Tarixin qanla yazılmış səhifəsi
Müasir cəmiyyətdə Azərbaycan tarixinin indiyədək tam işıqlandırılmayan faciəli səhifəsinə - mürəkkəb, dramatizm və böyük itkilərlə dolu olan 1918-ci ilin mart soyqırımı hadisələrinin yenidən araşdırılmasına böyük ehtiyac var. Bu ona görə vacibdir ki, 90 il əvvəl baş vermiş hadisələrdə kimin haqlı, kimin haqsız olduğu bilinsin, ədalət yerini tutsun. Yeri gəlmişkən, Azərbaycan xalqı sonrakı illərdə də dəfələrlə ermənilər tərəfindən deportasiyaya, soyqırımına məruz qalmışdır. Faktlara keçək:
Hazırkı Ermənistan Respublikası, tarixən Azərbaycana məxsus olan torpaqlarda salınıb. Bu o dövlətdir ki, torpaqlarımız Rusiya imperiyası tərəfindən ermənilərə ərazi güzəştləri hesabına verilib. Ermənistanın paytaxtı olan Yerevan (tarixi toponim adı - İrəvan) şəhəri - Azərbaycan xanlıqlarından olan - İrəvan xanlığının paytaxtı olub.
Ermənilər kimdir? Onlar Cənubi Qafqazda necə peyda olublar? Bunun ayrıca mövzu olmasına baxmayaraq, düşünürəm ki, bu tarixi az da olsa, yada salmaq lazımdır.
Hələ I Pyotrun dövründə Azərbaycana xristian xalqlarının, o cümlədən də ermənilərin köçürülməsi planları hazırlanırdı. S.Aşurbəylinin qeyd etdiyi kimi: " I Pyotrun siyasətinə əsasən, Bakı və onun rayonlarına xristianlar, əsas etibarilə ermənilər məskunlaşdırılırdı. 1724-cü il noyabrın 10-da I Pyotr Xəzərətrafı əyalətlərdə ermənilərin məskunlaşmasına icazə haqqında xahişlə müraciət edən dörd erməni deputatını qəbul etdi. Elə həmin gün, I Pyotr ermənilərin Gilan, Mazandaran və Bakıda məskunlaşmasına icazə verdi və bu barədə fərmanı erməni patriarxı İsaiyə təqdim etdi" (Aşurbeyli S . "Oçerki srednevekovğə Baku". Baku, 1964, str. 257). Ermənilərin Azərbaycan ərazilərinə planauyğun köçürülməsi və yerli əhalinin öz qədim torpaqlarından sıxışdırılıb çıxarılmasının təməli belə qoyuldu.
Məlumdur ki, həm birinci (1804-1813 illər), həm də ikinci (1826 -1828-ci illər) Rus-İran müharibələri Azərbaycan xalqının taleyində faciəli rol oynadı. Azərbaycan şimala və cənuba bölündü və bu səbəbdən törəyən bir çox fəlakətlər azmış kimi, işğal olunmuş torpaqlarda möhkəmlənmək üçün Rusiya imperiyası Vətənimizin tarixi ərazilərinə kütləvi şəkildə müxtəlif xristian xalqlarını köçürmək qərarına gəldi. Azərbaycan torpaqlarına köçürülənlər içərisində ermənilər yerli xalqa - azərbaycanlılara qarşı bəlaya çevrildilər.
Rus müəllifi N.Şavrov bu barədə belə yazırdı: "Öz kolonial fəaliyyətimizi biz Zaqafqaziyaya rus millətindən olan insanların deyil, digər millətlərdən olanların köçürülməsi ilə başladıq. Əvvəlcə biz 1819-cu ildə, öz vətənlərində çıxdaş edilmiş ünsürlərdən sayılan (oxu yararsız - red.), Vürtemberq almanlarından ibarət olan 500 ailəni Zaqafqaziyaya köçürtdük... Sonralar, 1826 -1828-ci illərin müharibələri bitdikdən sonrakı iki il ərzində, 1828-ci ildən 1830-cu ilədək 40 min fars və 84 min türk ermənisini Zaqafqaziyaya köçürdülər və onları Yelizavetpol və İrəvan quberniyalarının, həmçinin Tiflis, Borçalı, Axaltsixi və Axalkalaki qəzalarınin ən yaxşı torpaqlarında məskunlaşdırdıq. Onların məskunlaşdırılması üçün 200 min desyatin dövlət torpağı ayrıldı və müsəlmanlardan 2 milyon rubl dəyərində olan şəxsi torpaqlar alındı. Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göycə gölünün sahillərində bu ermənilər məskunlaşdırıldı. Onu da nəzərə almaq lazımdır ki, 124 min rəsmi surətdə köçürülmüşlərdən əlavə, bura qeyri-rəsmi qaydada çoxlu sayda erməninin köçməsi nəticəsində onların sayı 200 min nəfərdən artıq oldu" (Şavrov N.N. "Novaə uqroza russkomu delu v Zakavkazğe", S-Pb., 1911 q., str.59). Daha sonra Şavrov yazır: "...necə ki, alman, eləcə də erməni köçkünlərinə ən yaxşı dövlət torpaqları ayrıldı və onlara müxtəlif güzəştlər edildi. Krım müharibəsi bitdikdən sonra isə, dəqiq qeydiyyatı aparılmamış, müəyyən sayda erməni yenə bura köçürülmüşdü."
1877 -1878-ci illərin rus-türk müharibəsində rusların qələbəsindən sonra, N.Şavrov Türkiyənin Qars vilayətinə ermənilərin köçürülməsi barədə yazır ki, bu da ermənilərin Osmanlı imperiyası ərazisinə gəlmə xalq olduğuna daha bir sübutdur, daha dəqiq desək, bu onların ikinci "vətənidir": "...uğurla bitmiş 1877 -1878-ci illərin rus-türk müharibəsi Qars vilayətinə Kiçik Asiyadan yeni köçkünlərin böyük axınının - 50 minə yaxın erməninin və 40 minə yaxın yunanın köçürülməsi ilə bizi sevindirdi... Bundan əlavə, general Ter-Qukasov bizim Sürməlı qəzasına 35 min türk ermənisi arabasını gətirib çıxartdı... (yenə orada, səh.60). Şavrov əsərində bölqədə gedən demoqrafik dəyişikliklər haqqında da məlumat verir, faktlar sübut edir ki, demoqrafik göstərici süni surətdə necə dəyişdirilmişdir: "Bundan sonra Kiçik Asiyadan ermənilərin ayrı-ayrılıqda və ailələrlə köçməsinin arasıkəsilməz axını başlayır. Onların ən geniş axınla köçdüyü dövr 1894-1897-ci illərdir. Knyaz Q.Qolitsinin əyalətə gəldiyi 1897-ci ildə ermənilərin sayı, 1894-cü ildə göstərildiyi kimi, 10 min deyil, 90 minə yaxın olmuşdu" (yenə orada, səh.61).
Ermənilərin Bakı quberniyasına köçürülməsi faktı da çox maraqlıdır: "Bundan əlavə, bizim hüdudlara müəyyən sayda aysorlar və həmçinin Bakı quberniyasına müsəlmanlar köçürülmüşdür, lakin köçkünlərin ən böyük hissəsini ermənilər təşkil edir: belə ki, hazırda Zaqafqaziyada yaşayan 1.300 000 erməninin 1 milyondan çoxu məmləkətin yerli əhalisinə aid deyil və bizim tərəfimizdən köşürülmüşlər" (yenə orada, səh.60). Bu, ermənilərin Cənubi Qafqaza gəlmə xalq olduğunu sübut edən faktlardan biridir və bunu inqilabaqədərki Rusiyanın görkəmli hüquq müdafiəçisi yazmışdır.
Təkcə N.Şavrov deyil, digər müəlliflər də yazırdılar ki, ermənilər Cənubi Qafqazda gəlmədirlər və bura ermənilərin "üçüncü" vətənidir. Məsələn, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi haqqında A.Qriboyedov əsərində göstərirdi: "Ermənilər əsas etibarilə mülkədar müsəlmanların torpaqlarında məskunlaşdırılmışlar. Yayda bunu mümkün hesab etmək olar. Sahibkar müsəlmanlar, əsasən yaylaqlara köçürdülər və başqa dinə mənsub olanlarla ünsiyyətdə olmaq imkanları az olurdu" (Qriboedov A.S. "Zapiska o pereselenii armən Persii v naşi oblasti". T.2, M., 1971, str.340). Sonra o, gəlmə ermənilərin həyasızlığını təsdiq edən faktları çar Rusiyasının Qafqaz üzrə baş komandanı, general İ.Paskeviçə yazdığı müraciətində göstərır: "Köçkünlər özləri darısqallıqdadırlar və narazılığa əsasları olan müsəlmanları da sıxışdırırlar...Yerli vilayətin rəisi bildirdi ki, o, yeni köçürülmüş ermənilərin böyük hissəsini Arazın o biri tayına köçürmək istəyirdi, lakin onlar sizin ali həzrətinizdən birinci dəfə müvəqqəti köçürüldükləri yerdə qalmağa icazə istədilər və buna da razılıq aldılar" (yenə orada, səh.341).
Ermənilərin tarixi saxtalaşdırdıqlarını ifşa edən İ.Petruşevski yazırdı: "...Qarabağ heç vaxt erməni mədəniyyətinin mərkəzlərinə aid olmamışdır..." (Petruşevskiy İ. "O doxristianskix verovaniəx krestğən Naqornoqo Karabaxa". İzvestiə AzQNİİ istoriko-gtnoqrafiçeskoe i Arxeoloqiçeskoe otdelenie, tom 1, vıpusk 5, B., 1930, str.13).
Beləliklə, ortaya sual çıxır: Bəs ermənilərin əsl vətəni haradadır? Tarix elmləri doktorları Həcər Verdiyeva və Rauf Hüseynzadə özlərinin "Ermənilərin "Şəcərəsi" və onların Balkanlardan Qafqaza miqrasiyası" adlı əsərində bu suala cavab verirlər. Burada müəlliflər tarixi mənbələr əsasında ermənilərin əsl vətənlərinin Frakiya ərazisində, yəni, Balkanlarda olduğunu göstərirlər. Qeyd edirlər ki, IV əsrdən etibarən, yəni, öz dövlətlərini itirdikdən sonra ermənilər bütün dünyaya yayılıblar. Beləliklə, onlar yalnız erməni katolikosunun sayəsində özlərində vahid xalq ruhunu saxlaya bilıblər və bu gün dünyanın aparıcı ölkələrində müəyyən lobbiyə malikdirlər ki, bu da planlı surətdə həyata keçirilmişdir. Yada salmaq yerinə düşər ki, məhz öz dövlətini itirən xalqlar adətən, sonradan güclü lobbiyə malik olurlar.
XIX əsrin birinci otuzilliyində, yalnız Cənubi Qafqaz Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra, ermənilər birdəfəlik bura köçmək qərarına gəldilər. Başqa sözlə, ermənilər Cənubi Qafqaza ona görə gəlirdilər ki, bu regionu Rusiya dövləti zəbt etmişdi və bununla da, onlar bir növ, xristian bayrağının müdafiəsi altına köçürdülər. Qeyd olunan "Ermənilərin "Şəcərəsi" və onların Balkanlardan Qafqaza miqrasiyası" adlı əsərin müəllifləri çox doğru qeyd etmişlər: "Qafqaz Ermənistanı və ya ermənilərin "üçüncü vətəni" süni surətdə yaradılmışdır. O, Azərbaycanın tarixi torpaqlarında əmələ gəlmişdir. Bu-Çuxur-Səəd bəylərbəyliyinin ərazisidir ki, burada XVIII əsrin ikinci yarısında - XIX əsrin əvvəlində İrəvan xanlığı mövcud idi."
Beləliklə, namərd və yalançı olduğuna görə sevilməyən, hər yerdən qovulan, həmişə öz taleyindən şikayət edərək "ağlayan" erməni xalqı Azərbaycan torpağında mərhəmətlə qarşılandı. Onlara hər cür yardım göstərildi, vətənimizin ən məhsuldar torpaqları onlara paylanıldı, çar hökuməti onlara borc verdi və s. Lakin uzun zaman sərgərdan gəzən ermənilər özlərinə bir az gələndən sonra bizim torpaqları "lazımınca qiymətləndirdilər". Onlar suni şəkildə yaradılmış Ermənistan dövlətinə Azərbaycan torpaqlarının növbəti bir hissəsini birləşdirmək arzusuna düşdülər. Qeyd etdiyimiz kimi, onların ən yaxşı torpaqlarda yerləşdirilmələri əsasən yay aylarında, azərbaycanlıların dağlara, yaylaqlara qalxdıqları dövrdə həyata keçirilirdi. Yaylaqlardan qayıdan azərbaycanlılar sərgərdan gəlmələri rəhmdilliklə qarşılayırdılar, lakin bəzi hallarda ən yaxşı torpaqların ermənilərə verilməsi onların narazılığına səbəb olurdu. Beləliklə, yavaş-yavaş erməniləri Dağlıq Qarabağın əsas hissəsinə və Naxçıvana köçürdülər.
Bu yolla mənfur millət çar Rusiyasının köməyi ilə, Azərbaycan torpaqlarını ildən-ilə, hissə-hissə oğurlayaraq öz dövlətlərini yaratdılar.
Erməni millətçilərinin bütün ideyalarının başında həmişə erməni Qqriqoryan kilsəsi dururdu. Burada ruhani keşişlər ibadət və dini təbliğ etməkdən çox, erməni xalqının beynini millətçiliklə zəhərləyir, türkləri və azərbaycanlıları düşmən obrazında göstərirdilər. Bildirirlər ki, ermənilər "ən qədim və böyük millətdir" və nə vaxtsa " Ermənistan dənizdən - dənizə qədər yerləşən böyük dövlət olmuşdur" və bu "dövləti" bərpa etmək lazımdır.
Dahilərdən biri deyib: "Yüz dəfə təkrarlanan yalan həqiqətə çevrilir, yüz dəfə təkrarlanan həqiqətə isə biz şübhə ilə yanaşmağa başlayırıq". Bu yalana inanan erməni xalqının əksər nümayəndələri iliyinə qədər millətçilik xəstəliyinə tutuldu. Məsələn, erməni anası uşaqlarına təlqin edir ki, türklər sənin düşmənindir, harada rast gəlsən, onları öldür. Erməni xalqının beyini bu xəstəliyə tutulmuşdur və əsrlərlə böyüyən nəslin həyatını zəhərləyərək onları qonşu xalqlarla - türklər, azərbaycanlılar, gürcülər və digərlərilə sülh və əmin-amanlıqla, sakit yaşamağa imkan verməmişlər. Ermənilər təkcə Azərbaycan ərazilərinə deyil, bütün qonşu dövlətlərin ərazilərinə göz dikiblər. Onlar Türkiyədən onun şərq hissəsini; Gürcüstandan Cavaxetiya, Axaltsixi və Axalkalakini və i.a. istəyirlər. Rusiya ərazilərinin müəyyən hissələri, xüsusən, Stavropol və Krasnodar, həmçinin Rostov vilayətləri və ermənilərin planlı şəkildə məskunlaşdırıldıqları Rusiyanın bütün kurort əraziləri də "Böyük Ermənistan" xəritəsinə daxildir. Erməni millətçilərinin öz soydaşlarını bu torpaqlara köçürmələri, orada erməni məktəbləri, kitabxanalar, mədəniyyət mərkəzləri açmaları, erməni Qqriqoryan kilsələri tikmələri və i.a. əbəs deyil. Bu, gec partlayan minadır və nə vaxtsa partlayacaqdır.
Erməni millətçiləri başqalarından fərqlənirlər, onlar çox iddialı və acgözdürlər. Məqsədlərinə çatmaq üçün mümkün olan və olmayan hər vasitədən istifadə edirlər. Beləliklə, "ermənilərin yad ərazilərə qəsbkarlıq iddiaları"nın şərq istiqaməti, yəni, Azərbaycan üzərində dayanaq. Təcavüz obyekti kimi Azərbaycanı seçən erməni millətçiləri həmişə xaricdən verilən dəstəyə güvəniblər və çox təəssüf ki, bu dəstəyi həmişə alıblar.
Azərbaycan torpaqlarında möhkəmləndikdən sonra ermənilər, xüsusən də, millətçi daşnaklarla sıx əlaqəsi olanlar, tarixi abidələrin bərpasında fəhlə kimi işləyərək onları qədim erməni abidələri kimi saxtalaşdırmağa başladılar. Əvvəlcədən qədim erməni dilində yazılar həkk edilmiş daşları abidələrin divarlarından çıxarılan köhnə daşların yerinə salır, onların bünövrələrinə, həyətlərinə basdırırdılar. Bunu gözü ilə görənlər danışırlar. Ermənilər bu abidələrin bərpasının onlara tapşırılması üçün dəridən-qabıqdan çıxırdılar. Artıq indi qəsbkar millətin nəyə görə tarixi abidələrin bərpasının onlara tapşırılmısında israrlı olduqları bizə aydındır.
Birinci dünya müharibəsi ilə əlaqədar bütün dünyada sosial-siyasi dəyişikliklər baş verdi. Bu dalğa, həmin illərdə çar Rusiyasının tərkibinə daxil edilmiş Azərbaycan torpaqlarından da yan keçmədi. Müharibə Rusiyadakı inqilabi hadisələri sürətləndirdi, müəyyən dövr ərzində Rusiya imperiyasında qarmaqarışıqlıq baş verdi. Fevral burjua inqilabı Müvəqqəti hökumətin yaradılmasına gətirib çıxardı, onun ardınca isə 1917-ci ildə oktyabr çevrilişi oldu və hakimiyyət bolşeviklərin əlinə keçdi. Beləliklə, müvəqqəti hökumət, sonra isə onu əvəz edən bolşeviklər, əsarət altında olan və dünyəvi-demokratik dövlətin yaradılmasını gözləyən millətlərin etimadını doğrultmadı. Bu milli dövlətlərin içində Azərbaycan da var idi.
Həmin dövrdə qarmaqarışıqlıqdan xəyanətkarcasına istifadə edən "Daşnaksütyun" erməni milli partiyası dinc qonşu Azərbaycan xalqının kürəyinə nankorcasına zərbə vurmaq üçün əlverişli anı gözləyirdi. Bolşeviklərin simasında özlərinə müttəfiq görən "Daşnaksütyun" partiyasının erməni ordusunun bolşevik partiyası ilə birləşməsində məkrli məqsədi var idi: Azərbaycan xalqına qarşı soyqırımı təşkil etmək. Ermənilər hər vasitə ilə müsəlmanları bolşeviklərə qarşı silahlı üsyana təhrik edib sonradan onları əksinqilabçı kimi məhv etmək istəyirdilər. Bundan əlavə, mənfur millət imkan düşdükcə "inqilabın düşmənləri ilə mübarizə" adı altında dinc əhalini qırırdılar. Müsəlmanların nümayəndələri dəfələrlə, bolşeviklərə qarşı birgə hərəkət etmək üçün ermənilərlə ittifaq bağlamağa çalışırdılar. Lakin onlar hər dəfə yayınırdılar.
Həmişə azərbaycanlılara qarşı həmlə hazırlanarkən müxtəlif bəhanələrlə yerli əhalidən silahlar (hətta ov tüfəngləri) yığılır, sonra silahsız əhali qətlə yetirilirdi. 1918-ci ildə olduğu kimi, 1988-ci ildə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlamazdan əvvəl də belə oldu. Bu məqamla bağlı tarixə nəzər salmaq məqsədəuyğun olar: "1918-ci il martın 18-də müsəlmanların xeyriyyəçi cəmiyyətinin binası İsmailiyyədə keçirilən müsəlmanların iclasına gələn Bakının keçmiş şəhər rəisi Qayk Ter-Mikaelyans erməni millətçiləri şurasının və "Daşnaksütyun" partiyasının adından bəyan etdi ki, müsəlmanlar bolşeviklərin əleyhinə çıxarsa, ermənilər müsəlmanlarla birləşəcək və bolşevikləri Bakıdan çıxarmağa kömək edəcəklər" (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivi, f.277, siyahı 2, iş 13, vərəq 23-24).
Ertəsi gün martın 19-da səhər tezdən, şəhərin müsəlmanlar yaşayan hissəsinə hücum başladı. Bu hücum yalnız erməni əsgərləri tərəfindən həyata keçirildi. Hərbi gəmilər müsəlmanların yaşadıqları ərazini atəşə tutdular və bunun əsas səbəbi o idi ki, ermənilər müsəlmanların rus əhalisini qırmasına rus matroslarını inandırmışdılar.
Mart qırğınlarında yaxşı təşkil olunmuş hərbi hissələrdən əlavə, "Daşnaksütyun" partiyasının üzvləri də fəal iştirak edirdilər. Bunu təkcə şahidlərin ifadələri təsdiqləmir, həm də fəhlə, əsgər və matros deputatları şurasının iclaslarından birində şuranın sədri Stepan Şaumyanın özü qırğınlarda daşnakların iştirakını açıq etiraf etmişdi (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivi, f.277, siyahı 2, iş 13, vərəq 40).
Mart qırğınlarında 11 minə yaxın müsəlman öldürüldü; onların əksəriyyətinin hətta cəsədləri də tapılmadı. Ermənilər onları yanan evlərə, dənizə və quyulara atırdılar. Bütün bunları şahidlərin ifadələri təsdiq edir. Onlardan biri müsəlman mənzillərini dolaşan zaman şəhərin bəzi rayonlarında dəhşətli dərəcədə eybəcərləşdirilmiş cəsədlərə rast gələn Heydər Qulu oğlu Quliyevdir. Məsələn, o öz qohumu gənc Bəşir Cəfərovun başı, qolu kəsilmiş və bədənində üç süngü yarası olan cəsədini tapmışdı. Digər yerdə boğazı kəsilmiş gənc qadının cəsədinin üstü xəncərlə öldürülmüş bir yaşlı oğlan uşağını elə qoymuşdular ki, körpənin ağzı ananın döşünün üzərində idi. Bətnindən körpəsi kəsilərək çıxarılmış (körpələri sünqüyə taxırdılar), döşləri, burunları, qulaqları kəsilmiş, zorlamaya məruz qalmış müsəlman qadınlara rast gəlinirdi. Bir yerdə qaz plitəsi üzərində yandırılmış uşaq tapılmışdı ki, bu onun dəhşətli əzabla öldürülməsini sübut edir (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivi, f.277, siyahı 2, iş 13, vərəq 40).
Sənədlərdə göstərildiyi kimi, martın 24-də fəhlə, əsgər və matros deputatları şurasının keçmiş üzvü, "Nikolay Bunyadov" adlı gəminin komandir köməkçisi Kazım Axundov Bakının "Çəmbərəkənd" adlanan dağlıq hissəsinin qorunması üçün, tabeliyində 10 silahlı matros olan təyyarəçi Rozenblümü köməyə göndərmişdilər. Axundov martın 25-dən etibarən cəsədlərin yığışdırılmasına Nikolayevsk küçəsindən başlamışdı... Bundan əlavə, "Vulkan" cəmiyyətinin köhnə limanına 6.748 müsəlman kişi, qadın və uşaq meyitləri daşınmışdı. Axundov öz tanışı Vladimir Sokolovu "Kərpiçxana" adlanan yerə aparmış və orada Sokolov bir neçə fotoşəkil çəkmişdi. Şəkillərdən biri başında güllə, bədənində beş süngü yarası və sağ körpücük sümüyü parçalanmış qadın cəsədi idi. Onun sinəsi üzərində uzanan uşaq, ayağından süngü yarası aldığı üçün, hələ də sağ idi və anasının döşünü sorurdu.
Axundovla Sokolov girdikləri dördüncü evdə də çox dəhşətli mənzərə ilə rastlaşmışdılar. Böyük otağın döşəməsində lüt soyundurulmuş üç qadının - 22-23 yaşlı gənc qadının, iki qoca qadının, altı yaşlı qızın, səkkiz yaşlı oğlanın və əl-ayaqlarını üç itin gəmirdiyi südəmər körpənin meyitləri uzadılmışdı. Gördüyü mənzərə Sokolova elə ağır təsir etmişdi ki, o, sonrakı fotoşəkillərin çəkilişindən imtina etmişdi (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivi, fond 277, siyahı 2, iş 27, v.16-17).
Martın 19-da bolşeviklərlə öz silahlarını onlara verməyə razılaşan müsəlmanlar arasında sülh bağlanmasına baxmayaraq, ermənilər müsəlmanların öldürülməsini və qarətini davam etdirirdilər və bu hətta sonrakı vaxtlarda da davam etdirilirdi. Müsəlmanların itkin düşməsi, öldürülməsi və qarəti ilə bağlı çoxsaylı hadisələr Bakının azərbaycanlı-türk qoşunları tərəfindən alınmasına qədər dayanmadı. Bütün bunlar bahar bayramı - azərbaycanlı ailələrin həftələrlə hazırlaşdığı - Novruz ərəfəsində baş verirdi. Göründüyü kimi, basqın günlərinin seçilməsi təsadüfi deyildi.
Şahidlərin ifadələrindən görünürdü ki, ermənilər zaman keçdikcə öz cinayətlərini daha da təkmilləşdirirdilər, onlar uşaqları analarının gözləri qarşısında işgəncə verərək öldürürdülər. Ananın ətəyində oğlunun başını kəsirdilər, insanları məscidə yığıb, qapıları möhkəm bağlayır və onları diri-diri yandırırdılar, əsir düşənlərin sinələrində tonqal qalayırdılar, əzalarını kəsirdilər, gözlərini çıxarır, uşaqları yanan odun üzərinə qoyurdular, qaynar samovarı öz qurbanlarının kürəyinə bağlayıb onları təpədən aşağı yuvarladırdılar. Uşağı yanan ağaca bağlayırdılar, uşağına kömək üçün qollarını uzadan ananın qollarını qılıncla vururdular və i.a. Hətta İkinci dünya müharibəsi illərində hitlerçi faşistlər insanlara qarşı belə vəhşilik etməmişdilər. 1918-ci ilin martında zərərçəkmişlərin ifadəsini oxuyarkən, istər-istəməz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən sağ çıxmışların ürək parçalayan ifadələri yada düşür, öz gözləri ilə görənlər danışırdılar ki, 1988-ci ilin dekabrında, zəlzələyə bir neçə gün qalmış, Spitakda azərbaycanlı uşaqları hər iki tərəfi qaynaqlanmış borunun içində müsibətlə öldürülmüşlər. Burada 1992-ci ilin Xocalı faciəsini yada salmamaq da qeyri-mümkündür.
Faktlara əsasən, aydın olur ki, 1918-ci ildə törədilən dəhşətli mart qırğınları "Daşnaksütyun" partiyası və erməni milli şurası tərəfindən hələ 1917-ci ildə hazırlanırdı. Bu partiya həmişə bütün işlərini planlı şəkildə həyata keçirirdi, sülh bağlandıqdan sonra belə, erməni əsgərləri müsəlman binalarını yandırır, azərbaycanlıları öldürür, əsir götürürdülər. Deyirdilər ki, erməni əsgərlərini sülh maraqlandırmır, onlar yalnız "Daşnaksütyun" partiyasının sərəncamı ilə hərbi fəaliyyətlərini dayandıra bilərlər. Hətta bütün rus cəmiyyəti də ermənilərin vəhşiliklərindən qəzəblənir və ucadan etiraz edirdilər.
Bakının küçələrini günahsız qurbanların qanı ilə dolduran ermənilər öz fəaliyyətlərini Bakı quberniyasının qəzalarında davam etdirirdilər.
1905-1906-cı illərin, 1918-ci ilin, 1948-1953-cü illərin, 1988-1994-cü illərin və s. hadisələrin arxiv materialları ilə tanışlıq, hər birimizdə bu olaylar arasında analoqların olduğuna əminlik yaradır. Odur ki, Azərbaycan tarixində baş verən bütün faciələrdən biz düzgün nəticələr çıxarmalı, xəyanətkar millətin hücumunu dəf etməyə həmişə hazır olmalı, torpaqlarımızı göz bəbəyimiz kimi qorumalıyıq.
Məhsəti ƏLİYEVA,
Azərbaycan Respublikası Prezidenti İşlər
İdarəsinin
Siyasi Sənədlər Arxivinin baş elmi işcisi,
siyasi elmlər namizədi
Azərbaycan.- 2010.- 24
aprel.- S. 5.