Bakıda "Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi: erməni plagiatçılığı" mövzusunda konfrans keçirilmişdir

 

Aprelin 23-də Muğam Teatrında Azərbaycan Müəllif Hüquqları Agentliyi (MHA) və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi: erməni plagiatçılığı" mövzusunda konfrans keçirilmişdir.

23 Aprel - Dünya Kitab və Müəlliflik Hüququ və 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət günləri münasibətilə keçirilən tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, ziyalılar və KİV-lərin əməkdaşları iştirak etmişlər.

MHA-nın sədri, professor Kamran İmanov YUNESKO tərəfindən qəbul edilmiş qərar əsasında dünyanın bir çox ölkəsində keçirilən bu beynəlxalq tədbirlər barədə qısa məlumat vermişdir. Bildirmişdir ki, MHA tərəfindən artıq 15 ildir ki, Dünya Kitab və Müəlliflik Hüququ və 10 ildir ki, Beynəlxalq Əqli Mülkiyyət günləri qeyd edilir. Həmin günlərdə silsilə tədbirlərin keçirilməsinin məqsədi əqli mülkiyyətin və müəlliflik hüququnun mədəni irsin yaranmasındakı rolunu bir daha açıqlamaq, davamlı inkişafdakı və informasiya cəmiyyətinin formalaşmasında əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyət yaradıcılarına hörmət və ehtiramımızı bildirmək, mədəni adət-ənənələrimizin qorunub saxlanmasına və xüsusən də cəmiyyətimizi erməni mənimsəmələrinə qarşı çıxmaqda daim fəal mövqedə dayanmağa cəlb etməkdir. Biz bugünkü tədbirin mövzusunu təsadüfi seçməmişik. Bu mövzu bizim dövlət orqanının prioritet fəaliyyət istiqamətlərindən biridir.

Mədəni ənənələr millətimizin ən böyük varidatıdır, bunlar keçmiş nəsillər tərəfindən qorunub saxlanılmışdır. Bizim mənəvi borcumuz gələcək nəsillərə Azərbaycan ruhumuzu və mentalitetimizi, mədəni irsimizi və adət-ənənələrimizi çatdırmaqdır. Mədəni ənənəvi nümunələrdə və biliklərdə etnosumuzun həm təbii-bioloji, həm də yaradıcı-mənəvi gücü təbiətimiz və doğma torpağımız ilə bağlıdır. Mədəni ənənələrimiz qocalmır, bunlar canlı, daim inkişafdadırlar. Bunlar bizim elə keçmişimizdir ki, onsuz bu günümüzün gələcəyi yoxdur. Xalqımızın mədəni irsində əks olunan mənəvi qaydalar, cəmiyyətimizin mülkiyyət qaydaları kimi hüquqi qorunmaq haqqına layiqdir və bu cür hüquqi qorunmanın təşkili bizim ən vacib işlərimizdən biridir.

Azərbaycanın folklor nümunələrini qanunla hüquqi qoruyan ilk və yeganə Avropa ölkəsi olduğunu diqqətə çatdıran Kamran İmanov bildirmişdir ki, MHA-nın təklifləri əsasında müəllif-hüquq və folklorun qorunması ilə bağlı qanunvericiliyə, normativ-hüquqi bazaya dəyişikliklər və əlavələr edilmiş, həmçinin edilməkdədir. Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyatının həyata keçirildiyi ilk ölkələrdən biridir. Əsərlərin qeydiyyatı sistemini təkmilləşdirmək, müəlliflər (hüquq sahibləri) barədə məlumatların əldə edilməsini asanlaşdırmaq və əsərlərin qeydiyyat prosesini avtomatlaşdırmaq üçün agentlikdə "Qeydiyyat" elektron məlumat bazası, həmçinin "online" tətbiqinə əsaslanan rəqəmli qeydiyyat sistemi və folklor üzrə rəqəmli kitabxana yaradılmışdır.

Mədəni irsin və folklor nümunələrinin qorunması məsələsi Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə hazırlanan müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının milli strategiyası və Dövlət Proqramının layihəsində əksini tapmışdır. Dövlətimizin başçısının səyi və dəstəyi nəticəsində hazırda əqli mülkiyyət hüququ sahəsində yeni çağırışlara aid müvafiq islahatlar gedir, MDB məkanında lider mövqeyinin bərpası, idarəçilik funksiyalarının təkmilləşdirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Lakin bizim ən mühüm işimiz erməni piratçılığı və plagiatçılığına qarşı mübarizədir və MHA-nın fəal mövqeyi bu məsələdə bəllidir.

Sonra MHA tərəfindən ermənilərin əməllərinin, oğurluq ənənələrinin onların öz dili və mənbələri əsasında ifşa edildiyini diqqətə çatdıran Kamran İmanov özünün müəllifi olduğu və ingilis, rus, rumın dillərində də nəşr edilmiş "Erməni yadelli nağılları" əsəri, "Gəldim, gördüm...mənimsədim" kitabı barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bu kitablarda ermənilərin uydurma və absurd fikirləri ifşa olunmuş, həmçinin Azərbaycan folklorunun mənimsənilməsi barədə özlərinin etirafları toplanmışdır.

Azərbaycan folklor nümunələrinin ermənilər tərəfindən oğurlanması faktları ilə bağlı dəfələrlə Dünya Əqli Mülkiyyət Təşkilatına, YUNESKO-ya və digər beynəlxalq təşkilatlara məlumatların göndərildiyini söyləyən K.İmanov demişdir ki, bu mövzuda genişformatlı konfransların təşkili, erməni plagiatçılığı barədə çoxsaylı məqalələrin dərc edilməsi də aparılan işin tərkib hissəsidir. Əsas iş mədəni irsimizin təbliğidir və bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Qənirə Paşayeva, Asim Mollazadə və digərləri mövzunun aktuallığını vurğulamış, erməni saxtakarlıqlarını ifşa etmək üçün biliklərin əsaslarına mükəmməl yiyələnməyin, milli mədəni irsimizin və tariximizin dərindən öyrənilməsinin vacibliyini qeyd etmişlər.

Konfransda MHA-nın sədri Kamran İmanovun "Ənənəvi mədəni nümunələr və biliklər əqli mülkiyyət kimi: erməni plagiatçılığı", Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun "Azərbaycan milli mətbəx mədəniyyətinə erməni təcavüzü" mövzusunda məruzələri dinlənilmişdir.

"Əqli mülkiyyətçilərə dəstək" İctimai Birliyinin sədri Əfqan Qafarov qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə həyata keçirəcəyi layihə çərçivəsində erməni oğurluqlarına dair faktların toplanaraq ingilis dilinə tərcümə olunacağını və onların beynəlxalq aləmə çatdırılması üçün Azərbaycan və ingilis dillərində internet saytının yaradılacağı barədə məlumat vermişdir.

Tədbirdə məruzələr ətrafında müzakirələr aparılmışdır.

Konfransda erməni plagiatının ifşasına həsr olunmuş kitabların nümayiş etdirilməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24  aprel.- S.  6.