Erməni terroru cəzasız qalmayacaq

 

Məsum bir insanın qətlini bütün bəşəriyyətin qətlinə bərabər tutan islam tarix boyu terrorla heç bir əlaqəsi olmayan, qanlı-qadalı müharibələrə, separatizmə, ekstremizmə, təcavüzkar millətçiliyə qarşı ən sərt mübarizə mövqeyində dayanan, dinindən, dilindən, irqi mənsubiyyətindən və ictimai mövqeyindən asılı olmayaraq bütün xalqları özünə dost və qardaş sayan ilahi bir dindir. Allahın rəsulu həzrəti Məhəmməd əleyhissəlam müharibə zamanı humanist qanunlara riayət etməyi döyüşçülərin qarşısında əsas vəzifə kimi qoyurdu. Həzrətin əmrilə döyüş meydanında qılıncını yerə qoyub təslim olanlara aman verilirdi. Qaçanlar təqib olunmurdu. Müsəlmanların himayəsi altında yaşayanların milli və etnik mənsubiyyətinə fərq qoyulmurdu. Peyğəmbər öz adamlarına tövsiyə edirdi ki, döyüş zamanı meşələri qırmasınlar, binaları dağıdıb yandırmasınlar, əkin sahələrini məhv etməsinlər, ələ keçirdikləri ərazilərdə körpələrə, qocalara və qadınlara, yaralılara və əsirlərə qayğı ilə yanaşsınlar.

 

Ancaq təəssüflər olsun ki, Ermənistanın din xadimləri arasında Allahın müqəddəs tövsiyələrinə qarşı çıxanlar da var. Eçmiədzin kilsəsi başda olmaqla erməni kilsələrinin əksəriyyətinin təşkilatçılığı ilə terror planları hazırlanır, insanlar qətlə yetirilir. "Türksüz Ermənistan" ideyalarını tam gerçəkləşdirən o mənfur millətin nümayəndələri isə bu gün də Türkiyədə və Azərbaycanda rahat yaşamaqdadırlar. Halbuki onlar heç bir səbəb olmadan son iki əsrdə iki milyondan artıq günahsız türkün və azərbaycanlının qanını töküblər.

Rusiya arxivlərinin sənədlərində də erməni kilsəsinin fitnəkar əməllərinin səbəblərini açıqlayan ciddi araşdırmalar mövcuddur. Həmin sənədlərdə deyilir ki, "Qriqoryan kilsəsində ibadət vaxtı birinci sırada yalnız katolikos, ondan arxada isə qriqoryan xristianları dayanırdılar. Qalanların hamısı - istər xristianlar, istərsə də başqa dindən olanlar əgər erməni kilsəsinin çirkin ideyaları ilə əks mövqedə dayanırdılarsa onların hamısı "kafir və mürtəd" adlandırılıb lənətlənirdi. Hətta rus çar xanədanı da Qriqoryan kilsəsinin xalqı türk və müsəlman dünyasına qarşı mübarizəyə çağırışına öz etirazını bildirdiyi üçün 1903-cü ildə ermənilər tərəfindən lənətlənmişdir". Elə həmin il məşhur Fransız alimi baron de-Bay qətiyyətlə deyirdi: "Eçmiədzin monastırı dini mərkəzdən çox, siyasi ixtişaşlar mərkəzidir".

Ramiz Sevdimaliyevin 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun təqdimatı əsasında rus dilində nəşr edilmiş "Beynəlxalq terrorizm - müasir qlobal problemlər" kitabında da erməni Qriqoryan kilsələrinin, xüsusən, Eçmiədzin kilsəsinin din xadimlərinin təşkilatçılığı ilə yaradılan terror təşkilatlarının törətdikləri cinayətkar aksiyalar haqqında ətraflı söhbət açılır. Ermənilər son yüz iyirmi ildən artıq bir müddətdə dünyanın müxtəlif ölkələrində "Hnçak" (Zəng), "Daşnaksütyun", "Armenikan", "Asala", "Orli", "9 iyun", "Nemesis" ("Cəza") kimi yüzə yaxın terror təşkilatı yaradıblar ki, onların da formalaşması və fəaliyyətləri məhz Eçmiədzin kilsəsinin adı ilə bağlıdır. Bütün terror təşkilatlarının proqram və nizamnamələrinin hazırlanmasında Eçmiədzin kilsəsi yaxından iştirak edir və həmin proqramlara öz imzasını atırdı.1918-1919-cu illərdə kilsə katalikosunun əmrilə ermənilər Eçmiədzin qəzasının özündə azərbaycanlıların yaşadığı bütün kəndləri yandırıb külə döndərdilər. Türk-oğuz tayfalarına məxsus qədim tarixi abidələri və qəbiristanlıqları şumlayıb yerlə yeksan etdilər. Qəzanın uşaqlı-böyüklü bütün azərbaycanlı əhalisini ağır işgəncələrə və soyqırımılarına məruz qoydular. Onlar hətta müsəlman din xadimlərinin əl-ayaqlarını bağlayıb, müqəddəs "Quran"dan və digər dini kitablardan qaladıqları tonqallarda yandırdılar.

Etiraf etmək lazımdır ki, ermənilər arasında öz çirkin xislətli əməldaşları ilə əks mövqedə dayanıb onların məkrli niyyətlərinə qarşı çıxan açıq fikirli din xadimləri də olub. 1889-cu ildə Cenevrədə yaranmış, Rusiya, Türkiyə və İranda məskunlaşmış erməniləri vahid bir bayraq altında birləşdirib "Böyük Ermənistan" xülyalarını gerçəkləşdirməyi qarşıya məqsəd qoymuş "Hncaq" terror təşkilatının proqramının bir bəndində "türkləri hər bir şəraitdə öldürməklə yanaşı, öz xalqının məqsədlərinə xəyanət edən ermənilərə də rəhm etməmək, onlardan qisas almaq" əsas məsələ kimi qarşıya qoyulurdu.

Görkəmli tarixçi alim E.Fayqlın "Terror haqqında həqiqətlər. Erməni terrorizmi - mənbəyi və səbəbləri" əsərində deyildiyi kimi, 1933-cü il sentyabrın 24-də Nyu-Yorkdakı Qriqoryan kilsəsinin baş yepiskopu Leon Touçyan da belə bir qətlin qurbanı olmuşdu. Öz moizələrində dinindən, dilindən, irqi mənsubiyyətindən asılı olmayaraq bütün bəşər övladlarını birliyə, dinclik və əmin-amanlığa səsləyən Touçyanın ideyaları nizamnaməsində "harda türk gördün öldürməlisən" sözləri yazılmış "Daşnaksütyun" təşkilatının prinsiplərinə uyğun gəlmədiyi üçün terrorçular onu kilsədə, yüzlərlə ibadətçinin gözləri qarşısında qətlə yetirdilər. Qətlin canlı şahidi olan ermənilərdən heç biri qorxusundan məhkəməyə ifadə verməmişdi.

İkinci cahan hərbi sona yetdikdən və dünya böyük dövlətlər tərəfindən bölüşdürülməyə başladıqdan bir neçə ay sonra ermənilər "dənizdən-dənizə böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün Türkiyədən torpaq qoparmaq məqsədilə yenidən fəaliyyətə başladılar. 1945-ci il noyabrın 7-də bütün ermənilərin ali patriarxı, katolikos VI Gevorq Türkiyədəki "erməni vilayətləri"nin Sovet Ermənistanına birləşdirilməsi xahişi ilə üç böyük dövlətin başçısına - SSRİ XKS-nin sədri Stalinə, ABŞ Prezidenti Trumenə və Böyük Britaniyanın Baş naziri Ettliyə müraciət qəbul etdi. Erməni katalikosunun dili ilə o mənfur millətin çirkin mənəviyyatını tam çılpaqlığı ilə açıb göstərən həmin sənəd bir daha təsdiq etdi ki, erməni kilsəsi dini işlərlə yox, sırf siyasi məsələlərlə məşğul olan bir qurumdur, erməni şovinizminin, erməni təcavüzkarlığının, erməni xəstəliyinin ideoloji mərkəzi, hərbi-siyasi qərargahıdır.

Erməni terror təşkilatlarının ilk doğum məbədi və onları daim türklərə qarşı cinayətkar aksiyalara sürükləmə mexanizminin yaradıcısı olan Eçmiədzin kilsəsinin tərtib etdiyi siyahi əsasında təkcə 1972-1991-ci illərdə dünyanın müxtəlif ölkələrində türk diplomatlarına, siyasi xadimlərinə və biznesmenlərinə qarşı 300-dən artıq terror aktı törədilmişdi.

1983-cü il iyulun 27-də 5 nəfər erməni terrorçusu Türkiyənin Lissabondakı səfirliyinə daxil olub, səfirin müavininin mənzilini zəbt etmiş, onun arvadını və uşaqlarını girov götürmüşdülər. Elə bu vaxt kamikadze erməninin əlindəki bomba partlamış, səfirin müavininin arvadı və 4 terrorçu həlak olmuş, beşinci terrorçu isə Türkiyə təhlukəsizlik qüvvələrinin əməkdaşları ilə atışmada öldürülmüşdü.

"Armenian veeklu" qəzeti 1984-cü il 11 fevral tarixli sayında yazırdı: "Müqəddəs Vartanyan kilsəsindəki ibadətdə 400 nəfərdən çox erməni iştirak edirdi. Beş "qəhrəmanın" ruhlarını qısa yadetmə mərasimindən sonra "Boy skout" erməni ordusunun yerli dəstəsi bayraqlarla kilsəyə daxil olmuşlar. Əllərində yanar şam və qarşılarında üçrəngli erməni bayrağı olan uşaqların hər biri "qəhrəmanları" təsvir edirdi. Sonra eyni formalı paltar və qara başlıqlar geymiş beş cavan kişi səhnəyə çıxmış və beş "qəhrəmanın" portretlərini ehtiramla salamlamışlar". Erməni kilsəsi bununla, öz terrorçularına mənəvi dəstək olduğunu bildirmək istəyirdi.

Eçmiədzin katalikosu I Vazgenin 1987-ci ildə ABŞ və Kanadaya səfəri zamanı Nyu-Yorkda, San-Fransiskoda, Los Anjelesdə və Kanadada məskunlaşmış etnik erməniləri başına toplayaraq onları "Böyük Ermənistan" uğrunda vahid birliyə səsləməsi Ermənistanın Azərbaycana qarşı hərbi münaqişənin, soydaşlarımızın soyqırımına və deportasiyalara məruz qalmalarının, Dağlıq Qarabağın və ətraf rayonların işğalının başlanğıc mərhələsi sayıla bilər. Məhz I Vazgenin çıxışından sonra əcnəbi ölkələrdən minlərlə erməni gənci silaha sarılıb Azərbaycana qarşı döyüşə atılmışdı. I Vazgen həmçinin ABŞ və Kanadadakı çıxışlarında dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarını "erməni soyqırımı"nı tanımaq üçün BMT-yə və Avropa parlamentinə ciddi təsir göstərməyə səsləmişdir ki, bunun da nəticəsi artıq göz qabağındadır. 250 min nəfər azərbaycanlının Ermənistandan didərgin salınmasının, Dağlıq Qarabağda və Xocalıda azərbaycanlılara qarşı törədilən qanlı terror əməliyyatlarının da başında erməni kilsəsi dururdu. Hətta Eçmiədzin kilsəsi keşişlərinin özlərinin həmin terror əməliyyatlarında yaxından iştirakı barədə kifayət qədər faktlar var. Makaravan monastrının baş keşişi Ata Stepan Davtyanın 1988-ci ilin iyununda əlində üç butulka yandırıcı fitilli xəlitə və əldəqayırma iri fin bıçağı olduğu halda, Bakıda polis tərəfindən həbs edilməsi dediklərimizə əyani sübutdur. Fransalı şahidlərin dediyinə görə, Eçmiədzin kilsəsi katalikosunun "Azərbaycanın gələcək qurucularını indidən məhv etməliyik" tapşırığı ilə Gümrünün uşaq evindən 70 azərbaycanlı uşağın Qazaxa gətirilərkən Spitakda diri-diri böyük dəmir borulara doldurulub hər iki tərəfdən lehimlənərək insanlığa sığmayan bir vəhşiliklə öldürülməsinin təşkili prosesinin başında dayananlardan biri də həmin kilsənin keşişi olub. Rus qafqazşünası V.L.Veliçko hələ ötən əsrin əvvəllərində yazırdı ki, "Azərbaycandakı erməni kilsələrinin əksəriyyətində güclü silah ambarları var idi. Bunlar müəyyən cinayətkar aksiyalara hazırlaşan terrorçu qruplar üçün nəzərdə tutulmuşdu. Kilsə qiyamçı erməniləri iğtişaş yerinə zəng səsləri ilə çağırırdı. Kilsə zənglərinin səsi erməniləri ibadətə deyil, qətliam törətməyə səsləyirdi. Mehrabının və ikonalarının arxası qırğın silahları ilə doldurulmuş kilsə ibadət evi yox, vəhşilik ocağı, qanuni hakimiyyətə qarşı qiyam yuvası idi".

1988-ci ildə ermənilərin məskunlaşdıqları Azərbaycan ərazilərindəki erməni kilsələrində bir sıra silah anbarları aşkar edilmişdi. Axtarış zamanı təkcə Əskəran rayonunun Qılıçbak erməni kəndindəki kilsədə 6 minaatan, 16 əldəqayırma mina, 130 əldəqayırma əl qumbarası, qumbaraatan üçün istehsal olunmuş 7 qumbara, radiostansiya üçün 2 ehtiyat blok tapılmışdır. Ermənilər Cənubi Qafqazdakı daxili qoşunların komandanı, polkovnik V.P.Blaxotini onların çirkin ideyalarını ifşa hədəfinə çevirdiyi üçün Rostovda öz evinin qarşısında qətlə yetirmişdilər. "İzvestiya" qəzeti 1991-ci il 26 aprel tarixli sayındakı "Xeyriyyə ezamiyyətinə. Öldürməyə" adlı məqaləsində yazırdı ki, "...həbs olunmuş erməni qatillərinin sənədlərinin üstündə Eçmiədzin kilsəsinin möhürü və katalikosun imzası aydın görünürdü. Erməni kilsəsi dünyanın müxtəlif ölkələrində etnik erməni gəncləri ilə vaxtaşırı görüşlər keçirir, onları Dağlıq Qarabağda azərbaycanlılara qarşı mübarizəyə səsləyirdi".

Eçmiədzin kilsəsi Dağlıq Qarabağdakı separatçı qüvvələrin maliyyə problemlərini həll etmək üçün dünyanın müxtəlif ölkələrindəki ermənilər arasında vaxtaşırı telemarafonlar keçirib ianələr toplayır, habelə həmin ölkələrdəki imkanlı erməniləri və ermənipərəst biznesmenləri işğal etdikləri ərazilərə güclü sərmayələr qoyub banklar açmağa, yeni sənaye müəssisələri və ticarət obyektləri yaratmağa həvəsləndirir.

Narkobiznesin inkişafı üçün əlverişli zona olan, beynəlxalq terrorçular qrupunun özlərinə möhkəm sığınacaq tapdığı bu yer nəzarətsiz zona olduğundan, eyni zamanda, dövlətə heç dir vergi ödəmədiklərindən burada öz cinayətkar iqtisadi fəaliyyətlərini günbəgün genişləndirirlər. Eçmiədzin kilsəsinin təşəbbüsü ilə Dağlıq Qarabağda onların ideyalarına qarşı əks mövqedə dayananları sıradan çıxarmaq üçün muzdlu qatillər hazırlayan xüsusi məktəb də fəaliyyət göstərir.

Ürəkləri xəbislik və namərdlik mənbəyi olan ermənilərin dinsiz din xadimləri unudurlar ki, günahsız insanlara zülm edənlər, Yer üzündə fitnə-fəsad törədənlər ulu Tanrının qəzəbindən yaxa qurtara bilməyəcəklər. Belələrini nə vaxtsa şiddətli əzab gözləyir.

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2010.-  24 aprel.- S.  4.