Azərbaycandan mühüm beynəlxalq
nəqliyyat dəhlizləri keçir
Ölkənin yol-nəqliyyat
infrastrukturunun yenidən qurulması bu üstünlükdən
səmərəli istifadə etməyə imkan verir
Azərbaycanın sosial-iqtisadi sahədə son illər əldə etdiyi nailiyyətlər dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən də etiraf olunur. Qlobal maliyyə böhranının tüğyan etdiyi 2009-cu ildən ölkəmizin məharətlə çıxması, hətta bir çox inkişaf etmiş dövlətlərin tənəzzülə uğradığı bir vaxtda öz inkişafını davam etdirməsi aparılan iqtisadi siyasətin düzgünlüyünün təsdiqidir. Prezident İlham Əliyev Azərbaycanın uğurunu belə qiymətləndirmişdir: "Azərbaycan o ölkələrdəndir ki, öz iqtisadi potensialını böyük dərəcədə gücləndirə bilmişdir. Müstəqillik dövründə Azərbaycan böyük və uğurlu yol keçmişdir. 2009-cu il bütün cəhətlərdən çox böyük sınaq ili idi, həm bizim üçün, həm bütün ölkələr üçün. Ancaq Azərbaycan bütün çətinliklərə baxmayaraq bu sınaqlardan şərəflə çıxdı. 2009-cu ili uğurla başa vurdu".
Son zamanlar ölkəmizin yol-nəqliyyat kompleksinin inkişafına və müasir səviyyədə yenidən qurulmasına göstərilən dövlət qayğısı, həmçinin bu sahəyə yönəlmiş investisiyaların həcminin artması irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaratmışdır. Həm 2009-cu il ərzində, həm də cari ilin ilk rübündə nəqliyyat sektorunda mühüm iqtisadi göstəricilər əldə edilmiş, ölkə iqtisadiyyatının prioritet sahələrindən olan yol-nəqliyyat kompleksinin yenidən qurulması, əhalinin keyfiyyətli və müasir nəqliyyat xidmətlərinə artan tələbatının təmin edilməsi üçün böyük işlər görülmüşdür. Təkcə 2010-cu ilin üç ayında nəqliyyat sektoru üzrə 43,2 milyon ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz çoxdur. Daşımaların 11,3 faizi dəmir yolunun, 6,5 faizi su, 47,2 faizi avtomobil nəqliyyatının payına düşmüşdür. Bu dövrdə həmçinin nəqliyyat sektorunda 312,7 milyon sərnişin daşınmışdır. Onu da şeyd edək ki, sərnişin daşımalarının 85,2 faizi qeyri-dövlət bölməsində fəaliyyət göstərən nəqliyyat müəssisələri tərəfindən həyata keçirilmişdir.
Azərbaycan yol-nəqliyyat kompleksində mövcud olan inkişaf tempinin saxlanılması, ölkəmizdə daha effektli nəqliyyat sisteminin yaradılması istiqamətində ilin sonunadək işlər daha da sürətlənəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "İlin sonuna qədər nəzərdə tutulmuş əsas investisiya, infrastruktur layihələrimiz başa çatmalıdır. Bu layihələr çox geniş sahələri əhatə edir. Bütün istiqamətlərdə yollar salınır. Bu il İpək yolu, yəni Bakı-Gürcüstan sərhədi yolu istismara verilməlidir. Bakı-Rusiya sərhədi yolu tamamlanmalıdır. Onun böyük hissəsi artıq tikilibdir, qalan hissələr başa çatmalıdır. Bakı-Şamaxı yolunun genişləndirilməsi nəzərdə tutulur... Bu da çox vacibdir. Biz yolu yaxşı çəkdik, amma gərək genişləndirək, dördzolaqlı edək. Bu yolun davamı olan Şamaxı-Qəbələ yolunun böyük hissəsinin tikintisi bu il başa çatmalıdır və ondan sonra bu yol Balakənə qədər davam etməlidir". Göründüyü kimi, Prezident yol inşaatçılarının qarşısına böyük vəzifələr qoymuşdur və sözsüz ki, bu vəzifələrin icrası ölkənin yol infrastrukturunun yeniləşməsinə və müasirləşməsinə xidmət edir.
Nəqliyyat və yol infrastrukturunun müasirləşməsindən söz düşmüşkən qeyd edim ki, artıq Bakıda sərnişin nəqliyyatının hərəkətinin tənzimlənməsi və idarə olunması məqsədilə Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sisteminin binasında tikinti-quraşdırma işləri gedir. İstifadə olunacaq avadanlıqların da alınmasına başlanılmışdır. Podratçı Koreyanın SKC şirkətidir. Bu sistem vasitəsilə Bakı şəhəri və Abşeron yarımadasının bir hissəsində avto-nəqliyyat vasitələrinin, marşrutlarda avtobusların hərəkətinin idarə olunması və s. həyata keçiriləcək. İdarəetmə mərkəzində hər marşruta gündəlik nə qədər avtobusun çıxarılmasına, avtobuslar arasındakı məsafəyə, dayanma və hərəkət qrafikinə, avtobuslarda sərnişinlərin sayına nəzarət olunacaq. Bu sistemin məlumatları həm televiziya, həm də radionun imkanlarından istifadə olunmaqla yayımlanacaq. Bunun üçün ayrıca radiokanal və telekanal tezlikləri alınıb quraşdırılacaq. Həmçinin mobil telefonlar vasitəsi ilə paytaxtın küçələrində vəziyyəti öyrənmək mümkün olacaq. Xatırladım ki, Azərbaycan Nəqliyyat Nazirliyi ilə Koreyanın Tikinti və Nəqliyyat Nazirliyi arasında nəqliyyat sistemi sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumu cari ilin aprelində imzalanıb. Şəhər nəqliyyatının mərkəzləşdirilmiş intellektual idarəetmə sisteminin 2011-ci ilin birinci yarımilliyində istifadəyə verilməsi nəzərdə tutulur. Elə bu yerdəcə vurğulayaq ki, ölkədə nəqliyyat infrastrukturunun müasir dünya standartları səviyyəsində qurulması hava, su, dəmir yolu, quru nəqliyyat vasitəsilə beynəlxalq iqtisadi əlaqələrin güclənməsində, idxal-ixrac əməliyyatlarının genişləndirilməsində olduqca böyük rol oynayır. Həmçinin ölkə daxilində nəqliyyat infrastrukturunun müasir tələblər səviyyəsinə yüksəldilməsi investorları Azərbaycana cəlb etməklə yanaşı iqtisadi tərəqqinin sürətlənməsində də müstəsna əhəmiyyətə malikdir.
Beynəlxalq xarakterli nəqliyyat yolları və burada Azərbaycanın iştirakına gəlincə ilk növbədə Şərq-Qərb, Şimal-Cənub dəhlizləri qeyd olunmalıdır. Şərq-Qərb, Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizi deyilərkən əsasən tarixi İpək Yolu nəzərdə tutulur ki, onun da keçdiyi əsas ərazilərdən biri Azərbaycandır. Ölkəmiz bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və başqa təşkilatlarla müştərək işlər görərək tarixi İpək Yolunun bərpa olunması sahəsində - TRASEKA proqramının hazırlanmasında yaxından iştirak edib. Ümumiyyətlə, bu proqramın yaradılmasının təşəbbüskarlarından biri məhz Azərbaycandır. Ölkəmizin TRASEKA proqramında iştirakı strateji əhəmiyyət kəsb edir və Azərbaycanın Avropa ilə iqtisadi əlaqələrini möhkəmləndirməsinə və genişləndirməsinə, dünya iqtisadiyyatına inteqrasiyasına, beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə böyük imkanlar yaradır. Bu səbəbdən TRASEKA nəqliyyat dəhlizi ilə yük axınının artırılması və nəqliyyat sektorunun texniki təchizatının yaxşılaşdırılması istiqamətində son illər mühüm addımlar atılıb, avtomobil magistrallarının, dəmir yolu xətlərinin və körpülərinin bərpası və tikintisi, dəmir yolu nəqliyyatı vasitələrinin təmiri üzrə xeyli işlər görülüb.
Azərbaycan üçün ən vacib məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişidir. Bu beynəlxalq layihənin həyata keçirilməsi Transavropa və Transasiya dəmir yolu şəbəkəsinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə bərabər, həmin ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin daha da sürətlənməsinə, Avropa qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın inkişafına və xarici iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Bunlardan əlavə dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın dünya bazarlarına daha çox məhsul çıxarmasına imkan verəcək. Daşınma xərcləri nisbətən az olduğundan Bakı-Tbilisi-Qarsla ölkəmizə idxal olunan məhsulların qiyməti də ucuz olacaq. Bu marşruta Çin, Qazaxıstan və s. xarici dövlətlər də xüsusi maraq göstərdiyindən onun tranzit əhəmiyyəti artır. Onu da qeyd edək ki, inşası 2012-ci ildə başa çatacağı nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ölkəmizin qoşulması Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Bu kontekstdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də xüsusi qeyd olunmalıdır. Şimal-Cənub dəhlizində iştirak ölkəmiz üçün əhəmiyyətli olduğundan mövcud nəqliyyat infrastrukturun bərpası və inkişaf etdirilməsi işlərinə artıq start verilmişdir. Sözügedən nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin dəmir yolu ilə daşınması nəzərdə tutulur. Dəhlizin Azərbaycan ərazisindən keçən dəmir yolu hissəsinin uzunluğu 511 kilometrdir. Bakı-Yalama sahəsində dəmir yolu iki xətlidir. Yolun bu hissəsi elektrikləşdirilib və avtomatik rabitə və işarəvermə sistemi ilə tam təchiz olunub. Azərbaycan ərazisi üzərindən daşınacaq yükün həcmi birinci 3 il ərzində 2 milyon tona qədər, ikinci mərhələdə 5-6 milyon ton, üçüncü mərhələdə - birbaşa dəmir yolu əlaqəsi yaradıldıqdan sonra isə 15 milyon ton olacaq. Yeri gəlmişkən, Şimal-Cənub dəhlizinin Azərbaycan ərazisindən keçən avtomobil yollarının yenidən qurulması istiqamətində də irimiqyaslı işlər həyata keçirilir.
Azərbaycanın nəqliyyat infrastrukturunun daha da müasirləşməsi, yenidən qurulması dövlətimizin diqqət yetirdiyi prioritet məsələlərdəndir. Ölkənin nəqliyyat-yol kompleksinin inkişafına yönəlmiş investisiyaların həcminin ilbəil artması bunu əyani şəkildə təsdiq edir. Əgər 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2 milyard 822 milyon manat investisiya xərclərinin 542,1 milyon manatı (19,3 faizi) nəqliyyat-yol kompleksinə qoyulan investisiyaların payına düşürdüsə 2009-cu ildə bu göstərici 20,3 faiz təşkil edib və nəqliyyat-yol kompleksinə ümumi investisiya qoyuluşlarının həcmi 1 milyard 372,7 milyon manat olub. Cari ildə də bu sahəyə kifayət qədər vəsait ayrılır.
Ötən illər nəqliyyat-yol kompleksi sahəsində əldə olunan nailiyyətlər 2010-cu ili də uğurla başa vurmağa zəmin yaradıb. Bunun üçün çox möhkəm iqtisadi bünövrə mövcuddur. Ölkəmizdə bu sahədə Prezident İlham Əliyevin rəhbərliyi ilə mükəmməl düşünülmüş, uğurla proqnozlaşdırılmış iqtisadi siyasət həyata keçirilir.
Məhərrəm MƏMMƏDOV,
Azərbaycanın fəxri
dəmiryolçusu
Azərbaycan.- 2010.- 24
aprel.- S. 7.