəyan edən proseslərdən öz maraqlarına uyğun bəhrələnən erməni ideoloqları Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirmişlər. Vətənpərvər və milli ideallara bağlı bir şəxsiyyətin - ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna - informasiya savaşına başlamışdır. Bədnam akademik A.Aqanbekyan 1987-ci il noyabr ayının 18-də Fransanın "Humanite" qəzetinə verdiyi müsahibəsində demişdi ki, "mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq". O, müsahibəsində M.Qorbaçovun 1987-ci ilin fevral plenumunda etdiyi çıxışın əsas tezisinə - "Milli məsələlərin həllində təəssüfdoğurucu gecikmə aradan qaldırılmalıdır" fikrinə istinad edirmiş. Bu müsahibə separatizm meyillərinin aşkar büruzə verilməsi üçün bir növ siqnal rolunu oynadı.

Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların növbəti dəfə kütləvi qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası ilə nəticələndi. Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən 1988-ci il noyabrın 22-dən 28-dək 22 rayonda sırf soydaşlarımızın yaşadığı 170, habelə 94 ermənilərlə qarışıq yaşayış məntəqələri azərbaycanlılardan tam təmizləndi. Nəticədə 200 mindən çox azərbaycanlı, 18 min müsəlman kürdü, min nəfərdən çox rusdilli əhali Azərbaycana pənah gətirmişdir. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrilmişdir. Deportasiya zamanı 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca müxtəlif bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

1990-1993-cü illərdə Azərbaycana qarşı ərazi təcavüzünü genişləndirən Ermənistan bu məqsədlə terror və soyqırımı siyasətini də dövlət səviyyəsində dəstəkləmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi isə iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsi olmuşdur. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuşdur. 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir. Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı bəşəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda ölkədə sabitliyi pozaraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur.

Ümumiyyətlə, ermənilərin həm 1918-ci ilin martında, həm də 1992-ci ilin fevralında azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirdiyini və insanlığa qarşı yönəlmiş digər cinayətlərə əl atdığını beynəlxalq hüquq normaları da təsdiqləyir. İlk dəfə olaraq Nürnberq Hərbi Tribunalının Nizamnaməsinin 6-cı maddəsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Sənəddə beynəlxalq cinayətlərin üç növü - sülh, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri fərqləndirilir. Soyqırımı cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. O həm də ən ağır beynəlxalq cinayətlərdən sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Təşkilatın Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də 1918-ci ilin mart və 1992-ci ilin Xocalı faciələrinin soyqırım kimi tövsif edilməsinə imkan yaradır.

Ermənistanın müharibə zamanı davranış normalarını müəyyənləşdirən beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla məhdudlaşmır. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, qəddar davranış, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyasının 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipi də tapdalamışlar. 1915-ci ildən fərqli olaraq həmin hadisələr müasir dünyanın gözü qarşısında baş vermiş, foto və audio vasitələrlə sənədləşdirilmiş və bütün ölkələrə yayılmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş yalançı kampaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsilləri üçün də bir növ proqram sənədidir. Fərmanda deyilir: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".

Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ulu öndərin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

1918-ci ilin mart və 1992-ci ilin Xocalı soyqırımılarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, üzləşdiyimiz qətliamların soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Azərbaycan Prezidenti İlham Əliyevin mart soyqırımı ilə bağlı xalqa 2006-cı il 28 mart tarixli müraciətində də ermənilərin müxtəlif dövrlərdə həyata keçirdikləri terror siyasətinə geniş toxunulmuşdur. Müraciətdə soydaşlarımızın doğma yurdlarından didərgin salınmaları, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etdiyi qeyd olunmaqla yanaşı belə bir zamanda dövlətin və hər bir vətəndaşın qarşısında duran başlıca vəzifələr göstərilir: "Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırım həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq".

Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə özünü ifşa edir, strateji layihələrdən kənarda saxlayır. Beynəlxalq hüquq normaları, o cümlədən bir sıra mötəbər təşkilatların münaqişə ilə bağlı prinsipial mövqeyi Ermənistanın cəfəng iddialarının həm hüquqi, həm də siyasi baxımdan əsassızlığını tamamilə sübuta yetirir. Azərbaycan ərazilərinin etnik separatizm zəminində işğalı faktının ilk hüquqi təsdiqi kimi dünyada sülh və təhlükəsizliyin təminatçısı qismində çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin əhəmiyyətini xüsusi vurğulamaq lazım gəlir. Eləcə də 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" məsələsinin müzakirəsi də rəsmi Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər. Məlumat üçün vurğulayaq ki, "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" barədə 9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini bir daha ifadə edir. Eyni zamanda Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını, məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını tələb edir.

Bütün bunların müqabilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bilavasitə tənzimlənməsi prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun təcavüzkara təsir göstərmək istiqamətində heç bir təsirli addım atmaması, Yerevanın vaxtı uzatması, mövcud "status-kvo"nu qoruyub saxlamaq istiqamətindəki cəhdlərini dolayısı ilə müdafiə etməsi təəssüf doğurur. Bir müddət əvvəl ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı"nın tanınması, habelə bəzi Avropa ölkələrinin də bu məkrli kampaniyaya qoşulması ermənilərin saxtakarlıq mövqeyindən geri çəkilmək niyyətində olmadığını göstərir.

Bu gün ikili standartların əsirinə çevrilmiş müəyyən aparıcı dövlətlər də yaxşı başa düşürlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi hələ də həllini tapmaması bütövlükdə Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhlükədir. Belə olan təqdirdə onlar təcavüzkara təsir göstərmək, beynəlxalq hüquq normalarını təmin etmək əvəzinə, ermənilərin qondarma, tarixi faktlardan tamamilə uzaq olan "soyqırımı" iddialarını dəstəkləyir, Ermənistanı regionda üzləşdiyi təcrid vəziyyətindən çıxarmağa çalışırlar. Ermənilərin "qondarma soyqırımı" iddialarının ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınması da əslində sırf geosiyasi məsələlərlə bağlı olub, Türkiyə və Azərbaycana təzyiq göstərmək niyyətinə hesablanmışdır. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi hazırda kifayət qədər ciddi mərhələyə qədəm qoymuşdur. İndi vəziyyət belədir ki, Ermənistan konkret mövqe nümayiş etdirmək məcburiyyətindədir; işğalçı dövlət ya yenilənmiş Madrid prinsiplərini qəbul etməli, ya da əsl xislətini - danışıqları pozmaq niyyətini ortaya qoymalıdır. Yəni bundan sonrakı mərhələdə Ermənistanın ənənəvi variantlarla danışıqları uzatmaq, vaxt udmaq imkanları tamamilə tükənmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabietinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatmaq cəhdləri ilə bağlı qəti və prinsipial mövqeyini bir daha nümayiş etdirmişdir: "...Artıq o xəttə çatmışıq ki, Ermənistan tərəfi və əlbəttə ki, Azərbaycan tərəfi öz mövqeyini bildirməlidir. Biz öz mövqeyimizi bildirmişik. Həm keçən ilin noyabr ayında Münhen şəhərində Ermənistan prezidenti ilə apardığım danışıqlarda, həm də son dəfə Soçidə Rusiya Prezidenti Medvedevin təşəbbüsü ilə növbəti üçtərəfli görüş əsnasında Azərbaycan rəsmi şəkildə mövqeyini bildirib ki, prinsip etibarilə yenilənmiş Madrid prinsipləri bizim üçün məqbuldur, o təklifdə bizim üçün narahatedici məqamlar azlıq təşkil edir. Orada kiçik istisnalar etməklə təklif əsas kimi götürülməlidir və bu təklifin əsasında sülh sazişi imzalanmalıdır. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu günə qədər öz mövqeyini bildirməyib. İki aydan çox vaxt ərzində sadəcə olaraq mövqe bildirməyib. Ondan sonra bizə çatan məlumata görə onların o təklifə verdikləri əlavələr əslində bizi prosesin əvvəlinə gətirib çıxaracaqdır. Bunu nə biz qəbul edirik, nə də ki Minsk qrupunun həmsədr ölkələri. Ona görə bizə söz verilib ki, bu müddət ərzində Ermənistan tərəfi ilə ciddi iş aparılacaq və onlara sübut etməyə çalışacaqlar ki, bu təklifi qəbul etsinlər".

Danışıqları imitasiya xatirinə davam etdirmək niyyətində olmadığını dəfələrlə bəyan etmiş Azərbaycan iqtidarı hələlik prosesləri təmkinlə izləyir və sülh prosesinin dalana dirənmədiyi qənaətindədir. Ermənistan bu dəfə də yaranmış vəziyyəti düzgün dəyərləndirib konstruktivlik nümayiş etdirməyəcəyi təqdirdə, münaqişənin güc tətbiqi ilə həlli Azərbaycan üçün qaçılmaz varianta çevriləcəkdir. Ölkə rəhbərliyinin bu qətiyyətli mövqeyi həm də xalqın milli maraqlarını sonadək müdafiə etmək əzmindən qaynaqlanır. Bu gün hər bir Azərbaycan vətəndaşı ürəkdən inanır ki, Prezident İlham Əliyevin yeritdiyi uğurlu xarici və daxili siyasət qısa zamanda Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı mövqeyini təmin edəcəkdir.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.-  24 aprel.- S.  3.