Erməni zülmünü
görmüş yüz
yaşlı qadın
Varlığından xəbər tutanda ürəyim atdandı. Uzaq uşaqlıq illərinin xoş xatirələrində qalmış dili laylalı, ağzı dualı, əli quranlı nənələrin durna qatarına bənzəyən dəstəsi gözlərimin qarşısından keçdi. Qəribədir ki, bu nənələrin adları bir-birinə elə bənzəyir ki... Eyni sözdən pay alıblar: Gülzar, Gülüstan, Gülnaz, Güləbatın...
Görünür müdriklərimiz qız övladları üçün ad seçəndə həmişə onları gül kimi ətirli, təravətli və gözəl görmək istəyiblər. Bu gün yüz yaşının sevincinə bələndiyimiz Güləbatın nənə də bir vaxt gözəllər sırasında şahanə bir qız olub. Atası Mustafa bəy Qazax mahalının sayılıb-seçilən kişilərindən biri idi. Qoçaq, mərd və səxavətli. Güləbatın nənənin dünyaya göz açdığı Əskipara kəndi meşəli dağlarla əhatə olunmuş axarlı-baxarlı qədim yurd yerimizdən idi. Kəndin içindən keçən Coğaz çayı da bu yaşayış məskəninə qəribə bir gözəllik bəxş edərdi. Gecələr anaların laylasına qoşulan bu çay öz səsi ilə bütün kənd əhlinə bənzərsiz nəğmələr oxuyardı.
İndi Bakıda, qızının
yanında yaşayan Güləbatın nənəyə
o yerlərlə bağlı sual verəndə çəkdiyi
üzüntü adamın
ürəyini dağlayır.
Özü boyda bir nur parçası
olan yüz yaşlı ağbirçəyin
söylədikləri ürəyimizi
qana döndərdi:
"Allah gavurlara (erməniləri nəzərdə
tuturdu - F.X.) lənət
eləsin. Bir tikə vaxtımdan mənə zülüm veriblər. Bu çıxmış gözlərim
nələr görməyib?
Səkkiz yaşım
olardı. Erməni-müsəlman
davasının qızğın
çağı idi. Eh, bunu sonralar
bilmişəm. Həyətdə
oynayırdıq. Nənəmgil
təndir salmışdılar,
çörək bişirirdilər.
Bu handa, qəfildən gavurlar kəndə doluşdular.
O dəhşətli səslər
və mənim gördüklərim, keçirdiyim
qorxular min arşın quyunun dibində də olsam yadımdan çıxmaz, bala!.. Nənəm Hürünün
kürəyinə qaynar
samovar bağladılar,
Qızyetər nənəmi
diri-diri təndirə
atdılar. Qonşumuzdakı
ana, oğul və körpəni bir-birinə bağlayaraq yandırdılar. Anam Sona
- o yazıq arvad nitqi tutulmuş
halda məni sürüyərək özü
ilə birlikdə evimizin arxasındakı ot tayasının içində gizlətdi.
Əli ilə ağzımı tutmuşdu
ki, birdən qışqırıb eləyərəm,
ermənilər səsimizi
eşidər. Keçirdiyim
qorxudan anamın əlini dişləyərək
qanatmışdım. Xoşbəxtlikdənmi,
yoxsa təsadüfdənmi
hər yeri dağıdıb tarımar
edən, yandıran, külə döndərən,
qonum-qonşumuzu, neçə
əzizimizi diri-diri tonqallara atan yağılar ot tayasına toxunmadılar. Nə vaxt çıxdığımız
yadımda deyil. Bircə onu bilirəm ki, atam Mustafanın (o "dobrovolnı" idi) silahı var idi. Ermənilərin
kəndə doluşduğunu
bilən kimi Əskiparaya dönmüşdü.
Nənəmi xilas etməyə çalışsa
da, alınmadı. Bir neçə ermənini məhv etdi, onun özünü
isə ermənilər
qətlə yetirdilər.
Bu mənim uşaqlıq illərimin beynimə ömürlük
həkk etdirdiyi acı bir taledi.
Daşnaklar neçə
ailəni başsız,
valideynsiz, ocaqları kor, yuvaları boş qoydular. "Yetimin üzü bərk olar" - deyiblər. Dözdük, böyüdük, ailə
qurduq. Mən də Əskiparadan Poyluya gəlin köçdüm. Ev-eşik,
oğul-uşaq sahibi oldum. Amma heç
zaman çəkdiyim o zillət yadımdan
çıxmadı. Övladlarım
oxudular. Hərəsinin
öz ailəsi, uşağı, sevinci, cəmiyyətdə yeri var. Bütün bunlar ürəyimi açırdı. Amma budur, 1992-ci ildən yurd həsrətindən gecəm-gündüzüm qarışıb.
O torpaqda valideynlərim
uyuyur, əcdadlarımın
ruhu dolaşır, evimiz-eşiyimiz var idi, gün-güzəranımız
qurulmuşdu, yenə viran oldu. Hələ
də anlaya bilmirəm ki, bizim həyətimizi, evimizi bu namərdlər
niyə dağıtdı?
Əskipara gözlərimdən
çəkilmir. Həmişə
öz-özümə deyirəm.
Mən heç harda fələyə baş əymərəm. Gavurun arzusu gözündə qalacaq. İki övladım, səkkiz nəvəm, iyirmi bir nəticəm,
dörd kötücəm
var. Biz bir palıd ağacıyıq. Neçə
yerdən pöhrə
verəcəyik. Arxayınam
ki, mənim son güzarım mütləq Əskipara olacaq" - deyə gözləri yol çəkən Güləbatın
nənə bir bayatı söylədi:
Bu yerlər el yeridi,
El köçdü, el yeridi.
Gözlərim bulaq yeri,
Yanağım sel yeridi.
...Heç
istəməzdik ki, ömrünün yüzüncü
yaşını tamamlayan
Güləbatın nənə
ilə söhbətimiz
bu cür kövrək bir ahəngdə qurulsun. Neyləyəsən ki, olmuşların
ağrı-acısı sinəsi
sözçeşməli nənəmizin
varlığından çəkilməyib.
Söylədiyi bayatıları, laylaları, rəvayətləri,
nağılları, lətifələri,
tapmacaları toplayan olsa, cild-cild kitablar yaranar.
Bu dünyagörmüş
nənənin sinəsindən
qopan müdrik fikirlərdən - inanclardan
bəzi ləçəklər:
"Cümə günü
ağac kəsməzlər",
"Körpəni yük
üstündə çox
oturtmazlar, gec yeriyər", "Qapının
ağzına isti su tökməzlər",
"Şər vaxtı
qapının ağzında
əyləşməzlər, deyilənə görə,
orada şeytanların,
mələklərin balaları
oturur".
Həmişə namaz qılıb, oruc tutan Güləbatın nənənin özünəməxsus
alqışları da
var: "Qapına toylara gələk",
"Atın yüyürək
olsun", "Bir olsun, pir olsun",
"Günün-baxtın ağ
olsun". Andları da gözəldir: "Birəm, birliyim haqqı", "Qiblə
haqqı", "Yaradan
haqqı" və s.
Hələ çəkdiyi
məsələlər, söylədiyi
müdrik fikirlər də məna yozumuna görə çox maraqlıdır:
"Gündüz getmədiyin
yolu, gecə getmə", "Bıçağı
olmayanın qılıncı
kəsən olar",
"Dəli qız deyər anasız olaydım, bədəsil gəlin deyər qaynanasız", "Ağacı
silkələməsən meyvə
düşməz", "Tanımadığın yuvaya
əl uzatma",
"Özü ölməkdə,
gözü çölməkdə",
"Süddən ağzı
yanan, qatığı
üfürüb içər",
"İnsan ən çox çörək
verəninə xəyanət
edər", "Qocalmış
aslanın üstünə
kəpənək qonar".
Bayatıları da təsirli və düşündürücüdür:
Neylədi fələk
eylədi,
Başıma kələk
eylədi,
Əlin saldı
ürəyimə,
Ələk-vələk eylədi.
Gedirəm yol uzunu,
Xancalım qol uzunu,
Necəsən bir ah çəkim,
Yanasan il uzunu.
Qarabağın meşəsi,
Qaradı bənövşəsi,
Qərib eldə
gəzənin,
Ağlamaqdı peşəsi.
Güləbatın nənənin
söylədiyi laylalardan
bal süzülür. Yaşından asılı olmayaraq
ona qulaq asdıqca uşaqlaşmaq,
saflaşmaq istəyirsən.
Səsinin həzinliyinə bürünmüş laylalarından
ruhumuza bir sakitlik axırdı.
Sanki e, çox uzaqda bir nənnidə mürgülədiyimiz günlər
geri dönürdü:
Anan tel düzər sənə,
Bacın gül bəzər sənə,
Tanrıdan əhdim
budu,
Dəyməsin nəzər
sənə,
Laylay güllü
beşiyim,
Laylay evim-eşiyim.
Hələ tapmacalarını
eşidəsən:
Bu meşə
gül meşəsi,
Altı tər bənövşəsi,
Bir kişinin
min oğlu,
Hamısı bir peşəli (bal arısı).
***
Səsi var, canı yox, sümüyü var qanı yox
(saat).
...1910-cu ilin aprelində Qazax mahalının Əskipara kəndində doğulan Güləbatın Mustafa qızı Bakıda, övladlarının yanında şad-xürrəm yaşasa da, hər cür qayğı və sevgi ilə əhatələnsə də, fikri-zikri doğma ocaqdadır. "Şəhər həyatı necədir" - sualına müdrik bir cavab verdi: "Dünyada ilk dəfə insan nəyi görüb dərk edirsə, gərək sonunda da onu hiss etsin. Mənim boş qəfəsəm burdadı, ağlım, huşum, ürəyim bala, Əskiparadadı".
Bütün bunlardan sonra deyək ki, bu qara kəlağayılı, böyük ürəkli Güləbatın nənə dünyanın bütün dərd-sərini nəvə-nəticələrini, kötücələrini başına yığanda unudur. Övladları barəsində soruşanda "onlar mənim könül dostlarımdır" - deyir. "Elə ki, nəvə doğulur, övlad unudulur. Nəticə gələndə nəvə yaddan çıxır. Kötücənin dadı tamam başqadır" - söyləyən Güləbatın nənəyə yadıca ləzzətini də dadmağı arzuladıq. Özü daha gözəl deyir:
Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Balam salamat olsun,
Kölgədə mən dolanım.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 24
aprel.- S. 7.